Məhkəmə qərarları › İş №2(103)-2541/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2541/2025

20.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2541/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət X6 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli qətnamədən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X1 və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, əvvəlcə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 338/K nömrəli əmrin ləğv edilməsi və onu Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə işə bərpa edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı, “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi qeyd edilən Xətai Rayon Sukanal İdarəsinin əsl cavabdeh ilə - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 ilə əvəz edilməsini, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi işburaxma dövrü ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi, ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 500 manat, habelə mediasiya prosesinə görə çəkdiyi xərcin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdeh Xidmətdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2022-ci il tarixindən Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixli əmr ilə onunla bağlanmış “Əmək müqaviləsinə” X11 təsdiq edilmiş strukturu və ştat vahidi ixtisar edildiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə) bəndinə əsasən xitam verilmişdir. İddiaçı bildirir ki, X5 İttifaqı Respublika Komitəsi tərəfindən keçirilmiş yığıncaqda iştirak etməmiş, hətta bu barədə xəbərdarlıq belə almamışdır. “Əmək müqaviləsinə” onun xəbəri olmadan xitam verilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, “Əmək müqaviləsinə” xitam verilmənin əsası kimi “ştat vahidinin ixtisarı” göstərilsə də, iddiaçının işləmiş olduğu vəzifə hal-hazırda yeni qurumda struktur olaraq ştat vahidi kimi yerindədir və iddiaçıda olan məlumata görə həmin vəzifəyə başqa şəxs təyin olunmuşdur. Göründüyü kimi mübahisələndirilinə əmr qanunsuzdur. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

4. Cavabdeh Xidmət iddia tələbinə qarşı etiraz verərək, etirazda bildirmişdir ki, Azərbaycan Dövlət X6 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X11 strukturuna daxil olan qurumların ştat vahidlərinin sayı X11 İdarə Heyətinin sədrinin “X11 fəaliyyətinin təşkil haqqında” xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri və “Əmrə 1 nömrəli əlavə” ilə təsdiq edilmişdir. Bundan sonra Xətai rayon Sukanal İdarəsi tərəfindən həmin İdarənin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri olan hazırkı iş üzrə iddiaçıya 13-16-5-2/2-03-289/2024 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişlə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmiş və bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftədən sonra ləğv ediləcəkdir. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” cavabdeh Xidmətin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 338-K əmr ilə xx.xx.2024-cü il tarixindən ləğv edilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə İdarə tərəfindən Abonentlərlə iş şöbəsinin faturalama qrupuna su kəmər təsərrüfatında nəzarətçi vəzifəsi təklif edilmiş, lakin o, təklif ilə razılamamış, buna görə də, bu barədə akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçı tərəfindən mübahisələndirilən əmrin ləğv edilməsini, iddiaçının işə - əvvəlki vəzifəsinə bərpa edilməsini, iddiaçının işdən azad olunduğu tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək olan müddət üçün əmək haqqının, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat və mediasiya prosesinə görə iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdeh Xidmətdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddia tələbinin əsassız olmasını bildirsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” əsassız olaraq xitam verilmişdir. Buna görə də, “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdehin əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və iddiaçının işdən azad olunduğu tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək olan müddət üçün əmək haqqı cavabdeh Xidmətdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” əsassız olaraq xitam verilməsi, bunun nəticəsi olaraq iddiaçının işdən qanunsuz olaraq azad edilməsi faktı öz təsdiqini tapdığından qəbul edilməlidir ki, iddiaçıya mənəvi zərər dəymişdir. Buna görə də, mənəvi zərərin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddiaçı iddia ərizəsində təklif etmişdir ki, cavabdehdən onun xeyrinə 500 manat məbləğində pul tutulsun. Məhkəmə hesab edir ki, həmin məbləğ ağlabatan həddədir. Buna görə də, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat məbləğində pul cavabdeh Xidmətdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ilə cavabdeh Xidmət arasında yaranmış mülki mübahisənin kökündə əmək münasibətləri dayanır. Bu səbəbdən də, iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesinə iştirak etmək və bu zaman 60 manat məbləğində xərc çəkmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışının nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia tələbi əsaslıdır. Bu səbəbdən həmin xərc cavabdeh Xidmətə aid edilməlidir. Buna görə də həmin xərcin əvəzi olaraq 60 manat məbləğində pul cavabdeh Xidmətdən tutularaq iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh Xidmət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Cavabdehin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, işə baxmış Xətai Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını da pozmuş, ərazi aidiyyəti Yasamal Rayon Məhkəməsinə aid olan mülki işə baxmışdır. Belə ki, təmsil etdiyi cavabdeh X11 ünvanı Bakı şəhərinin Yasamal rayonuna aiddir.

10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə məzmununa uyğun uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərindən bəlli olur ki, iddiaçı, onunla "xxxx" ASC arasında bağlanmış “Əmək müqaviləsinə” əsasən xx.xx.2012ci il tarixdən "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının sonuncu vəzifəsi "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsi olmuşdur.

13. Azərbaycan Dövlət X6 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X11 strukturuna daxil olan qurumların ştat vahidlərinin sayı X11 İdarə Heyətinin sədrinin “X11 fəaliyyətinin təşkil haqqında” xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri və “Əmrə 1 nömrəli əlavə” ilə təsdiq edilmişdir.

14. Bundan sonra iddiaçıya 13-16-5-2/2-03-289/2024 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişlə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmiş və bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 həftədən sonra ləğv ediləcəkdir.

15. Bununla bağlı Xətai rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində X8 Həmkarlar İttifaqı Respublika Komitəsinə müraciət göndərilmişdir.

16. İş materiallarından görünür ki, İdarə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə Abonentlərlə iş şöbəsinin faturalama qrupuna su kəmər təsərrüfatında nəzarətçi vəzifəsi təklif edilmiş, lakin o, ona təklif olunmuş işdən imtina etmişdir. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (“işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası) xitam verilməsi barədə 338/K nömrəli əmr verilmişdir.

17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmişdir ki, işəgötürən, onunla işçi arasında bağlanmış əmək müqaviləsi bir neçə əsasla, o cümlədən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edə bilər (bənd “b”).

18. Lakin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai rayon Sukanal İdarəsinin qulluqçularının 2024-cü il üçün ştat cədvəlindən görünür ki, həmin İdarənin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis qrup rəhbəri ştatı mövcuddur.

19. Beləliklə də müəyyən edilir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası xitam verilsə də, iddiaçının işlədiyi vəzifə ixtisar edilməmişdir.

20. İşin qeyd edilən bu halına Əmək Məcəlləsinin yuxarıda qeyd edilən 70-ci maddəsinin “b” bəndinin tələbindən yanaşdıqda müəyyən edilir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” həmin əsasla ləğv edilməsi barədə əmr əsassızdır.

21. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələbinin mənasına görə isə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozmuşa, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul etməlidir.

22. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən həmin əmrin ləğv edilməsini, iddiaçının işə - əvvəlki vəzifəsinə bərpa edilməsini, iddiaçının işdən azad olunduğu tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək olan müddət üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur.

23. Bundan başqa, işə baxmış Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

24. Rayon Məhkəməsinin qeyd edilən bu yanaşmasının əsaslılığını yoxlayan Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin digər tələbinə görə, əmək mübahisəsini həll edən məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edərsə, qətnamədə, işəgötürən tərəfindən işçiyə vurulmuş zərərin məbləğinin ödənilməsini işçinin iddia tələbinə əsasən işəgötürəndən işçinin xeyrinə tuta bilər.

25. Əmək Məcəlləsinin 300-cü maddəsinin “qeyd” hissəsinin tələbinin mənasına görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işdən çıxarılması ilə əlaqədar işçınin məruz qaldığı zərərin məcmusu, o cümlədən işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyan başa düşülür.

26. Göstərilən normanın tələblərini nəzərə ala Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” əsassız olaraq xitam verilməsi, bunun nəticəsi olaraq iddiaçının işdən qanunsuz olaraq azad edilməsi faktı apellyasiya baxışının nəticəsi ilə öz təsdiqini tapmışdır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçıya mənəvi zərər dəymişdir. Buna görə də, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin müzakirə edilən mövqeyi əsasldır.

27. İddiaçıya dəymiş mənəvi zərərin əvəzinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə nəticəyə gəlmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə qət etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pul tutulsun.

28. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçının cavabdehdən onun xeyrinə tutulmasını təklif etdiyi həmin məbləğ ağlabatan həddədir və iş üzrə hər iki tərəfin həm əmlak, həm də bütün əsaslı mənafelərinə uyğundur.

29. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, mediasiya prosesinə görə iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir və bu səbəbdən də həmin xərcin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə, Rayon Məhkəməsinin bu nəticəsi ilə də razılaşır. Çünki iddiaçının müraciətinə əsasən ilkin mediasiya sessiyasını həyata keçirmiş Bakı 10 saylı Mediasiya təşkilatının verdiyi “İlkin mediasiya sessiayasında iştirak edilməməsi barədə” xx.xx.2024cü il tarixli arayışından görünür ki, hazırkı iş üzrə cavabdeh X12 ilkin mediasiya sessiyasının yeri və vaxtı barədə mediator tərəfindən lazımı qaydada məlumatlandırsa da, cavabdeh X11 buna səlahiyyəti olan vəzifəli şəxsi və ya nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, cavabdeh X12 isə bunun səbəbləri barədə mediatora məlumat verməmişdir.

31. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbinin mənasına görə, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

32. Apellyasiya şikayətində qeyd edilməsə də, cavabdehin nümayəndəsi apellyasiya baxışı iclasında bildirmişdir ki, hazırkı işə baxmış Xətai Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmuş, ərazi aidiyyəti Yasamal Rayon Məhkəməsinə aid olan mülki işə baxmışdır. Belə ki, təmsil etdiyi cavabdeh X11 ünvanı Bakı şəhərinin Yasamal rayonuna aiddir.

33. Bununla bağlı Məhkəmə qeyd edir ki, həqiqətən də, cavabdeh X11 ünvanı Bakı şəhərinin Yasamal rayonuna aiddir. Lakin nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı, ilk olaraq iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərkən, cavabdeh kimi iddia ərizəsində Xətai Rayon Sukanal İdarəsi qeyd etmişdir. Həmin iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildikdən sonra iddiaçı, “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi qeyd edilən Xətai Rayon Sukanal İdarəsinin əsl cavabdeh ilə - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 ilə əvəz edilməsini xahiş etmişdir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 44.1-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

35. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Xətai Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxılmasını davam etməkdə və iş üzrə yekun qərara qəbul etməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

36. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Dövlət X6 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar