Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2542/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Bakı Şəhəri 36 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: Daşınmaz əmlakın mülkiyyətdə olma faktı) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı Şəhəri 36 saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-693/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi maraqlı şəxs Bakı Şəhəri 36 Saylı Dövlət Notariat Kontoru cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evi və torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etmiş anası X3 mülkiyyətində olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyindən hüquqi əhəmiyyəti olan həmin hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.1978-ci il tarixdə vəfat etmiş, onun ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyatyanı torpaq sahəsi miras qalmışdır. Laçın rayonu Dövlət Notariat Kontorunda 412 № ilə reyestrdə qeyd edilmiş, xx.xx.1985-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamə"si əsasında ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyatyanı torpaq sahəsi anası X3 mülkiyyətinə verilmişdir. Anası xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, həmin fərdi yaşayış evi və onun altındakı həyatyanı torpaq sahəsi vərəsələrinə miras qalmışdır. Qeyd edilən əmlakla bağlı olaraq "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilməsi üçün Bakı şəhəri 36 saylı Notariat Ofisinə tərəfindən müraciət edilmişdir. Lakin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "xx.xx.2005-ci il tarixdə vəfat etmiş ananız X1 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edə bilmədiyiniz üçün xahişinizin təmin olunması imkan xaricindədir". Məlum hadisələrlə bağlı olaraq xx.xx.1992-ci il tarixdə Laçın rayonu düşmən tərəfindən işğal olunarkən onlar bütün sənədlərini, o cümlədən də yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlər işğal zonasında qaldığından həmin sənədləri götürmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət notariat arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, "Bildiririk ki, Laçın rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş notariat işləri arxivə təhvil verilməmişdir".
3. Məhkəmə iclasında Şahid1 və Şahid2 şahid qismində dindirilmişlər.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 693/2025 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) ərizə rədd edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, qeyd edilən daşınmaz əmlakla bağlı müəyyən sənədlər ərizəçinin atasının adına olmuş, o, vəfat etdikdən sonra vərəsəlik işi açılmış və ərizəçinin anasının adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən daşınmaz əmlakın ərizəçinin anasının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmadığı müəyyən edilmiş, bu cür sənədin əvvəllər mövcud olması sübuta yetrilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.8, 308, 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarına istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. Qətnamə ilə razılaşmayan ərizəçi ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin məhkəmədən tələb etdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etmiş anası X3 mülkiyyətində olması faktını təsdiq edən hüquqmüəyyənedici sənədləri yaşadığı Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunan zaman yandırıldığından və eləcə də həmin hüquqmüəyyənedici sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət notariat arxivinə və DƏDRX-nin arxivinə təhvil verilmədiyindən başqa qaydada ala bilməmişdir. Ərizəçi olaraq tələblərinin əsasını təsdiq edən birinci instansiya məhkəməsinə təqdim edilmiş və tədqiq edilmiş, Laçın rayonu Dövlət Notariat Kontorunda 412 № ilə reyestrdə qeyd edilmiş xx.xx.1985-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamə” və həmin şəhadətnamə əsasında daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmamasının səbəblərini təsdiq edən dövlət arxiv arayışlarına məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə onun gözləntisi olan mülkiyyət hüquqlarını və vərəsəlik hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, guya Məhkəmə araşdırması zamanı qeyd edilən daşınmaz əmlakın ərizəçinin anasının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmadığı müəyyən edilmiş, bu cür sənədin əvvəllər mövcud olması sübuta yetrilməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Laçın rayonu Dövlət Notariat Kontorunda 412 № ilə reyestrdə qeyd edilmiş xx.xx.1985-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamə”sinə əsasən qeyd edilən daşınmaz əmlak ərizəçinin anasının adına “qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi” əsasında qeydiyyata alınmışdır. Birinci insatnsiya məhkəməsi isə iş üçün əhəmiyyəti olan bu halların sübut edilməməsi nəticəsinə gələrkən iş materiallarına əlavə edilmiş hüquq müəyyənedici sənədlərə əsaslanmaq əvəzinə, yalnız özünün mülahizə və ehtimalları əsasında səhv nəticəyə gəlməklə ərizəçinin qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Bakı Şəhəri 36 saylı Dövlət Notariat Kontoruna rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlanmış müraciətdə məhkəmə iclasının kontorun nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.6. Məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
12. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarı: Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bənd 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Bənd 7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Bənd 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-693/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata, bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
14. İşdən aydın olur ki, ərizəçinin xahişi ünvan 1 ünvanda yerləşən fərdi yaşayı evi və torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etmiş anası X3 mülkiyyətində olması faktının təsdiq edilməsi ilə bağlıdır.
15. Kollegiya ilk növbədə qeyd edir ki, mülki-prosessual qanunveriliyində daşınmaz əmlakın şəxsin mülkiyyətində olması faktının müəyyən edilməsi deyil, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə məhkəmə işlərə baxır.
16. Bundan başqa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.
17. Ərizəçi ərizəsində və apellyasiya şikayətində Laçın rayonu düşmən tərəfindən işğal olunarkən bütün sənədlərini, o cümlədən də yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləri götürə bilmədiklərini bildirsə də, ərizəyə əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş sənədlərdən müəyyən edilir ki, ərizəçinin anası X4 xx.xx.1985-ci il tarixində X2 miras qalmış ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmiş (iş v.9), bundan bir neçə gün sonra isə - xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarizasiya Bürosu tərəfindən sözügedən evin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportunda “ev X3 adına dəyişdirildi” qeydi yazılmış və “Azərbaycan SSR Laçın rayonu X6 İcrakomu”nun möhürü və imza ilə təsdiq edilmişdir (iş v.13).
18. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar da əks olunmuşdur (bənd 1.11).
19. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin müəyyən edilməsi xahiş etdiyi fakt sözügedən sənədlərlə öz təsdiqini tapdığından həmin faktın yenidən məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-693/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə icraata, bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.