Məhkəmə qərarları › İş №2(103)-2538/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2538/2024

23.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2538/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: xüsusi təyinatlı mənzil, sosial kirayə müqaviləsi, yaşayış sahəsinin boşaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iştirakı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Cavabdeh1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanında yerləşən N saylı mənzil N saylı hərbi hissənin xx.xx.2006-cı il tarixli 1 nömrəli protokoluna əsasən Cavabdeh2 istifadəsinə ayrılmışdır.

2. Baş miçman Cavabdeh2 Fərhad oğlu xx.xx.1999-xx.xx.2000, xx.xx.2000xx.xx.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə xidməti müddəti başa çatdığına görə (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə əsasən) ehtiyata buraxılmışdır.

3. Cavabdeh2 Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində göstərmişdir ki, “xx.xx.2006-cı il tarixdə xidməti evlə təmin olunmuşdur, hazırda ehtiyata buraxıldığı üçün ünvan 2 ünvanındakı mənzili təhvil vermək istəyir, həmin evdə birinci ailəsi yaşadığına görə evi təhvil verə bilmir. Boşanmışdır və boşanma ərəfəsində birinci ailəsini ünvan 3 ünvanında yerləşən evlə təmin etmişdir, Cavabdeh1 boşanma zamanı indiki Naximov 21, ev 4-ə yığışmışdır və evi təhvil verməyinə maneçilik törədir, özü mənzili təhvil vermək istəyir”.

4. Cavabdeh2 Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət ərzində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 21 ünvanında yerləşən “Niva” yataqxanasında xidməti yaşayış sahəsi (otaq №4) ilə təmin olunmuşdur, xidməti yaşayış sahəsinin geri alınmasına köməklik göstərilməsini xahiş edir.

5. Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsinin 6 nömrəli MİS-in rəisinin ünvan 4 ünvanında yaşayan sakinə ünvanladığı xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarda, 6 nömrəli Mənzil-İstismar sahəsinin balansında olan mənzilin açarlarının 1 ay müddətində təhvil verilməsi xahiş olunmuşdur.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Fərhad oğlu və Cavabdeh1 arasında xx.xx.2002-ci il tarixdə 248 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları Cavabdeh1 yanında qalması, 18 iyun 2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh2 Fərhad oğlundan tutulub Cavabdeh1 ödənilməsi qət edilmişdir.

7. Cavabdeh2 ilə Cavabdeh1 arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə qeyd aparılmışdır.

8. Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə notarial təsdiqli müqavilə bağlanmış, Cavabdeh2 birgə nikah dövründə əldə olunan ünvan 5 ünvanında yerləşən mənzilin satışından əldə olunan 15 732,07 manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh1 ödəməyi, Cavabdeh1 isə nikah dövründə əldə olunmuş avtomobillərə dair iddia irəli sürməyəcəyini və xx.xx.2003-cü il təvəllüdlü X5 üçün aliment ödənişi tələb etməyəcəyini öhdəsinə götürmüşdür.

9. Cavabdeh2 tərəfindən 15 732,07 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh1 ödənilmişdir.

10. Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 6 saylı Mənzil İstismar sahəsininin Bakı Qarnizonu MİH-nə ünvanlanan xx.xx.2023-cü il tarixli 156 saylı arayışında göstərilmişdir ki, ünvan 4 ünvanında Cavabdeh1 və X5 yaşayırlar.

11. Cavabdeh2 Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs kimi pensiyaya çıxmışdır, 1048,56 manat pensiya alır.

12. Cavabdeh1 adına Respublika ərazisində daşınmaz əmlak qeydə alınmamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi (iddiaçı) Cavabdeh1 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ünvan 7 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti sahədən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarıxli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahli Quvvələnndə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"yə əsasən həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mulki işçilərin) himayəsində olan şəxslər) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Buna uyğun olaraq ehtiyatda olan baş miçman X6 12 fevral 2006-cı il tarixdə ünvan 8 ünvanında Mudafiə Nazirliyinin mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 fevral 2020-ci tarixli 023 gm nömrəli əmri ilə Cavabdeh2 “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, ehtiyata buraxıldıqdan sonra Mudafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil- İstismar hissəsinə ərizə ilə müraciət edərək, ünvan 7 ünvanında yerləşən Mudafiə Nazrlıyının mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsinın ondan təhvil alınmasını xahış etmişdir. Lakin həmin xüsusi təyinatlı yaşayış sahəsində məskunlaşmış X1 həyat yoldaşı X7 xidməti yaşayış sahəsini Müdafiə Nazırliyının mənzil fonduna təhvil verməsi üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir.

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddianın əsassız olduğunu bildirmişdir.

16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 izahatında bildirmişdir ki, Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət ərzində xx.xx.2006-cı ildə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 21 ünvanında yerləşən “Niva” yataqxanasında xidməti yaşayış sahəsi (otaq №4) ilə təmin olunmuşdur, hazırda ehtiyata buraxıldığı üçün ünvan 2 ünvanındakı mənzili təhvil vermək istəyir. Lakin həmin evdə birinci ailəsi yaşadığına görə evi təhvil verə bilmir, birinci həyat yoldaşından boşanmışdır və boşanma ərəfəsində birinci ailəsini ünvan 3 ünvanında yerləşən evlə təmin etmişdir. Cavabdeh1 boşanma zamanı P.Həşimov küçəsi 21, ev 4 ünvanındakı mənzilə yığışmışdır və evi təhvil verməyinə maneçilik törədir. Mənzili təhvil vermək istəyir, lakin cavabdeh buna mane olur, mənzilin təhvil verilməsi ilə bağlı hətta müvafiq quruma ərizə ilə müraciət edərək xidməti yaşayış sahəsinin ondan geri alınmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi həqiqi hərbi xidmətdə olan və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları üçün nəzərdə tutulduğundan, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılan Cavabdeh2 xidməti yaşayış sahəsinin ondan təhvil alınması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdiyindən, Cavabdeh1 Müdafiə Nazirliyi ilə əmək münasibətləri olmadığından və həmin xidməti yaşayış sahəsinə heç bir mülkiyyət hüququ əldə etmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, bu da cavabdehin ünvan 10 ünvanında yerləşən xidməti yaşayış sahəsindən çıxarılması üçün əsasdır.

19. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1-ci, 157.2-ci, 178.1-ci, 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanunla qüvvədən düşmüş Mənzil Məcəlləsinin 4-cü, 5-ci, 93-cü, 100-cü, 101-ci və 105-ci maddələrinə istinad etmişdir.

20. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, cavabdehin keçmiş həyat yoldaşı Cavabdeh2 iddiaçı ilə əlbir olub cavabdehi və uşaqlarını mənzildən çıxarmaq istədiyini, mənzilin iddiaçının mülkiyyətində olduğunun sübuta yetirilmədiyini nəzərə almadığı, cavabdehin maddi imkanlarını və ailə vəziyyətini araşdırmadığı, mənzilin təmirinə və abadlaşdırılmasına xərclər çəkdiyinə əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

22. Məhkəmə iclaslarında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

23. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, niyyəti keçmiş həyat yoldaşının və uşaqlarının evdən çıxarılması deyil, sadəcə olaraq keçmiş hərbçi kimi kirayə pulu ala bilməsi üçün həmin evi təhvil verməlidir.

24. Apellyasiya baxışı zamanı ünvan 1 ünvanında yerləşən N saylı mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olduğunu təsdiq edən məxfi qrifli sənədlər, o cümlədən mənzilin Cavabdeh2 istifadəsinə ayrıldığını təsdiq edən N saylı hərbi hissənin xx.xx.2006-cı il tarixli 1 nömrəli protokolu tədqiq olunmuş, həmin hallar müəyyən edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə 4. Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir.

27. Maddə 5. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.

28. Maddə 93. Həqiqi hərbi xidmətdən istefaya və ya ehtiyata buraxılanlar - SSRİ Silahlı Qüvvələrinin zabitləri, praporşikləri və miçmanları, müddətdən artıq xidmətdə olan hərbi qulluqçuları və onlara bərabər tutulan şəxslər, habelə onlarla birlikdə yaşayan şəxslər hərbi şəhərciklərdəki yaşayış sahələrindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. SSRİ Silahlı Qüvvələri ilə əlaqəsi kəsilmiş başqa şəxslər də hərbi şəhərciklərdən eyni qaydada çıxarılırlar.

29. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

30. Maddə 101. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər.

31. Maddə 105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİni müdafiə edərkən, yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində, yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən, yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.

“Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanun

32. Maddə 12 (1-ci hissə). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.

33. Maddə 12 (2-ci hissə). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Kollegiya ilk növbədə qeyd edir ki, baxılan iş üzrə iddiaçı inzibati orqan olsa da, cavabdeh fiziki şəxsdir və tərəflər arasında mübahisə əvvəllər iddiaçı ilə xidməti münasibətlərdə olmuş, lakin hazırda həmin münasibətlərinə xitam verilmiş şəxsə hərbi xidmətlə bağlı ayrılmış xüsusi təyinatlı mənzildən cavabdehin çıxarılması ilə bağlıdır.

42. Xüsusi təyinatlı mənzillərin ayrılması və həmin mənzillərlə bağlı sosial kirayə müqavilələrinə xitam verilməsinə dair müəyyən məsələlərin inzibati orqanların publik hüquq münasibətlərindən irəli gələn səlahiyyətləri ilə əlaqədar olması istisna edilməsə də, ümumilikdə xüsusi təyinatlı yaşayış sahələrinin ayrılması, onların istifadə edilməsi, bununla bağlı sosial kirayə müqavilələrinə xitam verilməsi, həmin yaşayış sahələrinin boşaldılması qaydaları hazırkı mübahisənin halları baxımından qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir.

43. İddia ərizəsində də iddiaçı, cavabdehin keçmiş həyat yoldaşı ilə xidməti hüquq münasibətlərinə xitam verildiyinə, onun ərizəsinə əsaslanaraq və aralarında bağlanmış sosial kirayə müqaviləsinə xitam verilmiş hesab edərək, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 91-ci, 92-ci və 103.3-cü maddələrinə istinadla cavabdehin mənzildən çıxarılmasını tələb edir.

44. Göründüyü kimi, baxılan iş üzrə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onlar arasındakı mövcud münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyil.

45. İPM-in 8.1.3-cü maddəsinin mübahisəyə tətbiq olunub-oluna bilməməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin normaya əsasən inzibati orqanla sabiq hərbi qulluqçu arasında yaranmış hüquq münasibətləri o halda inzibati hüquq münasibətləri kimi xarakterizə oluna bilərdi ki, həmin münasibətlər əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri (misal, ödənilməmiş əmək haqqının, yaxud məzuniyyət pulunun ödənilməsi, məlumat vərəqəsinin verilməsi və ya aidiyyəti quruma göndərilməsi və sair) ilə bağlı olsun. Lakin işdən müəyyən edilir ki, cavabdehin keçmiş həyat yoldaşının hərbi qulluqçu kimi xidmətinə xitam verildiyindən o, hazırda hərbi qulluqçu statusuna malik deyil, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi isə qulluqda qalma müddətlərini əhatə edir. Başqa sözlə, iddiaçının cavabdehə yönəltdiyi tələb artıq hərbi qulluqçu statusu olmayan fiziki şəxsin keçmiş həyat yoldaşının yaşadığı xidməti mənzildən çıxarılması ilə bağlıdır ki, bu hal da İPM-in 2.1-ci maddəsi ilə təsbit olunan "Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” qaydasına istisna təşkil etmir.

46. Bu baxımdan hazırkı iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə müvafiq olaraq xitam verilməsi üçün əsas olmamışdır.

47. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

48. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

49. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehin keçmiş həyat yoldaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin miçmanı olmuş, o, hərbi xidmətdən buraxıldığı zaman ona ayrılmış mənzili təhvil vermək istəsə də, cavabdeh mənzili boşaltmamışdır.

50. Cavabdehin keçmiş həyat yoldaşına xidməti mənzil xx.xx.2006-cı il tarixdə verildiyindən, iddia tələbinin qanuni əsası kimi xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 93-cü (§ 28) maddəsi nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, həmin maddi hüquq normasının tətbiqini istisna edən halların (§ 31) mövcud olmadığı təqdirdə iddianın təmin olunması mümkündür.

51. İşin hallarından görünür ki, keçmiş hərbçi olan Cavabdeh2la cavabdeh boşanmışlar və birlikdə yaşamırlar, eyni zamanda Cavabdeh2 özü də xidməti yaşayış sahəsindən çıxarılması qadağan olunan kateqoriya şəxslərdən deyildir.

52. Bu baxımdan kollegiyanın qənaətinə görə, cavabdehi “xidməti yaşayış sahəsindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilən şəxs” kimi qiymətləndirmək hüquq normasının həddindən artıq geniş təfsiri olardı.

53. Başqa sözlə cavabdehə münasibətdə, xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 93-cü maddəsinin tətbiqini istisna edən hal mövcud deyil.

54. Birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-448/202N saylı iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar