Məhkəmə qərarları › İş №2(103)-2534/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2534/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2534/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-1479/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Sabunçu rayonu, Maştağa qəsbəsi, Xanlar yaşayış massivində yerləşən 1-57 nömrəli fərdi yaşayış evində (abonent kodu: **********20046) təbii qazdan istifadə ilə bağlı xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında hesablanmış 151,2 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4.147,2 manat məbləğində borc silinsin. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4.147,2 manat məbləğində borc silinsin, iddianın qalan hissəsi təmin olunmasın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamə iddianın təmin edilməsinə aid olan hissədə mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akta görə, iddiaçıya aid olan ünvanda təbii qazdan rezin boru vasitəsilə sayğacdankənar istifadə edilib. Daha sonra hesabat aparılıb, dəymiş zərərin (34.560 kub.m itirilmiş qazın) əvəzi kimi abonentə borc hesablanıb və bu barədə xx.xx.2023-cü il tarixli tələbnamə tərtib olunub. Abonentin saldosunda 34.560 kub.m itirilmiş qaza görə borcun məbləği 2023-cü ilin may ayı üçün 34.147,2 manat qeyd edilib. Borcun silinməsi barədə tələb əsaslıdır. Belə ki, iddiaçı (abonent) qazdan sayğacdankənar istifadə etmədiyini bildirir. Cavabadeh akt və fotoşəkil təqdim edib. Akt iddiaçı tərəfindən imzalanmayıb, fotoşəkilin isə iddiaçının evinə aid olduğunu müəyyən etmək mümkün deyil. Cavabdeh iddiaçının qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən başqa sübut təqdim etməyib. Bundan başqa, sayğacdankənar borunun mövcud olması faktı öz-özlüyündə qazın talanmasında abonentin təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. Həmin boru qeyri-işlək vəziyyətdə ola bilər və s. AR İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində təbii qazın talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Həmin Məcəllənin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası müəyyən olunub. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə görə, qazdan sayğacdankənar istifadə halları aşkar olunduqda cavabdeh təqsirkar şəxsin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti quruma müraciət etməyə borcludur. Lakin cavabdeh bunu etməyib, nəticədə isə qazın talanmasında iddiaçının təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Cavabdehin təqdim etdiyi sübutlar qazın talanmasında iddiaçının təqsirli olduğunun mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsi üçün kifayət deyil. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-1479/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar