Məhkəmə qərarları › İş №2(103)-2521/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2521/2024

30.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2521/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 İB-yə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh1 İB-nin nümayəndəsi X1 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-7897/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh1 İB-yə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmrinin ləğv edilməsinə, öz vəzifəsinə bərpa olunmağına və işə bərpa olunan günədək məcburi iş buraxmaya görə ona əmək haqqının, eləcə də bu müddət ərzində işdə olduğu halda ala biləcəyi olan bütün mükafat kimi ödəniləcək pul vəsaitinin (Nefçilər günü, Zəfər Bayramı ödənişinin) tam şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbində bildirmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış və 1994-ci ildən bu günə kimi 2-ci qrup Qarabağ əlilidir. 1996-cı ildən Cavabdeh1 İB-nin Nəsimi rayon qaz istismarı İdarəsində Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində işləməyə başlamışdır. İndiyədək müdiriyyət tərəfindən ona qarşı heç bir intizam tədbiri tətbiq edilməmişdir. Buna baxmayaraq, rəhbərlik 2 dəfə onu əlilliyinə əsaslanaraq heç bir əsaslı səbəb olmadan işdən çıxarmış və sonuncu dəfə Xətai Rayon Məhkəməsinin xx.xx.2019 cu il tarixli 2(011)-7286/2019 saylı qətnaməsi ilə işə bərpa olunmuşdur. Məhkəmənin Azərbaycan Respublikasının adından çıxardığı qətnamələrlə onun hər dəfə işə bərpa olunmağı rəhbərlik tərəfindən həddindən artıq qıcıq yaradır və illər ərzində iddiaçının hər hansı bir əsaslı səbəblə işdən çıxarılmağı üçün bəhanələr axtarılıb, lakin belə “fürsəti” onlara vermədiyi üçün Birliyin rəhbərliyi tərəfindən onunla bağlı “əmək müqaviləsinə xitam verilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k- 893/2023 saylı əmr imzalanmışdır. Əmrdə “əmək müqaviləyə xitam verilməsinin əsası” kimi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi” bildirilmişdir. Cavabdehin guya iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməyi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi tamamilə qanunsuz və yalandır, belə ki, “əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi” dedikdə iddiaçının 6 ay ərzində xəstəliyi ilə bağlı stasionar və ya ambulator müalicə almağı və bununla bağlı iş yerinə xəstəlik vərəqələri verməyi nəzərdə tutulur. Halbuki iddiaçı son altı ayda bir dəfə də olsun xəstə olmamış, heç bir xəstəlik kağızını iş yerinə təqdim etməmişdir, son 6 ay ərzində daim işlədiyi ilə bağlı iş naryadları mövcuddur və belə bir “əsasla” iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi cavabdehin ona qarşı qərəzli münasibətindən və Qarabağ qazisi kimi ona qarşı ayrıseçkiliyinin sübutudur. Qanunvericilik əlil vətəndaş kimi iddiaçının bütün hüquqlarını qorumasına baxmayaraq, cavabdeh qanunvericiliyin bütün tələblərini kobud surətdə pozaraq, yəni daim iş yerində olduğu halda onun saxta və uydurma bir əsasla işdən çıxarılmağı ilə bağlı əmr imzalamışdır. Cavabdeh1 İB-nin Nəsimi rayon qaz istismarı sahəsinin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmri ləğv edilməli, iddiaçı öz vəzifəsinə bərpa olunmalı və işə bərpa olunan günədək məcburi işburaxmaya görə ona əmək haqqı tam şəkildə ödənilməlidir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-7897/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 11 sentyabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və digər ödənişlər (mükafat kimi ödəniləcək pul vəsaitlərin (Nefçilər günü, Zəfər Bayramı münasibətilə və sair) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, ƏƏSMN-nin TSEK-in sonuncu müayinəyə dair məlumatlarından müəyyən olunmuşdur ki, Azəriqaz İB-də işləyən bəzi işçilər, o cümlədən də İddiaçı əmək qabiliyyətsizdir, yəni ki həmin işçilərin əməyə olan qabiliyyətləri yoxdur. Həmin işçilərin əmək qabiliyyətsiz olmaları barədə TSEK-in sonuncu müayinə məlumatlarının “əmək zəmanəti” hissəsində bu barədə müvafiq qeydlər aparılmışdır. Bu fakt Cavabdeh1 İB-nın İnsan Resursları Departamentinə məlum olduqdan sonra, Cavabdeh1 İB-də işləyən və TSEK-in sonuncu müayinəyə dair məlumatlarından əmək qabiliyyətsiz olmaları müəyyən olunmuş işçilərin hamısına, o cümlədən də İddiaçı Cavabdeh1 İB-nın İnsan Resursları Departamentinin məsul əməkdaşları tərəfindən Cavabdeh1 İB-nın əsas binasında ümumi olaraq məlumat verilmişdir ki: “əmək zəmanətlərinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətlərinin yenidən qiymətləndirilməsi” məqsədi ilə qısa müddətdə təkrarən ƏƏSMN nin tabeliyində olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsinlər. Lakin İddiaçı əmək zəmanətinin dəqiqləşdirilməsi və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yenidən tibbi müayinədən keçməkdən imtina etmiş, son 6 aydan çox müddətə əmək qabiliyyəti olmadan fasiləsiz olaraq Cavabdeh1 İB-də işləmişdir. Bu səbəbdən də İddiaçı əmək müqaviləsinə 6 ay sonrasında Cavabdeh1 İB-nın xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K 893/2023 nömrəli əmri ilə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmçinin qeyd edilməlidir ki, əlilliyi olan şəxs əmək qabiliyyətsiz hesab edilərkən onun səhhəti peşə vəzifələrini də yerinə yetirməyə mane olur, başqa şəxslərin və işçilərin də səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törədir. Bundan başqa web səhifədən iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmamış halda məhkəməyə təqdim edildiyi müəyyən olunmuşdur. İş materialları məhkəmənin hakiminə təhvil verildikdən sonra hakim qeyri prosessual münasibətlərə yol verərək iddia ərizəsini iddiaçı tərəfə imzalatmış, iş üzrə potensial cavabdeh olan Cavabdeh1 İB-nın hüquq və mənafeyini pozmuşdur. İddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə vəsatət verildikdə, məhkəmə hakimi iddia ərizəsini tərəfə imzalatmaq hüququnun olduğunu bildirmişdir. Bu hal qanunvericiliyə ziddir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 İB-nin nümayəndəsi O.Hüseynov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçının əmək qabiliyyətsiz olması iş materiallarında olan müvafiq rəyə əsasən müəyyən edilir. Belə olan halda isə iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi yolverilməzdir. Bununla da iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilmişdir. Bununla belə, nümayəndə izahatında təsdiq etdi ki, cavabdeh bütün bu müddət ərzində işdə olmuşdur.

6. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, onun işi gün ərzində piyada gəzərək 20-25 sayğacın vəziyyətini vizual olaraq yoxlamaqdan və aşkar olunmuş pozuntu halları barədə məlumatın verilməsindən ibarətdir ki, o uzun müddətdir bu işinin tam asanlıqla və məsuliyyəti ilə yerinə yetirir, bu işdə hər hansı çətinliyi olmayıb və hazırda da yoxdur, cavabdeh artıq ikinci dəfədir ki, onu əsassız olaraq işdən çıxarmışdır. Göstərilənlərə səsasən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. Cavabdeh1 İB tərəfindən 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 İB arasında bağlanılmış 23 dekabr 2015-ci il tarixli müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə xitam verilmişdir. Həmin əmrdən görünür ki, İddiaçı Cavabdeh1 İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(011)- 7286/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğvi, işə bərpa və vurulmuş mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, Əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilmədiyindən Cavabdeh1 İB tərəfindən tərtib edilmiş iddiaçının tutduğu peşə və iş rejimindən uzaqlaşdırılmasına dair olan 01 avqust 2019-cu il və 02 avqust 2019-cu il tarixli əmrlər ləğv edilmiş, İddiaçı Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidməti, Qaz avadanlıqlarının təmiri və istismarı üzrə (12 saatlıq iş rejimində) vəzifəsinə bərpa edilmişdir.

9. Həmin qətnamədən görünür ki, Cavabdeh1 İB-nin qaz avandanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində işləyən 2-ci dərəcəli əlil İddiaçı işə yararlılığının müəyyən edilməsi barədə məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. İddiaçı ağır fiziki işlər əks göstərişdir, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi ilə bağlı cavab verimişdir.

10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə 14 aprel 2023cü il tarixli, 31 may 2023-cü il tarixli və 05 iyun 2023-cü il tarixli çıxarışlardan görünür ki, İddiaçı müddətsiz ikinci dərəcə əlilliyi olmaqla, ona döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasının qalıq əlamətləri Vİ Vİİ barmaqların sınığı, Sağ ağ ciyərin ortasında yad cisim diaqnozu qoyulmuş və əmək qabiliyyətsiz hesab edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

11. 7-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.

12. 11-ci maddəsinə əsasən məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur.

13. 46-cı maddəsinə əsasən Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

14. 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi halı tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

15. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununu müəyyən edən Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən:

16. 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

18. 21.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, mülki işin faktiki hallarından görünür ki, İddiaçı 23 dekabr 2015-ci il tarixdə Cavabdeh1 İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(011)-7286/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğvi, işə bərpa və vurulmuş mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, Əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilmədiyindən Cavabdeh1 İB tərəfindən tərtib edilmiş iddiaçının tutduğu peşə və iş rejimindən uzaqlaşdırılmasına dair olan 01 avqust 2019-cu il və 02 avqust 2019-cu il tarixli əmrlər ləğv edilmiş, İddiaçı Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidməti, Qaz avadanlıqlarının təmiri və istismarı üzrə (12 saatlıq iş rejimində) vəzifəsinə bərpa edilmişdir. Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin "c" bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə xitam verilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının işdə olduğunu və iş vəzifələrini yerinə yetirdiyini inkar etməmiş, lakin komissiyadan keçməli olduğu halda, komissiyadan keçmədiyinə görə onunla əmək müqaviləsinin ləğv edildiyini bildirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İB-nin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçı ağır fiziki işlər əks göstərişdir, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi ilə bağlı cavab vermişdir.

33. Göründüyü kimi İddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir.

34. Halbuki qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi müəyyən edilməli idi, başqa sözlə, cavabdehin həmin normaya istinadən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi üçün işçinin əmək qabiliyyətsizliyi ilə əlaqədar olaraq altı ay əmək müqaviləsi üzrə öz əmək funksiyalarını icra edə bilməməsi müəyyən olunmalı idi. Hazırkı işdə isə belə bir hal daha əvvəldən mövcud olmamışdır.

35. Göründüyü kimi, hazırkı işdə qeyd olunan əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur.

36. Apellyasiya şikayətində isə cavabdeh tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının məlumatlarını əsasən götürərək iddiaçının əmək qabiliyyətsiz olmasına istinad etsə də iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İB-nin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçı ağır fiziki işlər əks göstərişdir, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi ilə bağlı cavab vermişdir.

37. Beləliklə hazırkı işin hallarından məlum olur ki, iddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunvericiliyin tələblərinə aşkar zidd olmuşdur.

38. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

40. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-7897/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar