Məhkəmə qərarları › İş №2(103)-2533/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2533/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2533/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X13 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi ilkin tələbi, mənzilə köçürülmə və müqavilənin etibarsızlığı hesab edilməsi qarşılıqlı iddia tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X13 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 qarşı mənzilə köçürülmə və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(011)-4415/22 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 yun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan 08.08.200-ci il tarixli, 101523 saylı müqavilənin dublikatından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzili 33.750 manat dəyərində X12 almışdır. Müqavilə Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Sonradan Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzili alqı-satqı müqaviləsi əsasında anası X1.

2. İş materiallarında olan xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X16 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilini X15 bağışlamışdır. Müqavilə Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Hüseynova.Ş.M tərəfindən təsdiq edilmişdir.

3. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Cavabdeh tərəfindən ünvan 2 ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilin bağışlanmasına etiraz etmir.

4. İş materiallarında olan AZ-İ № 991075 nömrəli “Ölüm haqqında şəhadətnamənin surəti”dən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixində 237 nömrəli akt qeydi ilə qeyd edilmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə dair mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

7. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 qarşı ilkin iddia tələbinin tam rədd edilməsi, onun və hazırda hərbi xidmətdə olan oğlu X4 ünvan 4, 27 saylı mənzilə köçürülməyi, ünvan 4, 27 saylı mənzilin alqı-satqı, bağışlanma müqavilələrinin etibarsız hesab olunaraq ləğv edilməsi, Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi,Gəncə Prospekti ev 109, 27 saylı mənzilə dair X14 adına olan ********** nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, X17 onu və oğlu-Elmar Allahverdiyevi qeydiyyatda olduqları və yaşamaq hüquqları olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə Prospekti ev 109, 27 saylı mənzilə buraxmadığına görə xx.xx.2002-ci ilin sonundan başlayaraq (20 il=240ay) hazırki tarixdək hər ay yaşayış sahəsinin kirayəsinə görə 240(ay)x250manat=60.000manat kirayə haqqının X11 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, r. O, ilk öncə alqı-satqı müqaviləsi əsasında sözügedən mənzili mərhum anasına satmış (bununlada cavabdeh mülkiyyət hüquqlarını itirmişdir), alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçmiş həmin mənzili isə anası xx.xx.2007-ci il tarixində bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Cavabdeh bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmiş mənzildə ümumiyyətlə yaşamamışdır. Belə ki, Cavabdeh iddiaçıya məxsus mənzilin 2009-cu ildən əvvəl mülkiyyətçisi olduğundan hazırkı mübahisə üzrə hüquq münasibətləri də həmin ildə yaranmış hesab olunmalıdır. Bu əsasla Cavabdeh hüquqi vəziyyəti münasibətlərin yarandığı dövrdə qüvvədə olan 1982-ci ilə aid Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Müvafiq olaraq həmin Məcəllənin 60-cı maddəsinə əsasən, "İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Eyni zamanda, həmin maddənin sonuncu bəndində təsbit edilmişdir ki, “Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. " Bu normalardan da göründüyü kimi, cavabdeh iddiaçıya məxsus mənzildə uzun müddətdir ki yaşamadığından mənzildən mülkiyyət hüququnu itirdiyi vaxtdan 6 ay sonra onun istifadə hüquqlarımn itirilməsi üçün əsas yaranmış və faktiki olaraq o, mənzilə dair istifadə hüququnu həmin vaxtdan itirmişdir. Göründüyü kimi hazırki mübahisə üzrə cavabdeh şəxsin onun mənzilindən uzun müddət öncə getməsi, özünə başqa yaşayış yeri seçməsi şəxsin iddiaçıya məxsus mənzil üzrəində mülkiyyət hüquqlarının itirilməsi hesab edilməsinə dəlalət edir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən lakin qeydiyyatda olduğu həmin mənzildə yaşamır, çünki cavabdeh onu və oğlunu mənzilə buraxmır, ona qarşı iddia ərizəsini bir neçə gün əvvəl məhkəmədən əldə etmişdir. Məhkəmədə olan iddia tələbi barədə xeyli sonra xəbər tutmuş və əldə etmişdir. Odur ki ilk iddia ilə birlikdə baxılması üçün həmin qarşlıqılı iddia ərizəni təqdim edir. İddiaçı onun ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv.olan 27 saylı mənzilə dair istifadə hüquqlarımı itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mübahisəli mənzili xx.xx.2000-ci il tarixli 101523 nömrəli alqı -satqı müqaviləsinə əsasən 33.750.000 manata satıcı X12 almışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 40 saylı DNK-da rəsmiləşdilmişdir. Mənzil hüquqi rejiminə görə Kooperativin mülkiyyətində-balansında olub. xx.xx.2005-ci ildə qardaşı onu notariata aparmış və o məzmunu oxuyub-başa düşmədiyi sənədləri imza etdirmişdir. Bundan az sonra iddiaçı-cavabdeh onu yaşadığı mənzildən bayıra atmış, yaşamağa imkan verməmişdir. Mənzillə bağlı aparılan bütün əməliyyatlar saxtadır, çünki sənədlər saxtalaşdılıb. Bunu qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi AR-sı ƏN-yi Dövlət Notariat Arxinin xx.xx.2019-cu il tarixli arayışı təsdiq edir. O ünvanda qeydiyyatda olduğuna görə mənzilin başqasının mülkiyyətinə keçməsinə notarial təsdiq edilmiş ərizə verməmişdir. Dəfələrlə mənzilə köçmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Ona görə də ailəsiylə köçüb müvəqqəti kirayədə qalır və hər ay 250 manat kirayə haqqı ödəyir. Mənzil onun anasına məxsus olub, anası mənzili ona vermişdi ki, ailəsiylə birgə yaşasın. Lakin iddiaçı mənzili saxta sənədlərlə ələ keçirərək onu və ailəsini mənzildən qovmuş,yaşamağına imkan verməmiş və hazırda hüquqlarımın itirilmiş hesab olunmasını tələb edir. Cavabdehin iddia ərizəsində əldə etdiyi çıxarışa qədər əməliyyatların tarixini və yerini göstərməməsi yazdıqlarının həqiqət olmasına dəlalət edir. Qanunun mənasına görə mənzil özəlləşdirilərkən 18 yaşı tamam olmuş ailə üzvlərinin razılıq ərizəsi olmalıdır. Mənzil satılarkən (bağışlanarkən) 18 yaşı tamam olmuş qeydiyyatda olan hər bir şəxs notarial təsdiq edilmiş ərizə verməlidir. Belə ərizəni nə o nədə ki, digər ailə üzvləri ərizə verməmişlər. Ona görə də ünvanı göstərilən mənzilin özəlləşdirilməsinə və özgəninkiləşdirilməsinə əsas olmuş sənədlər müvafiq DƏDRX-dən sorğu ilə tələb edilib, tədqiq edilməli, hüquqi qiymət verilməlidir. Bu səbəb və əsaslara görə mübahisələndilən mənzillə bağlı aparılan bütün əməliyyatlar (alqı-satqı və çıxarış) etibarsız hesab olunmaqla ləğv edilməlidir. Mənzil əvvəlki vəziyyətə, yəni onun mülkiyyətinə qaytarılmalıdır. Ona görəki o həmin mənzilin satılmasına və ya bağışlanmasına razılıq ərizəsi verməmişdir. Bu məqsədlə mübahisələdilən mənzilin hüquqi rejimi barədə DƏDRX- nə müvafiq sorğu verilməlidir. Çünki onun tərəfindən sənədlər əldə etmək cəhdləri alınmamış və ona bildirilmişdir ki, həmin sənədlər(hüquqi rejim,çıxarış,alqısatqı müqaviləsi) yalnız məhkəmə sorğusu əsasında verilir.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 oktyabr 2022-ci il tarixli, 2(011)-4415/22 saylı qətnaməsi ilə (hakim Bayramova Nərmin ) iilkin iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənziliə dair istifadə hüququ itirilmiş hesab edilmişdir. Qarşılıqlı iddia üzrə tələb təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına qiymət verərkən iddiaçı-cavabdehin vəkili-nümayəndəsinin 40 saylı DNK-dan əldə edib təqdim etdiyi sübutların saxta olmasına hüquqi qiymət verməmişdir.Bak ışəhəri 40 saylı DNK-dan əldə edilmiş mənzilin alqı-saqı işindəki mənzilin satılmasına və bağışlanmasına etiraz etməməyi barədə xx.xx.2007-ci il tarixli sənəddəki imzaya və yazıya əhəmiyyət vermədən qətnamə qəbul etmişdir.Hakim məhkəmə iclasında nümayəndə R.Almuradova verdiyi etibarnamədəki imza ilə 4Ə-02/247 nömrəli alqı-satqı işindəki imzaları müqayisə etməyib.İşə baxan məhkəməyə lazım gəlirdiki, Bakı şəhər 40 saylı Dövlət notariat ofisindəki reyestr kitabını tələb edib,imzaları müqayisə edib,xəttşünaslıq ekspertizası təyin edib sübuta hüquqi qiymət versin.Mən aparılan bütün notariat əməliyyatlarının saxta olduğunu və sənədlərin etibarsız hesab olunaraq ləğv edilməsini tələb etmişdir. Lakin məhkəmə həqiqətə nail olmaq istəməyib. Bundan başqa,işə baxana məhkəmə onun və övladının bu illər ərzində harada və hansı keyfiyyətdə yaşamaqları barədə xüsusatları araşdırmadan qətnamə qəbul etmişdir. Xətai rayon məhkəməsinin həmin qətnaməsi onun və xidmətdə olan oğlunun hüquq və mənafeyinə tamamilə ziddir. Beləki,işə baxılarkən maddi və prossesual hüquq normaları pozulmuş,birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş,iş üçün əhəmiyyətli olan hallar subut edilməmişdir. Məhkəmə qətnaməsi dəlillərə vəsübutlara əsasən qəbul edilməyib. Xətai Rayon Məhkəməsinin istinad etdiyi maddi hüquq normaları həmin hüquq münasibətlərinə aid deyil. Maddi hüquq normalarının tətbiqində səhvə yolverilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında opelyator apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir.

Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

16. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır.

17. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 20.Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

22. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

23. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.

26. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırda qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İşdən müəyyən edilir ki, X16ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzili alqı-satqı müqaviləsi əsasında anası X5, bundan sonra xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsin əsasən X16 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilini X15 bağışlamışdır.xx.xx.2007-ci il tarixli Cavabdeh tərəfindən ünvan 2 ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilin bağışlanmasına etiraz etməmişdir. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv.metr olan 27 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışla ********** saylı Qeydiyyat nömrəsinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun bacısıdır. 35.İşdən göründüyü kimi, cavabdehə ünvanlanmış məhkəmə bildirişi 127 saylı MKİS-in rəisi tərəfindən qəbul edilmiş və cavabdehin orda yaşamadığı və yaşayış yerinin məlum olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh xx.xx.2002-ci il tarixdən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzildə qeydiyyatda olsa da, orada yaşamır. İşdə olan xx.xx.2022-ci il tarixli aktda isə Cavabdeh onun həyat yoldaşı X2 və oğlu X6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur şadlıq sarayının ərazisində yerləşən özbaşına tikilidə kirayə qalmaları qeyd edilmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh uzun illərdir orada yaşamamasının səbəbi kimi qorxduğunu və onu evə buraxmadıqlarını qeyd etsə də, bununla bağlı hər hansı bir hərkət etmədiyini, bu barədə cəhd etməməklə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciətinin olmamasını bildirmişdir.

36. Bununla bağlı kollegiya qeyd edir ki, Cavabdeh mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında anası X5, o cümlədən sonuncunun isə övladı olan hazırki iş ürə iddiaçıya mənzili bağışlamasına etiraz etməməklə, 2007-ci ildən hal-hazıradək həmin mənzildə yaşamamaqla mənzil üzərində hüquqları, eləcə də istifadə hüququ itirilmişdir. Həmin vaxtdan bir gün belə həmin mənzildə yaşamamış, mənzilə köçürülmə və ya onun mənzildə yaşamasına maneçiliyin aradan qaldırılması barədə məhkəməyə hər hansı müraciəti olmamışdır. Onun bu barədə müraciət etməməsinin səbəbi kimi qorxmasını bildirməsi isə hər hansı bir sübutla təsdiqni tapmır (bu barədə hüquq mühafizə orqanlarına müraciət etməsi).

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia təmin edərək, Cavabdeh sözügedən mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi baərədə düzgün nəticəyə gəlmişdir.

38. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində mövqeyi ilə razılaşır. Kollegiya hesab edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verildiyindən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə köçürülməsi üçün də heç bir əsas yoxdur. Eyni zamanda X3 həmin mənzilə köçürlüməsi tələbi Cavabdeh tərəfindən qoyulsa da, həmin şəxs yetkinlik yaşına çatmış şəxs olmaqla müstəqil surətdə öz adından iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu baxımdan bu hissədə də məhkəmə haqlı olaraq iddia tələbini təmin etməmişdir.

39. Həmçinin kollegiya hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə köçürülməsi ilə bağlı tələb, onun həmin mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı ilkin iddia tələbi ilə əlaqəlidir. İlkin iddia təmin edildiyinə görə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə köçürülməsi üçün hər hansı əsas mövcud olmamışdır. Həmçinin, Cavabdeh mübahisəli mənzilə dair hüquqlarının pozulması müəyyən edilmədiyindən həmin mənzilə münasibətdə kirayədə qaldığı dövr üçün pulı tələbi də məhkəmə tərəfindən haqlı olaraq təmin edilməmişdir.

40. Kollegiya həmçinin hesab edir ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin bağışlama müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas mövcud deyil. Belə ki, Cavabdeh özü məhkəmə kollegiyasının iclasında alqı-satqı müqaviləsinin bağlanması, o cümlədən bağışlama müqaviləsi zamanı imza özünün olmaqla sənədləşmə işinin düzgün aparılmasını, lakin qorxması səbəbindən imza etdiyini, ona qardaşı tərəfindən hədələr olduğunu bildirmişdir. Bununla bağlı isə kollegiya apellyasiya şikayətinin dəlili olaraq xəttşünaslıq ekspertizasının keçirilməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlil araşdırılarkən qarşılıqlı iddiaçının özü onun tərəfindən imzanın edilməsini təsdiq etmişdir. Bu baxımdan kollegiya bununla bağlı ekspertiza təyin edilməsinin lüzumsuz və işin baxılmasının əsassız yerə uzadılması kimi qiymətləndirməklə ekspertiza təyin etməmişdir. Eyni zamanda, ona qarşı olan hədlərə görə imza etməsi isə yuxarıda qeyd edildiyi kimi hər hansı bir sübutla təsdiqni tapmadığından məhz bu əsasla müqavilələrin etibarsız hesab edilməsi barədə tələb təmin edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, bu hissədə də birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı təmin etməmişdir.

41. Bütün qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti formal mülahizələr olmaqla təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(011)-4415/22 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar