Məhkəmə qərarları › İş №2(103)-2538/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2538/2023

02.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2538/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müavinətin tam ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-547/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ Geofizika və Geologiya İdarəsindən ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 2726 (iki min yeddi yüz iyirmi altı) manat məbləğinin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023- cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndində göstərilmişdir ki, 'Bu əmr-qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixindən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bu ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir". Bu qərara uyğun olaraq onun ərizəsi əsasında ARDNŞ-nin xx.xx.2022-ci il əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmiş, lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutulmuşdur. O, cavabdeh təşkilata müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır. Buna görə də qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-547/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən İddiaçı xeyrinə 2726 (iki min yeddi yüz iyirmi altı manat) manat vəsaitin tutulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 175.4 və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

5. Cavabdeh qətnaməni mübahisələndirməmiş, üçüncü şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İN yanında Dövlət Vergi Xidməti qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə, xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq işçinin öz ərizəsinə əsasən xx.xx.2022-ci il tarixli əmrlə xitam verilmişdir, lakin məhkəmə faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olduğunu qeyd etmiş, öz mövqeyini əsaslandırmaq məqsədi ilə normativ sənəd olmayan ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək cavabdehin həmin qərarı işçilərin sayını azaltmaq məqsədi ilə qəbul etdiyini və həmin əmr-qərarın 4-cü bəndinə əsasən işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanmasının göstərildiyini və işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsinin göstərildiyini qeyd etmişdir.

7. Halbuki məhkəmənin istinad etdiyi həmin əmr qərarın məhz həmin bəndi əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsini müstəsna hal kimi göstərmiş və onu işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı ilə şərtləndirmişdir. Başqa sözlə, əgər məhkəmə əmək müqaviləsinə İddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİKnin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmrqərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Halbuki birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlarını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir. Nəticədə məhkəmə xx.xx.2023-ci il tarixli qətnaməsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyi nəticəsinə gəlsə də, bu mülahizəsini hüquqi cəhətdən əsaslandıra bilməmiş və ona ödənilmiş müavinətin hüquqi xarakterinin nədən ibarət olmasına tam aydınlıq gətirməmişdir.

8. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir.

9. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri; Əvəzsiz dövlət köçürmələri; Dövlət pensiyaları və dövlət təqaüdləri; İşçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yadımlar.

10. Göründüyü kimi vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur.

11. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirilir ki, həmin maddə özü-özlüyündə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Dövlət Neft Şirkəti ilə iddiaçı arasında vergitutma ilə bağlı bütün münasibətlər yalnız qanunla, yəni Vergi Məcəlləsi ilə tənzimlənir, həmçinin tətbiq edilən güzəştlər də yalnız həmin Məcəllədə əks olunur.

12. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətininin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

15. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

16. 16 sentyabr 1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxaması ilə əlaqədar onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək kitabçasında aparılmış qeyddən görünür ki, xx.xx.2022-cu il tarixli, əmrlə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi yaşa görə təqaüdə çıxması müqaviləyə xitam verilərkən təminatlar ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməlidir.

17. 30.09.2022-ci il tarixli İddiaçı haqq-hesab vərəqəsindən görünür ki, ödəniləcək məbləğ 14.119,34 manat olmuş, həmin məbləğdən gəlir vergisi qismində 2.726 manat tutulmuşdur.

18. 14.11.2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət etmiş və 60 manat məbləğində mediator xərci ödəmişdir. Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.7. Kollektiv saziş -müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşma. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Maddə 7.3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Maddə 175.4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir

20. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: Maddə 102.1.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir. Maddə 102.1.2. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir - əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə; Maddə 102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar. Tətbiq edilən prosessual hüquq normaları:

21. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxsin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırkı işin hallarına görə cavabdeh təşkilatda işləmiş İddiaçı ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-ci bəndinə əsasən əsasən orta əmək haqqının 5 misli məbləğində 14.119,34 manat müavinət hesablanmış, müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə, 2.726 manat vergi tutulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Rayon məhkəməsi iddianı əsaslı hesab etmişdir.

24. Üçüncü şəxsin apellyasiya şikayəti iddiaçıya ödənilən müavinətin vergidən azad olan müavinət hesab edilməməsi ilə bağlıdır, o, öz mövqeyini vergi qanunvericiliyində vergidən azad olunan müavinətlərin konkret müəyyən olunması ilə əsaslandırmış, hazırkı halda iddiaçıya ödənilən müavinətin vergidən azad olunmadığına istinad etmişdir

25. Hazırkı iş üzrə iddia ərizəsindən də məlum olduğu kimi, iddiaçının (işçinin) pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən çıxdığı halda müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndində göstərilmişdir.

26. Əmək Məcəlləsinin 3.7-ci bəndinə görə, kollektiv saziş-müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.

27. Əmək Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

28. Həmin Məcəllənin 7.3-cü maddəsinə görə, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər.

29. Yuxarıda qeyd edilən normalardan məlum olur ki, “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) X1 Məcəlləsinin 3.7-ci bəndində nəzərdə tutulmuş işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.

30. Belə olan halda məlum olur ki, həmin sazişə əsasən iddiaçıya (işçiyə) pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən çıxdığı halda müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi zamanı verginin (həm də bu münasibətlərin zəif tərəfi olan işçidən) tutulması heç bir halda tərəflər arasında bağlanmış kollektiv sazişin məqsədinə uyğun gəlmir.

31. Çünki yuxarıda göstərildiyi kimi, qeyd edilən kollektiv saziş işçi üçün əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri nəzərdə tutur. Eyni zamanda ƏM-in 7.1-ci maddəsinin tələbinə görə də həmin qanunvericilikdə işçilərin hüquq və təminatlarının minimum səviyyəsi müəyyən olunmuş, başqa sözlə, işəgötürən tərəfindən öz təşəbbüsü ilə işçilər üçün daha geniş təminatlar müəyyən oluna bilər. Belə olan halda, yəni işəgötürənin öz təşəbbüsü ilə işçilər üçün əlavə təminatlar verildikdə bununla bağlı ortaya çıxa biləcək vergi və ya sair maliyyə yükünün işçinin üzərinə qoyulması həm əmək qanunvericiliyinin, həm də hüquqi müəyyənlik prinsiplərinə zidd olardı.

32. Demək ki, hazırkı işin halları baxımından işçiyə ödənilmiş müavinətdən verginin tutulması üçün əsasların müəyyən edilməsi halında (əgər həmin müavinətdən həqiqətən də vergi tutulmalıdırsa), bu işçidən yox, həmin sazişi bağlamış (sazişi bağlamaq işəgötürənin hüququdur) əmək müqaviləsinin güclü tərəfi olan və həmin maliyyə və vergi yükü ilə bağlı riskləri görən işəgötürəndən tutula bilər.

33. Beləliklə, rayon məhkəməsi iddia tələbini təmin etməklə, mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır və təmin edilə bilməz. Nəticə:

34. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. MPM-in 402.1-ci maddəsinə əsasən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-547/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar