Məhkəmə qərarları › İş №2(103)-2528/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2528/2025

01.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2528/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) payın naturada ayrılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-446/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evi sənədsiz tikilidir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə evin tikintisinə sərf edilmiş vəsaitə tərəflərin 1\2 hissədə payları müəyyən olunub, lakin, məhkəmə qətnaməsi hər hansı şəkildə icra olunmayıb, eyni zamanda qətnaməyə izah da verilməmişdir. Hazırki tələbində iddiaçı ona məxsus payın naturada ayrılmasını və həmin fərdi yaşayış evinə köçürülməsini tələb edir. Tələbində iddiaçı ona istinad edir ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə həmin fərdi yaşayış evinin dəyərinə münasibətdə onun ½ hissə payı müəyyən edilmiş, lakin qətnamənin icrası mümkün olmamışdır. Hazırda iddiaçı həmin əmlaka köçürülməni tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) payın naturada ayrılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evində olan 1/2 (ikidə bir) hissə payının naturada ayrılması, həmin fərdi yaşayış evinə onun məcburi köçürülməsi və evdən istifadə qaydasının müəyyən edilməsi, hüquqi xidmət üçün ödədiyi 320 manat xərcin və ödədiyi 100 manat dövlət rüsumunun (cəmi 420 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Əsədova (nikah pozulduqdan sonra Şabanova) Elnurə İdris qızı ilə 18 mart 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyat qurmuş, birgə nikahdan 31 avqust 2013- cü il tarixdə Məryəm, 23 iyun 2016-cı il tarixdə Günəş adlı qız övladları dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(009)-316/2018 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra onun “əmlak bölgüsü” tələbinə dair iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(103)- 5865/2020 saylı qətnaməsi ilə birgə nikah dövründə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin 2018-ci il tarixə bazar dəyəri olan 130.000 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə onun, ½ hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icraya yönəldilməsinə baxmayaraq, cavabdeh razı olmadığından o, payı olan həmin evdən isitifadə edə bilmir və qətnamədə 1/2 payın alınıb ona verilməsi qət edilmədiyindən icraçılar payın dəyərinin də alınıb ona verilməsini icra edə bilməmişlər. Ona görə belə hesab edir ki, həmin paylı mülkiyyətdə olan əmlakdakı payı naturada ayrılmalı, evdən istifadə qaydası müəyyən edilməklə onun məcburi qaydada həmin evə köçürülməyi məhkəmə qaydasında həyata keçirilməlidir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - məhkəmə) 2(010)- 446/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Əsədov X7 rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 5.Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Çıxarışından görünür ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X3 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017- ci il tarixdə qeydiyyata alınmışdır.

6. AZ-İ seriyalı, 435730 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında olan nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5865/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000 manat xərcinin 2/5 (40 faiz) hissəsinə İddiaçı, 3/5 (60 faiz) hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququnun tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-41/2020 saylı mülki iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000,00 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin birgə nikah dövründə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində 2 mərtəbəli yaşayış evi tikilmişdir. Həmin ev onların birgə nikah dövründə birgə əldə etdikləri vəsaitlər hesabına tikildiyindən bu evin hazırkı bazar dəyərində, yəni evin tikintisinə çəkilmiş xərcə onların payı müəyyən olunmalıdır.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5865/2020 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli 2(103)-5865/2020 saylı qətnaməsinə izah verilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

10. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5865/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000,00 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ müəyyən edilmişdir. Həmin icra vərəqəsi ilə 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5865/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi aidiyyatı üzrə icra edilməsi üçün geri qaytarılmışdır. 11.Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, mübahisə obyekti olan fərdi yaşayış evi sənədsiz tikilidir. Əvvəlki məhkəmə qətnaməsi ilə evin tikintisinə sərf edilmiş vəsaitə tərəflərin 1\2 hissədə payları müəyyən olunub, lakin, məhkəmə qətnaməsi hər hansı şəkildə icra olunmayıb, eyni zamanda qətnaməyə izah da verilməmişdir. Hazırki tələbində iddiaçı ona məxsus payın naturada ayrılmasını və həmin fərdi yaşayış evinə köçürülməsini tələb edir. Tələbində iddiaçı ona istinad edir ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə həmin fərdi yaşayış evinin dəyərinə münasibətdə onun ½ hissə payı müəyyən edilmiş, lakin qətnamənin icrası mümkün olmamışdır. Nə qədər ki, qətnamənin icrası mümkün deyil, hesab edir ki, həmin mübahisəli əmlaka onun payı müəyyən edilməli və o həmin əmlaka köçürülməlidir. Cavabdeh tərəf məhkəmə iclasları barədə məlumatlandırılsa da, cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.

12. Məhkəmə ilk öncə iddia tələbinin iddiaçının Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evində olan 1/2 (ikidə bir) hissə payının naturada ayrılması hissəsinə qiymət verərək qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə obyektini təşkil edən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə dair tərəflərin mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur və mübahisəli ev qanunsuz tikilidir. İddiaçı tələbinin bu hissəsində mülki qanunvericiliyin paylı mülkiyyətdən payın naturada ayrılmasını tənzimləyən normalarına istinad edir. Həmin normaların tələblərinə görə yalnız mülkiyyət hüququ tanınmış əmlakın paylı mülkiyyətçisinin payı naturada bölünə bilər. Mübahisə obyekti özbaşına tikili olduğuna görə, mülkiyyət və mülkiyyətin müdafiəsi hüququnu tənzimləyən maddi hüquq normaları həmin tikiliyə tətbiq edilə bilməz. Hazırki işdə isə tərəflərin qeyd olunan mübahisəli fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqlarının olması müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.

13. Məhkəmə iddiaçının Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi hissəsində iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qanuni qüvvəsini almış qətnaməsi ilə fərdi yaşayış evinin həmin dövr üçün bazar dəyəri olan 130.000,00 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüquqları müəyyən edilməklə, artıq həmin fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə edildiyi müəyyən edilmişdir. Həmin qətnamə hər iki tərəf üçün preyudisialdır və həmin qətnamə ilə təsdiq edilmiş halın hazırkı işdə yenidən araşdırılmasına zərurət yoxdur. Deməli, nə qədər ki, həmin ev tərəflərin birgə nikahı dövründə və birgə gəlirləri hesabına əldə edilib və cavabdeh hazırda həmin evdə yaşayır, eyni zamanda iddiaçı həmin evə çəkilən xərcin öz payına düşən hissəsini məhkəmə qətnaməsi icra edilə bilmədiyinə görə ala bilməmişdir, deməli iddiaçının həmin evə köçüb yaşamaq hüququ vardır. Ona görə ki, iddiaçının həmin evin dəyərinin yarısına payı tanınmışdır və onun həmin evdə payına münasibətdə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözləntisi vardır.

14. İddiaç tələbinin evdən istifadə qaydasının müəyyən edilməsi hissəsini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbin bu hissəsini hər hansı bir formada əsaslandırmamış, eyni zamanda, məhkəmə araşdırması zamanı da tələbin bu hissəsi ilə bağlı qiymət verilməli faktiki hal müəyyən edilməmişdir. 15.Tələb edilən hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 320 manata münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd olunan pul vəsaitini tələb etsə də, lakin iddia ərizəsinə hüquqi yardım göstərilməsi ilə əlaqədar pul vəsaitinin ödənilməsi barədə sübut əlavə etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz. 16.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 187.1, 180.1, 180.2, 220.1, 220.2, 220.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətində göstərilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(103)- 5865/2020 saylı qətnaməsi ilə birgə nikah dövründə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin 2018-ci il tarixə bazar dəyəri olan 130.000 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə onun, ½ hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icraya yönəldilməsinə baxmayaraq, cavabdeh razı olmadığından o, payı olan həmin evdən isitifadə edə bilmir və qətnamədə 1/2 payın alınıb ona verilməsi qət edilmədiyindən icraçılar payın dəyərinin də alınıb ona verilməsini icra edə bilməmişlər. Lakin məhkəmə qərarı dövlətin adından çıxarılır və icrası məcburidir. İcra vərəqəsinin icrası 30 illik müddət müəyyən olunub. Məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən dəfələrlə prosessual hüquq normalarının pozulması hallarına yol verilmişdir. Məhkəmə tərəfindən cavabdehin mübahisəli obyektə dair xərcin 130000 manat pulun yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi həm də həmin mənzilə köçürülməsi barədə qətnamənin qəbul edilməsi qanunsuzdur. Məhkəmə qərəzli mövqe nümayiş etdirmiş mübahisə obyekti olan fərdi yaşayış evi sənədsiz tikilidir. Məhkəmə qətnaməsi ilə mülki hüquq normalarını pozmuş, bir sözlə işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi açıqaydın birtərəfli mövqe nümayiş etdirmiş, faktiki olaraq qətnamənin icra edilməməsini əsas gətitmişdir. Ona görə də qətnamədə tətbiq olunmalı olmayan normaların təıtbiq olunması ilə gəlinən nəticə hazırki iş üzrə faktiki hallara uyğun deyildir və işin mahiyyəti obyektiv araşdırılmadan qiymət verilmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

20.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 21.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 22.İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası üşüncü şəxs tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 213.2.Əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1.Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırki halda iddia tələbi qismən təmin edildiyindən və qətnamədən yalnız cavabdeh tərəf apellyasiya şikayəti verdiyindən apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 29.Belə ki, işin fakitki halları və mübahisələndirilən hissədə mübahisənin mahiyyəti ondan ibarətdir ki, mübahisə obyekti olan fərdi yaşayış evi sənədsiz tikilidir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə evin tikintisinə sərf edilmiş vəsaitə tərəflərin 1\2 hissədə payları müəyyən olunub, lakin, məhkəmə qətnaməsi hər hansı şəkildə icra olunmayıb, eyni zamanda qətnaməyə izah da verilməmişdir. Hazırkı tələbində iddiaçı ona məxsus payın naturada ayrılmasını və həmin fərdi yaşayış evinə köçürülməsini tələb edir. Tələbində iddiaçı ona istinad edir ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə həmin fərdi yaşayış evinin dəyərinə münasibətdə onun ½ hissə payı müəyyən edilmiş, lakin qətnamənin icrası mümkün olmamışdır. 30.İddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdeh qeyd edir ki, məhkəmə tərəfindən cavabdehin mübahisəli obyektə dair xərcin 130000 manat pulun yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi həm də həmin mənzilə köçürülməsi barədə qətnamənin qəbul edilməsi qanunsuzdur, məhkəmə qətnaməsinin icrası üçün 30 illik müddət var.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qanuni qüvvəsini almış qətnaməsi ilə fərdi yaşayış evinin həmin dövr üçün bazar dəyəri olan 130.000 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüquqları müəyyən edilməklə, artıq həmin fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə, birgə gəlirlər hesabına əldə edildiyi müəyyən edilmişdir. Həmin qətnamə hər iki tərəf üçün preyudisialdır və həmin qətnamə ilə təsdiq edilmiş halın hazırkı işdə yenidən araşdırılmasına zərurət yoxdur. 32.Kollegiya qeyd edir ki, mübahisə predmeti olan ev dövlət qeydiyyatına alınmamışdır. 33.Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

34. Mülki qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. 35.Kollegiya hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə və birgə gəlirləri hesabına əldə edilib və cavabdeh hazırda həmin evdə yaşayır. İddiaçı isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(103)- 5865/2020 saylı qətnaməsinin icra edilməməsinə və başqa yaşayış yerinin olmamasına əsaslanaraq mübahisə predmeti olan evə köçürülməsini tələb edir. Kollegiya da hesab edir ki, iddiaçının evə köçürülmə tələbi əsaslıdır. 36.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. 37.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 38.MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-446/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar