Məhkəmə qərarları › İş №2(103)-254/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-254/2020

15.01.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-254/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X8 adına Milli Oftalmologiya Mərkəzinə qarşı “işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, bu mümkün olmadıqda etibarsız hesab olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abasov X6 Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə (Mərkəz) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzin 132/K nömrəli xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, bu mümkün olmadıqda əmrin etibarsız hesab olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 30 il işlədiyi Mərkəzin xx.xx.2018-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona daxili nizam-intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həmin əmrlə razı olmadığından onu məhkəmə qaydasında mübahisələndirmiş və xx.xx.2018-ci il tarixdə Mərkəzin rəhbərliyinə bu haqda məlumat verərək barəsində hər hansı hərəkətlərin dayandırılmasını xahiş etmiş, lakin X4 həqiqəti əks etdirməyən şikayət ərizəsinə əsasən araşdırma davam etdirilməklə xx.xx.2018-ci il tarixli 132/K nömrəli əmrlə heç bir qanuni əsas olmadan əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində sadalanan hallara yol verməmiş, heç kimə hər hansı formada ziyan vurmamış, əmrdə də işdən çıxarılmasının konkret səbəbi göstərilməmişdir; bu isə həmin Məcəllənin 84-cü maddəsinin tələblərinə ziddir. Həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələbləri pozularaq işdən azad edilməsinin zəruriliyi ümumiyyətlə əsaslandırılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X8 adına Milli Oftalmologiya Mərkəzinin nümayəndəsi (vəkili) X10 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Mərkəzdə “Uşaqlarda gözün patologiyası bölməsi”ndə “kiçik elmi işçi” olaraq fəaliyyət göstərən İddiaçı fəaliyyət müddəti ərzində dəfələrlə əmək müqaviləsindən və “Elmi işçinin vəzifə borcları” barədə Təlimat”dan irəli gələn öhdəliklərini pozduğuna görə intizam məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə ona xx xxxxxx 2018-ci il tarixində törətdiyi ciddi intizamsızlıq (müəssisənin mühafizə əməkdaşı ilə dalaşması ilə törətdiyi intizam pozuntusu) səbəbilə “sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət” verilmiş, iddiaçı həmin əmrin ləğvi ilə əlaqədar məhkəməyə müraciət etsə də, iddia tələbi təmin olunmamışdır. İddiaçı intizam məsuliyyətinə cəlb edilməsindən dərs çıxarmayaraq iş intizamını təkrar pozmuş, onunla olan əmək münasibətinin davam etdirilməsini imkansız hala gətirib çıxarmış, bundan sonra həmkarlar təşkilatının müvafiq razılığı əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı, xx.xx.2007ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən X8 adına Milli Oftalmologiya Mərkəzinin “Uşaqlarda gözün patologiyası bölməsinin kiçik elmi işçisi vəzifəsinə işə qəbul edilmiş, Mərkəzinxx xxxxxxx 2018-ci il tarixli 132/k saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrə əsas təşkil edən və X3 da ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli təqdimatda, həkim-oftalmoloq İddiaçı fəaliyyət müddəti ərzində dəfələrlə əmək müqaviləsindən və elmi işçinin vəzifə borcları barədə Təlimatdan irəli gələn öhdəliklərini pozduğuna görə intizam məsuliyyətinə cəlb edilməsi, son bir ay ərzində baş verən növbəti intizamsızlıqların və əmək funksiyasının icrası zamanı yol verdiyi kobud pozuntuların onunla olan əmək münasibətinin davam etdirilməsini imkansız hala gətirib çıxarması, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edildiyi qeyd olunmuş, bu qərara dair əsaslandırılmış rəy verilməsi Həmkarlar Təşkilatından xahiş edilmişdir. İş materiallarından aydın olur ki, X2 xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixdə töhmət, xx xxxxxx 2008-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx xxxxxx 2009-cu il tarixdə töhmət, xx xxxxxx 2011-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx xxx 2013-cü il tarixdə töhmət, xx xxxx 2013-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx xxxxxx 2018-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, sonuncu intizam tənbehi onun tərəfindən mübahisələndirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. İşin müəyyən olunan digər halına görə, Mərkəzin rezident-oftalmoloqu X1 Abasovun onunla qanunvericiliyə uyğun olmayan, kobud rəftarı ilə bağlı şikayət yazmış, həmin hadisə İddiaçı mühafizəçi Bəhman Dostuzadə ilə münaqişə yaşamasına və onunla əlbəyaxa olmasına görə ona xx xxxxxx 2018-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsindən qısa müddət sonra baş vermiş, məhz bundan sonra onun əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Fuad Abbasova əmək intizamını pozduğuna və işinə məsuliyyətsiz yanaşdığına görə dəfələrlə intizam tənbehi verilmiş, sonuncu dəfə verilən intizam tənbehi onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, lakin iddia tələbi təmin olunmamışdır. İşin yuxarıda sadalanan müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması, habelə əvvəllər də intizam tənbehi aldığı əsas götürülmüşdür. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1043/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar