Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2517/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməmiş kirayə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kirayə haqqının, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməmiş kirayə haqqının maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e-2(007)-2726/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ev 33, mənzil 84 xüsusi mülkiyyət kimi 28 iyul 2016-cı il tarixdə X1 adına qeydiyyata alınmışdır.
2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilə üzrə İddiaçı, faktiki olaraq onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada İddiaçı mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməkə, 90,25 kv.m təmirli mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, eyni zamanda İddiaçı yeni binanın tikinti başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğdə kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Cəmiyyət yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür.
3. İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 nömrəli mənzil 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir.
4. İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 25 avqust 2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 56,5 kv.m olan, 254 nömrəli mənzil 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m üçün 1000 manat təyin edilir. Cəmi 56,5 kv.m sahəsi üçün 56500 manat təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, yəni 16760 manat məbləğində ödənilmişdir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir.
5. İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan, 67 nömrəli mənzil 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m üçün 850 manat təyin edilir. Cəmi 55,6 kv.m sahəsi üçün 47260 manat təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 35% miqdarında, yəni 16760 manat məbləğində ödənilmişdir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir.
6. 18 mart 2020-ci il tarixli 10 nömrəli kirayə müqaviləsindən görünür ki, kirayə verən ona məxsus oan ünvan 4 ünvanında yerləşən mənzili kirayəçi Davudov Kənana kirayəyə vermişdir. Kirayə verilmiş mənzilin aylıq kirayə haqqı 550 manat məbləğində razılaşdırılmışdır.
7. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının İ müavini tərəfindən İddiaçı elektron poçt ünvanına ünvanlanmış 22 iyul 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı qıının ünvan 5 ünvanda “İnşaat Konstruksiyaları" MMC tikinti şirkəti tərəfindən aparılan tikinti işlərinin nə zaman başa çatacağı barədə Yasamal rayon İcra Hakimiyyətinə daxil olmuş elektron müraciətinə baxılmışdır. Bildirilir ki, A.M.Şərifzadə küçəsi 33 ünvanda hal-hazırda binanın 1, 2 və 4-cü girişlərində dəmir-beton işləri başa çatıb, 3-cü girişdə 18ci mərtəbədə davam etdirilir. Ardıcıl olaraq hörgü və digər işlər aparılır, “İnşaat Konstruksiyaları" MMC-nin rəhbərliyinin verdiyi məlumata əsasən şirkətlə aralarında bağlanmış müqavilə şərtlərindəki ölçülərə uyğun olaraq, sakinlərə mənzilin verilməsi təmin ediləcəkdir. Tikintinin geçikməsi ilə bağlı vətəndaşların müraciətlərini nəzərə alaraq Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 31 may 2020-ci il tarixdə sakinlərin nümayəndələri ilə şirkətin rəhbərliyinin görüşü təşkil edilmişdir. Həmin görüşdə vəziyyət araşdırılmış, ilin sonuna qədər tikinti işlərinin əsasən tamamlanmasına və təmir işlərinə başlanması barədə ümumi razılıq əldə edilmişdir. Lakin tikintidə geriləmə davam etməkdədir. Yaranmış vəziyyətlə bağlı tikinti şirkətinin rəhbərliyi ilə əlaqə saxlanılmış, 13 fevral 2021-ci il tarixdə İcra Hakimiyyətinə dəvət olunmuş, işlərin sürətləndirilməsi və tezliklə başa çatdırılmasının vacibliyi bir daha onların diqqətinə çatdırılmış, məsələnin həlli İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülmüşdür. 07 aprel 2021-ci il və 30 iyun 2021-ci il tarixlərdə İcra Hakimiyyətində payçıların nümayəndələri ilə şirkət rəhbərinin görüşü təşkil edilmişdir. Eyni zamanda bildirilir ki, müqavilə üzrə MMC üzrərinə götürdüyü vəzifəni yerinə yetirmədiyi təqdirdə tərəflərindən öhdəliyin icra edilməsi tələbi barədə iddialarlar məhkəməyə müraciət edilə bilər.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021 və 2022-ci illər üzrə ödənilməmiş bütün kirayə haqlarının ödənilməsi, tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, "xxxx" MMC tərəfindən ona 70000 manat təzminatın ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilən 313,5 manat rüsumun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 19 avqust 2016-cı il tarixə kimi mülkiyyətçisi olduğu ünvan 6 ünvanında yaşamışdır. Həmin tarixdə yaşadıqları onun razı olmadığı və daşınmadığı halda, Yasamal rayonunun sabiq İcra Başçısı İbrahim Mehdiyevin birbaşa müşayiəti və göstərişi ilə "xxxx" şirkəti tərəfindən sökülmüşdür. O, sökülmə başlandıqdan sonra köçdüyü üçün ev əşyalarının çoxunu daşıya bilməmişdir və qalanlardan xeylisini də dəfələrlə yaşadığı köç proseslərində itirmişdir. Bütün bu stress və həyəcan sağlamlığına ciddi mənfi təsirini göstərmiş və bunların səbəbindən onun dili tutulmuş, təcili yardım üçün ailəsi 103 xidmətinə müraciət etmişdir. Həmin vaxt keçirdiyi gərginlik, ondan sonra dəfələrə müxtəlif mənzillərə daşınma məcburiyyəti və Azərbaycan Respublikasının vətəndaşlarının Konstitusiya ilə təsbit edilmiş hüquqlarının pozulmasının mənfi təsirlərini bu gün də yaşayır. "xxxx" şirkətinin onunla 23 avqust 2016-cı il tarixdə bağladığı müqavilənin 2.2.5-ci maddəsində yeni tikiləcək pilot layihəli binanın bünövrəsi qoyulduqdan 16 ay sonra tkinti işlərinin tamamlanacağı göstərilsə də, 22 avqust 2019-cu il tarixdə bağlanmış ikinci müqavilədə bu bənd çıxarılmışdır. Binanın sökülməsindən artıq 6 il keçməsinə baxmayaraq, hələ də binanın tikintisi tamamlanmamış və binada uzun müddətdir ki, ciddi şəkildə işlər aparılmır. Bu minvalla tikintinin nə vaxt tamamlanacağını da söyləmək mümkün deyil. Bütün bu dövr ərzində 3 dəfə kirayə mənzil dəyişməklə, hələ də kirayədə (şirkət əvvəlki illərdə cüzi kirayə haqqı 300 manat versə də, artıq 20 aydır ki, ödəmir) yaşayırlar və bunun üçün ayda 550 manat ödəyir . Əlavə olaraq qeyd edir ki, o, oğlu üçün də həmin binada mənzil almaq üçün şirkət rəhbəri Əliyev Raufla 25 avqust 2016-cı il tarixdə müqavilə bağlamış və bu məqsədlə ona 16700 manat vermişdir. Hazırda oğlu evlidir və o da ayda 370 manat ödəməklə, ayrıca mənzildə kirayədə yaşayır. Ayda 920 manat kirayə vermələri onların ailənin maddi vəziyyətini xeyli gərginləşdirir. Tikintisi aparılan bu binada mənzillərin əksəriyyətinin çox sayda vətəndaşlara satışı halları vardır. Şirkətin bina yaxınlığındakı ofisi daimi bağlıdır. Şirkət rəhbərləri telefon zənglərinə cavab vermir, sakinlərə qarşı hörmətsiz davranışlar göstərirlər. Yasamal rayonunda mənzil inşaatında pilot layihənin belə məsuliyyətsiz şirkətə həvalə edilməsi tikintinin belə acınacaqlı vəziyyətinə nə vaxt son qoyulacağı barədə qeyri-müəyyən vəziyyət yaranır.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e-2(007)- 2726/2022 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış ilkin, yəni 03 avqust 2016-cı il tarixli müqavilə üzrə iddiaçıya hər ay 300 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulsa da, sonradan yəni 22 avqust 2019cu il tarixli müqavilə üzrə cəmiyyət tərəfindən binanın tikintisi başa çatdırıldıqdan sonra iddiaçıya mənzil veriləcəyi ilə bağlı tərəflər razılağa gəlmiş və bu müqavilə ilə rəsmiləşdirilmişdir. Belə olan halda, tərəflər arasında mövcud olan 03 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağlanmış yeni müqaviləyə əsasən yeni öhdəliklər yaranmışdır. Ona görə də, məhkəmə tərəfindən əvvəlki müqaviləyə əsasən 2021-2022-ci illər üzrə kirayə haqqının ödənilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi 2021 və 2022-ci illər üzrə ödənilməmiş 5100 manat kirayə haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, şirkət tərəfindən ona 70000 manat təzminatın ödənilməsini” hissəsinə münasibətdə qeyd edir ki, iddianın verdiyi izahatla da müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqavilə üzrə nəzərdə tutulmuş kirayə haqqının yeni müqavilə bağlanana kimi ödənilməsi mübahisələndirilməmişdir. İddiaçı iddia tələbini hazırkı hissəyə münasibətdə əsaslandırmamış, həmçinin məhkəmə tərəfindən iddia tələbinin göstərilən hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mübahisələndirilən hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında həmçinin "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 25 avqust 2016-cı il tarixli və 22 avqust 2019-cu il tarixli müqavilələr mövcuddur. Belə ki, iddiaçının vermiş olduğu izahatlarla müəyyən edilmişdir ki, iddiaçı həmin mənzili oğlu üçün şəxsi vəsaiti hesabına almışdır. Belə ki, ilkin müqavilə üzrə cəmiyyət Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 56,5 kv.m olan, 254 nömrəli mənzil 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə məzilin dəyəri bir kv.m üçün 1000 manat , cəmi 56,5 kv.m sahəsi üçün isə 56500 manat müəyyən edilmiş və mənzilin dəyərinin bir hissəsi, yəni 16760 manat ödənilmişdir. Sonradan isə 22 avqust 2019-cu il tarixdə həmin mənzillə bağlı yeni müqavilə bağlanılmış və müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan, 67 nömrəli mənzilin İddiaçı veriləcəyi göstərilmişdir. Belə ki, məhkəmə tərəfindən göstərilən müqavilələrin hazırkı mübahisəyə aidiyyəti müəyyən edilməməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 425.2, 442, 443.1, 531.1, 531.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış həm 03 avqust 2016-cı il tarixli, həm də 22 avqust 2019-cu il tarixli müqavilələr Şərifzadə küçəsi 33 ünvanında yerləşən iddiaçının mülkiyyətində olmuş və cavabdeh tərəfindən sökülmüş mənzillə bağlıdır. Tərəflər arasında bağlanmış 25 avqust 2016-cı il tarixli və 22 avqust 2019-cu il tarixli müqavilələr isə sözügedən binanın (Şərifzadə küçəsi 33) yerində tikiləcək binada alınacaq bir (eyni) mənzillə bağlıdır. 22 avqust 2019-cu il tarixli müqavilə iddiaçıya inşa edilən binada konkret olaraq hansı mənzilin (blok 1, mərtəbə 15, mənzil 66) verilməsini müəyyən edir. Belə olan halda, məhkəmənin “tərəflər arasında mövcud olan 03 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağlanmış yeni müqaviləyə əsasən yeni öhdəliklər yaranmışdır.” qənaəti tamamilə absurddur. Hər iki müqavilə eyni mənzillə bağlı olduğundan və birinci müqavilədə konkret olaraq hansı mənzilin verilməsi əks olunmadığından, iddiaçının MMC ilə “veriləcək mənzilin dəqiqləşdirilməsini nəzərdə tutan” yeni müqavilə bağlaması əvvəlki öhdəliklərinin xitamına əsas ola bilməz. 22 avqust 2019-cu il tarixli müqavilədə 03 avqust 2016-cı il tarixli müqavilənin qüvvəsini itirməsi barədə bənd olmadığı halda, birmənalı olaraq, əvvəlki öhdəliklərə xitam verilməsi qənaətinə gəlmək əsassızdır. 22 avqust 2019-cu il tarixli müqavilədə kirayə haqqının ödənilməsi barədə şərtin olmaması iddiaçının həqiqətən kirayə haqqının bundan sonra ödənilməməsinə razılığının ifadəsi kimi qəbul edilməsi ağlabatan deyil. Bundan başqa, göründüyü kimi, öhdəliyin icrası müddəti təyin edilib və onun xitamına gətirib çıxaracaq hər hansı hal baş verməyib və şərait dəyişməyib. Belə ki, Şərifzadə 33 ünvanında inşa olunacaq bina tamamlanıb iddiaçıya təhvil verilməyib. Belə vəziyyətdə, tərəflər arasında bağlanan yeni müqavilə kirayə haqqının ödənilməməsini kompensasiya edən dəyişikliklə bağlanmadığı və iddiaçının xeyrinə dəyişən şərait olmadığı halda sonradan kirayə haqqının ödənilməməsi o deməkdir ki, yeni müqavilə aldatmaqla bağlanmış əqddir. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə iddiaçıya vurulmuş maddi zərərin əvəzi ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən 2021-ci il üzrə - yanvar, mart, aprel, may, iyun, iyul, avqust, noyabr və 2022-ci il üzrə - yanvar, fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları kirayə haqları ödənilməmiş ki, hər bir ay 300 manat olmaqla, ümumilikdə 5100 manat məbləğində pul və mənzil təhvil verilənədək hər ay üçün 300 manat hesablanmaqla kirayə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 25 avqust 2016-cı il tarixli və 22 avqust 2019-cu il tarixli müqavilələr də iddaçı və cavabdeh arasında bağlanmış və cavabdeh tərəf müqavilə münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş və neçə illərdir ki, mənzili iddiaçıya təhvil verməməklə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Əvvəla, müqavilədə satıcının öhdəliklərinin - icra vaxtının göstərilməməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən, iddaçı ilə müqavilə bağlanarkən cavabdeh MMC 16 ay müddətinə mənzili iddiaçının istifadə və sahibliyinə verəcəyinə dair öhdəlik götürmüşdür. Sökülmüş mənzillə bağlı tərəflər arasında bağlanan müqavilədə öhdəliyin icra vaxtı kimi 16 ay müddət müəyyən edildiyindən, yeni alınacaq mənzillə bağlı müqavilə üzrə də həmin müddətə təhvil veriləcəyini iddiaçının düşünməyi normal haldır. İddiaçının müqavilə bağlanan zaman şifahi razılaşmadan fərqli olaraq, müqavilədə müddətin qeyri-müəyyən olması ilə bağlı müddəanın olmasını bildiyi halda müqavilə bağlamayacağı cavabdehə məlum olduğundan, bu hal barəsində susmuşdur. Məhkəmənin yanaşmasına görə, bu müddət on illərlə davam edə bilər və bu müqavilə şərtinə və mülki qanunvericiliyə uyğundur. “Sübutların üstünlüyü” (ehtimallar balansı) standartına görə, təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verməməsindən çox baş verməsi qənaətinə gəlmək olursa, sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Aydın məsələdir ki, alıcı qeyri-müəyyən müddətə tikiləcək mənzilə görə cavabdehə hər hansı məbləğdə ödəniş etməz. Normal halda, aldatma olmadan illərlə davam edən müddətə müqavilə bağlanmayacağı məlumdur. Belə olan halda sözügedən müqavilənin etibarlılığı da mübahisəlidir.Bundan başqa, tərəflər arasında müqavilə 25 avqust 2016-cı il tarixdə bağlandığından və müqavilə üzrə razılaşdırılmış mənzilin iddiaçıya söz verildiyi kimi 2018ci ilin yanvar ayından (16 ay müddətində) təhvil veriləcəyi təqdirdə iddiaçı kirayə haqqı ödəməklə əlavə zərərə məruz qalmayacaqdı. Qeyd olunan ərazidə 1 otaqlı, normal təmirli mənzilin aylıq kirayə xərcini minimum 500-600 manat civarında dəyişməkdədir. Buna görə də, iddaçıya cavabdeh tərəfindən məhz müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə vurulmuş zərərin əvəzi ödənilməlidir. Aylıq kirayə xərcini minimum 400 manat götürülsə, bu 2018-ci ilin yanvar ayından bu günədək 24400 manat zərər edir. Tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və iddiaçının mənzil üzərində nəzarəti itirməsi nəticəsində maddi ziyana məruz qalması yəqindir. İddiaçı yaşayış üçün, evə sahib olmaq üçün pul ödəməsinə baxmayaraq, cavabdehin özbaşına, qanunsuz hərəkətlərindən illərdir stress çəkir. Belə olan halda iddiaçı niyə görə, əzabəziyyətlə qazandığı pulu hər hansı MMC-nin hesabına köçürməklə onun dövriyyəsini artırmalı, özü bu müddət ərzində əsəb və sarsıntı keçirməlidir?! Bina sökülən vaxt çəkdiyi stress bir yana, bu illər ərzində müvəqqəti məskunlaşması, şəxsi evə sahib olma gözləntisi və hər dəfə cavabdehin qanunsuz hərəkətləri, keçirdiyi gərginlik, həyəcan sağlamlığına mənfi təsirini göstərmişdir. İddaçının bu illər ərzində dərin stress, mənəvi sarsıntılar keçirməsi, ailənin acınacaqlı vəziyyətə düşməsi onda gərginliyin və müxtəlif xəstəliklərin yaranmasına səbəb olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim olunaraq ümumi tələb olunan məbləğin tərkibi açıqlanmaqla xx.xx.2016-cı il tarixli müqavilə üzrə kirayə haqqına görə 5100 manat və 19120 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 21950 manat, müalicəyə çəkilən xərc üzrə 1057 manat məbləğində real zərər, 27873 manat mənəvi zərər, iddia ərizəsinin verilməsinə görə ödənilən 313,5 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilən 159,71 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi xahiş edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və onun nümayəndəsi Vəkil apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; Maddə 531.1 Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir; Maddə 531.3. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir;
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – kirayə haqqının ödənilməsi tələbi ilə bağlı hissədə ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilmiş nəticələr bu hissədə işin hallarına uyğun gəlmir.
22. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işin mübahisəsiz hallarından məlum olur ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı faktiki olaraq onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada İddiaçı mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməkə, 90,25 kv.m təmirli mənzili Əsədova onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı özünə məxsus həmin mənzilləri tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay hər mənzilə görə müvafiq olaraq 300 manat məbləğində kompensasiya ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür.
23. Bundan sonra isə tərəflər arasında 22 avqust 2019-cu il tarixli müqavilə bağlanmış, bu müqaviləyə əsasən "xxxx" MMC tikinti işləri başa çatdıqdan sonra Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 nömrəli mənzilini İddiaçı verməyi öhdəsinə götürmüşdür.
24. İddiaçı hazırkı iddia ilə ilk olaraq, 2021 və 2022-ci illər üzrə ödənilməmiş 5100 manat kirayə haqqının ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi tələbi bu hissədə rədd edərkən, ona əsaslanmışdır ki, tərəflər arasında bağlanmış ilkin, yəni 03 avqust 2016-cı il tarixli müqavilə üzrə iddiaçıya hər ay 300 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulsa da, sonradan yəni 22 avqust 2019-cu il tarixli müqavilə üzrə cəmiyyət tərəfindən binanın tikintisi başa çatdırıldıqdan sonra iddiaçıya mənzil veriləcəyi ilə bağlı tərəflər razılağa gəlmiş və bu müqavilə ilə rəsmiləşdirilmişdir. Belə olan halda, tərəflər arasında mövcud olan 03 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağlanmış yeni müqaviləyə əsasən yeni öhdəliklər yaranmışdır.
25. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Şikayətin dəlilləri bu hissədə qətnamənin ləğvinə əsas verir.
26. Belə ki, Mülki Məcəllədə öhdəliyə xitam verilmənin konkret əsasları qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının hazırkı iddianın faktiki əsası kimi istinad etdiyi 03 avqust 2016-cı il tarixli müqavilə hazırda qüvvədədir. Mənzil təhvil verilmədiyindən müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bu müqavilə üzrə öhdəliklərə xitam verilməsi əsasları mövcud deyil, tərəflər arasındakı sonrakı müqavilədə də bu müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə hər hansı razılaşma olmamışdır.
27. 22 avqust 2019-cu il tarixli müqaviləni birinci instansiya məhkəməsinin istinad etdiyi kimi, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi barədə razılaşma da hesab etmək olmaz. Bu müqavilədən aydın şəkildə görünür ki, tərəflərin məqsədi aralarındakı əvvəlki müqavilənin predmeti, nə də icra üsulunun dəyişdirilməsi olmamış, sadəcə əvvəlki müqavilənin icrası zamanı iddiaçıya təhvil veriləcək mənzilinin dəqiq ünvanı müəyyənləşdirilmişdir.
28. Qeyd edilənlərə əsasən, 03 avqust 2016-cı il tarixli müqavilə hazırda qüvvədə olduğundan və bu müqavilə əsasında cavabdeh tərəfindən hər ay 300 manat məbləğdə kirayə haqqının ödənilməsi barədə öhdəlik 2021 və 2022-ci il üzrə icra edilmədiyindən, həmin illər üzrə hesablanmış 5100 manat məbləğdə kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Kollegiya şikayətin digər hissələrdə qətnamənin ləğvinə yönəlmiş dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının bu hissədə tələbini binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərə görə maddi və mənəvi təzminatı olaraq 70000 manatın ödənilməsi təşkil edir. İddiaçı bu hissədə tələbini əsaslandıra bilməmiş, dəqiq hansı məhrumiyyətlərlə üzləşdiyini, hansı əsaslarla təzminatı 70000 manat məbləğdə hesabladığını əsaslandıra bilməmişdir.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin kirayə haqqının ödənilməsi tələbinin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin bu hissəsində ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən – kirayə haqqının ödənilməsi tələbi ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia təmin olunmalı, şikayət qismən təmin olunmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e-2(007)- 2726/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e-2(007)- 2726/2022 nömrəli qətnaməsi qismən - kirayə haqqının ödənilməsi tələbi ilə bağlı hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Kirayə haqqının ödənilməsi hissəsində iddia qismən təmin edilsin. 5100 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev