Məhkəmə qərarları › İş №2(103)-2510/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2510/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2510/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 142 500 manat pulun və 433 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh onun qonşusu olmuşdur. Cavabdeh aralarında olan münasibətdən istifadə edərək, ondan 2016-cı ildən başlayaraq müəyyən tarixlərdə borca pul almışdır. Ümumi borc 167.000 manat təşkil edir. Cavabdehin bu günə olan borcu 142 500 manatdır. Cavabdeh ondan götürdüyü borcun müəyyən qismini, yəni 24500 manatını dəfələrlə edilmiş xəbərdarlıqlardan sonra 2021-ci il ərzində ödəmişdir. Lakin qalan borcu ödəməkdən yayınır. Nəticədə o cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada müstəntiq tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq Cavabdeh ona borclu olmasını etiraf etmiş, bu barədə izahat vermiş və qısa müddətdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 4 otaqlı mənzilini sataraq 142 500 manat borcu qaytarmasına dair söz vermişdir. Lakin bu günədək cavabdeh ona olan borcunu ödəmir. Lakin cavabdehin borcu ödəmək üçün imkanı var. Əmlakı olmasından əlavə, o, “Sumqayıt Futbol Klubu”nda öz fəaliyyətini davam etdirir. Cavabdeh borcu ödəməsinə dair öhdəlik götürdüyündən, həmin öhdəliyi bu günədək yerinə yetirmədiyindən ona qarşı iddia qaldırmaq zərurəti yaranmışdır.

3. Cavabdeh iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, həmçinin iddia müddətininin təbiqinə dair ərizə vermişdir.

4. Yasamal Rayon Məhkəməsinin 2(004)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Təhminə Xəlilova) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, şikayətin dəlili kimi qeyd etmişdir ki, cavabdehin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəki etirafını verilmiş məktubda gördükdən sonra müdafiəsini bu formada qurmuşdur. Belə ki, onun niyyəti belə olmuşdur ki, 24500 manatın iddiaçıya qaytarılması artıq iddia ərizəsi ilə etiraf olunur və o da 18000 manat borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını məhkəmədə bildirməklə, cavabdehin etirafında qeyd olunan 25000 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən tamamilə iddiaçıya qaytarılmasının təsdiq olunmasına nail ola bilər. Halbuki, cavabdehin nümayəndəsinin verdiyi izahat tam əsassızdır, 24500 manat puldan əlavə olaraq cavabdeh tərəfindən iddiaçıya 18000 manat pulun qaytarılmamış və bu hall hər hansı bir sübutla təsdiq olunmur. Göründüyü kimi, iddiaçı cavabdehə 2016-cı ildən başlayaraq və 2017-2018-ci illər ərzində də borca pul vermişdir. İddiaçının cavabdehdən pulu tələbetmə hüququ 2019-cu il tarixdə yaranmışdır. Belə ki, cavabdeh 2019-cu il tarixədək tam borcunu qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq borcu qaytarmaqdan yayınmağa davam etmiş və beləliklə də iddiaçının ona qarşı hüquq mühafizə orqanlarına şikayət etməsinə vadar etmişdir. İddiaçının cavabdehə qarşı hazırkı iddia ərizəsi 2021-ci il tarixdə olmuşdur. Göründüyü kimi məhkəmə yalnız cavabdehin göstərdiyi hallara istinad edərək, həmin halları araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, borcun 24500 manat hissəsi 2021-ci ildə qaytarılmış, belə olan halda isə iddia müddətinin axımı həmin andan başlamalı idi. Bu da onu deməyə əsas verir ki, məhkəmənin gəldiyi nəticə tam qanunsuz və əsassızdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi. Sübutların tədqiqi:

8. Mülki işin materialları ilə müəyyən olunur ki, tərəflər arasında 2016-cı ildə 2018-ci ilədək olan dövürdə borc münasibətləri olmuş, bunula belə, qanunla müəyyən olunmuş qaydada yazılı müqavilə bağlanmamış, iddiaçı 2016-2018-ci illərdə cavabdehə hissə-hissə hər ay 5 faiz (illik 60 faiz) ödənilmək şərti ilə borc verilmişdir.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, İddiaçı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində X1 onun 90 400 manat pulunu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində göstərdiklərini təsdiq edərək 2017- 2018-ci illər ərzində Cavabdeh hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla 90.400 manat borc pul verdiyini, Cavabdeh faiz borcundan cəmi 12 000 manat pul ödədiyini, sonrakı müddətdə heç bir ödəniş etmədiyi üçün borcun artdığını, hazırda faizlər də nəzərə alınaraq onun iddiaçıya 167 000 manat pul ödəməli olduğunu bildirmişdir. Araşdırma zamanı Cavabdeh barəsində verilmiş şikayəti təkzib edərək izahatında İddiaçı hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb vaxtı-vaxtında ödənişlər həyata keçirdiyini, heç bir məbləğdə pul ələ keçirmədiyini, hazırda İddiaçı 25 000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirmişdir. Həmçinin araşdırılma zamanı Cavabdeh tərəfindən İddiaçı 18 000 manat məbləğində pulun ödənilməsi təmin edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 377.2.-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tətbiq edilən prosessual hüquq normaları:

10. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

13. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hal-hazırda cavabdehin ona 142500 manat məbləğində borcunun qaldığını bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən cavabdehin ona borcu qalmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Həmçinin iddiaçı tərəfindən cavabdehin ona borcunun olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edildiyi halda belə, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz.

14. Məhkəm kollegiyasının qeyd edir ki, rayon məhkəməsinin bu qənaəti ziddiyyətli olmuşdur. Belə ki, rayon məhkəməsi bir tərəfdən iddiaçının cavabdehə ərizəsində göstərdiyi məbləğdə borc verdiyini sübut edə bilmədiyini müəyyən etmiş, digər tərəfdən isə iddia müddətinin keçməsini bildirərək, cavabdehin ərizəsinə əsasən iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir.

15. Əvvəla, rayon məhkəməsi nəzərə almamışdır ki, iddia müddəti yalnız əsaslı, yəni keçərli olan tələblərə tətbiq oluna bilər. Əsassız olan tələblər yalnız əsassız olmasına görə rədd edilməlidir. Başqa sözlə, əsassız olan tələbə iddia (və ya hər hansı digər müddət) müddəti tətbiq edilə bilməz.

16. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi hazırkı iş üzrə faktiki hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

17. İddia tələbi ilə bağlı rayon məhkəməsinin qeyd etdiyi kimi iddiaçı hal-hazırda cavabdehin ona 142500 manat məbləğində borcunun qaldığını bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin bu mövqeyini əsaslı hesab edir və onunla razılaşır.

18. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, araşdırma zamanı Cavabdeh barəsində verilmiş şikayəti təkzib edərək izahatında İddiaçı hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb vaxtı-vaxtında ödənişlər həyata keçirdiyini, heç bir məbləğdə pul ələ keçirmədiyini, hazırda İddiaçı 25 000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirmişdir. Həmçinin araşdırılma zamanı Cavabdeh tərəfindən İddiaçı 18 000 manat məbləğində pulun ödənilməsi təmin edilmişdir.

20. Göründüyü kimi yuxarıda qeyd edilən hazırkı iş üzrə sübuti əhəmiyyət kəsb edən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda cavabdeh iddiaçıya 25.000 ABŞ dolları borcu olduğunu qəbul etmişdir. Elə həmin araşdırma zamanı 18.000 manat vəsaitin iddiaçıya ödənilməsi göstərilmişdir. Həmçinin iddia ərizəsi və apellyasiya şikayətində 2021-ci ildə ona borcun 24500 manat hissəsinin qaytarıldığı etiraf edilmişdir.

21. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu və iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti ilə iddiaçıya cavabdehin verdiyi təsdiq olunan ümumilikdə 42500 (18000+24500=42500) manat pul vəsaiti hazırkı iddia tələbinin sübut olunan 25.000 ABŞ dolları (25000x1,7=42500) hissəsini əhatə edir.

22. İddiaçı cavabdehin ona həmin məbləğdən artıq borcu olması barədə əsaslı, biridigərini tamamlayan, təkzibedilməzliklə bağlı, eləcə də şübhədənkənar sübutlar təqdim edə bilməmişdir.

23. Bununla belə, yuxarıda da qeyd olunduğu kimi, rayon məhkəməsi hazırkı işə iddia müddətini tətbiq etməkdə səhvə yol vermişdir.

24. Belə ki, Mülki Məcəllədə iddia müddəti ilə bağlı fəslində iddia müddətinin anlayışı, iddia müddətləri, iddia müddətinin müəyyənləşdirilməsi, iddia müddətinin tətbiqi, iddia müddətinin başlanması, iddia müddətinin axımının dayandırılması, iddia müddətinin axımının kəsilməsi, iddia müddətinin bərpası, iddia müddətinin tətbiq edilmədiyi tələblər və sair məsələlər tənzimlənir.

25. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

26. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

27. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

28. Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır, fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Çünki həmin gün müəyyən olunmadan müddətin bitməsinin müəyyən edilməsi mümkünsüzdür.

30. Bundan sonra isə qanunla (və ya tərəflərin razılaşdığı) müddət daxilində müddətin axımının dayandırılması və ya onun axımının kəsilməsinin baş verib-vermədiyi müəyyən olunmalıdır. Yalnız qeyd edilən tələblərə əməl olunmaqla müdətin ötürüldüyü müəyyən edildikdə, bu əsasla iddiadan imtina barəsində qərar çıxarıla bilər və bu da yalnız əsaslı olan iddiaya münasibətdə tətbiq oluna bilər.

31. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsindən bəlli olur ki, rayon məhkəməsi müddətin axımının əvvəlinin iddiaçının hüquqlarının pozulmasını bildiyi 2019-cu ilin əvvəllərində başladığını, lakin hüquqlarının həmin tarixdən pozulduğunu bildiyi halda, həmin tarixdən 3 il ötdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyini və bununla da iddia müddətini ötürdüyünü qeyd etmişdir.

32. Kollegiya xüsusi olaraq qeyd edir ki, iddia müddətini tətbiq etmək üçün ilkin olaraq onun axımının başlanması günü, eləcə də müddətin dayandırılması və ya kəsilməsi halının olub olmamasını müəyyən etmək lazımdır. Birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının pozulmasını 2019-cu ilin əvvəllərində bildiyindən, iddia müddətinin axımını həmin vaxtdan hesablamaqla üç illik iddia müddətin ötürüldüyü qənaətinə gəlmişdir.

33. Halbuki iddia ərizəsində iddiaçı cavabdehin ona 2021-ci ilin əvvəlində borcdan 24.500 manat ödədiyini qeyd etmiş, cavabdeh də bu faktı təsdiq etmişdir.

34. Bundan başqa, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, araşdırma zamanı Cavabdeh barəsində verilmiş şikayəti təkzib edərək izahatında İddiaçı hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb vaxtı-vaxtında ödənişlər həyata keçirdiyini, heç bir məbləğdə pul ələ keçirmədiyini, hazırda İddiaçı 25 000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirmişdir. Həmçinin araşdırılma zamanı Cavabdeh tərəfindən İddiaçı 18 000 manat məbləğində pulun ödənilməsi təmin edilmişdir.

35. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

36. Belə olan halda, yəni hazırkı tələb üzrə iddia müddətinin axımı 2021-ci ilin əvvəlindən başlamaqla hesablandıqda və iddiaçının da hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə aldıqda, müəyyən olunur ki, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülməmişdir. Demək ki, rayon məhkəməsi tərəfindən hazırkı iddia tələbi rədd edilərkən, həm də iddia müddətinin otürülməsinə istinad edilməsi əsassız olmuşdur. Bununla həm də rayon məhkəməsinin qətnaməsi ziddiyyətli olmuşdur. Nəticə:

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, xüsusən də əsassız hesab etdiyi tələbə münasibətdə həm də iddia müddətinin tətbiq etməklə aşkar səhvə yol verilmiş, biri-digərini təkzib edən iki fərqli əsasa istinad edilməklə ziddiyyətli qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi əsassız olduğundan təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Anar Tanrıverdiyev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar