Məhkəmə qərarları › İş №2(103)-2526/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2526/2023

16.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2526/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X1 İttifaqı Komitəsinə qarşı “əmrin və protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Səbail Rayon Məhkəməsinin 2(009)- 2060/2022 saylı, 06 fevral 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X1 İttifaqı Komitəsinə qarşı “əmrin və protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin 29 iyul 2022-ci il tarixli, Ə-2424/22/1 saylı əmrinin, "xxxx" X1 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolunun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2060/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə həmin qətnamədən şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2060/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır (apellyasiya şikayətinin formasına və məzmununa riayət olunmaması əsası ilə). İddiaçı xx.xx.2023-cü il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti vermiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8602/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(009)-2060/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti vermiş, həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək, apellyasiya şikayətinin vaxtında verildiyini, buraxılmış nöqsanların aradan qaldırılması səbəbəindən prosessual müddətin ötürülməsini, bu səbəbdən də müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2060/2022 saylı qərardadı ilə ərizə təmin olunmuş, prosessual müddətin buraxılması üzrlü sayılaraq, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 MMC Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 2060/2022 saylı qərardadından şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın İşdə olan sənədlərə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.11 2022-ci il tarixli qətnaməsi rəsmi qaydada xx.xx.2022-ci il tarixdə iş üzrə tərəflərə göndərilmiş, iddiaçı vaxtında apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada tərtib edilmədiyindən qaytarılmış, bundan sonra iddiaçı çatışmazlıqları aradan qaldıraraq yenidən apellyasiya vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yox, yol verilmiş qüsurları ən tez zamanda aradan qaldırmaqla barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması əsaslıdır. Odur ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X1 İttifaqı Komitəsinə qarşı “əmrin və protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Səbail Rayon Məhkəməsinin 2(009)- 2060/2022 saylı, 06 fevral 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı Səbail Rayon Məhkəməsinin 2(009)- 2060/2022 saylı, 06 fevral 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar