Məhkəmə qərarları › İş №2(103)-2523/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2523/2022

23.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2523/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4799/2021 saylı işi üzrə 14.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayəti (iş səh.96) “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş formada və məzmunda tərtib (təqdim) edilməmiş, (formal doldurulan qrafaların göstərilən konkret tələblərinə müvafiq) tamlığına riayət edilməmişdir, ümumi apellyasiya şikayətində məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar aydın göstərilməmişdir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Hazırki apellyasiya şikayətində izhar edilən anlaşılmaz dəlilləri müəyyən edən, məhkəmə aktının tam və ya qismən qanunsuz olmasını şərtləndirməli olan əsaslar (fakt, hal və sübutlar) müzakirəyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4, 361.1.6-ci maddələrində nəzərdə tutulmuşdur ki, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357,360-366, 397, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4799/2021 saylı işi üzrə 14.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar