Məhkəmə qərarları › İş №2(103)-2515/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2515/2025

21.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2515/2025 21.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Qalibiyyət oğlunun, Cavabdehinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehinə qarşı olan “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(007)-209/2025 saylı qətnaməsindən İddiaçı və cavabdeh X3 İnstitutu” X46 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdehna həkim-anestezioloq-reanimatoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

2. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdehnun xx.xx.2021-cü il tarixli, 451 nömrəli əmri ilə İddiaçı xəstəlik tarixlərinin doldurulmasında yol verdiyi nöqsanların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən “xəbərdarlıq” edilmişdir.

3. İnstitutun xx.xx.2021-ci il tarixli, 477 nömrəli əmri ilə İddiaçı şöbədaxili iş prosesini düzgün qura bilmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən “xəbərdarlıq” edilmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnda baş verən korrupsiya halları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Səhiyyə Nazirliyi və digər orqanlara müraciət etmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri ilə yaradılmış araşdırma komissiyasının rəyi ilə şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübut növü ilə təsdiqini tapmadığı üçün əsassız hesab edilmişdir.

6. Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Cavabdeh inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. Həmin qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Cavabdeh tərəfindən verilmiş şikayət Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilmiş, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 15-k nömrəli əmri ilə “ElmiTədqiqat X8” PHŞ-nin həkim-anestezioloq-reanimatoloq İddiaçı işə vaxtında gəlmədiyinə və iş növbəsi zamanı vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 415-k nömrəli əmri ilə “Elmi Tədqiqat X8” PHŞ-nin həkim-anestezioloq-reanimatoloq İddiaçı iş növbəsində olduğu xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına, xəstənin vəziyyətini qiymətləndirmədiyinə, xəstəlik tarixində yazılı təyinatı olmadan xəstənin xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonat (soda)” köçürülməsinin qarşısını almadığına, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi edilmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 511-k nömrəli əmri ilə əvvəllər də işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq, 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloqreanimatoloq İddiaçı ilə bağlanmış xxxxxxx000107 saylı əmək müqaviləsinə AR əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı Cavabdehinə qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, töhmət verilməsinə dair Cavabdehinin direktoru X9 imzaladığı xx.xx.2024-cü il tarixli, “415-k” saylı əmrin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair Cavabdehinin direktoru X9 imzaladığı xx.xx.2024-cü il tarixli, “511-k” saylı əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqı və hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin, mənəvi zərərə görə 3.000 manat, mediasiya xərclərinə görə 60 manat pul vəsaitinin, hüquqi xidmətə görə 300 manat haqqın, 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, əvvəla xx.xx.2024-cü il tarixdə aşkar edildiyi iddia edilən "nöqsan"a görə intizam tənbehi 33 gün sonra (xx.xx.2024-cü il tarixində) verilə bilməzdi. Mərhum xəstənin vəfat etməsi onun növbəsində baş verməmişdir. xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə o, xəstəlik tarixində yazılı təyinatlar vermişdir. Xəstəlik tarixində qeyd olunan tarixlər üzrə yazılı təyinatlar onun tərəfindən verilmişdir. Bu da onu göstərir ki, əmrin nəticə hissəsində “heç bir qeydiyyat aparmama” həqiqətə uyğun deyil. Xüsusilə qeyd edilməlidir ki, göstərilən tarixlərdə xəstənin müalicəsi üçün gərəkli olan reanimatoloji təyinatlar ya onun tərəfindən, ya da şöbə müdiri tərəfindən yazılmışdır. Əgər növbədə olan digər reanimatoloq və ya şöbə müdiri Fikrət Məmmədov xəstəlik tarixində xəstə vəziyyətinin qiymətləndirilməsi barədə yazılı qeyd veribsə, onun təkrarlamağına zərurət olmur. Xəstənin huşu aydın və vəziyyəti dəyişməzdirsə, bir qayda olaraq xəstə vəziyyətinin qiymətləndirilməsi qrafasında hər gün eyni qeydlərin verilməsi vacib hesab olunmur. Xəstənin vəziyyətinin qiymətləndirilməsi qrafasının doldurulmaması özüözlüyündə xəstənin müalicəsində heç bir rola malik deyil. Növbə dəyişən zaman hər bir xəstə barədə sonrakı növbətçi həkimə şifahi məlumat hər halda verilir. Bu səbəbdən də xəstənin vəziyyətinin qiymətləndirilməsi qrafasının doldurulmaması intizam tənbehinin verilməsinə əsas ola bilməz. Buna dair vəzifə təlimatında da xüsusi göstəriş yoxdur. Belə ki, “yazılı təyinatlar” bölməsi xəstənin müalicə prosesini əks etdirdiyindən həkimin əsas öhdəliyi həmin hissədə müvafiq qeydləri aparmaqdır ki, buna da vəzifə təlimatının 8-ci bəndində xüsusi göstəriş mövcuddur. Xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonal” (soda) köçürülməsinin qarşısını almamaqla bağlı hissədə də əmr qanunsuz və əsassızdır. Əvvəla, vəzifə təlimatına əsasən onun tibb acılarının nöqsanlarına görə cavabdehlik daşımaq öhdəliyi yoxdur. Digər tərəfdən o, xəstəlik tarixində “Natrium bikarbonal” (soda) köçürülməsi barədə təyinat vermədiyi halda tibb bacısının bunu etməsi onun şəxsi məsuliyyət məsələsidir və bu yalnız onun özünə qarşı irad kimi bildirilə bilər. Xəstə onun növbəsində komaya düşməyib, vəfat etməyib, ayığ olub, vəziyyəti stabil, huşu aydın olub. Bununla belə, xəstənin vəfat etdiyi vaxt növbədə olmuş reanilatoloq-həkimin də xəstəni süni tənəffüz aparatına qoşmaması əsaslı olmuşdur. Belə ki, xəstənin əvvəllər çoxsaylı beyin əməliyyatları keçirməsi səbəbindən süni tənəffüz aparatına qoşulması üçün birbaşa əks göstəriş olmuşdur. “27 həkim gündəliyinin yazılmaması” reanimatoloq həkimlərin sayının azlığı və iş yükünün çoxluğu səbəbindən, xəstələrin müalicəsində daha prioritet məsələlərin həllinə daha çox vaxt sərf olunmasına görədir. Həkimlik təcrübəsində belə hallara tez-tez rast gəlinir və gündəliklərin hamısının yazılmaması tibbi sənədlərin keyfiyyətsiz tərtib edilməsi kimi qiymətləndirilmir. Belə ki, xəstəlik tarixində ən vacib amil müalicə təyinatının verilməsidir. Pasient gündəliyinin yazılması müalicə prosesində vacib hesab olunmur. Bundan başqa “1 xəstənin diaqnozunun əsaslandırılmasının aparılmaması” hissəsində də əmr əsassızdır. Belə ki, xəstələrin diaqnozunun əsaslandırılması ixtisas həkimin vəzifəsidir, reanimatoloqun deyil. Reanimatoloq həkim xəstənin həyati vacib orqanlarının sağlamlığını təmin etməyə borcludur. Bundan başqa “1 xəstənin ilkin baxışının qeyd etməməsi” hissəsində də əmr əsassızdır. Belə ki, xəstənin ilkin baxışını reanimatoloq həkim deyil, klinikaya qəbul olunanda müalicə həkimi yazmalıdır. Əmrdə pozuntu kimi qeyd olunmuş “1 xəstədə müalicə təyinatlarının tarixini qeyd etməmə” ümumiyyətlə pozuntu hesab oluna bilməz. Belə ki, xəstənin reanimasiya şöbəsinə daxil olma vaxtı məlum olduğundan müalicə təyinatının tarixi də məlumdur. Əmrdə pozuntu kimi göstərilən həmin hallar vəzifə təlimatında yoxdur. Əmrdə “infeksion və daxili rejim qaydalarını pozulması” barədə qeyd olunanlar da ümumi sözlərlə ifadə olunmuş, bunun konkret hansı hərəkətlərlə ifadə olunması qeyd olunmamış, əmr həmin hissədə əsaslandırılmamış, böhtan məlumatdan ibarətdir. Bundan başqa sözü gedən xəstəlik tarixləri aprel-may aylarında baş həkim tərəfindən yoxlanılaraq və imzalanaraq arxivə verilmiş, hətta hər-hansı vəzifə pozuntusu olmuş olsaydı belə, arxivə verildiyi gündən 1 aylıq müddət ötmüş və AR ƏM-nin 187-ci maddəsinin 2-ci bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Bundan başqa Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli 5 saylı protokolu da keçirilmiş iclasda aparılmış söhbətlərin real məzmununu əks etdirmir. Bütün iclas onun tərəfindən telefonun səsyazanı vasitəsilə tam qeydə alınmışdır. Həmin səs yazısının 08:32-09:14 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) təsdiq edir ki, xəstə gündəliklərinin yazılmamasını qüsur kimi qəbul etmir (həmin sözlər, eləcə də onun xeyrinə deyilmiş bir çox fikirlər protokola qərəzli şəkildə yazılmamışdır). Bundan başqa həmin səs yazısının 08:32-09:14 saniyələrindən həmçinin eşidilir ki, o, deyir: “tibb bacısı tərəfindən xəstəyə “Natriumbikarbonal” (soda) köçürülməsi üçün təyinat verməmişəm, tibb bacısının yanlış hərəkətinə görə məsuliyyət daşımıram”. Onun həmin dəlilinə qarşı məclis üzvləri əsaslı arqument irəli sürə bilmirlər, əksinə səs yazısının 29:37-29:58 saniyələrindən eşidilir ki, hüquqşünas Nümayəndə2 bildirir ki, “biz onsuz da sodanın vurulmasını tibb bacısının günahı kimi nəzərə aldıq, Nuridə xanımla əlaqələndirmədik...” Bundan başqa həmin səs yazısının 10:00-11:20 saniyələrindən eşidilir ki, hüquqşünas Nümayəndə2 bildirir ki, “...xəstə gündəlikləri yazılmamış, 1 xəstənin ilkin baxışı yazılmamış, 1 diaqnozun əsaslandırılması aparılmamışdır”. Həmin səs yazısının 10:00-11:20 saniyələrindən eşidilir ki, o deyir: “ilkin baxışı qəbul həkimi yazmalıdır, diaqnozun əsaslandırılmasını da terapevt-pulmanoloq yazmalıdır. Onların heç birini reanimatoloq yazmalı deyil”. Onun həmin dəlilinə qarşı məclis üzvləri heç bir əsaslı arqument irəli sürə bilmirlər. Həmin səs yazısının 30:31-30:37 saniyələrindən eşidilir ki, məclis üzvü Qəmər Əhmədzadə (laboratoriya müdürü) deyir: “həmin medsestralar töhmət alıb işdən çıxsın, nəinki həkim...”. Həmin səs yazısının 32:10-32:24 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “adamın iki dənə töhməti olanda biraz gözləyirlər, üçüncü töhməti verirlər, işdən çıxarırlar. Bu artıq üçüncü töhmətdir. İndi verəcək məhkəməyə. Belə mühitdə işləmək axı dəhşətlidir...”. Həmin səs yazısının 33:00- 33:39 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “…axtarışa veriləndə, bunlar hamısı “povod”dır. Sən məktublar yazanda ora-bura, sən bilmirdin ki, “povod” tapılacaq. Sənin də işini yoxlasalar nəsə çıxacaq da. Mənə olunanlar səndən də artıq olunub. Mənim ağlıma da gələ bilməzdi ki, kimdənsə şikayət edim. Ya gərək mən pencəyimi qoyum burada çıxım gedim evimə-eşiyimə özümə iş axtarım... O qədər özəllərdə iş var. Ya da oturam, nə deyir müdriyyət... 5-ci direktordur... İndi İradədir nədir. “Kaşşeybessmetnıy” deyil ki, uzağı 5 il işləyəcək çıxıb gedəcək də. Gora qədər işləməyəcək ki...». Həmin səs yazısının 34:25-34:35 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “…gəmidə oturub gəmiçi ilə dava edirsənsə, belə də olacaq. Belə də xəstəlik tarixləri yoxlanılacaq. Bunlar hamısı “povod”dır”. Həmin səs yazısının 36:10-37:50 saniyələrindən eşidilir ki, məclis üzvü Vəfa Şaxtaxtinskaya (sığorta işləri üzrə əməkdaş) deyir: “bəlkə öz ərizənizi yazıb çıxasınız... onsuzda öz xoşunla çıxmırsansa, deməli səni çıxarırlar... bu sizin üçün bir zərbə olacaq karyeranızda... əgər bir qərar verilsə siz işinizə davam etsəniz, yenə mi eyni olacaq... hamı eyni qalacaq siz də eyni qalacaqsınız... sizdə toqquşmalar olur və bu davam edəcək...məncə siz özünüz öz xoşunuzla İnstitutdan gedib digər müəssisədə rahat iş tapacaqsınız... professional həkimsiniz...”. Həmin səs yazısının 37:59-38:06 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “…sizi işdən çıxaran başqası olacaq... biz nə işə götürmürük nə işdən çıxarmırıq...”. Həmin səs yazısının 38:07-37:50 saniyələrindən eşidilir ki, məclis üzvü Vəfa Şaxtaxtinskaya (Tibbi sığorta şöbəsinin müdüri) deyir: “…sizin əmək kitabçanıza maddə yazılmasın deyirik...”. Həmin səs yazısının 39:32- 39:50 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “…xəstə (mərhum X19) sənin qüsuruna görə ölməyib, xəstənin valideynləri də səndən razıdırlar...”. Həmin səs yazısının 41:17-41:21 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “…işdən azad olunur, özü də maddə ilə...”. Həmin səs yazısının 41:19-41:26 saniyələrindən eşidilir ki, məclis üzvü Təranə Hacıyeva (kitabxanaçı) deyir: “…70-ci maddənin "Ç" bəndinə əsasən çıxarılsın...”. Həmin səs yazısının 42:43-42:55 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “…bir dəfə tutdum səni soruşdumki, niyə konfliktə gedirsən? Demişdim sənə, deməmişdim?! Eləmə də... Necə lazımdır get işlə, başını sal aşağı get işlə də...”. Həmin səs yazısının 01:00:35:-01:01:32 saniyələrində eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “...məktublar yazırsan da, "zaraza"... belə istənilən adamı başlasalar güdməyə, o qədər şey çıxacaq ki... bəlkə şans verək ona? görək 1 aya 2 aya özünü necə aparır?”. Həmin səs yazısının 01:01:31- 01:01:35 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “o artıq müdriyyətdən asılıdır, müdriyyət razılaşacaq ya razılaşmayacaq, olmayacaq işdən çıxmalıdır...”. Həmin səs yazısının 01:10:56-01:11:00 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Yaxşı, bu qərarla kim razıdır kim razı deyil?...”. Həmin səs yazısının 01:11:01:-01:11:30 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “Mən tərəddüd edirəm... istəyirəm biraz da vaxt verək ona... o xasiyyətini dəyişən deyil... amma heç olmazsa biraz fərqli olsun”. Həmin səs yazısının 01:11:32-01:12:45 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Bir dənə də şey var ki, biz bu dəfə tutaq ki vaxt verdik, tutalım 1 ay... bu müddət ərzində konfliktə getsə avtomatik... İndiki vəziyyətdə biz ancaq xahiş edə bilərik. Müdriyyət qəbul edəcək ya etməyəcək. Ancaq, bir aydan sonra nə bilirsən həmin şey olmayacaq?! ... Biz deyə bilərik "razıyıq", ya da müdriyyət tərəfindən Əmək Məcəlləsi pozulursa "olmaz". Burada əmək məcəlləsini pozmayıblar...”. Həmin səs yazısının 01:18:55-01:19:04 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “söhbət ondan gedir ki, səhvi olanda da (baş həkim Gülzar Əliyevanın səhvi) elə qaydada demək lazımdır ki, xətrinə dəyməsin...”. Həmin səs yazısının 01:27:01-01:28:02 saniyələrində məclis üzvü Vəfa Şaxtaxtinskaya ilə onun dialoqunda qeyd edirlər ki: “Vəfa Ş.: neqativ hallarla bağlı müəssisə rəhbərliyinə məlumat verdikdən sonra bəlkə o da araşdırır, qeydə alıb, siz həmin dəqiqə nəticə görmədən başlayırsınız yuxarı yazmağa. Yazılan nə varsa, buna görə bilavasitə İradə xanım (direktor) cavab verir. Siz onların adlarını çəkməsəniz belə, bu onlara birbaşa zərbədir. Pərvanəni (baş tibb bacısı) də işdən kənarlaşdırdılar. O.: 100.000 dəfə təqdimat yazandan sonra”. Həmin səs yazısının 01:50:49-01:51:20 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Qurtardı məsələ. Dalşe özün bilərsən. Əmri görəcəksən. Sənə çatdırılacaq, qol çəkəcəksən...”. Sözü gedən HK-nin xx.xx.2024-cü il tarixli 5 saylı protokolunda yer alan “Birinci töhmətlə əlaqədar təqsirli olduğunu, 2-ci töhmətlə qismən razı olduğunu bildirmiş, axırıncı təqdimatın tam düzgün olduğunu, yalnız gündəliyi yazmağa vaxtının olmadığını bildirdi” abzası yalan informasiyadır. O, belə sözlə deməmişdir. Əksinə, audio-yazının 10:00-11:20 saniyələrindən eşidilir ki, o deyir: “ilkin baxışı qəbul həkimi yazmalıdır, diaqnozun əsaslandırılmasını da terapevt pulmanoloq yazmalıdır. Onların heç birini reanimatoloq yazmalı deyil”. Bundan başqa o, dəfələrlə ona qarşı qərəzli münasibətin olduğunu bildirməklə ona münasibətdə əsassız intizam tədbirlərinin görüldüyünü vurğulayır. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş HK-nin xx.xx.2024-cü il tarixli 5 saylı protokolu ilə səs yazısı müqayisə olunduqda məlum olur ki, protokol saxtalaşdırılmış, ora əmri əsaslandırmaq və müdafiə etmək üçün yalan məlumatlar daxil edilmiş, müəssisə müdiriyyətinin mənafeyinə uyğun olmayan bir sıra məlumatlar qəsdən daxil edilməmişdir. Səs-yazısından eşidilir ki, məclis üzvləri onun "yolverilməz və bağışlanmaz nöqsanlarını" deyil, onun cavabdeh müəssisədə gələcək karyerasının müdiriyyətdən dövlət orqanlarına göndərdiyi şikayətlərə görə mümkünsüz olması müzakirə olunur. Belə ki, təqdim edilən səs yazısından eşidilən odur ki, sədrlik edən və məclis üzvləri ona işəgötürən tərəfindən yaradılmış qərəzli mühiti şikayət ərizələri ilə dövlət qurumlarına etdiyi haqlı müraciətlərlə əlaqələndirirlər və ona öz arzusu ilə tutduğu vəzifədən azad olunma barədə ərizə verməyi, başqa yerdə işə düzəlməyi və ya direktor İradə Axundovadan üzr istəməklə bir daha şikayət etməməyi ona söz verməyi tövsiyyə edirlər, əks halda AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılacağı ilə hədələyirlər. Bu təklif bir neçə məclis üzvündən gəlir və əsl səbəbin təqdimatdaki formal qeydlər yox, müdriyyətin onunla məlum səbəbdən işləmək istəməməsi olduğu, təqdimlatlarda yazılanların formal xarakterli bəhanələr olduğu açıqca ifadə olunur. 415-k saylı əmrdən isə görünür ki, komissiyanın xx.xx.2024-cü il tarixli protokolu ilə “intizam pozuntusu” guya aşkar edilmiş, lakin intizam məsuliyyəti 33 gün sonra, xx.xx.2024-cü il tarixində verilmişdir. Bununla yanaşı 511-k saylı xx.xx.2024-cü il tarixli əmrdə də qeyd olunur ki, aprel-may aylarında gündəliklərin yazılmaması və digər çatışmazlıqlar xx.xx.2024-cü il tarixli təqdimatla aşkar olunmuşdur. Halbuki, aprel-may aylarında tərtib edilmiş həmin xəstəlik tarixləri elə həmin aylarda baş həkimin imzası ilə arxivə təhvil verilmişlər. Bunu sübut etmək üçün sözü gedən xəstəlik tarixlərinə baxış keçirmək kifayətdir. Həmin xəstəlik tarixlərində gündəliklərin yazılmaması intizam tənbehinə səbəb ola bilməz. Buna baxmayaraq baş həkimin imzası (təsdiqi) ilə arxivə təhvil verilmiş sənədlər 1 ay sonra baş həkim tərəfindən yenidən qaldırılaraq intizam tənbehinin predmeti ola bilməz. Yoxlamanı əhatə edən xx.xx.2024- cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər olan dövrdə (38 gün ərzində) onun tərəfindən 513 xəstə gündəliyinin cəmi 26-sı yazılmamışdır. Bu o deməkdir ki, o, xəstə gündəliklərinin 5 faizini yazmamışdır. Oxşar sayda yazılmamış gündəliklər digər reanimatoloq-həkimlərdə də var. İstirahət hüququnu pozan və iş vaxtından artıq müddətə onu qanunsuz işlədən cavabdeh buna görə 4 dəfə inzibati tənbeh alsa da, bu ağır şəraitdə işlətdiyi həkimlərdən son dərəcə ideal iş tələb edərək ən xırda və formal bəhanəni əsas gətirmiş və onlardan yalnız birini buna görə ən ağır tənbehlə cəzalandırmışdır.

13. Cavabdeh X3 İnstitutu” X46 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, ona qarşı intizam tənbehlərinin tətbiq edilməsi “qisas" məqsədi ilə deyil, əksinə əmək fəaliyyətində yol verdiyi çoxsaylı qanun pozuntuları ilə bağlı olmuşdur. Əgər həqiqətən də onun barəsində tətbiq olunan intizam tənbehlərinin əsasında qisas motivi dayansa idi, bu zaman digər əməkdaşların da barəsində aparılan araşdırma zamanı aşkar olunan nöqsanlara görə həmin tədbirlər tətbiq olunmasına ehtiyac qalmazdı. Həm onun, həm də digər əməkdaşlar barəsində tətbiq olunan tənbeh xarakterli tədbirlər bu mənada həqiqətən onlar tərəfindən yol verilən pozuntularla bağlı olmuşdur. O, dəfələrlə müəssisədə intizam pozuntularına yol verdiyinə görə şifahi formada ona iradlar bildirilmiş, o da bu iradlardan nəticə çıxarmaq əvəzinə özü qisas motivi ilə müəssisə barəsində müraciətlər ünvanlamışdır. Onun "qisas" məqsədilə formal olaraq barəsində tətbiq olunduğunu bildirdiyi xx.xx.2024-cü il tarixində 15-k nömrəli əmrlə verilən töhmət xx.xx.2023-cü il tarixindəki iş növbəsinə 1 saat gecikməsi ilə bağlı olmuşdur (qeyd edək ki, məhz bu 1 saat ərzində xəstə ölümü baş vermişdir). Bu hadisədən 10 gün sonra o, xx.xx.2023- cü il tarixində bir daha iş növbəsinə 3 saatdan çox gecikmiş, səbəbini isə törətdiyi avtomobil qəzası ilə əlaqədar olmasını bildirmişdir. Hətta DYP xidmətindən hadisənin vaxtının saxtalaşdırdığı sənəd təqdim etmişdir. Belə ki, hadisə 21:55-də baş verdiyi halda hadisənin 20:20-də baş verilməsi qeyd edilmişdir. Halbuki, həkim artıq 21:00-da növbədə iş başında olmalı idi. Saxtalaşdırma 1 aydan sonra aşkarlandığı üçün həkimə qarşı inzibati tədbir görülməmişdir. Lakin bu qanun pozuntusuna görə müvafiq hüquq orqanlarına institut tərəfindən müraciət edilmişdir. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 415-k saylı Töhmət əmrinin və xx.xx.2024-cü il tarixli, 511-k saylı xitam əmrinin verilməsinin əsasında dayanan həkimin peşə fəaliyyəti ilə bağlı üzərinə düşən öhdəlikləri bilərəkdən yerinə yetirməməsi sübutlarla öz təsdiqini tapmışdır. Onun xx.xx.2024-cü il tarixində aşkar edilən nöqsanlara görə “intizam tənbehinin 33 gündən sonra ”yəni xx.xx.2024-cü il tarixində verilməsinin qanunla müəyyən edilmiş müddətinin buraxılması kimi izah etməyə çalışmasına münasibətdə bildiririk ki, xx.xx.2024-cü il tarixi şənbə gününə (inzibati heyət üçün qeyri-iş gününə) təsadüf etmişdir. Buna görə də baş həkim baş vermiş pozuntu barəsində yalnız növbəti həftənin birinci günü- 13 may 2024-cü il tarixində məlumatlandırılmışdır. Odur ki, təqdimat da məhz həmin tarixdən sonra hazırlanmağa başlanıldığından, eləcə də, 11 may 2024-cü il tarixi inzibati heyət üçün qeyri-iş gününə təsadüf etdiyindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş bir aylıq müddətin axımı da elə məhz 13 may 2024-cü il tarixindən hesablanmalıdır. Tibb bacısının xəstəyə Natrium bikarbonatın (sodanın) köçürülməsinə özü göstəriş verib (halbuki xəstə o anda respirator asidozda olduğu üçün soda əksgöstəriş idi) və ya tibb bacısının dərmanı köçürməsinə nəzarət etməyib. Natrium bikarbonatın köçürülməsi üçün təxmini 30-50 dəqiqə vaxt tələb olunur. Demək, həkim xəstəyə hansı dərmanın köçürülməsinə bu müddət ərzində heç nəzarət də etməyib. Həmçinin, növbədə olan tibb bacısı Xumar Eyubova tərəfindən “Natrium bikarbonat” (soda) köçürülməsi ilə bağlı araşdırma aparılarkən o, öz izahatında İddiaçı təyin etdiyi dərmanları xəstəyə köçürdüyünü və bu barədə həkimə məlumat verərkən əlavə təyinat olaraq soda məhlulunun köçürülməsi barədə İddiaçı tapşırıq verdiyini və bundan sonra "Natrium bikarbonat" (soda) məhlulunun xəstəyə köçürülərək təyinat vərəqəsinə qeyd etdiyini bildirmişdir Xəstənin "qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyinə” və "oksigen vermə qaydalarına riayət etməməsi” ilə bağlı hissədə də töhmət əmrinin qanunsuz və əsassız hesab edən iddiaçı ciddi səhvlərə yol verib. "Xəstə ölümü hallarının araşdırılması” Komissiyası protokolunun İddiaçı fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hissəsində sual-cavab formasında aparılan araşdırmanın nəticələrinə əsasən məlum olmuşdur ki, iddiaçının iş növbəsində olduğu zaman xəstənin qan qazı analizində karbon qazı çox yüksək olması ilə bağlı hansı tədbirlərin görülməsi sualına sadəcə olaraq oksigen terapiyası verdiyini bildirmiş, lakin oksigen terapiyasının qaydaları və modullarına riayət etmədiyi barədə iradlar tutulmuş, bu cür qan qazları ilə heç bir tədbir görülmədiyi diqqətə çatdırılaraq xəstəyə qeyri-invaziv ventilyasiya edilmə, CPAP-a qoşma (qeyriinvaziv mexaniki ventilyasiya - QİMV) imkanlarından istifadə edilmədiyi qeyd edilmişdir. Bundan başqa xəstənin süni tənəffüs aparatına qoşulması üçün göstəriş və ya əks göstəriş olması qiymətləndirilməyib, xəstəlik tarixində bu barədə heç bir məlumat yoxdur. Xəstə anamnezində beyin əməliyyatı keçirdiyi üçün mütləq qaydada nevroloq konsultasiyası olunmalı idi, amma bunu nə müalicə həkimi İddiaçı, nə də şöbə müdiri F.Məmmədov təşkil etmişdir. Bu qeyd olunanları nəzərə alaraq iddia tələbi ilə mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 415-k saylı Töhmət əmrinin ləğv edilməsinə dair dəlillərin rəsmi sənədlərə əsasən əsassız üçün istər işin faktiki halları baxımından, istərsə də hüquqi əsaslandırma nöqteyi-nəzərindən iş üzrə təqdim edilmiş sübutlarla təkzib edilir. Məhkəmənin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 511-k saylı əmrin surətindən göründüyü kimi baş həkim G.Əliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə daxil olmuş təqdimata əsasən 2024-cü il aprel-may ayları ərzində Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində stasionar müalicədə olan xəstələrin xəstəlik tarixlərinə 1 və 3 iyun 2024-cü il tarixlərində baxış keçirilən zaman İddiaçı müxtəlif xəstəlik tarixləri üzrə 27 həkim gündəliyi yazmadığı, 1 xəstənin diaqnozunun əsaslandırılmasını aparmadığı, xəstədə müalicə təyinatlarının tarixini qeyd etmədiyi, digər bir xəstənin isə ilkin baxışını qeyd etmədiyi aşkar olunmuşdur. İddiaçı əmrlə razı olmadığını onunla əsaslandırmağa çalışır ki, xəstəlik tarixlərində 27 həkim gündəliyinin yazılması müalicə prosessində vacib hesab olunmur. İddiaçının bu mövqeyi ilə AR Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-anestezioloqreanimatoloqun nümunəvi vəzifə Təlimatının 15-ci bəndinin tələblərinə əsasən tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi stasionarda xəstələrin müalicəsi ilə məşğul olan həkim-reanimatoloqun ən ümdə vəzifələrindən biri olduğu üçün qəti şəkildə razı olmadıqlarını bildirir və icrası qanunla müəyyən edilmiş qaydada vacib olan vəzifələrin yerinə yetirilməsində məsuliyyətdən yayınmaq məqsədilə şəxsi maraq xatirinə faktların danılmasını qəbul edilməz hal hesab edirlər. Yuxarıda qeyd edilən kimi, həkim azlığı, işin çox olması xəstəlik tarixlərində müvafiq qeydlərin aparılmaması üçün səbəb kimi qəbul edilmir. Əgər həkim şöbədə vaxtını səmərəli istifadə etsə, bütün sənədləşməni vaxtında edər. İstisna hallarda şöbədə süni tənəffüs aparatında xəstə varsa və ya digər bir kritik durum yaranırsa sənədləşməni vaxtında çatdırmaq çətin olur, belə halda adətən digər həkimlər və ya şöbə müdiri yardım edir. Anesteziologiya, Reanimasiya və İntensiv terapiya şöbəsində (ARİTŞ) may ayında müalicədə olmuş xəstələrdən təsadüfi seçim əsasında həkim gündəliklərinin növbətçilik qrafikləri üzrə yazılması ilə bağlı cəmi 18-nin xəstəlik tarixi yoxlanılmışdır, onlardan 8-i aprelin son günləri ARİTŞ-ə daxil olmuş və may ayında müalicələrini davam etdirmişlər. Bildiririk ki, may ayında şöbəyə 72 xəstə daxil olmuşdur, üstünə də bu 8 xəstəni əlavə etsək 80 xəstə edir. Əgər bir həkim 18 xəstəlik tarixində 27 gündəlik yazmırsa, deməli o, səhlənkar və məsuliyyətsiz olaraq bəlkə də o, xəstələrə heç baxış da keçirməmişdir. Təsəvvür edin, bütün xəstəlik tarixləri yoxlanılanda neçə rəqəm alınardı. ”Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı"nın ümumi müddəalarının 5-ci bəndinin, yəni həkim-anestezioloq-reanimatoloqun nəyi bilməsinə dair 5.9 yarımbəndində "Tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsasları" qeyd edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tələblərindən biri də məhz xəstənin vəziyyətini əks etdirən, müalicə tədbirlərinə əsas verən həkim gündəliklərinin yazılmasıdır. “1 xəstənin diaqnozunun əsaslandırılmasının aparılmaması” və “1 xəstənin ilkin baxışının aparılması” hissəsində əmrin əsasız olması iddiası ilə bağlı bir mənalı şəkildə bildirirlər ki, Vəzifə Təlimatının 7-ci bəndinə əsasən həkim-reanimotoloq müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniki-laborator tədqiqatların, müayinə və müalicəsinin aparılması) və diaqnozunu müəyyən edir. Bu onu göstərir ki, xəstə reanimasiya şöbəsinə daxil olursa onun ilkin baxışı (şikayətləri, anamnez, obyektiv müayinə, vital göstəricilər) və diaqnozunun əsaslandırılması reanimatoloq tərəfindən aparılmalıdır və rəsmiləşdirilərək xəstəlik tarixində yazılmalıdır. İddiaçı sadə bir məntiqi qəbul etmək istəmir ki, reanimasiya şöbəsinə qəbul edilən xəstənin ümumi vəziyyətiilə bağlı ilkin baxış keçirilməsi və bu barədə baxışın təfərrüfatları gələcəkdə müalicə işinin düzgün qurulması üçün qeyd edilməlidir. Əgər xəstəyə baxış keçirilmirsə və ya diaqnoz yoxdursa hansı müalicədən söhbət gedə bilər? Simptomatik yardımı hər bir həkim göstərə bilər. Onların institutda diaqnozun qoyulmasında çətinliklər olduqda müvafiq mütəxəssislər cəlb edilir, patologiyadan asılı olaraq xəstə ya reanimatoloq, ya pulmonoloq, ya ftiziatr, ya da cərrah tərəfindən konsiliuma təqdim edilir. Qəbul həkimi isə xəstənin ambulator kartasına müvafiq qeydlərini edir, xəstəlik tarixini açır və xəstəni şöbəyə təhvil verir. "1 xəstədə müalicə təyinatlarının tarixi qeyd etməmə”ni isə ümumiyyətlə pozuntu hesab etməyən iddiaçı bilməlidir ki, həkim təyinatı üzrə müalicə kursunun hansı tarixdən başlanıb hansı tarixdə başa çatmasını müalicənin effektiv aparılmasında xüsusi əhəmiyyəti vardır. Stasionarda müalicə alan xəstələrə dərman təyinatı verilərkən mütləq qaydada dərmanların təyinat və kəsilmə tarixləri xəstənin hansı tarixdə daxil olmasından asılı olmayaraq qeyd edilməlidir, çünki dərman vasitələrinin dozaları, vurulma tezliyi və özləri xəstənin vəziyyətindən asılı olaraq dəyişir. Bəzi dərmanlar təyin edildikdə hətta onların vurulma saatları da qeyd edilməlidir (məsələn, antibiotiklər, steroidlər və s.) ki, tibb bacıları da təyinatları düzgün yerinə yetirə bilsinlər. Bu tibbin mübahisə olunmayan bir aksiomasıdır. Digər tərəfdən "Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı"nın Vəzifə öhdəlikləri bölməsində 12-ci bəndində dərman preparatlarının səmərəli istifadəsi də qeyd edilib. Dərman təyinatlarının tarixinin qeyd edilməsi dərman sərfiyyatının hesabatını aparmağa imkan verir. Bildirilir ki, təyinat tarixinin yazılması problemi dəfələrlə rəhbərlik tərəfindən tələb olunsa da, iclaslarda müzakirə edilsə də, vacibliyi izah edilsə də, xəbərdarlıqlar edilsə də, buna yalnız İddiaçı əməl etməmişdi. xx.xx.2024-cü il tarixində daxil olmuş digər təqdimatda isə İddiaçı Əməliyyat blokunda aparılan əməliyyat zamanı infeksion daxili rejim qaydalarını pozaraq əməliyyat prosessində maskasız, bonesiz və çirkli çəkmələrlə iştirak etdiyi müşahidə olunmuş və şifahi xəbərdarlıqlara baxmayaraq bu cür halların dəfələrlə tərkar olunduğu qeyd edilmişdir. İddia tələbinin əsassız dəlillərindən biri də əmrdə "infeksion və daxili rejim qaydalarının pozulması” barədə qeyd olunanların konkret hansı hərəkətlərlə ifadə olunduğunu göstərilməməsi ilə bağlıdır. Əmrin həmin hissədə hətta böhtan məlumatlardan ibarət olduğu vurğulanmışdır. Cərrahi əməliyyatxananın steril olmasının vacibliyini hamı bilir. İddiaçı dəfələrlə infeksion nəzarət və sanitarıya qaydalarını pozaraq əməliyyat gedən zaman Cərrahiyyə blokuna ev paltarında, küçə ayaqqabısı və s. ilə daxil olurdu, hətta buna görə cərrahlarla və tibb bacıları ilə mübahisələri olub. Dəfələrə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq İddiaçı növbəti dəfə xx.xx.2024-cü il tarixində Cərrahiyyə blokuna cərrah Məmmədov F. tərəfindən aparılan kiçik cərrahi müdaxilə prossesində bütün infeksion nəzarət qaydalarını pozaraq maskasız, bonesiz açıq uzun saçları sallayaraq, baxilsiz çirkli çəkmələrlə iştirak edirdi (Şəkil əlavə edilir). Bu isə "Həkimanestezioloq- reanimatoloqun nümunəvi vəzifə Təlimatı"nın Vəzifə öhdəlikləri bölməsinin 21 bəndinin (Daxili intizam sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, ... və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.) kobud şəkildə pozulması deməkdir. Sanitariya qaydalarının pozulması, pasiyentlərə təhlükə yaradan vəziyyəti (bu halda əməliyyat yarasının infeksiyalaşması) həkim özü yaradırsa, necə onu aradan qaldıra bilər? Qeyd edək ki, infeksion nəzarət qaydaları sanitariya və epidemioloji qaydalara aiddir. Təlimatın Vəzifə öhdəlikləri bölməsinin 16 bəndinə əsasən həkim anestezioloqreanimatoloq sanitar-maarifləndirmə işini də aparmalıdır (həm işçiləri, həm xəstələri arasında). Amma İddiaçı öz davranışı ilə necə nümunə ola bilər işçilərinə və ya xəstələrinə? Digər tərəfdən bu həkim tərəfindən "Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı"nın ümumi müddəalarının 5.14 yarımbəndində nəzərdə tutulmuş əməyin mühafizəsi (xəstədə vərəm ola bilərdi), təhlükəsizlik texnikası (xəstədə vərəm ola bilərdi), istehsalat sanitariyası (Cərrahi blokun təmizliyi və sterilliyi) kimi bilməli olduğu qayda və normaları da pozub. İddiaçı həmçinin İnstitutun Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli, 5 saylı protokolunu da mübahisələndirərək guya protokolun yazılı tərtibatı ilə telefon səsyazanı vasitəsi ilə qeydə alınmış danışıqlar arasında uyğunsuzluq olduğunu və bu halın həmkarların müzakirəsinə verilmiş təqdimatın müzakirəsində iddiaçının hüquqlarını pozduğunu bildirmişdir. Əslində Həmkarlar Komitəsinin iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı müzakirələrdə həmkarlar komitəsinin üzvləri ayrı-ayrılıqda subyektiv hüquqa malik olduqları üçün əmək müqaviləsinə xitam verilib-verilməməsi baxımından istənilən fikri ifadə edə bilərlər. Bu mənada əlbəttə ki, müstəqil fikir irəli sürən şəxslərin şifahi formada danışığı ilə protokolun mətn tərtibatında müəyyən fərqlərin olması mümkün haldır və bu hər hansı qanun pozuntusu hesab edilə bilməz. Hər hansı bir iclasın protokolu onun stenoqrafiyası deyil, əsas mahiyyətini əks etdirir. Qeyri-etik sözlər protokolda qeyd edilmir, qeyri-ədəbi ifadələr isə tənzimlənir. Müvafiq iclasda iştirak etmiş şəxslərin hər biri sonda protokolu öz imzaları ilə təsdiq etmişlər ki, bu zaman onların hər biri öz iradələri ilə həmin protokolda qeyd olunan mətnlərin doğruluğunu təsdiq etmişlər. Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli Protokolunun tərtibatı hər hansı hüquq normasının tələblərinə zidd olmadığından şifahi fikir mübadiləsinin protokolun mətni ilə uyğun gəlməməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 209/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmrin və xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrlərin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X24)

15. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsas kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin nəzərə alınması və əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd edilməklə, ona əvvəllər töhmət intizam tənbehinin verilməsi üçün əsas olmuş hala istinad edildiyindən, bu halda məhkəmə tərəfindən mübahisələndirilən əmrlə yanaşı iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrlərin qanuniliyinə də hüquqi qiymət verilməlidir.

16. Belə ki, İddiaçı tərəfindən Cavabdehi barəsində edilən müraciətlər, əmək hüquqlarının pozulması, bonusların ödənilməməsi ilə bağlı irəli sürülən tələblər nəticəsində tərəflər arasında olan münasibətlər 2023-cü ildən pisləşmişdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında olan münasibətlər pisləşdikdən sonra Cavabdehi tərəfindən iddiaçı barəsində əmək funksiyalarının pozulması əsası ilə intizam tənbehləri tərbiq edilmişdir. Həmin tənbehlərdən ilki xx.xx.2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” 15-k nömrəli əmrdir. Hazırki əmrin əsaslandırılmasından aydın olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işə bir saat yarım gecikdiyi və işə gecikdiyi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün barəsində töhmət verilmişdir. Həmin gecikmə ilə bağlı iddiaçı tərəfindən verilən izahatdan görünür ki, iddiaçı yolda baş vermiş avto qəza ilə bağlı yaranmış hərəkət məhdudiyyəti ilə əlaqədar işə gecikdiyini bildirmişdir. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən həmin hal (yol-nəqliyyat hadisəsi) ilə bağlı cavabdehə arayış təqdim edilmişdir. Töhmət əmrinin ikinci hissəsi olan iş növbəsi zamanı üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı isə əmrdə konkret hansı vəzifə öhdəliyinin yerinə yetirilmədiyi göstərilməmişdir. Bu təbiidir ki, işçi işə gecikmişdirsə, işdə olduğu zaman etməli olan hərəkətləri etməsi mümkün deyildir. Yəni işə gecikmə ilə səbəbli əlaqəlidir. Cavabdeh tərəfindən etiraz ərizəsində iddiaçı tərəfindən təqdim edilmiş arayışın saxta olduğu (DYP xidmətindən hadisənin vaxtının saxtalaşdırdığı-hadisə 21:55-də baş verdiyi halda, hadisənin 20:20-də baş verilməsi barədə sənəd) qeyd edilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əmrin əsaslandırılmasından belə aydın olur ki, iddiaçının iş növbəsi zamanı üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi dedikə, xəstənin ölümü ilə bağlı edilməli olan sənədləşmə işləri nəzərdə tutulmuşdur. Hansıki işə gecikməsi ilə əlaqədar, yəni işdə olmadığı üçün başqa işçi tərəfindən edilmişdir. Belə olan halda məhkəmədə sual yaranır ki, bütün məhkəmə prosesi dövründə Cavabdeh tərəfindən xəstəlik tarixinin yazılmasının əhəmiyyəti xüsusilə vurğulanmasına baxmayaraq xəstəlik tarixinin yazılmamasına görə 2021-ci il tarixdə ona xəbərdarlıq edilmişdirsə, işə bir saat gecikməsinə görə (həmin tarixədək iş materiallarında işə gecikməni təsdiq edən sübut müəyyən edilməmişdir) onun barəsində intizam tənbehinin tətbiqi iddiaçı tərəfindən edilmiş müraciətlərlə əlaqəli olmuşdurmu. Belə ki, işin tədqiq edilən halları onu deməyə əsas verir ki, iddiaçı barəsində ilk dəfə işə bir saat yarım gecikməsinə görə intizam tənbehinin tətbiq edilməsi pozuntunun xarakterinə mütənasib olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının işə gecikdiyi zaman ölmüş xəstənin ölümü İddiaçı işə gecikməsi ilə səbəbli əlaqəsi olmamış, əmrdə də qeyd edilən hal öz əksini tapmamışdır. Əmrdə tətbiq olunmuş intizam tənbehinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq işçinin şəxsiyyətinə uyğun, habelə yol verilən pozuntuya mütənasib olub-olmaması, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması əsaslandırılmamışdır.

17. Məhkəmə iddia tələbinin Cavabdehi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmrin ləğv edilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı barəsində töhmət əmrinin verilməsi əsaslarından biri xəstəlik tarixində qeydiyyat aparılmaması və xəstənin vəziyyətinin qiymətləndirilməməsi olmuşdur. İddiaçı tərəfindən xəstə Zöhrabın növbəsində olduğu müddətdə xəstəyə təyinat verilmişdir (bunun qeydiyyatı aparılmışdır), lakin xəstəlik gündəlikləri yazılmamışdır. Əmrdə iddiaçı tərəfindən xəstənin vəziyyətinin qiymətləndirilməməsi qeyd edilməsinə baxmayaraq işin mübahisəsiz halı odur ki, iddiaçı tərəfindən xəstəyə təyinat verilmiş, yəni müalicə təyin edilmişdir. Bu onu göstərir ki, iddiaçı tərəfindən xəstənin vəziyyəti qiymətləndirilmişdir, əks halda necə müalicə təyin edilə bilərdi. Həmçinin tədqiq edilən iş materiallarından görünür ki, iddiaçı tərəfindən növbədə olduğu müddətdə xəstə Zöhrabın qan qazları yoxlanılmış, həmçinin A/T, P\S, temperatur, SpO2, Diurez yoxlanılaraq müvafiq qeydiyyatlar aparılmışdır. xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmr, həmçinin xx.xx.2024-cü il tarixli, 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri olmuş xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması işin araşdırılan halları ilə öz təsdiqini tapmışdır. Cavabdehində iki reanimasiya şöbəsi var, hər şöbə ayrı binada, 3-4-cü mərtəbədə yerləşir, şöbələrdən biri 15, digəri 10-12 nəfərlik olub, çarpayılar boş olmamış və hər iki şöbəyə bir anestezioloq həkim baxmışdır. Xəstəxanada tez-tez “5 dəqiqəlik” adlanan iclaslar olmuş, həmin iclaslarda həkim-anestezioloqlar tərəfindən işin ağırlığı, reanimatoloqların azlığı, iki korpus arasında gedib-gəlməyin çətinliyi, bonusların verilməməsi və s. məsələlərlə bağlı şikayətlər edilmiş, lakin həkim reanimatoloq çatışmazlığı ilə bağlı məsələ aradan qaldırılmamış, hər iki şöbəyə, azı 20 xəstəyə bir həkim tərəfindən baxılmalı olmuşdur. Qeyd edilən əmək şəraiti-həkim reanimatoloqların azlığı, iki şöbəyə bir həkim tərəfindən baxılmalı olması, işin ağırlığı və s. məhkəmə baxış iclaslarında dindirilmiş həm iddiaçı, həm cavabdeh tərəfindən təqdim edilən şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır. Xəstəlik tarixlərində gündəliklərin yazılmaması ilə bağlı həm şahidlərin verdiyi izahata, həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən edilmişdir ki, səbəb gərgin iş günü, iş yükünün ağırlığı, xəstə sayının çoxluğu, həkim çatışmazlığı olmuşdur. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilimiş baş həkim Gülzar Əliyevanın, həm də digər şahidlərin izahatına əsasən müəyyən edilmişdir ki, xəstəxanada xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması ümumi yaranmış bir problem olmaqla əvvələr də olmuşdur. Göründüyü kimi, işəgötürən olan Cavabdehi işəgötürən olaraq öz üzərinə düşən vəzifə öhdəliyini-işçilər üçün öz əmək funksiyalarını iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin edən əmək şəraitini təmin etməmişdir. Cavabdehi xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmasının vacibliyini bildirməsinə baxmayaraq, xəstəxanada işçilərin-həkimlərin müraciətlərini nəzərə almayaraq, xəstəxanada mövcud olan şəraitin yaxşılaşdırılması, həkimlərin öz vəzifə funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitini yaxşılaşdırmamış, tədbirlər görməmiş, yəni vəzifə öhdəliyini vicdanlı yerinə yetirməmiş, lakin demək olar ki, özünün şərait yaratdığı pozuntuya görə həkim-anestezioloqlara töhmət vermişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, xəstə Zöhrabın növbəsində olduğu müddətdə xəstə sayı xx.xx.2024-cü il tarxidə 23, xx.xx.2024-cü il tarixdə 27, xx.xx.2024cü il tarixdə isə 18 olmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X5 izahatında bildirmişdir ki, bir növbətçi həkimə neçə xəstə çarpayısı düşməsi ilə bağlı son illərin normativlərini bilmir, lakin sovet dövründə bir növbətçi anestezioloqa 6 xəstə düşmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması əsası ilə İddiaçı barəsində verilmiş intizam tənbehləri pozuntunun xarakteri ilə mütənasib olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmamasına görə digər həkim-reanimatoloq, məhkəmə iclasında şahid qismində dindirilmiş Osmanov Məhəmmədalıya əvvəl töhmət verilməsinə, həmçinin xx.xx.2024-cü il tarixli əmr ilə töhmət verilməsinə baxmayaraq, Osmanov Məhəmmədalı ilə cavabdeh arasında olan əmək münasibətlərinə həkimin ərizəsi əsasında, öz xahişi ilə xitam verilmiş, lakin İddiaçı barəsində isə əmək müqaviləsinə Əmək Məxəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Halbuki, X4 barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 416-k saylı “intizam tənbehinə cəlb edilmə barədə” əmrə nəzər saldıqda görünür ki, onun barəsində əmrin verilməsi üçün əsaslar xx.xx.2024-cü tarixində saat 15:00-21:00 (xəstə Zöhrabın öldüyü gün) iş növbəsində olduğu zaman xəstənin vəziyyətinin kritikləşməsinə baxmayaraq standart gündəlik yazaraq xəstənin vəziyyətini stabil dəyərləndirdiyinə, qan qazı göstəricilərinin pisləşməsinə baxmayaraq, korreksiya etmədiyinə və həmçinin xəstəni digər növbətçi həkimə təhvil vermədən iş növbəsindən çıxıb getdiyinə görə barəsində töhmət əmri verilmişdir. Həmçinin, məhkəmə iclasında tədqiq edilmiş, iddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, X4 tərəfindən də 14 həkim gündəliyi yazılmamışdır. Yəni görünür ki, iddiaçının etdiyi şikayətlər, müraciətlər, irəli sürdüyü tələblər cavabdeh tərəfindən iddiaçıya müvafiq əmrlərin verilməsində təsirli olmuşdur. xx.xx.2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” əmrlərin verilməsi üçün əsas olmuş xx.xx.2024-cü il tarixli təqdimatda barələrində tədbir görülməsi üçün müraciət edilmiş digər həkimlər-Fikrət Məmmədov, Osmanova Romella, Muradova Roza barəsində hansı tədbirlərin görülməsi iş materialları ilə müəyyən edilməmişdir.

18. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçının növbədə olduğu gün iddiaçı tərəfindən belə bir təyinat verilmədən tibb bacısı (Xumar Eyubova) tərəfindən xəstə Zöhraba soda köçürüldüyü üçün iddiaçı təqsirli hesab edilmişdir. İlk növbədə, həkimanestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının 11-ci bəndinə nəzər saldıqda görünür ki, həkim-anestezioloq-reanimatoloqun vəzifə öhdəliklərinə “ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara köməklik etmək”, hüquqlarına isə 22.7-ci bəndə əsasən “öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, sərəncamlar vermək və onların həvəsləndirilməsi və tənbeh edilməsi üçün rəhbərliyə təkliflər vermək” daxildir. Təlimatın 24.6-cı bəndinə əsasən “ona tabe olan işçilərin nizamintizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə” görə məsuliyyət daşıyır. Göründüyü kimi həkimanestezioloq-reanimatoloqun orta və kiçik tibb heyətinin işinə nəzarət etmək hüququ olaraq müəyyən edilmiş, məsuliyyəti isə onların vəzifə öhdəliklərini yerinə yetirməməsinə görə müəyyən edilmişdir. Belə olan halda tibb bacısının vəzifə öhdəliklərinin nədən ibarət olması, həkim təyinatı olmadan xəstəyə dərman köçürülməsinin onların vəzifə öhdəliklərinə daxil olub-olmaması müəyyən edilməlidir. “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi” vəzifə təlimatları “Tibb bacısının nümunəvi” vəzifə təlimatının 12-ci bəndində nəzər saldıqda görünür ki, tibb bacısının vəzifə öhdəliklərinə “həkim təyinatının yerinə yetirilməsini təmin etmək” daxildir. Həkim təyinatı dedikdə isə təbiidir ki, yazılı təyinat nəzərdə tutulur. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş baş həkim Gülzar Əliyeva izahatında bildirmişdir ki, “biz tapşırmışdıq ki, həkimin yazılı təyinatı yoxdursa, xəstəyə nə isə vurula bilməz. Həkimin şifahi təyinatı yolverilməzdir”. “Tibb Bacısının nümunəvi vəzifə təlimatı”nın 4-cü bəndinə nəzər salqıda görünür ki, “tibb bacısı biləvasitə öz struktur bölməsinin rəhbərinə olmaqla, müəssisə rəhbərinə və ya onun müavininə tabe olur”. Belə olan halda rəhbər şəxs olan baş həkim tərəfindən tibb bacılarına verilmiş tapşırığa baxmayaraq xəstəyə həkim təyinatı olmadan dərman köçürülbsə, bu tibb bacısının müəssisə rəhbərinin verdiyi tapşırığı yerinə yetirmədiyinə görə məsuliyyəti üçün əsas olmalıdır. Həmçinin, tibb bacısı tərəfindən xəstə Zöhraba iddiaçının şifahi təyinatı əsasında (halbuki həkim təyinatı olmadan, şifahi təyinat ilə xəstəyə tibb bacısı tərəfindən iynə vurulması qadağan edilmişdir) soda köçürüməsini sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən qeyd edilən halı təsdiq etmək üçün tibb bacısının verdiyi izahata istinad edilmişdir ki, tibb bacısı izahatında iddiaçının ona şifahi təyinat verdiyini bildirmişdir. İddiaçı isə belə bir təyinat vermədiyini bildirmişdir. Tibb bacısının, hansı ki əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəfdir, verdiyi izahat iddiaçı tərəfindən xəstəyə müvafiq dərmanın köçürülməsi ilə bağlı şifahi təyinat verdiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçı tərəfindən yazılı təyinat verildiyi zaman, əgər sodanın köçürülməsi ilə bağlı təyinat verilmişdirsə, nə üçün yazılı şəkildə qeyd edilmiş olmasın. Həmçinin məhkəmə iclasında Gülzar Əliyeva izahatında tibb bacısının verdiyi izahatı, İddiaçı verdiyi izahatdan daha üstün tutduğunu bildirməsi iddiaçıya olan münasibətində qərəzli olduğu nəticəsinə gəlməyə əsas verir. Cavabdeh tərəfindən soda xəstəyə 40 dəqiqə ərzində köçürüldüyü üçün iddiaçının tibb bacısı tərəfindən xəstəyə soda köçürülməsinin qarşısını almaq imkanı olduğu bildirilmiş, lakin sodanın xəstəyə köçürüldüyü, 40 dəqiqə ərzində köçürüldüyü, köçürülməsi zamanı iddiaçının bunun şahidi olduğu sübuta yetirilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin izahatına əsasən isə müəyyən edilmişdir ki, 100 ml mayenin xəstəyə 1-2 dəqiqə ərzində və ya 1 saat ərzində köçürülməsi mümkündür. Həmçinin məhkəmə iclasında mübahisələndirilən digər hal isə o olmuşdur ki, ola bilsin ki tibb bacısı tərəfindən heç xəstəyə soda köçürülməmiş olsun. Belə ki, şahid qismində məhkəmə iclasında dindirilmiş həkim-anestezioloq-reanimatoloqlar X29 və X4 izahatlarında bildirmişlər ki, xəstə Zöhrab daxil olduğu zaman saat 09:53-də edilən yoxlamanın nəticəsindən görünür ki, CO2 çox olmuşdur, hətta o qədər çox olmuşdur ki, aparatda rəqəm görünməyib, lakin növbəti yoxlamaların nəticəsindən görünür ki, CO2 aşağı düşmüşdür. Qeyd etmişlər ki, əgər xəstəyə soda vurulsa idi, CO2 nəinki aşağı düşərdi, hətta xəstənin ölümünə də səbəb ola bilərdi. Həmçinin diqqət edilməli məqam odur ki, xəstəyə həkim təyinatı olmadan soda köçürdüyü qeyd edilən tibb bacısı barəsində heç bir tədbir görülməmişdir. Cavabdehin nümayəndəsi və vəkili tədbir görüldüyünü bildirsədə, qeyd edilən halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki həmin tibb bacısının səhvinə görə iddiaçıya töhmət verilmişdir. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” əmrlərin verilməsi əsaslarından biri olaraq “xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyi və müalicə müddəti ərzində oksigenin verilmə qaydalarına riayət edilmədiyi” qeyd edilmişdir. Burada mübahisəli vəziyyət xəstənin CPAP və ya süni tənəffüs aparatına (STA) qoşulmaması ilə bağlı yaranmışdır. Cavabdeh tərəfindən xəstə Zöhrabın qan qazı göstəriciləri nəzərə alınaraq xəstəyə respirator dəstək verilməli olduğu, yəni xəstənin CPAP və ya STA-ya qoşulmalı olduğu bildirilməklə, həmin xəstənin növbəsində olan həkim-anestezioloq-reanimatoloqlar tərəfindən qeyd edilənlərin edilməməsi əmək funksiyalarının pozuntusu kimi qiymətləndirilmişdir. “Elmi tədqiqat X8” PHŞ-in Xəstə ölümü hallarının araşdırma Komissiyasının xx.xx.2024-cü il tarixində keçirilən iclas protokolundan görünür ki, həkimanestezioloq-reanimatoloqlar tərəfindən xəstəyə oksigen terapiya verilmiş, sadəcə xəstəni CPAP və STA-ya qoşmamışlar. İclas protokolundan görünür ki, xəstənin CPAP və STA-ya qoşulmamasının səbəbi qismində xəstənin əqli geriliyi olduğu, özünü qeyri adekvat aparması səbəbindən CPAP-a qoşulmasının qeyri-mümkün olduğu, STA-ya qoşulmasına əks göstəriş olduğu, valideynləri tərəfindən icazə verilmədiyi, hətta digər xəstəxanadan da riskə getməyib xəstəni STA-ya qoşmadıqlarını bildirmişlər. Gülzar Əliyeva da izahatında bildirmişdir ki, “respirator dəstəyi X37 reanimatoloqu da demişdi, lakin intubasiya etməyi riskli hesab etmişdilər. Bizim də acığımız tutdu ki, siz də respirator dəstək var idisə, bizə niyə göndərirdiniz”. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş həkimanestezioloq reanimatoloqlar X4 və X29 izahatlarında bildirmişlər ki, xəstəni suni tənəffüs aparatına qoşulması ilə bağlı qərar reanimatoloqlar tərəfindən verilməlidir və qan qazı göstəriciləri xəstənin süni tənəffüs aparatına qoşulması üçün yeganə meyar deyildir. Qeyd edilənlər Gülzar Əliyevanın da məhkəmə iclasında verdiyi izahat ilə öz təsdiqini tapmışdır. Belə ki, o izahatında bildirmişdir ki, qan qazlarının göstəricİləri xəstənin süni tənəffüs aparatına qoşmaq üçün yeganə meyar deyil, amma əsas meyarlardan biridir. Həmçinin qeyd etmişdir ki, suni tənəffüs aparatına qoşmaq barədə qərarı pulmanoloq da, reanimatoloq da verə bilər. Komissiyanın iclas protokolundan isə görünür ki, respirator dəstəyin reanimatoloqların qərarı əsasında həyəta keçirilməli olduğu qeyd edilmişdir. Belə olan halda sual yaranır ki, xəstəyə respirator dəstəyin verilməli olub-olmaması ilə bağlı qərar həkim anestezioloq-reanimatoloqlar tərəfindən qəbul edilməlidirsə, xəstə Zöhrabın növbəsində olmuş həkim-anestezioloq-reanimatoloqlar Vəfa həkim, Osmanov Məhəmmədalı, Fikrət Məmmədov (şöbə müdiri), İddiaçı tərəfindən isə əks götəriş olduğu üçün xəstəyə respirator dəstəyin verilməsi ilə bağlı qərar qəbul edilməmişdirsə, tərkibində həkim anestezioloq-reanimatoloqun olmadığı Komissiya tərəfindən yeganə meyar olmayan qan qazı göstəricilərinə əsaslanmaqla reanimatoloqların vəzifə öhdəliklərini düzgün yerinə yetirmədikləri barədə nəticəyə gəlməsi nə qədər əsaslı, obyektiv olmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, xəstə X19 “sağ tərəfli pnevmoniya, ağır gedişli, Tənəffüs çatışmazlığı, Döş qəfəsinin anadangəlmə deformasiyası. Endemik zob” diaqnozu ilə müalicə almış, xəstə inkişafdan qalmış, həm onurğa skoliozu, həm əzələ hipotrofiyası olmuşdur. Həmçinin Komissiyanın iclas protokolundan da görünür ki, komissiyanın üzvi olan Aslanova Aysel tərəfindən belə problemli doğulan uşaqların adətən 20 yaşından çox yaşamadığı qeyd edilmişdir. Həmçinin xəstənin anadangəlmə qüsurlu olması, hidrosefaliya və onurğa sütununda kobud skolioza görə əməliyyat olunması, əzələ distrofiyası, kaxeksiya fonunda ağır pnevmoniya olması ölüm riskini xeyli artırdığı qeyd edilmiş, lakin uşağın valideynləri tərəfindən meyidin təşrih olunmasından imtina edildiyi üçün dəqiq ölüm səbəbinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü ki, xəstə Rüstəmov Zöhrabın ağır xəstə olması, ölüm riskinin çox olmasına və dəqiq ölüm səbəbinin müəyyən edilməsinin mümkün olmamasına baxmayaraq Komissiyanın qərarından belə görünür ki, xəstəxanada fəaliyyət göstərən və həmin xəstənin müalicəsində iştirak etmiş bütün həkimlər - həm reanimatoloqlar (F.Məmmədov, İ.Nuridə, O.Məhəmmədalı), həm ftiziatr Osmanova Romella, infeksionist Muradova Roza, həmçinin tibb bacılarının fəaliyyəti qüsurlu olmuş, öz vəzifə öhdəliklərini lazımi qaydada həyəta keçirməmişlər və bununla da xəstənin ölümünə səbəb olmuşlar. Belə olan halda, həqiqətən də həmin həkimlərin fəaliyyəti qüsurlu olmuş idisə, xəstənin ölüm riskinin artmasına səbəb olmuşdursa, nə üçün həmin həkimlər barəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməmiş, yalnız bir-iki həkimə töhmət verilməklə kifayətlənilmişdir. Digər məsələ də odur ki, cavabdeh müəssisədə nə üçün uzun müddətdir ki, belə həkimlərin fəaliyyətinə şərait yaradılır. Bununla da həmin xəstəxanada müalicə alan xəstələrin həyatı təhlükə altına alınır. Həmçinin sual yaranır ki, əgər bütün həkimlərin fəaliyyəti qüsurlu olmuşdursa, həqiqətən də onların öz vəzifə öhdəliklərini lazımi qaydada icra etməmələri ölüm riskinin artmasına səbəb olmuşdursa, nə üçün həmin həkimlərdən yalnız iddiaçının əmək müqaviləsinə xitam verilmiş, digərfəaliyyəti qüsurlu olan həkimlərin fəaliyyəti davam etdirilmişdir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı barəsində Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmr əsassız və qanunsuzdur. Həmçinin əmək qanunvericiliyinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən dilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsinin iddiaçının hüquq mühafizə orqanlarına korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət etməsi ilə bağlı olmadığı əsaslandırılmamış, əksinə işin müyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən müvafiq müraciətlər edildikdən sonra iddiaçı barəsində araşdırılma aparılmağa başlanılmışdır.

19. Məhkəmə xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə ikinci töhmət əmri verilmiş, həmin töhmət əmrinin verilməsi üçün əsas olaraq xəstəxanada xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində müalicədə olmuş xəstə Rüstəmov Zöhrabın müalicəsi zamanı digər həkimlər ilə yanaşı iddiaçının da öz vəzifə öhdəliklərini yerinə yetirməməsi qeyd edilmişdir. Həmçinin həmin əmrin verilməsindən əvvəl iddiaçı barəsində xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən infeksion nəzarət qaydasının pozulmasına görə və xx.xx.2024-cü il tarixində isə aprel-may aylarının xəstəlik tarixlərinin yoxlanılması zamanı aşkar edilmiş pozuntulara görə müvafiq tədbirlərin görülməsi ilə bağlı təqdimat verilmişdir. Göründüyü kimi iddiaçı barəsində apel-iyun ayları ərzində cavabdeh tərəfindən kobud pozuntu hesab edilmiş hərəkətlərə görə 2 intizam tənbehi verilmişdir. Cavabdeh tərəfindən əmrin əsaslandırılmasına baxdıqda elə düşünmək olar ki, iddiaçı tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsində nöqsanlar olmuşdur. Lakin iş şəraiti, işin müəyyən edilmiş faktiki halları birlikdə araşdırıldıqda görünür ki, iddiaçı tərəfindən onun barəsində belə qısa müddət ərzində 2 töhmət əmrinin və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola biləcək əmək funksiyasının kobud pozuntularına yol verilməmişdir. Əgər məqsəd işçini işdən çıxarmağa yönəlmişdirsə, bu təbiidir ki, hər bir işçinin əmək fəaliyyətində nöqsanlar tapıla bilər. Bu zaman baxmaq lazımdır ki, həmin nöqsanlara səbəb nə olmuşdur, həmin nöqsanlar işçinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması üçün əsas ola biləcək nöqsanlardırmı, həmçinin işəgötürən tərəfindən işçinin əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılmışdırmı, o cümlədən işəgötürən tərəfindən ayrı-seçkilik edilmişdirmi. Hazırda iddiaçı barəsində verilmiş əmrdə qeyd edilmiş nöqsanlara baxdıqda isə işin araşdırılan halları ilə belə nəticəyə gəlinir ki, cavabdeh müəssisə iddiaçını işdən çıxarmaq üçün onun yol verdiyi hər bir xırda pozuntunu qeydə alaraq onu işdən kənarlaşdırmağa çalışmışdır. Hətta məhkəmənin diqqətini çəkən əsas məqamlardan biri o olmuşdur ki, cavabdeh iddiaçını işdən kənarlaşdırmaqla yanaşı, əmrdə onun sonrakı əmək fəaliyyətini davam etdirməsinə mane olacaq belə bir işdən çıxarılması əsasını qeyd etmişdir: “ölüm hallarının araşdırılması” komissiyasının xx.xx.2024-cü il tarixli Protokoluna əsasən İddiaçı vəzifə öhdəliklərinə səhlənkar yanaşmasının xəstə ölümünün səbəblərindən biri olduğu məlum olmuşdur”. Halbuki, ümumiyyətlə həmin komissiyanın qərarından görünür ki, xəstə Rüstəm Zöhrabovun ölümünün səbəbləri dəqiq müəyyən edilməmiş, həmçinin ağır xəstə olmuş, komissiyanın üzvü tərəfindən həmin xəstələrin 20 yaşdan yuxarı yaşamadığı qeyd edilmişdir. İddiaçının xəstənin ölümünün səbəbi olduğu müəyyən edilmədiyi bir halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş əmrdə belə bir əsasın qeyd edilməsi cavabdehin iddiaçıya münasibətdə qərəzli yanaşmasının nəticəsi olmuş, həmçinin ədalətsiz olmuşdur. Ən azı ona görə ədalətsiz olmuşdur ki, 2006-cı ildən cavabdeh xəstəxanada əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin Covid 19 pandemiyası dövründə öz həyatını da təhlükəyə ataraq ağır xəstələrə qulluq etmiş, fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməmiş bir həkimin əmək müqaviləsinə belə bir əsas ilə xitam verilməsi onun sonrakı əmək fəaliyyəti ilə məşğul olmasına maneçilik törətməklə yanaşı, o cümlədən onun karyerasına son qoyulmasına səbəb ola bilər. Halbuki nəzərə alınmalıdır ki, tibbi təhsil almaq çətin olmaqla, ölkəmizdə təcrübəli həkimlərə daim ehtiyac vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, əmrdə qeyd edilmiş həmin əsas – xəstə ölümünün səbəblərindən biri olması iddiaçının başqa xəstəxanada iş tapmasına, əmək fəaliyyətini davam etdirməsinə mane olmuşdur. Halbuki, xəstə Zöhrabın müalicəsində nöqsanlara yol verdiyi əsası ilə barəsində töhmət əmri verilmiş, həmçinin iddiaçı kimi aprel-may ayının xəstəlik tarixlərinin yoxlanılması zamanı həkim gündəliklərini yazmadığı aşkar edilmiş Osmanov Məhəmmədalı xəxtəxanadan ayrıldıqdan sonra yenidən başqa müəssisədə öz vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən 27 həkim gündəliyinin yazılmaması qeyd edilmişdir. İşin tədqiq edilmiş halları ilə iddiaçı tərəfindən 26 həkim gündəliyinin yazılmaması aşkar edilmişdir. İşin tədqiq edilən halları ilə cavabdeh müəssisədə həkim gündəliklərinin yazılmaması hallarının tək həmin yoxlama zamanı deyil, əvvəllər də olduğu Gülzar Əliyevanın izahatına əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən həkim gündəliklərinin yazılmasının əhəmiyyəti bildirilməsinə baxmayaraq, əvvəllər xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmamasına görə hər hansı həkimə töhmət verilməsinə dair əmr təqdim edilməmişdir. Həmçinin, iş şəraitinin ağır olması cavabdehin etirazı, Gülzar Əliyevanın məhkəmə iclasında verdiyi izahat ilə də öz təsdiqini tapmışdır. Lakin cavabdeh tərəfindən həkimlərin iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülməli (reanimatoloqların bildirdikləri kimi ən azı hər şöbəyə bir reanimatoloq vermək) olduğu halda, işçilərin əmək şəraiti yaxşılaşdırılmamış, əksinə həkimlərə qeyd edilən hallar ilə bağlı töhmət verilmişdir. Cavabdeh işçilərin əmək şəraitini yaxşılaşdırmaq əvəzinə həkim gündəliklərinin yazılmamasına görə töhmət verməklə, əksinə onların işdən çıxmasına səbəb olmuş, bununla da əmək şəraitinin daha da ağırlaşmasına səbəb olmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X20 izahatından aydın olmuşdur ki, onlar izahatlarında işdən çıxma səbəbi qismində onların ağır şəraitdə işləməkləri nəzərə alınmayaraq əksinə töhmət verilməsini bildirmişlər. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən “1 xəstənin diaqnozunun əsaslandırılmasının aparmadığı” qeyd edilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, həmin xəstə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə xəstəxanda müalicə almış X21r. Hazırki əsasla bağlı işin mübahisələndirilən halı odur ki, iddiaçı diaqnozunun əsaslandırılmasının həkim-reanimatoloqun vəzifə öhdəliyi olmadığı bidirilmiş, cavabdeh isə əksinə həkim-reanimatoloq tərəfindən həyata keçirilməli olduğunu bildirmişdir. X38 diaqnozunun əsaslandırılması həkim-pulmonoloq Mustafayev İlqar tərəfindən aparılmışdır. Diaqnozun əsaslandırılmasının kimin vəzifə öhdəliyi olduğu məsələsi ilə bağlı isə işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə diaqnozun əsaslandırılmasının həkim anestezioloq-reanimatoloqun vəzifə öhdəliyinə daxil olmaması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarxli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, diaqnozun əsaslandırılması anestezioloqreanimatoloqun öhdəliklərinə daxil deyil, real vəziyyəti qiymətləndirməklə və funksional müayinə metodlarına əsaslanaraq diaqnoz təyin edə bilər. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həkim anestezioloq-reanimatoloq xəstənin vəziyyətini düzgün qiymətləndirmək üçün anamnez toplamaq, müvafiq klinik laborator müayinələr aparmaq, əlavə instrumental diaqnostik üsullardan istifadə etmək, diaqnozun əsaslandırılması istiqamətində əlavə ixtisas həkimlərini dəvət etmək, reanimasiyaya daxil olan hər bir xəstənin həmin anda vəziyyətini qiymətləndirmək, onun qeydiyyatını aparmaq, müvafiq qaydada müalicəsini təmin etmək, lazım gəldikdə qəbul şöbəsinə və digər şöbələrə çağırışa gedərək yardımlar etmək öhdəliyi vardır. Məhkəmə iclasında iştirak edən mütəxəssis X5 izahatında bildirmişdir ki, “həkim anestezioloq-reanimatoloq təkcə diaqnozu əsaslandıra bilməz, o sahəvi mütəxəssisləri dəvət etməlidir. Belə ki, əsas xəstəlik və yanaşı xəstəliklər var. Diaqnozu əsaslandırmaq üçün təşkilatçılıq edib, lazımi həkimləri çağırmalıdır. Amma bu tək reanimatoloqun üzərindədirmi?, Əsaslandırmaq üçün səlahiyyətindədir ki, əlavə mütəxəssis dəvət etsin. Bəzən sualı belə qoyurlar, reanimatoloq diaqnozu əsaslandırmayıb. O reanimatoloqun səlahiyyətində deyil. Birdə var ki, həmin bu diaqnozu əsaslandırmaq üçün niyə mütəxəssislər dəvət etməmisən. Birinci sualda guya ki, mən etməliyəm. İkinci sualda isə mən etməliyəm. Mütəxəssis bildirmişdir ki, həkim anestezioloq-reanimatoloqun vəzifəsidir ki, ixtisas həkimlərini çağırsın, onlar tərəfindən verilən rəydən sonra klinik diaqnoz qoyulsun”. Belə olan halda məhkəmə tərəfindən müətəxəssisə verilən suala (iş materiallarında Aslanov Ağaşahın xəstəlik tarixində Nuridə xanım pulmonoloqu çağırıbsa, deməli öz işini görüb?) cavabdeh mütəxəssis iddiaçının öz işini gördüyünü bildirmişdir. Aslanov Ağaşahın xəstəlik tarixindən görünür ki, müalicə həkimi olan İddiaçı tərəfindən xəstənin klinik diaqnozu yazılmış, müayinə planı yazılmış, müayinə planında pulmonoloqun baxışı yazılmış və pulmonoloq Mustafayev İlqar tərəfindən diaqnozun əsaslandırılması aparılmışdır. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən “1 xəstənin ilkin baxışının qeyd edilmədiyi” qeyd edilmişdir. 221. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, həmin xəstə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə xəstəxanda müalicə almış X22r. Hazırki əsasla bağlı işin mübahisələndirilən halı odur ki, iddiaçı ilkin baxışın yazılmasının həkim-reanimatoloqun vəzifə öhdəliyi olmadığı bidirilmiş, cavabdeh isə əksinə həkimreanimatoloq tərəfindən həyata keçirilməli olduğunu bildirmişdir. İlk növbədə, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, xəstə X14 ilkin baxışı həkim-pulmonoloq Mustafayev İlqar tərəfindən yazılmışdır. İlkin baxışın yazılmasının kimin vəzifə öhdəliyi olduğu məsələsi ilə bağlı isə işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə diaqnozun əsaslandırılmasının həkim anestezioloq-reanimatoloqun vəzifə öhdəliyinə daxil olmaması müəyyən edilmişdir Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, anestezioloq-reanimatoloqun ilkin baxış yazmaq kimi vəzifə öhdəliyi yoxdur. İlkin baxışı təcili hallarda X26 Tibbi yardım şöbəsinin növbətçi həkimi yerinə yetirir. Yalnız təcili həyati təhlükə zamanı anestezioloqreanimatoloq konsultasiyaya dəvət olunduğu təqdirdə öhdəliklərinə daxil deyil, real vəziyyəti qiymətləndirməklə və funksional müayinə metodlarına əsaslanaraq diaqnoz təyin edə bilər. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həkim anestezioloq-reanimatoloq xəstənin vəziyyətini düzgün qiymətləndirmək üçün anamnez toplamaq, müvafiq klinik laborator müayinələr aparmaq, əlavə instrumental diaqnostik üsullardan istifadə etmək, diaqnozun əsaslandırılması istiqamətində əlavə ixtisas həkimlərini dəvət etmək, reanimasiyaya daxil olan hər bir xəstənin həmin anda vəziyyətini qiymətləndirmək, onun qeydiyyatını aparmaq, müvafiq qaydada müalicəsini təmin etmək, lazım gəldikdə qəbul şöbəsinə və digər şöbələrə çağırışa gedərək yardımlar etmək öhdəliyi vardır. Həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə xəstəxananın digər şöbələrindən (X26 Tibbi Yardım və ya hər hansı stasionar şöbələrdən) xəstə daxil olduqda ilkin baxışı həmin şöbələrin həkimləri aparır və xəstəlik tarixində müvafiq qeydlər edirlər. Sadalanan şöbələrdə anestezioloq-reanimatoloqun ilkin baxış yazmaq və klini diaqnozu əsaslandırmaq kimi vəzifə öhdəliyi yoxdur. Bir çox belə hallarda xəstələr əvvəlcədən təyin edilmiş diaqnozla Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülürlər. Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə birbaşa daxil olmuş qeyricərrahi profilli ağır xəstəyə anestezioloq-reanimatoloq tərəfindən pasiyentin şikayətləri, anamnezi, ilkin statusu həmin həkim tərəfindən qiymətləndirilərək ilkin baxış kimi xəstəlik tarixində qeyd olunur. Anestezioloq-reanimatoloq xəstənin vəziyyətinə uyğun olan müayinə planını hazırlayır, lazımi digər ixtisaslı həkimlərin konsultasiyalarını təşkil edir və əldə edilmiş müayinə nəticələrinə, müvafiq mütəxəssis əsaslanaraq klinik diaqnozu xəstəlik tarixinə yazır. Məhkəmə iclasında iştirak edən mütəxəssis X5 izahatında bildirmişdir ki, elə xəstələr var ki, birbaşa reanimasiyaya daxil olur, xəstə birbaşa reanimasiyaya daxil olmuşdursa, həkim anestezioloq-reanimatoloq ilkin baxışı yazmalıdır. Çünki bu halda xəstəni ilk mən görmüşəm deyə, ilkin baxışı mən yazıram. Qəbul şöbəsinə gəlmiş xəstənin ilkin baxışını isə qəbul həkimi yazmalıdır. Anestezioloq-reanimatoloqun vəzifəsi deyil ki, qəbul şöbəsinə düşüb xəstəyə ilkin baxış etsin. İlkin baxışı qəbul şöbəsi yazmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş X14 xəstəlik tarixinə nəzər saldıqda ayın olur ki, xəstə ilk öncə qəbul şöbəsinə gəlmiş, ilk diaqnoz qəbul şöbəsi tərəfindən qoyulmuşdur. Həmin xəstənin müalicə həkimi olan həkim-pulmonoloq Mustafayev İlqar tərəfindən ilkin baxışı, klinik diaqnozu, diaqnozun əsaslandırılması yazılmışdır. 229. xx.xx.2024-cü il tarixli 511-K nömrəli əmrdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan olmuş, xəstə X15 ilkin baxışı, o cümlədən xəstə X16 diaqnozunun əsaslandırılmasının həkim-pulmonoloq Mustafayev İlqar tərəfindən həyəta keçirildiyi halda, nə üçün iddiaçıdan tələb edilməsi sualına cavabda cavabdehin nümayəndasi və vəkili bunun iddiaçının vəzifə öhdəliklərinə daxil olduğunu bildirmiş, lakin həkim anestezioloqun vəzifə öhdəliklərinə daxil olması sübuta yetirilməmişdir. Həmçinin vəzifə öhdəliklərinə daxil olduğu hesab edilsə belə, ilkin baxış və diaqnozun əsaslandırılmasının Mustafayev İlqar tərəfindən həyəta keçirildiyi halda iddiaçı tərəfindən hansı hərəkətin edilməli olduğu, yəni əlavə hansı hərəkəti etməli olduğu, hansı hərəkəti ilə pozuntuya yol verdiyi nə məhkəmə iclasında cavabdehin nümayəndələrinin izahatına əsasən, nə də iş materiallarına əsasən müəyyən edilməmiş, cavabdehin nümayəndələri tərəfindən aydınlaşdırılmamışdır. Sadəcə iddiaçı tərəfindən edilməli olduğu bildirilmişdir. Belə olduğu halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan olmuş X38 diaqnozunun əsaslandırıldığı və xəstə Abbasova Həcərin ilkin baxışının yazıldığı halda, iddiaçının hansı hərəkəti ilə əmək funksiyalarının kobud pozuntusuna yol verdiyi məhkəmə tərəfindən müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən “xəstədə müalicə təyinatlarının tarixinin qeyd edilmədiyi” qeyd edilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, həmin xəstə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə xəstəxanada müalicə almış X17r. Məhkəmə tərəfindən işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, X12 daxil olduğu gün İddiaçı növbədə olmuş və onun tərəfindən təyinat verilmiş, lakin təyinat tarixi isə qeyd edilməmişdir. İddiaçı növbəti gün isə növbədə olmamış, növbəti təyinat isə xx.xx.2024-cü il tarixdə Osmanov Məhəmmədalı tərəfindən verilmişdir. Yəni iddiaçının növbədə olduğu tarix məlum olduğu, təyinatın icrası tarixini xəstəlik tarixi ilə müəyyən edilməsinin mümkün olduğu bir halda, cavabdeh tərəfindən iddiaçının xəstəlik tarixində müalicə təyinatını qeyd etməməsinin işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki (şahid Gülzar Əliyevanın izahatına əsasən), xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edilməsi üçün əsas olmuş, 2024-cü ilin aprel-may ayları ərzində stasionar müalicədə olan xəstənin xəstəlik tarixlərinə baxış keçirilən zaman aşkar edilmiş - 27 həkim gündəliyi yazılmaması, 1 xəstənin diaqnozunun əsaslandırılmaması, 1 xəstədə müalicə təyinatlarının tarixinin qeyd edilməməsi, digər bir xəstənin isə ilkin baxışının qeyd edilməməsi baş həkim Gülzar Əliyeva tərəfindən may ayında artıq epikrizlərin imzalanması zamanı xəstəlik tarixləri yoxlanılarkən aşkar edilmiş, lakin iddiaçıya həmin əsaslarla əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2024-cü il tarixdə verilmişdir. Belə ki, Gülzar Əliyeva izahatında bildirmişdir ki, “onlarda yoxlama planlı və qeyri-planlı olur. O xəstəlik tarixlərindən bəzilərini artıq xəstə xəstəxandan çıxandan sonra yoxlamış, bəzilərini xəstə xəstəxanada yata-yata yoxlamış, pərakəndə yoxlamışdır. Xəstəlik tarixləri epikrizlər imzalalan zaman yoxlanılır, epikrizlər isə ən çoxu bir həftəyə hazır olmalıdır. Adi qaydada həmin halda xəstəlik tarixləri ayın tarixləri ilə bir-bir yoxlanılır, qaydasındadırsa, qol çəkilir”. Belə olan halda məhkəmə şahidə “onda Siz yoxlayıb nöqsanları aşkar edibsiniz? sualı ilə müraciət etdikdə şahid cavabında bildirmişdir ki, “Epikrizləri bəlkə də bir həftə ərzində veriblər. Xəstəlik tarixi isə mənə gəlib çıxıbdı, həmin vaxtı yoxlama zamanı. Bəzən olur ki, xəstəlik tarixlərini özümdə saxlayıb, sonra yoxlayıram. Sonra qərar çıxarıram”. Şahidin verdiyi izahatı işin faktiki halları ilə birlikdə tədqiq etdikdə görünür ki, xx.xx.2024-cü il tarixdə “ölüm hallarının araşdırılması” Komissiyası tərəfindən iddiaçı və digər həkimlərdə nöqsanlar aşkar edilmiş, həmin nöqsanlara görə iddiaçıya xx.xx.2024-cü il tarixdə töhmət verilmiş, may ayının sonunda, epikrizlər imzalanan zaman artıq cavabdehə xx.xx.2024-cü il tarixli əmrin verilməsi üçün əsas olmuş hallar məlum olmuş, lakin həmin halların onun barəsində yeni bir intizami tənbehi verilməsi üçün sənədləşdirmək üçün yoxlama həyəta keçirilmiş, yəni eyni vaxtda aşkar edilmiş cavabdehin iddia etdiyi kobud nöqsanlarla iddiaçıya iki intizam tənbehi verilmişdir. Həmçinin şahid Gülzar Əliyevanın izahatı əsasında müəyyən edilmiş digər hal isə ondan ibarətdir ki, xəstə Rüstəmov Zöhrabın xəstəlik tarixində aşkar edilmiş iddiaçı tərəfindən həkim gündəliklərinin yazılmaması halı, xəstəyə soda köçürülməsi halı artıq aprel ayında xəstənin epikrizi imzalanan zaman məlum olmuş (həmçinin izahatında qeyd etmişdir ki, xəstəyə iddiaçının göstərişi ilə sodanın köçürülməsi barədə ona həmin gün tibb bacısı tərəfindən bildirilmiş, lakin müalicə həkimi odur deyə heçnə deməmişlər), lakin iddiaçı barəsində qeyd edilən təqdimatla ölüm komissiyasının qərarından sonra müraciət edilmiş və həmin əsaslarla iddiaçıya xx.xx.2024-cü il tarixdə intizam tənbehi verilmişdir. Qeyd edilən əsaslar əmək müqaviləsinə xitam verilməsi üçün kobud pozuntu hesab edilsə idi belə, cavabdeh həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçənədək iddiaçı barəsində intizam tənbehi tətbiq etmək səlahiyyətində olmuşdur. 240. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən İnstitutun əməliyyat blokunda aparılan əməliyyat zamanı infeksion nəzarət qaydalarını pozması“ olduğu qeyd edilmişdir. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cərrah F.Məmmədov tərəfindən aparılan kiçik cərrahi müdaxilə prosesində bonesiz, baxlsız və maskasız iştirak etmişdir. İddiaçı izahatında bildirmişdir ki, kiçik cərrahi proses zamanı cərrah tərəfindən çağırılaraq xəstəyə yüngül ağır kəsici vurması xahiş edilmiş, xəstə şəhid anası olduğu üçün yalnız yerli keyləşdirmə ilə kifayətlənməyərək əl daxili xəstəyə ağrıkəsici vurmuşdur. Həmçinin belə kiçik prosesin sarğı otağındada icra edilməsinin mümkünlüyü, belə olan halda heç bir bone və maskaya ehtiyac olmadığını bildirmişdir. Həmçinin tibbi forma, üzərində birdəfəlik xələt, xəstəxana daxilində geyindiyi ayaqqabı üzərində olduğunu bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən kiçik prosesin icrası zamanı üzərində maska, bonenin olmamasının qarşlığı, bunun ciddi bir nəticəsi olmadığı halda (belə bir nəticənin olması iş materialları ilə müəyyən edilməmişdir) iddiaçının 2006-cı ildən fəaliyyət göstərdiyi, əvvəllər belə nöqsanlara yol verməsinə dair iş materiallarında hər hansı bir sübut olmadığı, əksinə şahid ifadələri ilə kollektivdə həm yaxşı həkim, həm də insan kimi hörməti olduğu müəyyən edilmiş iddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsi olmamalı idi. 244. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrə iddiaçı tərəfindən yol verilmiş nöqsanlara nəzər saldıqda-1 saat yarım işə gecikmə (dekabrda 2023), həkim gündəliklərinin yazılmaması, 1 xəstənin diaqnozunun əsaslandırılmaması, 1 xəstənin ilkin baxışının qeyd edilməməsi (aprel-may aylarında), maskasız, bonesiz kiçik cərrahi müdaxilə prosesində iştirak etməsi (xx.xx.2024) belə təsəvvür yaradır ki, cavabdeh iddiaçının 2023-cü ilin sonlarından etdiyi bütün hərəkətləri izləmiş və onun xəstəxanadan kənarlaşdırılması istiqamətində hər birini sənədləşdimişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş ona irad tutulan xəstəlik tarixləri üzrə 27 həkim gündəliyinin yazılmaması, 1 xəstənin diaqnozunun əsaslandırılmasının aparılmaması, 1 xəstədə müalicə təyinatlarının tarixinin qeyd edilməməsi, digər bir xəstənin isə ilkin baxışının qeyd edilməməsi, İnstitutun Əməliyyat blokunda aparılan əməliyyat zamanı bone və maskasız olması nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Həmçinin, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsas təqdimat, izahat, xəstəlik tarixləri ilə Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli protokolu olmuşdur. Həmin iclas protokolu iddiaçı tərəfindən aparılmış səs yazısı ilə birlikdə tədqiq edildikdə aydın olmşdur ki, protokolda iclasda qeyd edilən məsələlər tam şəkildə öz əksini tapmamışdır. Həmkarlar Komitəsinin iclasında İddiaçı professional həkim olduğu qeyd edilməsinə, üzvlərdən ona vaxt verilməsini təklif edən üzvlər olmasına baxmayaraq, həmin hallar protokolda öz əksini tapmamışdır. Həmçinin iclasın səs yazısından görünür ki, müzakirə işdə olan nöqsanlardan, cavabdehin iddia etdiyi iddiaçının əmək funksiyalarının “kobud” pozuntularından daha çox iddiaçı ilə rəhbərlik arasında yaranmış konflikdən getmiş, tərəflər arasında barışıq əldə edilməsi məsələsi müzakirə edilmişdir. Komitənin sədri tərəfindən hazırki vəziyyətdə rəhbərlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edildiyi üçün rəhbərliyə xahişlə müraciət edə biləcəkləri bildirilmiş, habelə ancaq yenidən konflikdə getsə avtomatik işdən azad olunacağı bildirlimişdir. Qeyd edilən izahat göstərir ki, iddiaçı tərəfindən yenidən cavabdehin iddia etdiyi kobud pozuntulara yol verməsi deyil, rəhbərlikdə “dil tapması”, “mübahisə etməməsi” onun bundan sonra əmək fəaliyyətini davam etdirməsinin əsas şərti olmuşdur. Yəni iddiaçı rəhbərlikdən üzr istədiyi, “konfliktə getmədiyi” halda, xəstəlik tarixlərində həkim gündəliklərini yazmasa da öz əmək fəaliyyətinə davam edə bilərdi. İşin faktiki hallarından görünür ki, tərəflər arasında olan münasibətlər pozulduqdan sonra cavabdeh tərəfindən də iddiaçının etdiyi şikayətlərə qarşılıq olaraq onun hərəkətləri sənədləşdirilərək iddiaçı barəsində intizam tənbehləri verilməyə başlamışdır. Cavabdeh etiraz ərizəsində iddiaçıya qarşı intizam tənbehlərinin tətbiq edilməsi “qisas" məqsədi ilə deyil, əksinə əmək fəaliyyətində yol verdiyi çoxsaylı qanun pozuntuları ilə bağlı olduğunu qeyd etsdə, məhkəmə tərəfindən işin tədqiq edəln halları o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı barəsində tətbiq edilən intizam tənbehləri məhz onun etdiyi müraciətlərin nəticəsidir. Cavabdeh iddiaçı ilə bağlanmış müvafiq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərkən həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsini nəzərə almamışdır. Belə ki, cavabdeh işçinin törətmiş olduğunu iddia etdiyi pozuntunun işin, istehsalın, əmək və icra intizamının normal ahənginin necə pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu sübut edə bilməmişdir.

20. Məhkəmə iddianının məcburi işburaxma üçün əməkhaqqının ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olduğundan Cavabdeh PHŞ tərəfindən qəbul edilmiş əmr ləğv edilməli, İddiaçı işə bərpa ediməli və xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

21. Məhkəmə iddianın əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh PHŞ tərəfindən verilmiş İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr məhkəmə tərəfindən qanunsuz hesab edildiyindən və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qərar məhkəmə tərəfindən qəbul edildiyindən məcburi iş buraxmaya görə əmək haqqının gecikdirilməsində cavabdeh təqsirli hesab edilə bilməz.

22. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsini, işin faktik hallarını nəzərə alaraq, hazırki qətnamə ilə iddiaçının pozulmuş hüquqlarını bərpa edərək Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” və xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrlərinin ləğv edilməsi mənəvi zərərin ödənilməsi kimi qiymətləndirilməlidir.

23. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə hüquqi yardıma görə ödənilmiş haqqın əvəzinin cavabdehdən tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə vəsaitin ödənilməsi (ən azı orderə görə xərcin) işin mübahisəsiz hal olsa, iddiaçı tərəfindən həmin xərcin məbləğini təsdiq edən sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

25. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazına (səs yazısının qanunsuz yolla qeydə alındığı üçün sübut qismində istinad edilməsinin yolverilməzliyi) münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına istinad edərək həmin dəlilləri əsassız hesab etmişdir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci, 9-10-cu, 12-ci, , 70-72-ci, 76-cı, 154-cü, 172-ci, 186-187-ci, 189-190-cı, 299-300-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 95-ci, 104-cü, 106-107-ci, 119-cu, 217- 218-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il və “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

27. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh müəssisə xx.xx.2024-cü il tarixli əmrində açıq-aşkar həqiqətə uyğun olmayan və iddiaçının işgüzar nüfuzunu ləkələməyə yönəlmiş, onun karyerasına ciddi təhlükə yaradan "...ölüm hallarının araşdırılması komissiyasının xx.xx.2024-cü il tarixli protokoluna əsasən onun vəzifə öhdəliklərinə səhlənkar yanaşmasının xəstə ölümünün səbəblərdən biri olduğu məlum olmuşdur" cümləsini daxil etmişdir. Birinci instansiya məhkəməsi bu məlumatın yalan olması ilə razılaşmışdır. Həmin əmr icra olunması üçün mühasibatlıq, kadrlar və s. şöbələrə göndərilmiş, həmçinin məlumat üçün də cavabdehin tabe olduğu AR Səhiyyə Nazirliyinə göndərilmiş, bununla da yayılmışdır. Mənəvi zərərlə bağlı tələbin maddi hüquqi əsasını AR Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndi və qeyd hissəsi təşkil edir. Birinci instansiya məhkəməsi isə əmrdə əks edilmiş böhtan və yalan məlumata tənqidi münasibət sərgiləməsinə baxmayaraq hesab etmişdir ki, ona cavabdeh tərəfindən mənəvi ziyan vurulmamışdır. Bununla yanaşı, mübahisəsizdir ki, tərəflər arasında əmək mübahisəsi var və bu mübahisə nəticəsində onun əmək hüquqları pozulmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra o, məcburi işburaxmaya görə əmək haqqı alanda, qanunsuz olaraq əmək haqqından məhrum olduğu dövr ərzində maddi vəsaitə çatımsızlığına görə cavabdehə qarşı hansı məsuliyyət tədbirini görə biləcək?! Mülki qanunvericiliklə tənzimlənən mübahisələrdə bu Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz cərimə ilə həll olunur. Əmək Məcəlləsi ilə baxılan mübahisələrdə isə həmin Məcəllənin 172-ci maddəsinin 2-ci hissəsi tətbiq olunur. AR Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əlavə olaraq, MPM-nin 121.1-ci maddəsinə əsasən vəkilə ödənilmiş haqq da ağlabatan miqdarda cavabdehdən tutulmalıdır. Buna baxmayarq birinci instansiya məhkəməsi heç bir əsas gətirmədən bundan da imtina etmişdir. Halbuki, 300 manat ödənişin rəsmi edilməsini təsdiq edən qəbz də mövcuddur.

29. Cavabdehi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd barədə yeni qətnamə və işə birinci instansiya məhkəməsində baxan hakim barəsində yol verilmiş pozuntularla bağlı xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasındakı münasibətlərin 2023-cü ilin sonlarından etibarən pisləşməyə başlamasının əsasında iddiaçının cavabdeh barədə şikayətlər ünvanlamasının dayandığını, həmin şikayətlərlə bağlı guya cavabdehin iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirməsinin işin mübahissiz halı olmasını qeyd etsə də, öz təsdiqini tapmamış müraciətlərin olmasına baxmayaraq, tərəflər arasında münasibətlərin pisləşməsinin əsasında müəssisənin qərəzli mövqeyinin dayanması necə işin mübahisələndirilməyən halı kimi qiymətləndirilə bilər? İddiaçı tərəfindən cavabdeh müəssisə barəsində edilmiş şikayətlərin əsasında bonusların ödənilməməsi, əmək qanunvericiliyinin tələblərinin pozuntusu halları dayandığından və həmin şikayətlərin bir çoxu əsassız olduğuna görə öz təsdiqini tapmadığından müvafiq şikayətlər korrupsiya hüquqpozmaları ilə bağlı şikayətlər kimi qiymətləndirilməməli, AR Əmək Məcəlləsinin 187.4-cü maddəsi tətbiq edilməməli idi. Cavabdeh müəssisənin direktoru İradə xanım Axundovanın və baş həkim X27 İslamzadəyə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair iddia tələbi qismən təmin edilmiş, guya korrupsiya əməllərinin törədilməsi ilə bağlı məlumatların təkzib edilməsi və üzr istənilməsi öhdəliyi İddiaçı üzərinə qoyulmuşdur. İddiaçı analıq məzuniyyətindən qayıtdıqdan sonra qeyri-adekvat və intizamsız davranışlara yol vermiş, dəfələrlə onun əmək fəaliyyətində yol verdiyi pozuntularla bağlı şifahi iradlar bildirilmiş, onun həmin iradlardan dərs çıxarmaq əvəzinə əsassız formada öz təsdiqini tapmayan şikayətlərlə hüquq mühafizə orqanlarına müraciət edərək eyni pozuntuları davam etdirməsi onun barəsində yazılı formada tədbirlərin görülməsini şərtləndirmişdir. Bu pozuntulardan birinə misal olaraq iddiaçının xəstə yaxınlarından maddi nemət qəbul etməsi göstərilə bilər. xx.xx.2023-cü il tarixində pasiyentin yaxını X30 yazılı ərizəilə cavabdeh müəssisənin rəhbərliyinə müraciət edərək İddiaçı kobud və nəzakətsiz davranışlarından şikayət etmiş, barəsində zəruri tədbirlərin görülməsini xahiş etmişdir. Bundan əlavə tibb bacısı Ramidə Əliyeva da İddiaçı onu təhqir etdiyini qeyd edərək bununla bağlı rəhbərliyə ərizə ilə müraciət etmişdir. Əgər cavabdeh, həqiqətən də, iddiaçıya qarşı qərəzli olsa idi, bu ərizələrdən də onun əleyhinə istifadə edər, qeyd olunan hallarla bağlı iddiaçı barəsində tədbir görərdi. Bütün bu qeyd olunanlar cavabdehin iddiaçıya qarşı deyil, iddiaçının cavabdehə qarşı qərəzli münasibət bəslədiyini, tərəflər arasında münasibətlərin pisləşməsinin əsasında da bu amilin dayandığını göstərməkdədir. Hal-hazırkı işin faktiki hallarına görə, iddiaçı xx.xx.2024-cü il tarixli “511k” saylı əmr ilə işdə çıxarılmışdır. İddiaçının işdən çıxmasına səbəb olan əsas hal isə ona verilmiş xx.xx.2024-cü il tarixli “415-k” saylı əmr ilə töhmətdən nəticə çıxarmayaraq öz əmək vəzifə və öhdəliklərini pozması olmuşdur. İddiaçının mövqeyinə də əsasən məhkəmə tərəfindən iddia tələbi çərçivəsində yalnız adıçəkilən və mübahisələndirilən iki – xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmrlərə hüquqi qiymət verilməsi zəruri idi. Lakin məhkəmə mülki prosessual qanunverciliyin tələblərini pozaraq Cavabdeh PHŞ tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” 15-k nömrəli əmrə də hüquqi qiymət vermişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli “15-k” saylı əmr mübahisələndirilmir. Məhkəmə isə mülki prosessual qanunverciliyin tələblərinin pozaraq iddia tələbindən kənara çıxmış, 15-k nömrəli əmrə hüquqi qiymət vermişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilir ki, xx.xx.2024-cü il tarixində 15-k nömrəli əmrlə iddiaçıya formal səbəbdən qisas məqsədi ilə töhmət verilmişdir. Həmin əmri iddiaçı məhkəmə qaydasında mübahisələndirməmişdir. Buna baxmayaraq həmin əmrin qanuniliyi hazırki icraatda yoxlanıla bilər. İddiaçı tərəfindən “yoxlanıla bilər” ifadəsinin qeyd edilməsi əsassızdır. Belə ki, iddiaçı özü də qeyd edir ki, sözügedən əmr mübahisələndirilmir. Hər bir halda nəzərə alınmalıdır ki, sözügedən əmrlə bağlı məhkəməyə iddia verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə işin faktiki hallarını qarışdıraraq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı avto-qəza ilə bağlı arayışı xx.xx.2023-cü il tarixində yox, xx.xx.2023-cü il tarixində gecikən vaxt təqdim etmişdir. İddiaçı tərəfindən işə gecikmə səbəbi kimi yalnız yolda hərəkət məhdudiyyətinin olduğu qeyd edilmişdir. Bundan başqa töhmətin ikinci hissəsinə olan münasibətdə sözügedən əmrə əsas olmuş direktor müavini-baş həkim G.R.Əliyevanın xx.xx.2023-cü iltarixli təqdimatı olmuşdur. Təqdimatda da qeyd edilmişdir ki, İddiaçı iş növbəsinə 1 saat gecikmiş, video- görüntülərə görə şöbəyə 10:30-da daxil olmuşdur. xx.xx.2023-cü il tarixində saat 09:30-da xəstə Gülçimən Mehralıyeva vəfat etmişdir. Təqdimatda da qeyd edilir ki, bu zaman xəstəyə növbətçi həkim pulmonoloq Afət Hüseynova yardım etmiş və bioloji ölümünü təsdiqləyərək sənədləşdirmə işlərini aparmışdır. Digər tərəfdən, müxtəlif dövlət qurumlarına sorğular verilmiş və sorğulara cavabda iddiaçı tərəfindən hadisə vaxtının həqiqətən saxtalaşdırıldığı aydın olmuşdur. Bununla bağlı AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə təqdim olunmuşdur. Məhkəmə bu sənədlərə yer verməmiş, heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa, 2021-ci ildə müəssisədə baş direktor vəzifələrini Həqiqət Qədirova icra etmişdir. Məhkəmənin qeyd etdiyi mövqe o zaman əsaslı ola bilərdi ki, 2021-ci ildə də iddiaçı barəsində xəbərdarlıq verilməsi barədə əmrin çıxarıldığı dövrdə mövcud olan rəhbərliklə indiki rəhbərlik eyniyyət təşkil etsin. Belə olan halda 2023-cü ilə qədər olan dövr üçün cavabdeh tərəfindən daha fərqli mövqe nümayiş etdirildiyi nəticəsinə gəlmək mümkün ola bilərdi. 2021-ci ildən sonra xəstəlik gündəliklərinin yazılmasının əhəmiyyəti icbari tibbi sığorta sisteminin inkişafı ilə əlaqədar artmışdır. Belə ki, son dövrlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xəstəlik gündəlikləri yazılmayan tarixlərə görə tibb müəssisələrinə pul ayırılmır. Buna görə də xəstəlik gündəliklərinin yazılması iddiaçı barəsində tənbeh tədbirlərinin tətbiq olunduğu dövrdə tələbə çevirilmişdi. Bundan başqa işçiyə yalnız işə gecikdiyinə görə yox işə gecikdiyi üçün vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə töhmət verilmişdir. Xəstəyə yazılı təyinatın verilməsi aparılmalı olan qeydiyyatın tərkib hissəsi olsa da, qeydiyyatın lazımi qaydada aparılmasının göstəricisi deyildir. Məhkəməyə təqdim olunan təlimatların, eləcə də “Həkim-anestezioloq- reanimatoloqun Vəzifə Təlimatları”nın məzmununu, mütəxəssisin məhkəmədə səsləndirdiyi izahatları qarşılıqlı təhlil etdikdə məhkmə tərəfindən sübutların və işin faktiki hallarının düzgün qiymətləndirilmədiyi aydındır. İddia ərizəsində tibbi sənədlərin qeydiyyatının heç bir rola malik olmadığını, xəstə təhvil verildiyi zaman həkimə şifahi məlumat verilməsinin kifayət etdiyini vurğulayan iddiaçının yol verdiyi nöqsanların əsasında onun vəzifə təlimatlarından məlumatsızlığı və məsuliyyətsizliyi dayanmırmı? Müəssisənin fəaliyyətinin spesifikliyi və bu sahədə fəaliyyət göstərən peşəkar kadr azlığı, həqiqətən də, xəstələrin və işçilərin sayca çox olması ilə nəticələnə bilər. İşlərin çoxluğu və gərginliyi əhəmiyyətli xəstəlik gündəliklərinin yazılmamasına bəraət qazandırdığı təqdirdə, gərgin iş rejimində fəaliyyət göstərən tibb müəssisələrinin işçilərinin belə pozuntulara yol verəcəyi təqdirdə onlar barəsində hansı tədbirlər görülməlidir? İşlərin çoxluğu bunun həkimlər tərəfindən xəstələrin həyatının təhlükəyə atılması üçün bəhanə kimi qəbul edilə bilərmi? İddia ərizəsində qeydiyyat aparılmasının heç bir əhəmiyyət daşımadığını vurğulayan iddiaçı işlərin çox olmayacağı və qeydiyyatların aparılması üçün kifayət qədər vaxtı olacağı təqdirdə tibbi sənədlərin qeydiyyatını aparacaqdımı? İddiaçı xx.xx.2024-cü il tarixindən sonra da xəstəliK gündəliklərinin yazılmaması ilə bağlı yenidən pozuntulara yol vermişdir. iddiaçı və digər həkimlər barəsində xəstəlik gündəliklərinin yazılmaması barədə intizam tədbirləri tətbiq olunduqdan sonra müəssisəmizdə işlərin və xəstələrin sayında azalma olmamasına baxmayaraq, anoloji pozuntu halları minimuma endirilmiş, nizam-intizam təmin olunmuşdur. Bu da öz növbəsində qeyd olunan halların xəstəlik gündəliklərinin yazılmaması üçün əsas təşkil etmədiyini göstərməkdədir. Xəstənin süni tənəffüs aparatına qoşulması üçün göstəriş və ya əks-göstəriş olması qiymətləndirilməyib, xəstəlik tarixində bu barədə heç bir məlumat yoxdur. Xəstə anamnezində beyin əməliyyatı keçirdiyi üçün mütləq qaydada nevroloq konsultasiyası olunmalı idi, amma bunu nə müalicə həkimi İddiaçı, nə də şöbə müdiri F.Məmmədov təşkil etmişdir. Tibb bacısının ona iddiaçı tərəfindən təyinatın verilməsi ilə bağlı yazılı izahatının məhkəməyə təqdim olunmasına rəğmən iddiaçı tərəfindən belə təyinat verilməməsi işin necə mübahisəsiz halı kimi qiymətləndirilə bilər?! Tibb bacısı həkimanetezioloq-reanimatoloq tərəfindən heç bir təyinat verilməməsinə rəğmən özünə əziyyət verərək xəstəyə köçürmə etməsi nə dərəcədə ağlabatandır?! Birinci instansiya məhkəməsi qeyd olunan hissədə də işin faktiki hallarını qərəzli qiymətləndirmiş, vəzifə təlimatlarındakı adıkeçən müddəaları təfsir edərkən kobud pozuntuya yol vermişdir. Belə ki, vəzifə təlimatında həkim-anestezioloq-reanimatoloqun vəzifələri və məsuliyyəti qeyd olunmuşdur. Mövcud mübahisəli məsələnin həlli üçün aydınlaşdırılmalı olan digər məqam xəstəyə qeyd olunan köçürmənin həyata keçirilməsi üçün nə qədər vaxtın tələb olunması ilə bağlı olmuşdur. Belə ki, cavabdeh müəssisə həmin köçürmə üçün 40-50 dəqiqə tələb olunduğunu, bu zaman kəsiyində iddiaçı tərəfindən həmin halın aşkarlanaraq qarşısının alınmasının mümkün olduğunu qeyd etmişdir. Məhkəmə həmin məsələ ilə bağlı araşdırma apararkən mütəxəssisə hər hansı sual ünvanlamaq əvəzinə iddiaçı kimi barəsində intizam tədbirləri tətbiq olunan və əmək müqaviləsinə xitam verilmiş şahidlərə sualı ünvanlamış, bununla da işin hallarının obyektiv və qərəzsiz araşdırılması prinsipini kobud surətdə pozmuşdur. Məhkəmə iclasında dindirilmiş həmin şahidlərə cavabdeh müəssisəyə qarşı hər hansı qərəzli münasibət bəsləyib-bəsləmədiklərinə dair sual ünvanladığı zaman onlar müəssisənin onları işdən çıxardığını buna görə də qərəzli olduğunu bildirmişdilər. Bununla bağlı həmin şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsinin mümkünsüzlüyünü əsas gətirərək sübutların siyahısından çıxarılmasına dair vəsatət verilsə də, birinci instansiya məhkəməsi əsassız formada həmin vəsatəti təmin etməmişdir. Müəssisə tərəfindən töhmət verilmiş və işdən çıxmış keçmiş işçilərin izahatları nə qədər mötəbər dəlil hesab oluna bilər? Bundan əlavə, məhkəmə qətnaməsinin əsaslandırma hissəsində mütəxəssisin izahatı yalnız iddiaçının xeyrinə olan hissələrdə istinad olunmuş, bununla da məhkəmə tərəfindən qərəzli mövqe nümayiş etdirilmişdir. Xəstəlik gündəliklərinin yazılmaması barədə pozuntulara yol vermiş həkimlər Məmmədəli Osmanov və Vəfa Qasımova barəsində tənbeh tədbirləri tətbiq olunmuş, həkim Fikrət Məmmədova isə xəbərdarlıq verilmişdir.Məhkəmə iddiaçı tərəfindən törədilən kobud pozuntunu kiçik əhəmiyyətsiz bir pozuntu kimi göstərməyə çalışmış əsaslandırmasında yalnız iddiaçının ifadəsinə istinad etmişdir. Məhkəmənin qeyd etməsi ki, iddiaçının nöqsanı ciddi nəticəyə səbəb olmamışdır ağlabatan olmamaqla yanaşı sual doğurur ki, cavabdeh müəssisə olaraq iddiaçı barədə intizam tədbiri görmək üçün ictimai ağır nəticələrin baş verməsinimi gözləməli idi? Əgər kiçik cərrahi müdaxilədə hər hansı bir tibbi qoruyucu vasitələrinin (maska, bone, baxil) istifadəsinə ehtiyac yox idisə, bəs niyə digər əməkdaşların üzərində bu vasitələr var? Bu qaydaları İslamzadə tərəfindən qəbul etməmək onun bu mövzuda biliklərinin yetərsiz olmasından xəbər verir. İddiaçı dəfələrlə infeksion nəzarət və sanitariya qaydalarını pozaraq əməliyyat gedən zaman cərrahiyyə blokuna ev paltarında, küçə ayaqqabısı və s. ilə daxil olurdu, hətta buna görə cərrahlarla və tibb bacıları ilə mübahisələri olub. Dəfələrə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq İddiaçı növbəti dəfə xx.xx.2024-cü il tarixində Cərrahiyyə blokuna cərrah Məmmədov F. tərəfindən aparılan cərrahi müdaxilə prossesində bütün infeksion nəzarət qaydalarını pozaraq maskasız, bonesiz açıq uzun saçları sallayaraq, baxilsiz çirkli çəkmələrlə iştirak edirdi. Bu isə "Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı"nın Vəzifə öhdəlikləri bölməsinin 21 bəndinin tələblərini pozmaq deməkdir. Nədənsə məhkəmə bu məsələ ilə bağlı da mütəxəssisə heç bir sual ünvanlamamış, bunun əvəzinə iddiaçının səsləndirdiyi əsassız fikirlərə istinad etməklə həmin əmrin qanunsuz olduğu nəticəsinə gəlmişdir. Bu amil də bir daha məhkəmə tərəfindən işin hallarının obyektiv və qərəzsiz formada araşdırılmadığını təsdiq edir. Məhkəmə qətnaməsində kinayəli sual cümlələrinə yol verməklə cavabdeh müəssisə barəsində qeyri-müəyyən və mənfi zənnin formalaşdırılmasına səbəbiyyət vermiş, bununla da öz səlahiyyətlərindən kənara çıxmış, cavabdeh müəssisənin nüfuzuna da ağır zərbə vurmaqla onun barəsində sanki xəstələrin həyatını təhlükəyə atan tibb müəssisəsi təsəvvürü formalaşdırır. Məhkəmənin belə bir üslub nümayiş etdirməsi yolverilməzdir. Qətnamənin əsaslandırma hissəsindəki bəzi cümlələri oxuduqda onun sanki obyektiv arbitr- hakim tərəfindən deyil, hər hansı tərəfin nümayəndəsi tərəfindən yazıldığı təsəvvürü formalaşır. Məhkəmə xüsusi bilik tələb edən məsələyə münasibət bildirərkən tərkibində həkim- reanimatoloqların olmadığı həkimlər tərəfindən iddiaçı və digər həkimlərin respirator dəstəyinin verməməsi ilə bağlımövqeyinin qeyri-obyektiv və qərəzli olduğunu qeyd etmiş, həkimlərin mövqeyini qəbul etməyən məhkəmə nədənsə özü ekspertizaya və mütəxəssisə müraciət etmədən birbaşa formada həmin hissəyə yanlış münasibət bildirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun cavabdeh müəssisəyə qarşı müvafiq dövlət qurumlarına korrupsiya hüquqpozmaları ilə bağlı ünvanlandığı müraciətlərin olması mübahisəsizdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 4-cü hissəsində göstərilən imperativ tələblərin pozulması faktı da iş materialları ilə müəyyən edilir. Digər tərəfdən, ona xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində verilmiş töhmətlər, eləcə də əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmr verilən vaxt cavabdehdə korrupsiyaya qarşı mübarizə çərçivəsində edilmiş müraciətlərin nəticəsi barədə məlumat yox idi. Belə ki, iş materiallarından görünür ki, Nizami rayon prokurorluğunun qərarı cavabdehə 2024-cü ilin sentyabr ayında rəsmi qaydada sorğu əsasında 2024-cü ilin sentyabr ayında daxil olmuşdur. Digər tərəfdən, onun X23 verdiyi şikayət öz təsdiqini tapmış, nəticədə direktor İradə Axundova bir neçə dəfə inzibati qaydada tənbehə məruz qalmışdır. Həmin qərarları elektron kabinetə yerləşdirmişik. Bütün bu hallar 2023-cü ilin son 2 ayında cavabdeh müəssisənin rəhbərliyinə məlum olduğundan ona qarşı qərəzli münasibət də həmin vaxtdan başlanmışdır. Cavabdeh müəssisənin direktoru İradə Axundovanın və baş həkim Gülzar Əliyevanın ona qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair mülki iş üzrə qətnamə qanuni qüvvəsini almamışdır və ona hazırki apellyasiya baxışında mötəbər sübut kimi istinad edilməsi doğru deyil. Digər tərəfdən, həmin qətnamədə “məlumatların təkzib edilməsi və üzr istənilməsi” ilə bağlı heçnə yoxdur. Başqa bir tərəfdən, həmin mülki işdə Cavabdeh tərəf kimi iştirak etmədiyindən hətta qanuni qüvvəsini alacağı təqdirdə də hazırki mülki işdə preyudisial əhəmiyyət daşıya bilməz. Başqa tərəfdən belə qətnamənin gələcəkdə qüvvədə olub-olmayacağı cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 4-cü hissəsində göstərilən imperativ tələbləri pozmuş olmasına bəraət qazandırmayacaq. Onun müəssisədə müşahidə etdiyi korrupsiya hüquqpozmaları ilə bağlı yazdığı şikayət xx.xx.2023-cü il tarixində göndərilmiş və bu şikayət barədə cavabdeh xx.xx.2023-cü il tarixində xəbər tutaraq komissiya təşkil etmişdir. Apellyasiya şikayətində istinad edilən şikayət ərizələrinin isə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində yazıldığı iddia edilir. Həmin ərizələr ilk dəfə apellyasiya şikayətinə əlavə edilir və əvvəllər onlar barədə heçnə bildirilməmiş, birinci instansiya məhkəməsində təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixində həmin qondarma ərizələr real yazılmış olsaydı belə, onların əsasında ona qarşı artıq heç bir qərəzli tədbir görülə bilməzdi, çünki qərəzin başlandığı xx.xx.2023-cü il tarixində 1 aylıq məsuliyyət müddəti çoxdan keçmiş olardı. Bu da bir daha onu göstərir ki, cavabdehin ona qarşı qərəzli münasibəti elə məhz sözü gedən korrupsiya hüquqpozmaları barədə şikayətin cavabdehə məlum olduğu gündən sonra meydana gəlmişdir. Birinci instansiya Məhkəməsi xx.xx.2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” 15-k nömrəli əmrə düzgün olaraq hüquqi qiymət vermişdir. Belə ki, iddia ərizəsində xx.xx.2024-cü il tarixli 511-k saylı əmr mübahisələndirilmiş və həmin əmrin məzmunu ondan ibarətdir ki, guya iddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi “təkrar” ifadəsi altında istinad olunan digər əmrlərin də qanuniliyinə qiymət vermək vəzifəsini daşımış olur. Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin müxtəlif qərarlarında, o cümlədən 2(102)-725/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında əks olunmuşdur. Heç bir normativ hüquqi aktda və ya rəsmi məktubda tibb müəssisələrinə pul ayırılma meyarları arasında xəstə gündəliklərinin yazılması barədə tələb müəyyən edilməmiş, cavabdeh isə bu dəlilini sübut etmək üçün uydurma sözlərdən başqa bir sübut təqdim etməmişdir. Qanunsuz və əsassız əmri müdafiə etmək üçün heç bir sübutun olmaması cavabdehi belə bir əsassız arqumenti ortaya atmağa məcbur edib. xx.xx.2023-cü il tarixində onun hər hansı intizam pozuntusuna yol verməsini göstərən əmr mövcud olmadığından nə mübahisələndirilmiş, nə də bu hala hüquqi qiymət verilməsinə hacət qalmamışdır. Digər tərəfdən qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan kimisə hər-hansı rəsmi sənədi saxtalaşdırmaqda təqsirli bilmək onun konstitusion hüququ olan təqsirsizlik prezumpsiyası hüququnun pozulmasıdır və gələcəkdə məlum əsaslarla böhtan atanın məsuliyyətinə səbəb ola bilər. Ona heç bir şifahi irad və ya xəbərdarlıq bildirilməmiş və bunu əks etdirən heç bir sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Apellyasiya şikayətinin bu dəlili yalandır və heç bir sübut növü ilə təsdiq edilmir. Əksinə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlər onun iclaslarda dəfələrlə xəstəxana rəhbərliyinə iradlar bildirməsi, işin çox, reanimatoloq sayının az olması barədə dəfələrlə şikayət etməsini təsdiq etdilər. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş aprllyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Qalibiyyət oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin və qarşı tərəfin apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

33. İştirak etdiyi məhkəmə iclasında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin və qarşı tərəfin apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

34. Məhkəmə iclasında Cavabdehinin nümayəndəsi Nümayəndə2 və əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermişlər və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin "ə" bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər; 172-ci maddənin 2-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 172-ci maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 187-ci maddənin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddənin 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir; 187-ci maddəsinin 4-cü bəndinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır; 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və yan müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Hazırda iddiaçının apellyasiya şikayəti ilə qətnamə iddianın təmin edilməyən, cavabdehin apellyasiya şikayəti ilə təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası işin hallarına, habelə apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdehna həkim-anestezioloqreanimatoloq vəzifəsinə qəbul edilmiş, işlədiyi müddət ərzində onun barəsində intizam tənbeh tədbiri kimi 2021-ci il ərzində 2 xəbərdarlıq, 2024-cü il ərzində 2 töhmət və 1 xəbərdarlıq verilmişdir . Həmin qurumun xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

43. Hazırda iddiaçı əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyini, cavabdeh müəssisənin rəhbərliyinin korrupsiya hüquqpozmalarına yol verdiyi barədə dövlət orqanlarına etdiyi şikayətlərdən sonra ona qarşı qərəzli mövqeyin yarandığını, bundan sonra onun barəsində eyni ildə ardıcıl olaraq 2 töhmət və işdən azad edilməsi barədə əmrin verildiyini bildirir və bunun sübutu kimi işdən azad edilməsi ilə bağlı keçirilmiş Həmkarlar İttifaqının iclasında yazılmış səsyazısına istinad edir. Cavabdeh müəssisə iddianı qəbul etmir, iddiaçının işdən azad edilməsi ilə onun dövlət orqanlarına etdiyi şikayətlərin heç bir səbəbli əlaqəsinin olmadığını, iddiaçının analıq məzuniyyətindən qayıtdıqdan sonra kollektivdə və xəstələrlə kobud davranışlar sərgilədiyini, bununla bağlı yazılı şikayətlərin olduğunu, İcbari Tibbi Sığorta Bürosu yarandıqdan sonra xəstəlik tarixçəsinin yazılmamasının ciddi nöqsan olduğunu, bu səbəbdən müəssisəyə həmin qeyd edilməyən tarixçələr üzrə ödənişlərin ayrılmadığını bildirir, iddia ərizəsində mübahisələndirilən işçiyə töhmət verilməsi və işdən azad edilməsi barədə əmrlərin əsaslı və qanunvericiliyin tələblərinə uyğun olduğuna istinad edir və iddianın rədd edilməsini xahiş edir.

44. Məhkəmə kollegiyası bu baxımdan ilk növbədə qeyd edir ki, iddia ərizəsi 5 tələb üzərində qurulmuşdur: 1) xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmrin ləğv edilməsi; 2) xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin ləğv edilməsi; 3) İşə bərpa və məcburi iş buraxma dövrü üzrə əmək haqqı; 4) Hər gecikdirilmiş gün üçün bir faiz ödəncin cavabdehdən tutulması; 5) Maddi və mənəvi zərərin tutulması.

45. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmrdə işçi tərəfindən yol verilmiş 4 pozuntuya istinad olunmuş və işçiyə töhmət verilməsi iş növbəsində olduğu xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024cü il tarixlərində xəstə Zöhrab Rüstəmovun xəstəlik tarixində heç bir qeydiyyat aparılmaması, xəstənin vəziyyətinin qiymətləndirilməməsi, xəstəlik tarixində yazılı təyinat olmadan xəstəyə tibb bacısı tərəfindən “natrium bikarbonat” (soda) köçürülməsinin qarşısını alınmaması, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya edilməməsi ilə əsaslandırılmışdır.

46. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, xəstəlik tarixçəsinin doldurulmaması halı işin mübahisə edilməyən halını təşkil edir. Bu halı iddiaçı tərəf özü də qəbul edir. Lakin nəzərə alınmalıdır ki, həmin əmrin verilməsinə əsas olmuş təqdimatla çıxış edən baş həkim Gülzar Əliyeva özü də birinci instansiya məhkəməsində izahatı zamanı bu halın yalnız iddiaçının fəaliyyətində deyil, ümumilikdə mövcud olduğunu və xəstə gündəliklərinin doldurulmasına ara-sıra yoxlama aparmaqla nail olduğunu bildirmişdir. Digər tərəfdən, iddiaçıya töhmət verilməsi əsaslarından biri kimi xəstənin vəziyyətinin qiymətləndirilməməsi qeyd edilsə də, işin hallarından da göründüyü kimi xəstənin müalicə alması üçün iddiaçı tərəfindən müvafiq təyinat verilmiş və bu əsasla da Zöhrab Rüstəmova müvafiq müalicə aparılmışdır.

47. Bununla yanaşı əmrdə “natrium bikarbonat” (soda) köçürülməsinin iddiaçı tərəfindən tapşırıq verildiyi qeyd edilsə də, bu halı cavabdeh tərəf sübut edə bilməmiş, bunun təsdiqi kimi ancaq tibb bacısının izahatına istinad etmiş, sonradan əks arqument olaraq iddiaçı tərəfindən tapşırıq verilməsə belə, onun qarşısının alınmaması və ümumiyyətlə həmin məhlulun xəstəyə köçürülməsinin aşkarlanmaması ilə əlaqələndirilmişdir. Halbuki, cavabdeh müəssisədə iki reanimasiya şöbəsinin olduğu, həmin şöbələrin fərqli binalarda yerləşdiyi, ümumilikdə 25 çarpayı və bütün çarpayılarda xəstə yatışının olduğu, bütün bunlara da 1 anestezioloq həkim tərəfindən baxıldığı nəzərə alındıqda müddət baxımından da tibb bacısının xəstəyə “natrium bikarbonat” (soda) köçürülməsindən iddiaçının xəbərsiz və məlumatsız olması ağlabatan hesab olunmalıdır. Belə ki, hər xəstənin vəziyyətinin qiymətləndirilməsinə orta hesabla 5 dəqiqə vaxt sərf edildiyi halda bu halın baş verməsindən iddiaçının məlumatsız olması real görünür ki, cavabdeh tərəf bunun əksini də sübut edə bilmir. Tibbi bacısının fəaliyyətinə görə iddiaçının məsuliyyət daşıması pirzmasından çıxış etmək isə hüququn ədalətlilik prinsipinə zidd olmaqla fəaliyyət qabiliyyətli şəxsin fərdi məsuliyyətinin heçə sayılmasına səbəb ola bilər ki, bu da yolverilməzdir.

48. Xəstəyə respirator dəstəyi korreksiya edilməməsi ilə bağlı qeyd edilməlidir ki, xəstənin qan qazları nəzərə alınmaqla respirator aparata qoşmaq birbaşa göstəriş kimi nəzərdə tutulmamışdır. Bu halın mövcudluğu birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri (xüsusilə baş həkim özü də qeyd edir) ilə də təsdiqini tapır. Başqa sözlə, xəstənin aparata qoşulması birbaşa həkim-anestezoloq-reanimatoloqun qiymətləndirməsindən asılı olaraq təyin edilən bir prosesdir və bu halın həqiqətən də xəstənin real vəziyyəti ilə uzlaşmaması da iş materialları ilə öz təsdiqini tapmır. Bununla yanaşı, məhz iddiaçı tərəfindən səhv qərar verilərək xəstənin respirator dəstəyə qoşulmaması barədə qərar verilən komissiyanın tərkibində ixtisasca anestezoloqreanimatoloq yer almamışdır ki, onların sahəsinə aid olmayan bir halla bağlı iddiaçı tərəfindən xəstənin vəziyyəti də nəzərə alınmaqla düzgün qərar verilməməsi ilə bağlı rəyi qanuni hesab edilə bilməz.

49. Bu konteksdə, məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, xx.xx.2024cü il tarixli əmrin verilməsinə əsas olmuş təqdimatda iddiaçıdan başqa 4 həkimin adı qeyd olunmuş, onlardan yalnız X2 töhmət verilmiş, digərlərinə münasibətdə görülən tədbirlər barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu halın mövcudluğu da artıq işəgötürən tərəfindən eyni situasiya üzrə işçilərə qeyri-bərabər münasibət göstərildiyinin və ayrı-seçkilik olduğunun təsdiqi kimi çıxış edir. Hər bir halda iddiaçının 18 il cavabdeh müəssisədə çalışdığı nəzərə alındığı təqdirdə xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət verilməsi iddiaçının kollektivdəki nüfuzuna, şəxsiyyətinə, uzun müddətli həkim fəaliyyətinə adekvat olmamışdır.

50. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cavabdeh müəssisə tərəfindən töhmət verilməsinə əsas olmuş hallar aprel ayında aşkarlanmışdır. Bununla belə, məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı və qanuni hesab edir.

51. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrin əsasında cavabdeh müəssisənin baş həkiminin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli təqdimatları və Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli protokolu çıxış edir. Həmin təqdimatlarda isə 4 hala istinad olunur: 1) 2024-cü ilin aprel-may ayları ərzində müxtəlif vaxtlarda iş növbəsində olan iddiaçının xəstəlik tarixləri üzrə 27 həkim gündəliyinin yazılmaması; 2) 1 xəstənin diaqnozunun əsaslandırılmaması və ilkin baxışının yazılmaması; 3) 1 xəstədə müalicə təyinatlarının tarixinin qeyd edilməməsi; 4) əməliyyat zamanı infeksion və daxili rejim qaydalarının pozulması.

52. Məhkəmə kollegiyası iddiaçı tərəfindən 27 həkim gündəliyinin yazılmamasına münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı bu hal hərtərəfli araşdırılmış və reallıqda 26 gündəliyin yazılmadığı aşkar olunmuşdur. Cavabdehin İcbari Tibbi Sığorta Bürosu yaradıldıqdan sonra həkim gündəliyinin yazılmadığı təqdirdə həmin xəstənin müalicəsi üçün nəzərdə tutulmuş ödənişin dövlət büdcəsi hesabına qarşılanmasından imtina edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf bu mövqedən çıxış etsə də, bunun təsdiqi kimi hər hansı normativ xarakterli akta istinad etməmiş, habelə bu halın praktiki mövcudluğunu (həqiqətən də ödənişin qarşılanmasından imtina edilməsi ilə bağlı sənədləri) sübut etmək üçün müvafiq sənədləri təqdim etməmişdir. Başqa sözlə, həkim gündəliyinin doldurulmamasının kobud pozuntu hesab edilməsini, iş ahəngini pozmasını və nəticədə işçinin işdən azad edilməsinə səbəb olmasını sübut edə bilməmişdir.

53. Məhkəmə kollegiyası 1 xəstənin diaqnozunun əsaslandırılmamasına münasibətdə qeyd edir ki, iddiaçının bununla bağlı əsas mövqeyi xəstəyə qoyulmuş diaqnozun əsaslandırılmasının onun vəzifəsi olmaması ilə bağlıdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin xx.xx.2024cü il tarxli məktubu da iddiaçının bu mövqeyinin əsaslı olduğunu təsdiq edir. Bununla yanaşı, iş materiallarından müəyyən edilir ki, pozuntu kimi qeyd edilən xəstə Ağaşirin Aslanovun klinik diaqnozu yazılmış, müayinə planı yazılmış, müayinə planında pulmonoloqun baxışı yazılmış və pulmonoloq Mustafayev İlqar tərəfindən diaqnozun əsaslandırılması aparılmışdır.

54. Bundan başqa, ilkin baxışın iddiaçı tərəfindən yazılmadığı qeyd edilən xəstə X22r. Bu hissədə də tərəflər arasında mübahisə ilkin baxışın iddiaçının vəzifə öhdəliklərinə aid olub-olmaması ilə bağlıdır. Halbuki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktubları ilə ilkin baxışın həkim anestezoloq-reanimatoloqun vəzifəsi olmadığı qeyd edilmişdir. Digər tərəfdən, həmin xəstənin ilkin baxışı pulmonoloq Mustafayev İlqar tərəfindən aparılmış, xəstəyə diqanoz qoyulmuş və bu diaqnoz əsaslandırılmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, faktiki olaraq iddiaçının əmək fəaliyyətində kobud pozuntu olaraq qeyd edilən hallardan ikisi onun ümumiyyətlə vəzifə öhdəliklərinə daxil olmamışdır. Bununla belə, həmin vəzifələr həkim-pulmonoloq tərəfindən yerinə yetirilmiş və icrasız qalmamış, nəticədə heç bir xəstənin həyatı və sağlamlığı ilə bağlı təhlükə yaşanmamışdır.

55. Digər tərəfdən, iddiaçı tərəfindən İnstitutun Əməliyyat blokunda aparılan əməliyyat zamanı bone və maskasız olması nəticəsində də iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmamış və bunun kobud pozuntu olması halı da cavabdeh tərəfindən sübut edilməmişdir.

56. Bu konteksdə, məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, iddiaçının işdən azad olmasına əsas hesab etdiyi halları cavabdeh müəssisə ən geci may ayında müəyyən etmiş, lakin bu hallara əsaslanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam vermişdir.

57. İddiaçının işdən azad edilməsi ilə bağlı Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixdə iclası keçirilmiş, iddiaçı həmin iclasda şəxsən iştirak etmiş və onun tərəfindən qeydə alınmış səs-yazılarından da müəyyən olunur ki, iddiaçının əmək funksiyalarının icrasında pozuntulara yol verməsi əsasları formal olaraq müəyyən edilmiş, onun işdən azad edilməsinin əsas səbəbi kimi iddiaçının müəssisənin rəhbərliyi barəsində etdiyi şikayətlər göstərilmişdir. Lakin bu hallar iclasla bağlı tərtib edilmiş protokolda öz əksini tapmamışdır. Bütün bunlar da iddiaçının qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilməsini bir daha təsdiq edir. Qeyd edilənlər də öz növbəsində birinci instansiya məhkəməsinin iddia tələbinin bu hissəsində də mövqeyinin əsaslı olduğunu təsdiq edir.

58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmr ayrıca olaraq mübahisələndirilməsə də, iddia ərizəsində tələblərdən biri kimi çıxış edən xx.xx.2024-cü il tarixli əmrin məzmundan görünür ki, iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd olunmuş, birinci instansiya məhkəməsi də “təkrar” ifadəsi altında istinad olunan digər əmrlərin də qanuniliyinə qiymət vermişdir.

59. Məhkəmə kollegiyası iddia tələbinin üçüncü hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il işdən azad edilmə barədə əmrin ləğv edilməsi əsas tələb olduğundan və həmin tələb təmin edildiyindən, işə bərpa və məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilməsi də ondan törəmə tələb olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir.

60. Məhkəmə kollegiyası iddia tələbinin “hər gecikdirilmiş gün üçün bir faiz ödəncin cavabdehdən tutulması” hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdeh tərəfindən işdən azad edilməsi ilə bağlı son haqqhesab iddiaçıya ödənilmiş və işçinin yerinə yetirdiyi əmək funksiyalarının qarşılığı olaraq ödənilməmiş əmək haqqı məbləği qalmamışdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin dispozisiya şərtlərindən göründüyü kimi, gecikdirilməsi birbaşa olaraq müəssisənin təqsirindən qaynaqlanmalıdır. Hazırda bu halın baş verməsi öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz.

61. Məhkəmə kollegiyası, mənəvi zərərin ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən geniş əsaslandırılma aparıldığından, əlavə olaraq hər hansı əsaslandırmaya zərurət görmür.

62. Məhkəmə kollegiyası hüquqi yardıma görə ödənilməli məbləğə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.

63. Lakin hazırda iddiaçının tələb etdiyi məbləğin təsdiqi kimi hər hansı ödəniş qəbzi təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

64. Məhkəmə kollegiyası cavabdehin xüsusi qərardad çıxarılması ilə bağlı dəlillərini də əsassız hesab edir.

65. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və Cavabdehi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-209/2025 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar