Məhkəmə qərarları › İş №2(103)-2543/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2543/2022

19.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2543/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ələmdar Bünyadovun vəkili Asif Mədətovun iştirakı ilə, İddiaçı cavabdehlər Şüceyib oğluna və qeyrilərinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü X9 cəlb edilməklə) “zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə” tələbinə dair 2(008)-1364/2020 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin həmin evə köçürülməsi və cavabdehlərin həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılmaları və özünün həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İiddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, 50 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X20 küçəsində yaşayır. Cavabdeh1 onun evini zəbt edərək həmin evdən çıxmaq istəmir. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsə də, bir nəticəsi olmamışdır. 3 nəfər qonşusunun notarial qaydada bildirdiyi ərizə qeyd edilən ünvanın onun əmlakının olduğunu təsdiq edir. Onlar kirayəşin kimi ayda 100 manat pul məbləğində evin kirayəsinə görə pozuluşsa da, nəticədə evdən çıxmırlar və heç bir ödəniş etmirlər. Bu səbəbdən o, küçələrdə qalır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X20 küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının heç bir subyektiv hüquqa malik olmayan, X4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X20 küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qanunsuzdur. İddiaçı yaşayış sahəsinin Ə.Bünyadov tərəfindən tikildiyini, ailəsi iə birlikdə xarici ölkəyə gedənə qədər bu ünvanda yaşadığını, onun ailəsinə məxsus əşyaların bu evdə olduğunu və xarici ölkədən qayıtdıqdan sonra bu evdə yaşayacaqlarını bilir. Mübahisəli evi 2008-2009-cu illərdə iddiaçının oğlu Ələmdar Bünyadov şəxsən özü inşa etmişdir. 2009-cu ildə onun həyat yoldaşı X5 həmin evə gəlin gəlmiş və həmin evdə ailəsi ilə birlikdə qeydiyyatsız yaşamışlar. Mübahisəli evdə yaşayış olduğu üçün 31.01.2011-ci il tarixdə "xxxx" ASC tərəfindən Ələmdar Bünyadovun adına **********30142 nömrəli kod verilmiş və sayğac quraşdırılmışdır, hazırda həmin kod üzrə ödənişlər cavabdeh tərəfindən ödənilir. Ə.Bünyatov həyat yoldaşı ilə müvəqqəti yaşamaq üçün Almaniyaya köçmüşlər. Boş qalmış həyətyanı sahəni iki hissəyə bölən iddiaçının digər oğlu Rasim Bünyadov həyətyanı sahənin və evin ona qardaşı tərəfindən bağışlandığını qonşularına bildirmiş və oraya sahiblik etmək istəmişdir. Bu səbəbdən 2019-cü ilin yanvarında həmin evin ona məxsus olduğunu bildirərək hər ay 100 manat ödənişlə cavabdehə kirayəyə vermişdir. İddiaçının oğlu R.Bünyadov evdə olan mebelləri və digər ev əşyalarını özününkü kimi qələmə verərək bir hissəsini cavabdehə, digər hissələrini naməlum şəxslərə satmışdır. Bu hadisədən xəbər tutan evin sahibi Ə.Bünyadov polis bölməsinə müraciət edərək ev əşalarını tələb etmiş, Ə.Bünyadovun qaynatası X3 qohumluq əlaqələrinə xələl gəlməməsi üçün ona verilmiş etibarnamədən istifadə edərək şikayət ərizəsini geri götümüşdür. Bundan sonra Ə.Bünyadov cavabdehə zəng edərək həmin evdə kirayə pulu ödəmədən kommunal xərcləri ödəmək şərti ilə yaşamağa icazə vermişdir. Rasim Bünyadov aylıq kirayə pulunun əldən çıxdığını və evi sata bilməyəcəyini biləndən sonra atası İddiaçı vasitəsilə məhkəmədə iddia qaldıraraq yaşamağa evlərinin olmadığını bildirir, halbuki iddiaçının evin onun tərəfindən tikilməsi və ona məxsus olması barədə heç bir sübut yoxdur. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışında iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır (şəxsiyyət vəsiqəsi). Məhkəmə həmin evə baxiş keçirmiş və aşağıdakılarını müəyyən etmişdir. Ev özbaşına tikili olmaqla iki otaqdan və mətbəxtdən ibarətdir. Həmin evdə iddiaçının oğlu, onun arvadı və üç uşağı yaşayırlar. Mübahisə predmeti olan ev həmin kəndin digər ünvanında yerləşir. Məhkəmə tərəfindən həmin evə də baxış keçirilmişdir. Adıçəkilən ev də çox köhnə özbaşına tikilidir. Baxış zamanı cavabdeh mübahisəli evi iddiaçıdan aylıq 100 manat ödənişlə kirayəyə almışdır. Bir-iki dəfə kirayə pulunu vermiş sonra dayandırmışdır. İddia qaldırıldığı zaman evdən çıxmağa razılıq vermiş, lakin sonradan evin əsl sahibi iddiaçının oğlu X8 əlaqə yaradaraq evin ona məxsus olduğunu bildirmiş və çıxmamağı xahiş etmişdir. Odur ki, evdən çıxmaq niyyətində deyil. Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddianı qəbul etdiyini və ünvan 4 ünvanından yerləşən kirayə qaldığı evdən çıxmağa razı olduğun bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk əvvəldən mübahisəli evin ünvanı Nardaran qəsəbəsi, Qarayev küçəsi, 71 göstərilmiş, araşdırmalar həmin ünvanın üzərində aparılmış olsa da, hər zaman tərəflərin niyyətində X20 küçəsində yerləşən ev olmuşdur. Mübahisəli evdə qaz sayğacı iddiaçının adına quraşdırılmışdır (“Azəriqaz” İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış evdə quraşdırılmış sayğacın əvəz olunması prosesində iştirak etməsi barədə 07.05.2019-cu il tarixli, 02 nömrəli bildiriş, “Azəriqaz” İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.05.2019-cu il tarixli, ******* nömrəli aktı). Eyni zamanda, "xxxx" ASC-də mübahisəli evin abonenti iddiaçının Almaniyada yaşayan oğlu Ələmdar Bünyadov olmuşdur. Nardaran qəsəbəsi, Ş.Tuti küçəsi, döngə 5, ev 6 ünvanında qeydiyyatda olan X7, ünvan 6 ünvanında qeydiyyatda olan X10 və Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Ə.ünvan 7 ünvanında qeydiyyatda olan X6 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı məxsusdur. 50 ilə yaxındır ki, ailəsi ilə birlikdə adıçəkilən ünvanda yaşayır, həmin torpaq sahəsi onun istifadəsindədir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş 13.10.2020-ci il tarixli və Nardaran Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunmuş 14.10.2020-ci il tarixli məktublardan görünür ki, Nardaran qəsəbəsi X19 (küçənin keçmiş adı X20) küçəsində yerləşən ev 17 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş bir qrup qəsəbə sakinlərinin ərizəsinə əsasən qəsəbə sakini İddiaçı tərəfindən inşa edilmişdir. Ev İddiaçı məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Ələmdar Bünyadovun vəkili Asif Mədətovun bildirmişdir ki, mübahisəli evi Ələmdar Bünyadov öz vəsaiti hesabına 2009-cu ildə tikdirmiş və ailəsi ilə birlikdə 2017-ci ildə Almaniyaya köçənədək həmin evdə yaşamışdır. Atası İddiaçı həmin evə heç bir aidiyyəti yoxdur, atası başqa ünvanda olan evində daimi yaşayır. Ona görə də iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıbdır. Həmin evin sahibi kimi Ələmdar Bünyadov cavabdehlərə evində yaşamalarına icazə vermişdir. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkilinin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə ərazi dairəsi üzrə Nümayəndəliyinin 18.04.2022-ci il tarixli arayışından görünür ki, X9 və X5 2009-cu ildə ailə qurmuşlar, 2009-cu ildən 2017-ci iləqək Sabunçu rayonu, Nardaran qəsəbəsi, X19 küçəsində yerləşən ünvanda yaşamışlar, onlar Almaniyaya köçəndən sonra 2009-cu ildən hal-hazıradək həmin ev X1 istifadəsindədir(17 saylı Notariat ofisi tərəfindən **********3951 saylı qonşuların təsdiq edilmiş ərizəsinə əsasən). Həmçinin, işə əlavə edilmiş X2 Rayon Məhkəməsinə ünvanladığı 16.03.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanına dair bələdiyyədə sənəd mövcud deyil, bələdiyyə tərəfindən həmin ünvana heç bir sənəd verilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli evin ona məxsus olmasına, cavabdehlər tərəfindən onun həmin mənzilə dair hüququnun pozulduğuna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı mülki icraat çərçivəsində İddiaçı iddia etdiyi tələb üzrə subyektiv hüquqa malik deyildir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(008)- 1364/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar