Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2535/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndə) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildən cavabdehin istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil anası X2 tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya bağışlanmışdır. Mənzil hazırda iddiaçının mülkiyyətindədir. İddiaçının bacısı olan cavabdeh mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, mənzil iddiaçıya bağışlandığı vaxtdan köçüb getməsinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzil 2013-cü ildən tərəflərin anasının mülkiyyətində olmuşdur. Cavabdeh iddiaçının ailə üzvü olduğundan və onun özünün adına ayrıca mülkiyyətinin olması halı aşkar edilmədiyindən, cavabdehin mənzilə dair istifadə hüququ mövcuddur. 2022-ci ildə mənzilin bağışlanması, yəni mülkiyyətçisinin dəyişməsi cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün əsas deyil. Cavabdeh mənzilin alğı-satqısına və ipotekaya qoyulmasına etiraz etməmişdir. Hazırda mənzil iddiaçıya məxsus olduğundan həmin ərizə cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli deyil. İstifadə hüququna xitam verilməsi kompensasiya ödənilməsi yolu ilə mümkündür. İddiaçı kompensasiya ödənilməsini təklif etmədən istifadə hüququna xitam verilməsini tələb etdiyindən iddia tələbi təmin edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, Seymur Allahverdiyev adlı şəxslə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş cavabdeh özünə başqa yaşayış yeri seçmişdir. Bu hal onun mənzilə istifadə hüququna ehtiyacı olmaması anlamına gəlir. Digər tərəfdən mənzil iddiaçıya bağışlanılarkən cavabdeh buna etiraz etməmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İddiaçının vəkili (nümayəndə) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apelyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
8. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə onlun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Cavabdeh, xx.xx.2024-cü il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək, bildirmişdir ki, anası və iddiaçı onun övladını ondan xəbərsiz internat məktəbinə qoyublar. Uşağı qaytarsalar, o, mübahisəli mənzildən çıxmaq barədə düşünər. İddianı əsassız hesab edir, çünki o, uzun müddət ərzində həmin mənzildə yaşayıb. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir.
11. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh doğma bacıdırlar. Mübahisəli mənzil iş üzrə tərəflərin anaları X2 tərəfindən xx.xx.2013-cü il tarixdə bağlanmış AN seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsi” əsasında əldə olunmuşdur.
12. Gülnarə Hüseynova ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsindən” görünür ki, Gülnarə Hüseynova həmin mənzili iddiaçıya bağışlamışdır.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışdan görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Reyestrdə” xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından” görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır.
15. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə ünvanlanmış ərizədən görünür ki, o, həmin mənzilin satılmasına və ipotekaya (girov) qoyulmasına etiraz etmir.
16. İddiaçı bildirir ki, mənzil 2013-cü ildən anasının mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə anası mənzili ona bağışlanmışdır. Əvvəllər mənzildə yaşamış cavabdeh, qeyrirəsmi olaraq ərə getmiş və ailə qurduğu şəxslə başqa ünvanda yaşayır.
17. Tərəflərin anası olan mənzilin keçmiş mülkiyyətçisi Gülnarə Hüseynova da birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi kimi verdiyi izahatda onun dediklərini təsdiq etmiş və iddianın təmin edilməsini xahiş etmişdir.
18. Cavabdeh işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdir. Yalnız apellyasiya baxışı zamanı məhkəməyə ünvanladığı ərizədə iddianı qəbul etmədiyini bildirmişdir. Həmin ərizənin məzmunundan da məlum olur ki, cavabdeh ailə qurub və başqa ünvanda yaşayır.
19. Cavabdehin hazırda mübahisəli mənzildə yaşamasını təsdiq edən hər hansı sübut mövcud deyil.
20. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2.).
21. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisi olan anasının ailə üzvü sayılır və mənzildən istifadə hüququ yaranmışdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
23. Göründüyü kimi, mənzilin mülkiyyətçisinin sonradan dəyişməsi, yəni mənzilin bağışlama yolu ilə iddiaçının mülkiyyətinə keçməsi cavabdehin istifadə hüququna xitam verilməsi üçün əsas təşkil etməmişdir.
24. Bununla belə, cavabdeh hazırda mənzildə yaşamasını, mənzilə olan ehtiyacının aradan qalxmamasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
26. Cavabdehin yaşayış sahəsinə olan ehtiyacını mülkiyyətçinin mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətinin aradan qalxması onun mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə etməsini hüquqi cəhətdən əsassız edir. Cavabdeh uzun müddət mənzili tərk edərək başqa yaşayış sahəsində yaşadığından mənzilə olan istifadə hüququnu itirmişdir.
27. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəmə iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdehin mənzildən istifadə hüququ mövcud deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
28. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddia əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri tam formal mülahizə xarakteri daşımır.
29. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
30. İddia təmin edildiyindən məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehə aid edilməli, bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat, ümumilikdə 150 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi təmin edildiyindən iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
32. Cavabdeh isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
33. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 dekabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbi barədə” iddiası təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq cəmi 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.