Məhkəmə qərarları › İş №2(103)-2526/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2526/2025

23.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2526/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2526/2025 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan "mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3048/2024 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 23 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqqiləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzili atası Nümayəndə mülkiyyətində olub. 23 fevral 2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil ona bağışlanmış və ailə üzvləri buna razılıq vermişdir. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 isə onun bacısıdır. Cavabdeh 2003-cü ildə ailə həyatı qurub başqa ünvana köçmüşdür. Cavabdeh2 və X5 isə bacısı Cavabdeh1 övladlarıdır. Cavabdehlərə məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 3048/2024 saylı qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbi təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 41 saylı evin 76 saylı mənzilindən istifadə hüququnun olmadığının müəyyən edilməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 53, 54, 60, 87 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 29.2, 30.1, 30.2, 30.3, 30.4 və 30.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin qeyd olunan mənzildən istifadə hüquqlarına hazırda xitam edilməsinə əsas yoxdur. Çünki onlar qeyd olunan mənzildəki qeydiyyat hüquqları ləğv edildikləri təqdirdə, hər hansı digər alternativ qeydiyyat üçün mənzilə sahib deyildirlər. Həmçinin istifadə hüquqlarına qanunvericiliyin tələblərinə görə kompensasiya ödənilməklə xitam verilməlidir. Əlavə olaraq, cavabdehlər birbaşa təsərrüfat əlaqələrini mübahisə predmetini təşkil edən mənzildən kəsməmiş, valideynlərini ziyarət üçün tez-tez həmin mənzilə baş çəkmişlər.

8. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini Cavabdeh1 şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya baxışında iştirak edən İddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin eidlməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Rеspublikası Kоnstitusiyası.

14. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

19. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

20. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;

21. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

22. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

23. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

24. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

25. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

26. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

27. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

29. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

30. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

31. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

32. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0.1605 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binada 62.1 kv.metr ümumi, - kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 76 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 379 nömrəli reyestr kitabının 35338 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

43. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2009-cu il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

44. xx.xx.2007-ci il tarixli, 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, Nümayəndə Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş, r/k 252, səhifə 36688, qeydəalma No-si 30/36688 olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çoban-zadə küçəsində yerləşən 41 nömrəli evdən ona məxsus üç otaqdan ibarət, ümumi sah 62.1 kv.m. olan 76 saylı mənzili oğlu-İddiaçı bağışlamışdır..

45. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2014-cü il tarixdən hazırki vaxtədək ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.1967ci il təvəllüdlü Cavabdeh1 xx.xx.1984-cü ildən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır.

46. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, 76 saylı mənzili ilkin olaraq Nümayəndə adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

47. "xxxx" Dövlət Şirkəti Nəzdində Mənzillərin Özəlləşdirilməsi üzrə komissiyanın xx.xx.1994-cü il tarixli qərarından göörünür ki, Bakı şəhərinin Çoban-zadə küçəsindəki 41 saylı evin 3 otaqlı 76 saylı mənzilinin əvəzsiz olaraq Nümayəndə xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

48. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Çobanzadə küçəsindəki 41 No-li yaşayış evi, 76 mənzil Nümayəndə adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 252 səhifə, 36688 qeydəalma, No 30/36688, xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.

49. Bakı şəhəri 41 saylı dövlət notariat ofisinin 4Ə-136 reyestr nömrəli notariat işinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Çobanzadə küçəsindəki 41 saylı evin 76 saylı mənzilinin Nümayəndə tərəfindən İddiaçı bağışlanmasına etiraz etmədiyini bildirmişdir.

50. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti BAKİ ŞƏHƏR Mənzil- Kommunalı Təsərrüfatı Departamenti 10 saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş 54 saylı xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, Çobanzadə küçəsi, 41 nömrəli ev, 76 saylı mənzil MKTB-ə məxsus olub, sahibi Nümayəndədur. Daimi qeydiyyatda olanlar – Nümayəndə xx.xx.1970-ci ildən qeydiyyatdadır, X10, Cavabdeh1 xx.xx.1984-cü ildə, İddiaçı xx.xx.1986-cı ildə, X6 xx.xx.1991-ci ildə pasport qeydiyyatındadırlar.

51. Beləliklə, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Çobanzadə küçəsindəki 41 saylı evin 76 saylı mənzili iddiaçıya xx.xx.2007-ci il tarixli, 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən keçmişdir. Cavabdeh1 iddiaçının bacısıdır və hazırda həmin mənzildə qeydiyyatdadır. Digər cavabdeh də Cavabdeh1 övladıdır.

52. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

53. Beləliklə, işin mübahisəsiz halıdır ki, hazırki iş üzrə İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və onun mülkiyyət hüquqlarına hansısa formada xitam verilməmişdir.

54. Kollegiya qeyd edir ki, ilk növbədə işə tətbiq olunmalı mülki hüquq normasının müəyyənləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

55. Kollegiya iddia tələbinə Cavabdeh1 ilə, onun uşaqları Cavabdeh2, yetkinlik yaşına çatmayan X3 münasibətdə ayrı-ayrı qiymət verməyi zəruri hesab edir.

56. Hazırki işin hallarından da göründüyü kimi mübahisəli mənzil əvvəllər iddiaçı və cavabdehin atasına məxsus olmuş, xx.xx.2007-ci il tarixli, 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, Cavabdeh1 ora xx.xx.1984-cü ildə qeydiyyata düşmüş, lakin 2004-cü il tarixdən orda yaşamamışdır.

57. Göründüyü kimi Cavabdeh1 2000-ci ilin 01 sentyabrdan əvvəl qeyd edilən mübahisəli mənzilə qeydiyyata düşmüş və həmin tarixdən də istifadə hüquqları yaranmışdır. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırki iddia üzrə mübahisəyə köhnə Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir və birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.

58. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

59. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur.

60. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”.

61. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

62. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.

63. Hazırki işin hallarından da göründüyü kimi cavabdeh mübahisəli mənzilə xx.xx.1984-cü ildə qeydiyyata düşmüş, mənzil əvvəllər iddiaçı və cavabdehin atasına məxsus olmuş, xx.xx.2007-ci il tarixli, 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Lakin iş materiallarında olan MKİS arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 göstərilən ünvana qeydiyyata düşsə də, 2004-cü il tarixdən orda yaşamamışdır və məhkəmə iclasında tərəflərin qarşılıqlı izahatlarından aydın olur ki, Cavabdeh1 ailə həyatı qurduqdan sonra qeyd olunan mənzildə yaşamamış, bunu təkzib edəcək hər hansı mötəbər dəlil təqdim edilməmişdir.

64. Beləliklə, işdəki sübutlardan göründüyü kimi cavabdeh mübahisəli ünvanda uzun müddət ərzində yaşamamış və bununla da iddiaçıya məxsus mənzildən istifadə ehtiyacının aradan qalxdığını göstərmişdir.

65. Buna görə də qeyd olunan hissədə birinci instansiya məhkəməsi ilə razılaşan kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnu artıq ailə həyatı quraraq evi tərk etdiyi zamandan etibarən itirmişdir. Belə olduğu təqdirdə onun mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə sonuncunun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməsi üçün heç bir qanuni və hüquqi əsaslar mövcud deyildir.

66. Kollegiya iddia tələbinin digər cavabdehlər, yəni Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildə istifadə hüququnun olmamasının müəyyən edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri edir.

67. İşin müəyyən edilmiş faktiki halı odur ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X5 xx.xx.2014-cü il tarixdən mübahisə predmeti olan mənzildə qeydiyyatdadır və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatmamışdır.

68. Belə olan halda məhkəmə qeyd edir ki, həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.

69. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, Yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini müddəaları tətbiq edilməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

71. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində qeyd edilən “digər qohumlar” ifadəsinə aydınlıq gətirilərək qeyd edilmişdir ki, “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyytçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

72. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildə, ümumiyyətlə, yaşamamışlar.

73. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 16 oktyabr 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq onun Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan “ailə üzvləri” anlayışına daxil olan şəxs deyillər.

74. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X1 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildə istifadə hüququ yaranmamışdır.

75. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

76. İşin hallarından görünür ki, hazırda X5 valideyni Cavabdeh1 ilə birlikdə yaşayır, yəni onun yaşayış yeri Cavabdeh1 yaşayış yeridir.

77. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

78. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

79. Bu halda Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə mövcud sübutlar əsasında baxaraq hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun saxlanmasına dair hər hansı qanuni əsas müəyyən edilmədiyindən cavabdehin apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

81. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

82. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

83. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

84. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

85. Kollegiya hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətləri ilə bağlı ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3048/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özləriə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar