Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2541/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi, işə bərpa» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(006)-3894/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Karasu əməliyyat şirkətinə (bundan sonra, cavabdeh) qarşı «əmrin ləğvi, işə bərpa» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin onun işdən azad olunma barədə 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmrinin ləğv edilərək, əvvəlki işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən Karasu əməliyyat şirkətində çalışmış, son 15 il şirkətdə müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 2016-cı ilin may ayından şirkətinə Baş mexaniki vəzifəsində işləyirdi. İşlədiyi bütün dövrlərdə şirkətin daxili qaydalarına əməl etmiş, rəhbərliyin tapşırıqlarını və digər istehsalat öhdəliklərini vaxtında və texniki təhlükəsizlik qaydalarına uyğun olaraq yerinə yetirmişdir. Yeni avadanlıqların öyrənilməsi və şirkətdə tətbiq edilməsi ilə bağlı 2005-ci ildə Kanada dövlətində 10 həftəlik treninqdə olmuşdur. Həmin dövrdən indiyə qədər şirkətin ona aid olan bütün sahələrində yeni avadanlıqların tətbiqi və istismarında fəal istirakçı olmuşdur. İşlədiyi müddət ərzində rəhbəri olduğu sahələrdə istehsalat qəzalarına yol verməmiş, bütün işlərin texniki təhlükəsizlik norma və qaydalarına tam şəkildə uyğun olaraq yerinə yetirilməsinə çalışmışdır. Lakin, 2020-ci ildə fevral ayının 10-da başqa departamentin (şöbənin) istismarında olan neft qızdırıcısının demontajı zamanı naməlum səbəblərdən qaz partlayışı olmuş və onun rəhbəri olduğu şöbənin nəzdindəki, təmir sexinin qaynaqçısı xəsarət almışdır. Bununla bağlı şirkət rəhbəri V.O.Davlyatovun 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilməklə işdən azad olunmuşdur. O, barəsində olan əmri qanunsuz hesab edir. Çünki, hadisədə onun təqsiri olmamış, əmək funksiyalarını pozmamış, barəsində obyektiv araşdırma aparılmamışdır. Birinci iddia ərizəsini 03 aprel 2020-ci il tarixdə Şirvan şəhər Məhkəməsinə poçt vasitəsilə göndərmiş, lakin Şirvan şəhər Məhkəməsi cavabdehŞirkətin Baş ofisinin Bakı şəhərində olmasını əsas gətirərək ərizəni qəbul etməmişdir. O, MPM-nin 36.7-ci maddəsini əsas tutaraq Şirvan şəhər Məhkəməsindən şikayət etmiş, şikayət ərizəsi Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin, sonradan onunla bərabər işdən çıxarılmış digər əməkdaşlar analoji iddia ərizələri ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdiklərindən, o da hazırki iddianı Nəsimi Rayon Məhkəməsinə vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(006)- 3894/2020 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı Əmək Müfəttişliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh təşkilat baş vermiş hadisə ilə bağlı obyektiv araşdırma aparmamış, yalnız Əmək Müfəttişliyinin natamam təhqiqat aktına əsaslanaraq iddiaçının işdən azad olunması barədə müvafiq əmr vermişdir. Halbuki, hadisədən sonra Şirvan şəhər Prokurorluğundan cinayət təqibi başlanmış, ətraflı araşdırma aparılmış, şahidlər dindirilmiş, ekspertizalar təyin olunmuş, nəticədə cinayət hadisəsinin olmaması əsası üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə 29 aprel 2020-ci il tarixli qərardan da aydın görünür ki, hadisədə iddiaçının hər hansı əmək funksiyasını və ya əməyin təhlükəsizliyi qaydasının pozulması halı müəyyən olunmamışdır. Əks halda, iddiaçının barəsində Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıla, ona müvafiq ittiham elan oluna bilərdi. Hesab edir ki, cavabdeh təşkilat cinayət təqibinin nəticəsini gözləməli idi. Sonuncu isə hər hansı obyektiv araşdırma aparmadan, tələm-tələsik əmr qəbul etmiş, nəticədə iddiaçının əmək hüquqları kobudcasına pozulmuşdur. Hesab edir ki, cavabdehin iddiaçı barəsində olan 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata oxşar, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən hadisədən sonra Şirvan şəhər Prokurorluğundan cinayət təqibi başlanmış, şahidlər dindirilmiş, ekspertizalar təyin olunmuş, nəticədə cinayət hadisəsinin olmaması əsası üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh şirkətin nümayəndələri də cinayət təqibində iştirak etmiş, araşdırmadan məlumatlı olmuşdur. Lakin, daha əvvəl Əmək Müfəttişliyinin müvafiq araşdırması olduğundan və təhqiqat aktı təqdim olunduğundan iddiaçının və digər aidiyyəti şəxslərin işdən azad olunması barədə əmr qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə (Əmək Müfəttişliyi) rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşdə olan 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmrin surətindən görünür ki, Baş mexanik İddiaçı ilə bağlanmış 01 aprel 2019-cu il tarixli 0109 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 04 mart 2020-ci il tarixdə xitam verilmişdir. Həmin əmrdən görünür ki, əsas kimi - X3 aktına və Daxili komissiyanın 12 fevral 2020-ci il tarixli aktına istinad olunmuşdur. Mübahisələndirilən əmrdən və X3 aktından görünür ki, 10 fevral 2020-ci il tarixdə saat 15.40 radələrində Kayman Adalarının Cavabdehın cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X6 iş zamanı xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Bədbəxt hadisə Şirkətin Aşağı Mişovdağ sahəsində neftin hazırlanması və nəqli sexinin ərazisində yerləşən YQ-2M (PP-2M) markalı yol qızdırıcısının ilanvari borusunda yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qızdırıcının qabaq köynək hissəsində yerinə yetirilən qazla kəsmə zamanı əmələ gəlmiş partlayış nəticəsində baş vermişdir. Bədbəxt hadisənin səbəbləri kimi, həmçinin İddiaçı tərəfindən “Baş mexanikin vəzifə təlimatı»nın 2-ci (Vəzifə öhdəlikləri) bölməsinin 10-cu (avadanlığın təmiri və istismarı zamanı təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və ... nəzarət edir) və 24-cü (avadanlığın təmiri və onların işlək vəziyyətdə qalmasını həyata keçirən şirkətin bölmələrinin işlərinə rəhbərlik edir) absazlarının tələblərinə əməl ediliməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən göstərmişdir ki, Şirkətdə istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. İddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddiaçı öz əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətmişdir ki, qeyd olunan hallar müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkətlər hesab edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ümumi sözlərlə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini və əmək vəzifələrini pozmasını qeyd etmiş, lakin pozuntunun xarakterini və konkret olaraq nədə ifadə olunmasını ümumiyyətlə göstərməmiş, qətnaməni əsaslanldırmamışdır. Məhkəmə yalnız hadisə ilə bağlı X3 aktının mövcudluğunu, bu səbəbdən də əmrin qanuni olmasını qeyd etməklə kifayətlənmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, həmçinin iddiaçının işdən azad olunması ilə bağlı cavabdehdən zəruri sənədləri tələb etməmiş, sonuncu isə belə sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. Halbuki, işdən görünür ki, baş vermiş hadisə ilə bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət təqibi başlanılmış, müvafiq araşdırma aparılmışdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, əmək qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmri ilə iddiaçı ilə bağlanmış 01 aprel 2019-cu il tarixli 0109 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 04 mart 2020-ci il tarixdə xitam verilmiş, əmrin verilməsinə əsas kimi - X3 aktı və Daxili komissiyanın 12 fevral 2020-ci il tarixli aktı göstərilmişdir. X3 aktında isə baş vermiş hadisədə iddiaçı tərəfindən «Baş mexanikin vəzifə təlimatı»nın 2-ci bölməsinin 10-cu və 24-cü absazlarının tələblərinə əməl ediliməməsi göstərilmişdir. Halbuki, hadisədən sonra Şirvan şəhər Prokurorluğundan cinayət təqibi başlanmış, araşdırma aparılmış, şahidlər dindirilmiş, ekspertizalar təyin olunmuş, nəticədə cinayət hadisəsinin olmaması əsası üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan «Cinayət işi üzrə icraata xitam verilməsi haqqında» 29 aprel 2020-ci il tarixli qərarla müəyyən olunmuşdur ki, 08 fevral 2020-ci il tarixdə Mərkəzi Mühəndislər Xidmətinin rəis müavini Xalid Rzazadə X2raşdırılmış PP-2M markalı yol qızdırıcısında nasazlıq olduğundan təlimata uyğun olaraq neftin hazırlanması sexinin rəisi Şaiq Vəliyevə və vitse-prezident Vladimir Navozova məlumat vermiş, 08 fevral 2020-ci il tarixdə qızdırıcıda olan ilanvari borularda dəlik olduğu müəyyən edilmiş, bununla bağlı X10 Fərmanova yerində işi araşdırıb, nasazlığın nədən qaynaqlandığını müəyyən etməklə işlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması barədə göstəriş vermiş, Azad Fərmanov tərəfindən işin aparılması Şaiq Vəliyevə həvalə olunmuş, 10 fevral 2020-ci il tarixdə Neftin hazırlanması sexinin rəisi Şaiq Vəliyev qızdırıcının yuyulmasını sexin baş ustası Qüdrət Əhmədova tapşırmış, Qüdrət Əhmədov operator Nurəddin Həsənov ilə birlikdə ilanvari boruya təzyiqlə şirin su vurmuş, təxminən günorma saatlarına qədər 1-ci yuma əməliyyatını həyata keçirmiş, yuyulma zamanı borudan ilk əvvəl açıq rəngli su, daha sonra isə təmiz su axmış, təxminən saat 13.00 radələrində qızdırıcının yanına texnika gəlmiş, oğlu işlərin aparılması üçün icazənamə tərtib olunmuş, oğlu işlərin görülməsinə icazə verilmiş, Şaiq Vəliyev və mühəndis Vüqar Abıyev qızdırıcının müxtəlif yerlərindən qızdırıcıda qaz analizatoru ilə qaz olub-olmadığını yoxlamış və həmin vaxt qaz aşkar olunmamış, detektorda nasazlıq olub-olmadığını müəyyən etmək üçün alışqanın qazını detektora tutmuş, detektor siqnal verdiyindən yenidən qaz analizatoru ilə yoxlanış olunmuş, bundan sonra şirkətin baş mexaniki İddiaçı işə başlanılmasına tapşırıq vermiş, işə başlanılmış, ilanvari boruların giriş çıxışları kəsilərək kənara qoyulmuş, tüstü bacası sökülmüş, qızdırıcının ön lövhəsi ilanvari boruya birləşən hissədə qaz qaynaqçı Ayaz Cəfərov tərəfindən qaz-kəsici ilə kəsməyə başlanılmış və bu zaman partlayış baş vermişdir. Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası üzrə 16 aprel 2020-ci il tarixli 10/314 saylı ekspert rəyindən də görünür ki, Qarasu Əməliyyat Şirkətinin X11 Kompleks hazırlanması sexində Aşağı X9 neft qızdırıcısında baş vermiş partlayışın səbəbi qurğu daxilində qaz-hava qarışığının alışması olmuşdur. Nəzərə alaraq ki, neft qızdırıcısında təmir işlərinin aparılmasından əvvəl nəzərdə tutulmuş təhlükəsizlik tədbirləri görülmüşdür, o cümlədən neft qızdırıcısının daxili iki dəfə su ilə yuyulmuş və əsasən də, qaz-qaynaq işlərinin görülməsindən öncə, qurğunun daxili mühiti qaz detektoru vasitəsilə yoxlanılmış və qazın olması aşkar edilməmişdir, baş vermiş hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Odur ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyasının sorusuna cavab olaraq göndərilmiş Şirvan şəhər Prokurorluğunun 12 mart 2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, «Cinayət işi üzrə icraata xitam verilməsi haqqında» 29 aprel 2020-ci il tarixli qərar ləğv edilməmiş və qüvvədədir. Həmçinin, məktuba əlavə olunmuş, cinayət təqiibi zamanı alınmış «Əməyin təhlükəsizliyinin tədqiqi ekspertizası»nın 16 aprel 2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqi zamanı aşağıdakılar müəyyən olunmuşdur: - Qarasu Əməliyyat Şirkətinin X11 Kompleks hazırlanması sexində Aşağı X9 neft qızdırıcısında baş vermiş partlayışın səbəbi qurğu daxilində qaz-hava qarışığının alışması olmuşdur. - Nəzərə alaraq ki, neft qızdırıcısında təmir işlərinin aparılmasından əvvəl nəzərdə tutulmuş təhlükəsizlik tədbirləri görülmüşdür, o cümlədən neft qızdırıcısının daxili iki dəfə su ilə yuyulmuş və əsasən də, qaz-qaynaq işlərinin görülməsindən öncə, qurğunun daxili mühiti qaz detektoru vasitəsilə yoxlanılmış və qazın olması aşkar edilməmişdir, baş vermiş hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, cinayət təqibi orqanının cinayət hadisəsinin olmaması, baş vermiş hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulmaması barədə qüvvədə olan qərarı vardır və həmin qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cinayət təqibi zamanı isə baş vermiş hadisədə iddiaçı tərəfindən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının, qüvvədə olan normativ aktların tələblərinin pozulması hallarının mövcudluğu müəyyən olunmamışdır. Cavabdeh isə hadisə baş verdikdən sonra tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, həmçinin cinayət təqibinin nəticəsi gözləmədən (Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işçi bu müddət ərzində işdən kənar edilə bilərdi) iddiaçı barəsində mübahisələndirilən əmr qəbul etmiş, eyni zamanda əmri əsaslandırmamışdır (əmri ümumi sözlərlə əsaslandırmağa çalışmış, pozuntunun konkret olaraq nədən ibarət olması göstərilməmişdir). Həmçinin, məhkəmə kollegiyasının vaxt verməsinə və bu səbəbdən də məhkəmə iclasını təxirə salmasına baxmayaraq cavabdeh tərəf əmrin verilməsinə əsas olan araşdırma materiallarını (həmçinin,daxili araşdırma materiallarını) da məhkəməyə təqdim etməmiş, yalnız Əmək Müfəttişliyinin tədqiqat aktının mövcudluğunu qeyd etməklə kifayətlənmişdir. Halbuki, Əmək Müfəttişliyinin işdə olan tədqiqat aktından da görünür ki, orada iddiaçının təqsiri ümumi formada, təlimatın bir-neçə bəndinə ümumi istinad etməklə göstərilmiş, konkretləşdirilməmişdir. Beləliklə, işdə olan sübutlarla, həmçinin qanuni qüvvədə olan cinayət təqibi orqanın qərarı ilə iddiaçının baş vermiş hadisədə təqsirinin (əməyin mühafizə qaydalarının pozulması və s.) olması müəyyən edilməmişdir. Cavabdeh əmrin qanuniliyini təsdiq edən halları əsaslandıra və sübut edə bilməmişdir. Bu hal isə özü-özlüyündə mübahisələndirilən əmrin ləğvinə tam əsasdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı, işdən görünür ki, iddiaçı vaxtında işə bərpa barədə idda ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməməsi əsası ilə qaytarılmış (halbuki, iddiaçı işə bərpa barədə iddianı MPM-nin 36.7-ci maddəsinə əsasən özünün yaşayış yeri üzrə verməkdə haqlı olmuşdur), iddiaçı qərardaddan şikayət vermiş, şikayət təmin olunmayaraq baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, işə baxılan zamanı iddiaçı hazırki iddia ərizəsini cavabdehin rəsmi ünvanı üzrə Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi isə iddianın təmin olunmaması nəticəsinə gələrkən, işin qeyd edilən hallarına tam, obyektiv və hərtərəfli hüquqi qiymət verməmiş, onları araşdırmamışdır. Halbuki, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına müdaxilə baş verməsi halı müəyyən edilmişdir. Bu səbəbdən də, əmr iddiaçıya aid hissədə ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmalı, iddiaçının işdən azad olunma haqqında cavabdehin 03 mart 2020-ci il tarixli, 02XOK nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi, işə bərpa» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(006)-3894/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasi şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(006)-3894/2020 saylı qətnaməsi ləğv edilsin, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2541/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2541/2021
13.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver