Məhkəmə qərarları › İş №2(103)-2514/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2514/2021

02.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2514/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Vəkil, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialına (maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı qeyd edilən) qarşı “mənəvi ziyanın və minimum əmək haqqı miqdarında ödəncin verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun xx xxxxxx 2017ci il tarixində saat 16:00 “Səngəçal Neft-Qaz Terminalı 2”-nin “Terrace 2 AK” ərazisində boruların üzərində yıxılaraq sol diz oynağının ön çarpaz bağının tam qopması kimi xəsarət almağı istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunması, “xxxx” Şirkətindən sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 10.000 (on min) manat maddi, 2000 (iki min) manat isə mənəvi zərərin əvəzinin tutulması və “xxxx” ASC-dən 199.446,49 manat birdəfəlik sığorta ödənişinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildə “xxxx” şirkətinə kiçik ölçülü boruların quraşdırıcısı vəzifəsində işləməklə “Şahdəniz-2” platformasında yüksək təzyiqli boruların yuyulması, sınaqdan keçirilməsi işini görmüş, 2017-ci ilin mart ayından o, “X7 Terminalı-2”-nın tikinti inşa sahəsində şirkətin nəzdində bərkidici vəzifəsində, daha sonra nəzarətçi kimi işləmişdir. 2017-ci ilin avqust ayının 2-də Bakı şəhəri, Səngəçal qəsəbəsi ərazisində inşa edilməkdə olan “X8 Terminalı-2”-nin ərazisində olan iş yerinə getmiş, saat 16 radələrində o, aldığı tapşırıq əsasında “Terrace-2 AK” ərazisində görülmüş və yekunlaşdırılmış işlərin şəklini çəkmək məqsədi ilə təxminən 20 metr yüksəkliyə çıxmışdır. Orada olan sıxılmış vintillərin üzərində olan yazıların fotoşəkillərini çəkmək üçün boruların üzərindən keçərkən ayağı burxulmuş və yıxılmışdır. Müəyyən müddət hadisə yerində qaldıqdan sonra diz nahiyyəsində ağrılar hiss etmiş, işi yekunlaşdırıb tələb olunan qurğunun foto şəkillərini çəkmiş, daha sonra sahədə olarkən “Bolt Kontener” adlandırılan yerdə şirkətdə “sıxıcı mexanik” vəzifəsində işləyən Vidadi Şirinovla qarşılaşmış, boruların üstündə yıxılmağı barədə ona danışmışdır. Daha sonra o, paltar dəyişmə məntəqəsinə gəlmiş, burada şirkətdə “texnik” işləyən Nicat Ağayevi görmüş, ona boruların üstündə yıxılaraq ayağının burxulmasını demiş, ondan burxulan ayağına baxmağını xahiş etmişdir. Nicat Ağayev onun ayağına baxmış və sol diz nahiyyəsinin arxa tərəfində şişkinlik olduğunu bildirmişdir. Daha sonra istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Əkbər Quliyevin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vurmuş, yıxılaraq xəsarət alması barədə ona məlumat vermiş, eyni zamanda ona bidirmişdir ki, əgər sabah işə gələ bilməsə bu onun aldığı xəsarət ilə bağlı olacaqdır. Növbəti gün, yəni xx xxxxxx 2017-ci il tarixində şirkətdə “supervayzer” vəzifəsində işləyən Dan Hardi adlı şəxs ***-***-**-** nömrəsi ilə onun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edərək niyə işdə olmadığını soruşmuş, o, isə işdə bir gün əvvəl xəsarət aldığını, bu barədə Əkbər Quliyevə məlumat verdiyini bildirmişdir. Daha sonra o, yenidən Əkbər Quliyevə zəng vurmuş ayağında olan ağrıların olduğunu, yeriyə bilmədiyini və həkimə gedəcəyini söyləmişdir. Daha sonra o, “Avrasiya Hospital” xəstəxanasına getmiş, orada müayinə olunduqdan sonra onun sol dizində ön çarpaz və yan çarpaz bağlarının qırıldığı müəyyən olunmuşdur. xx xxxxxx 2017-ci il tarixində həmin xəstəxanada əməliyyat olunmuşdur. Qeyd olunan hadisə onun əmək fəaliyyətinə və sağlamlığına ciddi təsir göstərdiyi üçün o, baş vermiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və buna görə də onun sağlamlığına dəymiş zərərə görə ona kompesasiya verilməsi xahişi ilə “xxxx” şirkətinə müraciət etmişdir. Şirkət həkimlər tərəfindən qoyulmuş diaqnoza şübhə ilə yanaşaraq onu yenidən xx.xx.2017-ci il tarixdə müayinə olmaq üçün “Mediclub” kilinikasına göndərmiş, “Mediclub” klinikasının həkimi X3 onu müayinə etmiş, aparılmış müayinələrin nəticəsində ona qoyulmuş əvvəlki diaqnoz təsdiqlənmişdir. Sözügedən hadisə ilə bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, Dövlət Əmək Müfəttişliyinin rəisinin müvafiq əmri ilə baş vermiş hadisənin araşdırılması məqsədi ilə komissiya yaradılmış, xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış, təhqiqat komissiyasının sədri baş vermiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ formalı aktla rəsmiləşdirilməsi və uçota alınması barədə rəy vermişdir. Baş vermiş hadisənin istehsalatla əlaqəliliyinin müəyyən edilməsinə baxmayaraq komissiyanın müəssisədən olan üzvləri xüsusi rəy təqdim edərək təhqiqat aktını imzalamaqdan imtina etmiş və filial rəhbərliyi hadisəni “İZ” formalı aktla rəsmiləşdirməmişdir. Eyni zamanda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli protokol əsasında xx xxxxxx 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri Steven Jones tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində göstərilən inzibati xətanın törədildiyi nəticəsinə gələrək, barəsində 1.200 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Bununla yanaşı Qaradağ Rayon Prokurorluğunda və Bakı Şəhər Prokururluğunda aparılmış araşdırmalar zamanı təyin olunmuş Məhkəmə tibbi ekspertizasının və Məhkəmə təhlükəsizlik texnikası ekpertizalarının rəyləri əsasında sübüta yetirilmişdir ki, o, xx.xx.2017-ci il tarixdə saat 16 radələrində əmək funksiyalarını yerinə yetirdiyi “Səngəçal Neft-Qaz Terminalı 2”-nin “Terrace 2 AK” ərazisindəki çənin üzərində quraşdırılmış vintillərin üzərində olan yazılarının fotoşəkillərini çəkmək üçün boruların üzərindən keçdiyi zaman yıxılaraq xəsarət almağı iş vaxtına təsadüf etmiş, baş vermiş hadisə onun işi ilə bilavasitə bağlı olmuşdur. Ona görə də bu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilmişdir. Lakin buna baxmayaraq cavabdeh hadisənin iş vaxtı olmasını və hadisənin istehsalatla bağlı bədbəxt hadisə olmasını qəbul etmir və hadisə ilə bağlı “İZ” formalı aktın tərtib yıxalaraq xəsarət almağı onun işi ilə bilavasitə əlaqəli olmuşdur. Məhz “İZ” formalı aktı ala bilmədiyi üçün o, əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinət ala bilmir. Bununla da, onun əmək və sosial müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. “xxxx” ilə “xxxx” ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halarından icbari sığorta” müqaviləsi bağlanmış və işçilər, o cümlədən o, 199.446,49 manat məbləğində sığorta olunmuşdur. İşə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, mənəvi ziyan kimi 20.000 manat, maddi ziyan kimi 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq Cavabdeh1 Şirkətinin Azərbaycandakı filialından tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialına (maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı qeyd edilən) qarşı “mənəvi ziyanın və minimum əmək haqqı miqdarında ödəncin verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməklə qəbul edildiyindən apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehin törətdiyi maneələrə görə iki ilə yaxındır əziyyət çəkib, Ali Məhkəmə tərəfindən qəbul olunmuş qərarla istehsalatda aldığı xəsarətlə bağlı mübahisələndirilən məsələyə son qoyulmuşdur. Cavabdeh tərəfindən əsassız olaraq işdən çıxarılmağı eyni zamanda iş zamanı aldığı zədədən müalicəsinə, hüquqi prosedurlara, məhkəmə çəkişmələrinə sərf etdiyi vaxt ərzində maddi təminatdan kənarda qalmış, cavabdehin qərəzli hərəkətləri nəticəsində ona “İZ” aktı verilməmiş, buna görə də müalicə xərcləri və işsizliyi ilə bağlı maddi dəstək ola biləcək cavabdehlə “xxxx” ASC arasında bağlanmış müqaviləyə əsasən aldığı az ağır xəsarətə görə sığorta ödənişini ala bilməmişdir. Cavabdeh tərəfindən “İZ” formalı akt ona bu ilin mart ayında verildiyinə görə əlilliyin müəyyən edilməsi ilə bağlı elə həmin ayda müraciət edə bilmiş, bu məsələ isə məlum “Covid- 9” pandemiyası ilə əlaqədar müəssisələrdə iş dayandığına görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hələ də baxılmamış qalmışdır. Sığorta hadisəsi baş verən günə qədər o, ayda 1.200 manat məbləğində maaş almış, xx.xx.2018-ci il tarixli əmrlə əsassız işdən azad edib, “İZ” aktını verməməklə onu maddi dolanışıqdan məhrum etmişlər. Minimum əmək haqqı 250 manat olduğuna görə hesab edir ki, cavabdehin təqsiri üzündən maddi dəstəkdən məhrum olunduğuna görə cavabdehdən 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq ona verilməlidir. Bununla yanaşı cavabdehin süründürməçiliyi, onun qanusuz hərəkətlərindən prokuroluğa şikayət etməyi, əsassız məhkəmə çəkişmələrinə cəlb olunmağı, onu maddi zərərə salmaqla yanaşı psixolji sarsıntı keçirmiş və bu səbəbdən hesab edir ki, keçirdiyi psixoloji sarsıntıya görə ona 10.000 manat məbləğində mənəvi ziyan ödəməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Vəkil və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaşının apelyasiya şikayətində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 017 nömrəli “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı AKT-ın (İZ formalı akt) surətindən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində inşa edilən “X8 Terminalı 2”-nın ərazisində olan iş yerinə gəlmiş, iş öncəsi təlimat aldıqdan sonra əmək vəzifələrinin icrasına başlamışdır. Təxminən saat 16:00 radələrində görülmüş işlərin yoxlanılaraq təhvil verilməsi üçün fotoşəkillərini çəkmək məqsədi ilə “Terrace 2AK” ərazisinə getmişdir. İddiaçı sözlərinə görə ərazidə sıxılmış rentillərin üzərində olan məlumat lövhələrinin fotoşəkillərini çəkmək məqsədilə boruların üzərindən keçmək istəyərkən ayağının büdrəməsi səbəbindən yıxılmış və sol ayağının diz nahiyəsində ağrılar hiss etmişdir. İddiaçı Səttəm və K üzrə Giriş Təlimatının “Qəzaların/Hadisələrin/Qəzaya yaxın halların məruzə edilməsi” adlanan bölməsinin tələblərinə əsasən “kiçikliyindən asılı olmayaraq, ilk yardım göstərilməsə belə xəsarətlə nəticələnən bütün qəzalar” fonnen, supervayzer və ya Səttəm qrupunun üzvünə dərhal məruzə etməli olduğu halda məruzə etməmiş, ayağa qalxaraq tələb olunan qurğunun foto şəkillərini çəkmiş və iş vaxtı bildikdən sonra evinə getmişdir. İddiaçı sözlərinə görə hadisə baş verən gün evə getmədən öncə “Bolt Kontener” adlandırılan sahədə qarşılaşdığı sıxıcı mexanik Vidadi Şirinova, paltar dəyişmə otağında texnik vəzifəsində işləyən Nicat Ağayevə yıxıldığını və ayağının burxulduğunu demişdir. N.Ağayev onun ayağına baxaraq sol diz nahiyəsinin arxa tərəfində şişkinliyin olduğunu bildirmiş və həkimə müraciət etməsini məsləhət görmüşdür. İddiaçı koordinatoru Əkbər Quliyevin mobil telefonuna zəng edərək iş yerində xəsarət aldığı və bu barədə rəhbərliyə məlumat verməsini bildirmişdir. Ə.Quliyev işəgötürənin səlahiyyətli vəzifəli şəxslərinə hadisə barədə heç bir məlumat verməmişdir. İddiaçı sözlərinə görə evə getdikdən sonra gecə ağrıları başladığı üçün xx xxxxxx 2017-ci il il tarixində “Avrasiya Hospital”a müraciət etmişdir. Hospitalda İddiaçı sağ dizinin MR müayinəsi zamanı “Ön çarpaz bağda (ACL) tam qopma”, xx xxxxxx 2017-ci il tarixdə aparılmış təkrar müayinə zamanı “sol diz oynağının iç və bayır menisk qopuğu, ön çarpaz bağın hissəvi qopuğu” diaqnozu təyin edilmişdir. Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialının kiçik ölçülü boruların quraşdırılması İddiaçı tərəfindən “Neftqazçıxarma sənayəsində təhlükəsizlik qaydaları”nın 1.2.3-cü bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçular üçün nümunəvi daxili nizam qaydaları”nın İİ bəndinin, Səttəm və K üzrə Giriş Təlimatının “İşçilərin öhdəlikləri” bölməsində (Təlimatın 29-cu səhifəsi) qeyd edilmiş texniki təhlükəsizlik qaydalarının, həmin Təlimatın “ŞD2 X6 və X9” bölməsində Təlimatın 37-ci səhifəsi) qeyd edilmiş tələblərin və Təlimatın “Qəzaların/Hadisələrin/Qəzaya yaxın halların məruzə edilməsi” adlanan bölməsində (Təlimatın 124-cü səhifəsi) qeyd edilmiş tədbirləri görməsi tələblərinin pozulması bədbəxt hadisənin səbəbləri olmuşdur. İş materiallarında olan, edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-453/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Filialın “kiçik ölçülü boruların quraşdırıcısı” vəzifəsində işləyən İddiaçı xx.xx.2017-ci il tarixdən səbəbini bildirmədən 2018-ci ilin sentyabr ayına qədər işə gəlmədiyini, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi təqdim etdiyini, xx.xx.2018-ci il tarixdən 2018-ci ilin sentyabr ayına qədər heç bir üzrlü səbəb bildirmədən işə gəlməməsinə görə Filialın xx.xx.2018-ci il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verildiyini, 2017-ci ildə İddiaçı Xidmətə şikayətlə müraciət edərək, xx.xx.2017-ci il tarixdə saat 16:00 radələrində əmək funksiyalarını yerinə yetirən zaman ayağının büdrəməsi səbəbindən yıxıldığını və sol ayağının diz nahiyəsində ağrılar hiss etdiyini qeyd etməklə, bununla bağlı olaraq Xidmət tərəfindən müvafiq araşdırmaların aparılmasını xahiş etdiyini, Xidmət tərəfindən həmin fakt öz təsdiqini tapmadığından, müraciətin təmin edilmədiyini, daha sonra İddiaçı istehsalatda xəsarət alması faktının tanınması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdiyini, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizənin baxılmamış saxlanıldığını, bundan sonra İddiaçı tərəfindən cinayət işinin başlanılması ilə bağlı Qaradağ rayon Prokurorluğuna müraciət edildiyini, lakin Prokurorluğun xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edildiyini, həmin qərarın əsasında İddiaçı yenidən Xidmətə müraciət etdiyini və Xidmət tərəfindən müvafiq araşdırma aparılaraq Təhqiqat Aktının tərtib edildiyini, halbuki, İddiaçı müraciətinin ilkin araşdırma zamanı öz təsdiqini tapmadığını və yenidən aparılan araşdırma zamanı ziddiyyətli ifadələr əsas götürülməklə, Təhqiqat Aktının tərtib edildiyini bildirərək, İddiaçı xx.xx.2017-ci il tarixdə saat 16:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)- 850/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1946/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycandakı filialının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)453/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1946/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı müayinə olunmuş və nəticədə diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Artroskopik əməliyyat çarpaz bağın bərpasından sonra residiv qopması, yeriş pozğunluğu Artroskopik əməliyyat - Diaqnoz: meniskoektomiya icra olunmuşdur. Sol diz oynağının kontrakturası (açma 180, bükmə 135 dərəcə, hərəkət anplitudası 45 dərəcə). Dayaq - hərəkət funksiyasının pozulması, vegetativ sinir sisteminin somatoform disfunksiyası olduğu müəyyən olunmuşdur. Onun əlillik dərəcəsinin müəyyən ediməsindən imtina edilmişdir. Səbəb: əlavə müalicəyə ehtiyacının olması. Ətraflı: müayinə və müalicəni davam etdirməli. Müalicə potensialı tükənməyib. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunduğu kimi, bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin Qanunun 2.0.12-ci maddəsinə əsasən, sığorta hadisəsinin anlayışı - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal” mənasını ifadə edir. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə müayinə edilməsi isə İcbari Qanunun 19-cu maddəsinə əsasən sığorta olunanın, sığortalının və ya sığortaçının müraciəti, yaxud qanunvericiliyə əsasən məhkəmənin qərarı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun “sığorta hadisəsinin müəyyən olunması” adlanan 10-cu maddəsinə əsasən, sığorta hadisəsinin müəyyən olunması əsasları göstərilmişdir. Sözügedən maddənin 10.1.1 və 10.1.2-ci hissələrinə görə istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı, müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə sığorta hadisəsinin müəyyən olunması əsaslarıdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında xx xxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun 18.1-cü maddəsinə əsasən, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması” qaydalarının 2.1-ci bəndinə əsasən, sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra - TSEK) tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü bəndi nəzərə alınmaqla, sığortaçının müvafiq qərarı ilə təyin edilir və müvafiq olaraq göstərilən müddətlərdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericinin tələbinə görə şəxsin xəsarət alması ilə nəticələnmiş hadisənin istehsalatda bədbəxt hadisə kimi müəyyən olunması (tanınması) belə şəxsə sığorta ödənişinin verilməsinə əsas yaratmır. Belə ki, bunun üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsin əmək qabiliyyətini itirilməsi halı, əlilliyi qiymətləndirilməli və onun sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi dərəcəsi (faizi) müəyyən olunmalıdır. Həmçinin, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən sığorta hadisəsinin müəyyən olunma əsasları tam olaraq mövcud olmadan hadisə sığorta hadisəsi sayılmır və bu səbəbdən də sığorta şirkəti şəxsə sığorta ödənişi həyata keçirə bilməz. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” xx xxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması” qaydalarından da görünür ki, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü bəndi nəzərə alınmaqla, sığortaçının müvafiq qərarı ilə təyin edilir və müvafiq olaraq qaydalar ilə nəzərdə tutulmuş müddətlərdə ödənilir. Aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur. (Həmin Qaydaların 2.1.1-ci bəndi) Qeyd olunanları nəzərə alıb, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı hazırki mərhələdə əmək qabiliyyətinin itirilib-itirilməməsi halının müəyyən edilmədiyini nəzərə alıb, hazırki iddia tələbinə hüquqi qiymət verilməsini mümkün hesab etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə “peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək” hesablanaraq ona verilməsini tələb edir, yəni hazırki tələbini məhz peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi ilə əlaqələndirir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən edilmədiyindən, 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq ona verilməli olmasına dair tələbi də hazırki vəziyyətdə əsaslı hesab edilə bilməz. Maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı Cavabdeh1 şirkətindən mənəvi zərər üzrə 20.000 (iyirmi min) manat pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi isə mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar