Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2540/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2540/2023 (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-22/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 14 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan **-BK-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 8.800 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-BK- *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinə 14 may 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **- PZ-*** dövlət qeydiyyat nişanlı, “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 13.800 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə 13.800 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən sığorta şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli e-2(011)- 22/2023 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin təmin edilməsi, Cavabdeh vurulmuş zərərə görə 8.800 manat məbləğində sığorta ödənişi, 30.40 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, "xxxx" MMC-yə ödənilmiş 400 manat xidmət haqqı Cavabdeh özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1, 936.2, 1097.1, 1108.1, 1099.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə materiallara əlavə edilmiş qəza ilə bağlı foto şəkillərdən də göründüyü üzərə “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinin yalnız ön tərəfində müəyyən zədələr mövcuddur. Lakin bu zədələr həmin nəqliyyat vasitəsinin dəyərini əhəmiyyətli dərəcədə aşağı salacaq həcmdə deyildir. Belə ki, nəqliyyat vasitəsi üçün ön hissədə əsas maliyyət kəsb edən hissələr mühərrik, beyin, təkərlərin diskləri və s-dir. Lakin qəza zamanı bu hissələrin heç birinə zədə dəymədiyi halda "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin 75 %-i zədəli müəyyən edilmişdir. Real bazar dəyəri 24000 manat olan və yalnız ön tərəfində kifayət qədər əhəmiyyətli olmayan zərər müşahidə edilən nəqliyyat vasitəsi üçün necə ola bilər ki, 19555,15 manat həcmində zərər müəyyən edilsin? Həmçinin onu da qeyd edək ki, avtomobilə dəymiş zərərlə bağh "xxxx" ASC tərəfindən qiymətlər çıxarılsa belə, həmin məbləğlərin həqiqətən də ödənildiyinə, usta xərcinin çəkildiyinə dair heç bir qəbz məhkəməyə təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə baxışında iştirak edən cavabdehin nümyəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellysiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
12. Maddə 936.2. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
14. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
24. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 21 yanvar 2022-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin 26 may 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Skoda Rapid” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 18.832 manat müəyyən edilmişdir.
25. "xxxx" MMC tərəfindən 15 dekabr 2022-ci il tarixdə verilmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Rapid” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 15.840 manat təşkil edir.
26. Xüsusilə nəzərə almaq lazımdır ki, cavabdeh tərəf zərərin məbləğinin şişirdildiyini iddia etməsinə baxmayaraq, bunu təsdiq edən hər hansı sənəd təqdim etməmiş, beləliklə də, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; iddiaçı şirkətin isə sığortalıya məhz 13800 manat ödəmiş olduğu və bu məbləğin 5000 manat hissəsini zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən sığorta şirkəti tərəfindən ödənildiyi rəsmi sənədlərlə (ödəniş tapşırıqlar) öz təsdiqini tapır.
27. Qeyd olunanlara əsasən kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-22/2023 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova