Məhkəmə qərarları › İş №2(103)-2513/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2513/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2513/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı Rza oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 may 2025-ci il tarixdə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Rza oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 249176 ABŞ dolları məbləğində pul, 186132,4 ABŞ dolları məbləğində faiz, 120 manat məbləğində hüquqi yardım xərci və 1031 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(004)- 647/2024 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3570/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və M.A.Məmmədov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi qismən təmin edilmiş, 249176 (iki yüz qırx doqquz min yüz yetmiş altı) ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pul, 120 (yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 539,18 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi qismən təmin edildiyindən 1031 manat ödənilmiş dövlət rüsumundan qalan ödənilmiş 491,82 manat məbləğində pulun iddiaçıya aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və E.Şamayev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3570/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi qismən – “öhdəliyin icra edilməməsinə görə faizlərin tutulması” hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı apellyasiya baxışının predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız bir hissəsi - “öhdəliyin icra edilməməsinə görə faizlərin tutulması” tələbinin rədd olunması hissəsidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayədəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə ərizə göndərərək tərəflər arasında barışıq sazişi bağlandığını, iddiaçının apellyasiya baxışının predmeti olan hissədə iddiadan imtina etdiyini bildirmiş və iddiadan imtinanın qəbul olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəmə iclasında şəxsən iştirak edərək həmin ərizəni müdafiə etdiyini bildirdi və iddiadan imtinanın qəbul olunmasını və apellyasiya baxışının predmeti olan hissədə işin icraatına xitam verilməsini xahiş etdi. O, eyni zamanda iddiadan imtinanın hüquqi nəticələrinin ona və təmsil etdiyi şəxsə məlum olduğunu bildirdi. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, həmin imtina qəbul edilməli və iş üzrə icraata apellyasiya baxışının predmeti olan hissədə xitam verilməlidir. MPM-ə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv olunmalı və həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 261, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Rza oğlunun Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddiaçının apellyasiya baxışının predmeti olan hissədə iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni öhdəliyin icra edilməməsinə görə faizlərin tutulması tələbinin rədd olunması hissəsində ləğv edilsin. Mülki işin icraatına həmin hissədə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar