Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2539/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4435/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ona məxsus olan evi Cavabdeh kirayə müqaviləsi əsasında vermişdir. Hazırda İddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmalarını, ödədiyi kirayə pulu və dövlət rüsumunu cavabdehdən alınıb ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3340 manat kirayə pulunun, 154 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi və Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev-22A, mənzil-34-dən (AZ1102 ünvan 2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev-22A, mənzil-34 (AZ1102 ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı həmin mənzilini Cavabdeh xx.xx.2013-cü il tarixdə müqavilə bağlamadan kirayə vermişdir. Kirayə müqaviləsini xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişdir. Səbəb isə cavabdehin iddiaçıya “kirayə müqaviləsini bağla, pulu ödəyim” deməsi olmuşdur. İddiaçı cavabdehlə müqaviləni rəsmiləşdirmək istəmiş, lakin hər dəfə cavabdehə zəng vuranda “alacaqlarım var, alıb, verəcəm” demişdir. İddiaçı mənzilini kirayə verib ki, borclarını hər ay alıb, ödəsin. Cavabdehin iddiaçıya kirayə pulunu ödəməməsi iddiaçının vəziyyətini pisləşdirmişdir. İddiaçı aldığı borcu məcbur olub gecikdirdiyi üçün faizlə ödəyir. Cavabdeh iddiaçıya may ayından hazırki vaxta kimi kirayə pulunu vermir. İddiaçı cavabdehlə olan müqaviləsini pozmaq istəsə də və ona ödəmədiyi 2280 manat pulu tələb etsə də, cavabdeh mənzildən çıxmaq istəmir. Cavabdeh iki qızı ilə bir yerdə yaşayır. İddiaçı dəfələrlə onlara müraciət edərək mənzilini qızları ilə birlikdə tərk etmələrini desə də, onlar bu müraciətlərin heç birinə məhəl qoymayaraq evdən çıxmırlar. Ona görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı mənzili tərk etməsi üçün cavabdehə təklif də göndərmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, iddia ərizəsinin həcminin artırılmasını istədiyini, cavabdehin sentyabr, oktyabr aylarının da kirayə pulunu ödəmədiyini, 570 manatdan iki ayın ödənişinin 1140 manat etdiyini bildirib, cavabdehdən ümumilikdə 3420 manat kirayə pulunu, 100 manat dövlət rüsumunu tələb etməklə özü, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev-22A, mənzil-34dən (AZ1102 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə texniki düzəliş edərək, Cavabdeh 3910 manat kirayə pulunun, 154 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi və Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev-22A, mənzil-34-dən (AZ1102 ünvan 2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4435/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3910 (üç min doqquz yüz on) manat kirayə pulunun alınaraq İddiaçı verilməsi və Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən 34 nömrəli mənzildən (Yeni qaydalarla: AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 8, M9, m4) çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 54 (əlli dörd) manat məbləğində pulun İddiaçı geri qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 34 nömrəli mənzili (Yeni qaydalarla: AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 8, M9, m4) şifahi razılaşma əsasında Cavabdeh kirayəyə vermişdir. Cavabdeh 2200 manat məbləğində olan kirayə borcunu yazılı müqavilə olmaması əsası ilə iddiaçıya ödəməmiş, xx.xx.2023-cü il tarixdə tərəflər arasında notarial qaydada təsdiq edilməklə yazılı kirayə müqaviləsi bağlanmış, kirayə müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmiş və cavabdeh aylıq 570 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini icra etməmiş, iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, cavabdeh müqavilədən əvvəl və müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməmiş, kirayə müddəti bitməsinə baxmayaraq, mənzildən çıxma barədə tələbə əməl etməmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edən zaman iddiaçıya məxsus mənzildə iki qızı ilə birlikdə yaşadığını bildirmiş və yazılı ərizə təqdim edərək, iddiaçıya 3910 manat məbləğində borcunun olmasını etiraf edərək, dekabr ayının sonuna qədər evdən çıxmaq üçün vaxt istəmiş, hazırki məhkəmə iclasında da iddianı qəbul etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əvvəlcə şifahi, sonra isə yazılı əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuşdur. Hazırda müqavilədə kirayə üçün müəyyənləşdirilmiş müddət bitmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.4, 425.1, 425.3, 427.3, 442, 448.1, 675, 684.1, 685, 697; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 106.3, 106.4, 191.3, 220.4 77.1-ci, maddəsinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçının ona qarşı iddia tələbini qəbul edərək, müvəqqəti vaxt istəsə də, iddiaçı buna məhəl qoymamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə notarial qaydada kirayə müqaviləsi bağlanana qədər ona 2200 manat kirayə borcu mövcud olmuşdur, avqust, sentyabr, oktyabr aylarına görə 1710 manat borc mövcuddur və o, iddianı həmin hissələrdə qəbul edir. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4435/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini qismən qəbul edərək, ona möhlət verilməsini istəyir, buna görə də apellyasiya şikayətini məhkəməyə ünvanlayır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə təmin olunmuş hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrıayrı zaman hissələrinin sonunda ödənilir. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilmiş dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 119.5 kv.m olan mənzilin Cavabdeh kirayəyə verilməsi ilə bağlı müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış kirayə müqaviləsindən görünür ki, kirayə müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmiş, kirayəyə götürənin ( Cavabdeh) kirayəyə verənə (İddiaçı) 570 manat kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 22A, mənzil 34 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 119.5 kv.m olan mənzil) İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müqaviləni pozmaq və ailə üzvləri ilə birlikdə evdən çıxmaqla əlaqədar vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir Həmçinin iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə notarial qaydada kirayə müqaviləsi bağlanana qədər ona 2200 manat kirayə borcu mövcud olmuşdur. Avqust, sentyabr, oktyabr aylarına görə 1710 manat borcu mövcuddur və iddianı həmin hissələrdə qəbul edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının ona qarşı iddia tələbini qəbul etdiyini qeyd etdiyini, müvəqqəti vaxt istəsə də, iddiaçının buna məhəl qoymadığını bildirsə də nəzərə alınmalıdır ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ( Mülki Məcəllənin 425.1-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətin qayəsini heç də qətnamənin ləğvi deyil, həmin qətnamənin icrasını ləngitmək təşkil edir. Belə ki, o şikayətinin məzmununda aydın göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4435/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini qismən qəbul edərək, ona möhlət verilməsini istəyir, buna görə də apellyasiya şikayətini məhkəməyə ünvanlayır. Göründüyü kimi, apellyasiya şikayətini verilməsi formal olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini gec almasına hesablanmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4435/2023 saylı qətnaməsi təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov