Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2536/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən və onun üzərində olan tikililərdən istifadə qaydasının müəyyən edilməsi, özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və cavabdehlər bacı-qardaşdırlar. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evi 2 mərtəbə və zirzəmi (qaraj) hissəsindən ibarətdir. İstinad olunan tikili qanunsuz tikilidir. Nə tikilinin yerləşdiyi torpağın, nə də tikilinin hüquqmüəyyənedici sənədi mövcud deyil. Tikilinin 1-ci mərtəbəsi iddiaçının, 2-ci mərtəbəsi Cavabdeh2 istifadəsindədir. Tikilinin zirzəmi hissəsi, yəni 2 ədəd qarajın yerləşdiyi sahə Cavabdeh1 istifadəsindədir. Tikilinin arxasında həyətyanı sahə mövcuddur. Həyətyanı sahənin bir küncündə tərəflərin “hin” adlandırdığı tikili (bundan sonra – toyuq damı) mövcuddur. İstinad olunan evə 2 yolla daxil olmaq mümkündür. Birinci yol ümumi istifadədə olan yoldan, digəri isə tərəflərin zəbt etdiyi həyətyanı sahədəndir. Hazırda iddiaçı istinad olunan evin onun və anasının vəsaiti hesabına tikildiyini əsas gətirərək iddia irəli sürmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə yerləşən 0,12 ha torpaq sahəsi və 2 mərtəbəli fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, maşın yolunun bərpası və istifadə hüququnun müəyyən edilməsi, cavabdehlərdən iddiaçının sahibliyində, istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinə aid qarajı, 3 zirzəmi, dəmir barmaqlıqlı darvaza qapısının, toyuq damının azad edilməsi, alınaraq iddiaçıya verilməsi, cavabdehlərdən evin qapısının kilidi 60 manat, zirzəminin iki qapısının kilidi 180 manat, blok qapısının şüşəsi 80 manat və həmin mübahisə zamanı mobil telefonun sındırması nəticəsində vurulmuş 170 manat ziyan, qaraj qapısının kilidi 25 manat, işıq xətti avadanlıqları 60 manat, cəmi 575 manat məbləğində olan zərərin ödənilməsi, cavabdehlərdən 100 manat dövlət rüsumunun və məhkəmə prosesində əlavə xərclərində cavabdehlərdən müştərək olaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2000-ci il tarixli 457 saylı sərəncamına əsasən iddiaçının mərhum anası X2 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə fərdi yaşayış evi tikilməsi məqsədi ilə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində təsdiq edilmiş layihə əsasında tikinti normalarına uyğun 2 mərtəbədən ibarət fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evinın tikintisində maliyyə çətinliyi olduğundan anası iddiaçı ilə 2013 və 2014-cü ildə iddiaçının mərhum əri X3 ilə razılıq əsasında evin (son beton xərci, binanın ümumi malası, kommunalların qaz-işıq-su-telefon internet çəkilişi, qaraj qapıları-təmiri, evin çöl qapı-darvazaları, 1-ci mərtəbənin daxili tam təmiri, zirzəmilərin təmiri qapıları və s). tikiliyə xərcləri ödəməklə evin birinci mərtəbəsinin iddiaçının, ikinci mərtəbəsinin anası R.Ə.Cəfərzadənin adına rəsmiləşdirilməsi razılaşdırılmışdır. İddiaçı və Məcidov İmanverdinin üzərinə düşən öhdəliklər tam şəkildə 2014-cü ildə yerinə yetirilərək yaşayış evinin tikintisi başa çatdırılmış, 2015-ci ilin yanvar ayında sonuncular 1-ci mərtəbəyə köçmüşdür, 2017-ci ilin mart ayında evin ikinci mərtəbəsi Rəhilə Cəfərzadəyə təhvil verilmişdir. İddiaçının anası R.Cəfərzadə və əri İ.Məcidov xəstə olduğuna görə yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi, qeydə alınması, hüquqmüəyyənedici sənədlərin toplumu yubanmışdır. Evin tikintisində iddiaçının qardaşları Nadir və Namiqin heç bir iştirakı olmamışdır. İddiaçının əri İ.Məcidov 31 yanvar 2016-cı ildə, anası R.Cəfərzadə 24 dekabr 2020-ci ildə, atası Ə.İbadzadə 13 avqust 2022-ci ildə vəfat etmişdir. Anasının və atasının vəfatından sonra qanuni vərəsələr arasında həmin yaşayış evinin bölünməsi ilə bağlı mübahisələr yaranmışdır. Mübahisəli evin hüquqmüəyyənedici sənədləri olmadığına, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə miras kütləsinə daxil edilməmişdir. Buna baxmayaraq iddiaçının qardaşları Nadir və Namiq özbaşınalıq edərək iddiaçının yaşayış evinə özünə aid olan hissələrindən layihə üzrə 1-ci mərtəbəyə aid qarajı, zirzəmiləri zəbt edib, zirzəmilərin qapılarını sındırıb, evin blok hissəsini özbaşına bölgü aparılması, evə gələn avtomobil yolunu – darvaza qapısının ön hissəsinə torpaq tökməklə avtomobilin gediş-gəlişinə maneə törətməsi, yolunun kəsilməsi, kommunalları adlarına keçirərək kommunallarla iddiaçının uşağının vaşamasına maddi mənəvi ziyan vurması bitmək bilmir. Bu barədə DİN-ə, Xətai RPİ-nə və Xətai RPİ-nin 35-ci PB-nə, Prokurorluğa müraciətləri olsa da mülki iş deyərək iddiaçıya İcra Orqanlarına müraciət etməli olması bildirilmişdir. 2022-ci ilin aprel ayından başlayaraq mütəmadi olaraq G.Mehmandarov 2942 ünvanda iddiaçının sahibliyində olan əmlaklarını zəbt etməklə, sındırıb dağıtmaqla, 2023cü ilin fevral ayından ümumi istifadədə olan kommunallarını kəsməklə yaşayış həyatı iflic vəziyyətinə salınmışdır. İddiaçı kommunal xərclərini ödəsə də Nadir və Namiq qəsdən məqsədyönlü olaraq tez-tez kommunalları kəsirlər, dava-dalaş salınması, polisin əli ilə 1 ay, 2 ay istifadə olunur və təzədən eyni əməllər təkrarlanır. İddiaçı su, qaz, işıq, kommunal idarələrinə müraciət etdikdə yalnız su idarəsi iddiaçının evini su sayğacı ilə təmin edibdir. Lakin qaz və işıq idarələri ikinci sayğacla təmin etmirlər. Kommunal idarələri G.Mehmandarov 2942 D ünvanda olan 2 mərtəbəli evin bölgüsünün aparılması, sərhədlər müəyyən olunduqdan sonra qaz, işıq sayğacları ilə təmin edə biləcəklərini bildirmişlər. 06/07 avqust 2021-ci ildə cavabdehlər Cavabdeh1 və Namiq 1-ci mərtəbəyə məxsus iddiaçının sahibliyində istifadəsində olan qaraj zirzəmini zəbt edərək zirzəminin qapılarını sındıraraq, kilidlərini xarab edərək maddi ziyan vurub, zəbt edib qaytarmırlar. Bu barədə də DİN-nin 102 xidmətinə iddiaçının rəsmi müraciəti olmuş, Xətai Prokurorluğunun, Xətai RPİ-nin və Xətai RPİ-nin PB-nin 35-ci PB-də baxılsada mülki mübahisədir, məhkəməyə müraciət etməli olması bildirilmişdir. Avtomobillərin evə gəliş-gediş yolunun üstünə cavabdehlər Nadir və Namiq tərəfindən darvazanın ön hissəsinə torpaq tökülmüş, gedişgəlişə, istifadəyə maneçiliklər törədirlər. Belə ki, həmin avtomobil yolu 2013-cü ildən fərdi evlərin istifadəsində olub. İddiaçının həyətyanı sahəsi, qarajı olsa da avtomobillərini küçədə saxlamağa məcbur olur. Küçədə də avtomobillərinə ziyan vurulduğuna görə cavabdehlərdən qarajı, zirzəmini, gediş-gəliş yolunun bərpa olunmasını şifahi, yazılı müraciətləri olsa da qaytarmırlar. İddiaçı 1-ci Qarabağ veteranının arvadı, tək ana 4-cü sinifdə oxuyan 2014-cü təvəllüdlü 8 yaşlı qızı Arzu ilə 3 ildir cavabdehlərin təzyiq, təhdidləri, zorakılıqları ilə üz-üzə, əzab çəkərək yaşayır. Bu barədə iddiaçının Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə də müraciəti olmuşdur. Xətai Rayon İcra Hakimiyyətinin 05 sentyabr 2023-cü tarixli 5_11/2-İ-79-091/2023 saylı məktubunda da məhkəməyə müraciət etməyi məsləhət görülüb.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-725/24 saylı iş üzrə 16 yanvar 2024cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, istinad olunan tikili və torpaq sahəsi rəsmi şəkildə vətəndaşa dövlət tərəfindən ayrılmamış, onun tikintisinə rəsmi dövlət orqanları tərəfindən icazələr verilməmişdir. İstinad olunan ev qanunsuz tikili, onun yerləşdiyi torpaq sahəsi isə zəbt edilmiş torpaq sahəsidir. Nə qədər ki, nə ev, nə də torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçməmişdir, onlarla bağlı istifadə qaydalarının müəyyən edilməsi mümkün deyil. İddiaçı zirzəmidə yerləşən qarajın və 3 zirzəmi otağının onun sahibliyində və istifadəsində olmasını bildirsə də, yerli baxış zamanı müəyyən edilmişdir ki, həmin sahələr Cavabdeh1 istifadə və sahibliyindədir. Bu sahələrin onun istifadəsindən alınması üçün iddiaçı tərəfindən hər hansı qanuni əsas göstərilməmişdir. İddiaçı toyuq damının azad edilməsi və dəmir barmaqlıqlı darvaza qapısı ilə birlikdə iddiaçıya qaytarılmasını xahiş etsə də, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, toyuq damı və dəmir barmaqlıqlı darvaza qapısı tərəflərin ümumi istifadəsində olan sahədə yerləşir və o, cavabdehlərin heç biri tərəfindən zəbt edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisə predmetinə dair tərəflərin bacı-qardaş olmalarına baxmayaraq, onların subyektiv hüquqlarının qanuni olub-olmaması, tərəflərdən hansının haqlı olmasını aydınlaşdırmamışdır. O, mübahisəli evin tikilməsi və təmir işlərinin aparılmasında anası mərhum Rəhilə Cəfərzadənin razılığı ilə mərhum əri və özünün qoyduğu 37.000 manat vəsait hesabına tikib başa çatdırmış və 2014-cü ildə ora köçmüşdür. Evin elektrik, qaz, su və digər istifadə üçün nəzərdə tutulan bütün xidmətlərə görə xətlərin çəkilməsi və xərclərinin ödənilməsini təmin etmişdir. R.Cəfərzadə 2017-ci ildə oğlu Cavabdeh2la aralarında yaranmış narazılıqdan sonra özünə aid olan ev əşyalarını götürərək həmin evin ikinci mərtəbəsinə köçmüş və ölən günə qədər orada yaşamışdır. Cavabdehlər həmin evin tikintisində nə vəsait qoymaqla, nə də başqa formada iştirak etməmişlər. 2022-ci ildə R.Cəfərzadənin ölümündən sonra cavabdehlər həmin evdən və evin yerləşdiyi həyətyanı sahədən özbaşına istifadə etmişlər. O isə həmin evdə 10 ildir yaşamaqla həmin evə sahiblik və istifadə etmişdir. İddiaçı həmin fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2000-ci il tarixli 457 saylı sərəncamını, evin tikinti-layihə smeta sənədlərini məhkəməyə təqdim etmişdir. Həmin evin istər tikintisi zamanı və istərsə də bundan sonra müvafiq icra hakimiyyəti orqanları tərəfindən heç bir müdaxilə olmamış, bununla bağlı qanunla müəyyən olunmuş qaydada özbaşına qanunsuz tikilinin sökülməsi barədə heç bir iddia qaldırmamışdır. Tikilinin 1-ci mərtəbəsinin iddiaçının, 2-ci mərtəbəsinin Cavabdeh2 istifadəsində olması, tikilinin zirzəmisindən, yəni 2 ədəd qarajın yerləşdiyi sahələrin Cavabdeh1 istifadəsində olması, istinad olunan evə 2 yolla daxil olmaq mümkündür: birinci yol ümumi istifadədə olan yoldan, digəri isə tərəflərin zəbt etdiyi həyətyanı sahədəndir. Məhkəmənin müəyyən etdiyi bu hal da düzgün qiymətləndirilməmişdir. İddiaçıya məxsus olan əmlakların sındırılması, sökülməsi və sair üsullarla məhv edilməsi cavabdehlərin hüquqazidd qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmasına səbəb olmuşdur. Mübahisəli torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin özbaşına, qanunsuz olması halı iddiaçıya məxsus olan əmlakın da qanunsuz olması anlamına gələ bilməz.Ona görə də məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Onun nümayəndəsi (vəkili) isə məhkəməyə ərizə göndərərək başqa bir məhkəmə prosesində iştirakı ilə əlaqədar olaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu barədə sübutu (məhkəmə bildirişi, yaxud digər sənədi) ərizəyə əlavə etməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq onun məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etmədiyi qənaətinə gəldi və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, mübahisəli ev özbaşına tikili olduğundan, habelə torpaq sahəsinin hüquqmüəyyənedici sənədinin olmaması səbəbindən qeyd olunan mübahisəli sahədən istifadə qaydasının müəyyən edilməsi mümkün deyildir.
17. Apellyasiya şikaətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2000-ci il tarixli 457 saylı sərəncamından çıxarışın kserosurəti iş materiallarında əlavə edilsə də, sərəncamın əsli, yaxud mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış məhkəməyə təqdim olunmamış, iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən olunmuş qaydada hüququ müəyyən edilməmişdir.
18. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş yerli baxış zamanı toyuq damı və dəmir barmaqlıqlı darvaza qapısının tərəflərin ümumi istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə bunu nəzərə alaraq haqlı olaraq həmin hissədə də iddianı rədd etmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas vermir.
20. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.
21. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.