Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2540/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi və işə bərpa tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-4718/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 31.08.2020-ci il tarixli 745 nömrəli əmək müqaviləsinə (kontraktı) əsasən işçi İddiaçı işəgötürən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Sərnişin Aviasiya Şirkəti X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndində işçinin sərnişinlərə yalnız növbə üzrə xidmət göstərilməsinə, növbədən kənar və yaxud qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol verilməməsinə nəzarət etməli olması onun əmək funksiyasının tərkib hissəsi hesab edilmişdir.
2. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 650/Ş saylı əmrinin ləğv edilməsi, onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi vəzifəsinə işə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı uzun müddətdir "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi vəzifəsində çalışmış və işlədiyi müddətdə tam qüsursuz fəaliyyət göstərmişdir. Lakin son dövrlərdə yeni rəhbərlik gəldikdən sonra müxtəlif bəhanələrlə işçiləri sıxışdırmağa başlamışdır. Heç bir əsas olmadan iddiaçıya töhmət verilmiş, daha sonra araşdırma nəticəsində guya müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X1 Daşımalarının Satışı İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi olaraq vəzifə təlimatının, eləcə də Əmək Müqaviləsinin 3.1- ci bəndində razılaşdırılmış əmək funksiyalarını kobud şəkildə pozaraq sərnişinlərə növbədən kənar, eləcə də qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol vermiş, işçilərin iş yerinə şəxsi pulları və şəxsi mobil telefonu ilə daxil olmasına mane olmamış, ATS-də qüvvədə olan tariflərin və yığımların düzgün tətbiq edilməsini göstərilmiş xidmətlərə görə ödənişin tam və düzgün alınmasına nəzarət etməmiş, bu kimi pozuntu hallarının baş verməsinə şərait yaratmışdır. Bu hərəkətlərilə İddiaçı "xxxx" QSC-nin maddi və mənəvi maraqlarını təmin etməmiş, şirkətin nüfuzuna və işinə zərər vuran hərəkətlərə yol vermişdir. Nəticə etibarilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "c" bəndini, 72-ci maddəsinin "e" bəndini və 80-ci maddənin 1-ci hissəsinə əsasən əmr verilərək "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi İddiaçı (tab.Z0476) əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək Əmək müqaviləsi üzrə öhdəliklərini yərinə yətirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Yuxarıda qeyd olunan pozuntu halları baş verməmişdir. Heç bir əsas olmadan formal olaraq sadalanmış və qeyd olunmuşdur ki, bu hərəkətlərilə İddiaçı "xxxx" QSC-nin maddi və mənəvi maraqlarını təmin etməmiş şirkətin nüfuzuna və işinə zərər vuran hərəkətlərə yol vermişdir. Lakin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğunu qeyd etməmişdir. Tamamilə formal heç bir əsası olmayan hallar sadalanmışdır.
5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-4718/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş insidentə görə araşdırma aparılan zaman "xxxx" QSC-nin əməkdaşlarından izahatlar tələb edilmişdir. "xxxx" QSC-də yerli xətlər üzrə agent X5 və Aviabiletlərin satışı üzrə agent X3 özlərinin xx.xx.2023-cü il tarixli izahatlarında İddiaçı tapşırığı ilə müxtəlif şəxslərə tələblərə uyğun olmadan bilet verdiklərini qeyd etmişlər. Eyni zamanda, İddiaçı xx.xx.2023- cü il tarixli izahatında Salmanova Lətifəyə ödənişsiz bilet yazmağa onun göstəriş verdiyini, müəyyən şəxslərdən mütəmadi olaraq whatsapp və digər vasitələrlə gələn sənədlərə əsasən sərnişinlər üçün bilet yazılmasının onun tərəfindən özbaşına və icazəsiz edilmədiyini, bununla bağlı şöbə rəhbəri Mahir Bəşirovun icazə verdiyini, ondan xəbərsiz kənar şəxslərlə iş qurmadığını, 10 gündən bir qeyd olunan yol ilə bilet satılan sərnişinlər haqqında Mahir Bəşirova qeydləri əsasında hesabat verdiyini qeyd etmişdir. Həmkarlar İttifaqının iclasında İddiaçı növbənin agenti Lətifə Babayevaya biletin yazılması ilə bağlı tapşırıq verdiyini və hər bir halda məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. İş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçının qeyri-qanuni əməlləri barədə cavabdehin işçiləri xx.xx.2023-cü ildə izahatlar vermiş, iddiaçı da həmin tarixdə bu əməllərini etiraf etmişdir. Beləliklə, iddiaçının qeyri-qanuni əməllər törətməsi cavabdehə xx.xx.2023-cü il tarixdə baş vermiş insidentlə bağlı aparılan araşdırma zamanı, məhz xx.xx.2023- cü il tarixdə məlum olmuşdur. Cavabdeh işəgötürən tərəfindən iddiaçıya (işçiyə) münasibətdə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsindən əvvəl xx.xx.2023-cü il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri verilmişdir. xx.xx.2023-cü il tarixli əmrin verilməsinə səbəb olan hal ilə xx.xx.2023-cü il tarixli əmrin verilməsinə səbəb olan hal birbaşa əlaqədar olmasa da, əmək müqaviləsinin ləğv edilməsinə dair əmr verilərkən şəxs barəsində qüvvədə olan sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrinin olması da onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə, 10-cu maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, 72-ci maddəsinin “e” bəndinə, 80-ci maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 2-ci hissəsinə, 190-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması, qanunvericiliyin şərhi və tətbiqi ilə zamanı bir sıra kobud səhvlərə yol verilmişdir. Belə ki, ilkin olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin intizam tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli 207 nömrəli əmrinin əsaslılığı barədə yanlış nəticəyə gəlinmişdir. Qeyd olunan əmr İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini nəzərdə tutur. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 650/Ş saylı əmri üçün əsas olmuş pozuntular üçün iddiaçının məsul olması araşdırılmamış, sadəcə bununla bağlı cavabdehin təqdim etdiyi sübutlara istinad olunmuşdur. Məhkəmə tərəfindən rəhbərin göstərişi ilə hərəkət etməsinin işçinin qeyri-qanuni əməllər törətməsi, digər əməkdaşlara da bu cür göstərişlər verməsi, əmək müqaviləsində və vəzifə təlimatında göstərilmiş vəzifə borclarını kobud surətdə pozması faktını təkzib etmədiyi qeyd olunsa da, həm iddiaçının, həm də cavabdeh qurumun digər əməkdaşlarının iş materiallarında olan izahatlarından görünür ki, iddiaçı da daxil olmaqla cavabdeh qurumun bütün əməkdaşları öz vəzifə öhdəliklərini əmək müqaviləsi, vəzifə təlimatı və digər müvafiq sənəd əsasında deyil, məhz rəhbər göstərişə uyğun olaraq yerinə yetirirlər. Göründüyü kimi, qeyd edilən hərəkətlər sözügedən qurumun işləmə prinsipi kimi bütün işçilər tərəfindən müxtəlif formalarda realizə olunmaqdadır. Buna görə də, qeyd olunan əsaslarla iddiaçı tərəfindən əmək funksiyalarının və öhdəliklərinin yetirilməməsi nəticəsinə gəlinməsi üçün müvafiq əsaslar mövcud olmamış, üstəlik, qeyri-adekvatlığı yuxarıda izah olunmuş xx.xx.2023-cü il tarixli intizam tənbehinə istinad olunmuşdur ki, bu da özlüyündə İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsindən söhbət getmədiyini bir daha təsdiq edir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, hazırkı işdə bərabərlik prinsipi pozulmuşdur. Cavabdeh orqanda bir şəxs axtarılırdı ki, bütün məsələlər onun üzərinə qoyulsun, işdən çıxarılsın, bu şəxs də iddiaçı oldu. İddiaçı kimisi biletsiz buraxa bilməz. Hava limanında giriş-çıxış qaydalarına ciddi nəzarət olunur,elə bir halda növbə rəisi özbaşına necə bilet sata bilər. Orada bilet tapmaq çox çətindir. Rəhbərliyin göstərişi olmadan heç kim özbaşına hərəkət edə bilməz. İzahatlar elə alınıb ki, sanki iddiaçının göstərişinə əsasən hərəkət edib, etiraz etməyiblər. İddiaçı sadəcə növbə rəisidir. Baş verən hadisədə iddiaçı o cür qarşılıq verməməli idi, sadəcə orqanda xaotik vəziyyət yaranmışdı. Rəhbərlik və işçilər arasında problemlər var idi. Sadəcə yekunda iddiaçının üzərində qaldı. Onlar töhmətlə də razı deyil. İddiaçı bugün həmin vəzifəni istəmir, sadəcə maddənin götürülməsini istəyir, hazırda iş tapmaqda çətinlik çəkir. İzahatlar da düzgün verilməyib, onlar göstərişə əsasən elə izahatlar veriblər əks halda, onlar da işdən çıxarıla bilərdilər. Bütün bunları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 186. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187. 2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işin halları ilə müəyyən edilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir.
20. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini, işə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin intizam tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli 207 nömrəli əmrindən görünür ki, həmin Cəmiyyətin Sərnişin X2 İdarəsi Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi İddiaçı ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsi Sərnişin Daşımalarına Nəzarət Xidməti nəzarət üzrə qrupun inspektoru X6 arasında iş saatları ərəfəsində mübahisə yaranmışdır. Mübahisə zamanı onlar sərnişinlərin qarşısında bir-biri ilə əlbəyaxa dava etmişdilər. İddiaçı bu hərəkəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin inzibati binalarda (ofislərdə) daxili intizam qaydaları haqqında 280 saylı, xx.xx.2010-cu il tarixli əmrin 1.3-cü bəndini pozmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir;
23. "xxxx" QSC-nin İnsan Resursları İdarəsi Konfiliktlərin idarə olunması və araşdırılması üzrə ekspert Vüqar İmanov tərəfindən QSC-nin vitse-prezidentinə J22253 nömrəli Bakı- Naxçıvan reysində baş vermiş insidentlə bağlı xidməti qeyd təqdim edilmişdir. Xidməti qeyddə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə H.Əliyev adına hava limanının 2-ci terminalında Azərbaycan Hava Yollarına məxsus J22253 nömrəli reyslə Bakıdan Naxçıvana uçan təyyarənin bortuna müvafiq aviabileti olmayan kənar şəxsin daxil olması ilə bağlı insident baş vermiş və bu barədə dispetçer xidmətindən məlumat daxil olmuşdur.
24. Yerli xətlər üzrə agent X5 "xxxx" QSC-nin vitse prezidentinə ünvanladığı xx.xx.2023cü il tarixli izahatında qeyd etmişdir ki, o, 13 mart 2018-ci il tarixindən Azərbaycan Hava Yolları” QSC-nin yerli xətlər üzrə agenti vəzifəsində çalışır. 26 iyul 2023-cü il tarixində baş vermiş hadisə ilə bağlı bildirir ki, saat 23:00 radələrində Naxçıvan reysi ilə uçmaq istəyən sərnişin qız üçün bilet almağa yaxınlaşmış və həmin qıza bilet yazdıqdan sonra baqajını götürmək üçün aşağı düşmüşdür. O, baqajı götürüb qeydiyyatdan keçirtmişdir. Sonra həmin sərnişin yaxınlaşıb özü üçün bilet almaq istəyən zaman qeydiyyatçı və təhlükəsizlik əməkdaşları yaxınlaşmışlar. O, sərnişinə bilet yazdıqdan sonra pulu tələb etmişdir. Həmin sərnişin və qeydiyyatçı bilet pulunun indi gətiriləcəyini bildirdikdən sonra sərnişin qeydiyyatdan keçmədiyi üçün qeydiyyatçı ona yaxınlaşmış və növbə rəisinə bildirmişdir ki, bilet qeydiyyatını ləğv etsinlər. Bu əməliyyatlara görə İddiaçı ona heç zaman əlavə ödəniş etməyib. Biletlərə görə İddiaçı hər zaman nağd şəkildə ödəniş etmişdir. O, bileti yalnız Ruslana vermişdir. O etdiyi hərəkətlərin hansı risk yaratmasını anlayır. Belə ki, burada adi vətəndaşlar üçün biletlərin əlçatan olmasının qarşısı alınır. Həmçinin, məsul şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əlavə qazanc əldə etmələrinə şərait yaradır. Mütəmadi olan bu qeyri-qanuni əməliyyatlara görə o, pul almamışdır. Səmimi etiraf etmək istəyir ki, bir neçə dəfə şəxsi tanışlarına bilet yazmağı ilə bağlı ona 5-10 manat civarında hörmət edilmişdir. O, etdiyi səhvi anlayır və səmimi etirafının nəzərə alınmasını xahiş edir. Bir daha fəaliyyətində nöqsanlara yol verməməyə söz verir.
25. Yerli xətlər üzrə agent X5 tərəfindən "xxxx" QSC-nin vitse-prezidentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli izahatında göstərdiklərinin doğru olduğunu təsdiq etmək üçün növbə rəisi İddiaçıla aralarında olan vhatsapp yazışmalarını, sərnişinlərin fərdi məlumatlarını, bilet alqısatqısına aid səs yazılarını könüllü olaraq araşdırma qrupuna təqdim edir. Vhatsapp yazışmaları 18 may 2021-ci il - 08 avqust 2023-cü il tarixlərini əhatə edir.
26. "xxxx" QSC Aviabiletlərin satışı üzrə agent X3 "xxxx" QSC-nin vitse-prezidentinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, 13 ildir ki, kassada işləyir. Onun vəzifəsinə Naxçıvan reysi üzrə biletlərin satışı, müştərilərdən ödənişin alınması və ləğv edilməsi aiddir. Bilet satışı zamanı sərnişinlər şəxsiyyət vəsiqəsini təqdim edərək bilet əldə edirlər. Lakin mütəmadi olaraq biletlərin başqa şəkildə də satışı həyata keçirilir. Belə ki, sərnişin yerinə kənar şəxs sənədləri təqdim edərək bilet alır. Şəxsi tanıdığı vətəndaşlar özləri gəlmədən müraciət edərək sənədi verməklə və şəklini vhatsappla göndərməklə həmin şəxslər üçün bilet yazır. Bu halda vətəndaşlar ona nağd ödənişi təqdim edirlər və o isə ödənişi edib bileti çatdırır. Bu cür hal ayda 3-4 dəfə baş verə bilər. O, biletlərin üzərinə heç bir vəsait qoymur. Tanıdıqları şəxslər şirinlik olaraq ona hörmət edirlər. Üçüncü hal üzrə növbə rəislərinin tapşırıqları əsasında onlar tərəfindən vhatsapp vasitəsilə göndərilən sənəd və şəkillərin əsasında bilet yazmış və bu halda növbə rəisləri ödənişi özləri vətəndaşların yerinə nağd şəkildə ona ödəyirlər. Biletin məbləğinin üzərinə hər hansı əlavə məbləğin qoyulması və bu sifarişlərin onlara kim tərəfindən verilməsi barədə onun məlumatı yoxdur. Həmin biletlərə görə növbə rəhbəri ona əlavə pul ödəmir. Bu sifarişlər ona növbə rəhbəri İddiaçı və Emil Azizadə tərəfindən daxil olur. O, qeyd olunan şəxslərin vatsap üzərindən yazışmalarını təqdim etməkdən imtina edir. Şəxsən özü bilet alveri ilə məşğul olmur.
27. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" QSC-nin birinci vitse-prezidentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatlardan görünür ki, fəaliyyətində yol verdiyi nöqsanlara bir daha yol verməyəcəyinə dair söz vermişdir.
28. Göründüyü kimi, iddiaçı tərəfindən fəaliyyətində yol verdiyi nöqsanlar etiraf edilmiş, bu halların təkrarlanmamasına söz verilmişdir.
29. Bundan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclası keçirilmiş və "xxxx" Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya Əmək müqaviləsi üzrə öhdəliklərini yərinə yətirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə birtərəfli şəkildə ləğv edilməsinə razılıq vermişdir.
30. İşin hallarından göründüyü kimi, iddiaçı barəsində intizam tənhehi 1 aylıq müddət ərzində tətbiq edilmişdir. Yəni xx.xx.2023-cü il tarixdə digər işçilərin və Ruslanın izahatı alınmış, xx.xx.2023-cü il tarixli əmrlə isə əmək müqaviləsinə xitam verilmişdir.
31. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-4718/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev