Məhkəmə qərarları › İş №2(103)-2543/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2543/2023

16.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2543/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçıların nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh ASC-yə qarşı ezamiyyə xərclərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)-1973/2022 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçılar-İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması xidmətinin X1 sahəsinin 6-cı dərəcəli elektrik quraşdırıcıları, İddiaçı4 isə cavabdehin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması xidmətinin X1 sahəsinin 10-cu dərəcəli ustası vəzifəsində işləmişlər. Cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı3 Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi), xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı1la bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi), İddiaçı2la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (işçinin təşəbbüsü ilə) və İddiaçı4lə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi) əsasən xitam verilmişdir. Hazırda iddiaçılar ödənilməyən ezamiyyət pulunu tələb edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar - İddiaçı1 4355 manat, İddiaçı2 4355 manat, İddiaçı3 4355 manat və İddiaçı4 8125 manat, ümumilikdə 21190 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar cavabdeh Cəmiyyətdə elektrik quraşdırıcıları işləmiş, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Oğuz su elektrik stansiyasının tikintisinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək, İddiaçı4 isə xx.xx.2020 – xx.xx.2020-ci ilədək və xx.xx.2020-xx.xx.2020-ci ilədək ezamiyyətdə olduqları müddətdə gündəlik ezamiyyə xərclərini almamışlar. Nazirlər Kabineti ezamiyyə xərcələrinin bir günlük normasını rayon mərkəzlərində 65 manat müəyyən etsə də, onlara həmin hesabla ezamiyyə xərcləri verilməmişdir. Bununla bağlı cavabdehə müraciət edərək mübahisənin məhkəmədən kənar həll edilməsini və ezamiyyə xərclərini onlara verilməsini, bu mümkün olmadıqda iddiaçıların işə qəbul edilməsi, Oğuz su elektrik stansiyasının tikintisinə ezam olunmaları, işdən çıxarılma barədə sənədləri büroya təqdim olunmasını xahiş etmişlər. Lakin cavabdeh bundan imtina etmişdir. 2020-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək respublika üzrə pandemiya elan olunduğundan və məhkəməyə müraciət etmələri məhdudlaşdırıldığından iddia qaldırmaq imkanından məhrum olmuşlar. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra hüquqi yardım almaq üçün vəkil bürosuna müraciət etmişlər. Bu səbəbdən iddia müddətini ötürməmişlər. Onlara ümumilkdə cavabdeh tərəfindən 21190 manat ezamiyyə pulu ödənilməlidir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar – İddiaçı3 xx.xx.2020-ci il tarixdə, İddiaçı1 xx.xx.2020-ci il tarixdə, İddiaçı2 xx.xx.2020-ci il tarixdə, İddiaçı4 isə xx.xx.2020-ci il tarixdə işdən azad olunublar. İddiaçılar pul tələbi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 379cu maddəsində iddia müddətinin dayandırılmasının əsasları göstərilmişdir. İddiaçılar üzürlü səbəb kimi Respublikada 2020-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək pandemiyanın mövcud olmasını göstərmişlər. Lakin pandemiya hələ də davam edir və göstərilən müdətdə məhkəmələr tərəfindən iddia ərizələri elektron və poçt vasitəsi ilə qəbul edilirdi, yalnız iclaslara məhkəmə zallarında baxılmırdı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)- 1973/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 377.1-ci maddələri, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçıalardan, İddiaçı3, İddiaçı1 və İddiaçı2 2020-ci ilin yanvar ayı, İddiaçı4 isə 2020-ci ilin yanvar, habelə aprel-iyul ayları üzrə onlara verilməli olan ezamiyyə xərclərini tələb etsələr də, habelə İddiaçı3la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı1la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı2la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə və İddiaçı4lə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq iddia ərizəsi ilə 2022-ci ilin fevral ayında, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmələrini respublika ərazisində COVİD-19 pandemiyasının mövcud olması səbəbindən məhkəməyə müraciət edilməsinin məhdudlaşdırılması ilə əlaqələndirsələr də, məhkəmə onların bu dəlillərilə razılaşmır. Çünki, COVİD-19 pandemiyası ilə əlaqədar yalnız məhkəmə iclaslarının keçirilməsində 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda tam məhdidiyyət tətbiq olunmuş, iddia ərizələri isə poçt vasitəsi ilə göndərildikdə, məhkəmə tərəfindən qəbul olunmuşdur. Məhdudiyyət tətbiq edilməyən vaxtlarda isə, ümumiyyətlə məhkəmə iclasları da ənənəvi qaydada keçirilmiş, 2021-ci il ərzində isə, ümumiyyətlə COVİD-19 pandemiyası ilə əlaqədar məhkəmələrdə nə iddia ərizələrinin qəbulunda, nə də məhkəmə iclaslarının keçirilməsində heç bir məhdudiyyət tətbiq edilməmişdir. Digər bir tərəfdən, əmək qanunvericiliyinin tələbinə əsasən, iddiaçılar - İddiaçı3 xx.xx.2021-ci il tarixədək, İddiaçı1 xx.xx.2021-ci il tarixədək, İddiaçı2 xx.xx.2021ci il tarixədək, İddiaçı4 isə xx.xx.2021-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdilər. Belə ki, qanun iddia müddətinin axımının başlandığı günü şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə müəyyən edir. Əmək Məcəlləsində isə işçinin öz hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulması ilə müəyyənləşdirilir. İddiaçılar 2020-ci ilin yanvar və aprel-iyul ayları ərzində ezamiyyə xərclərinin onlara verilməməsini iddia esələr, habelə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərdən müvafiq olaraq 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında məlumatları olsa da, vaxtında məhkəməyə müraciət etməmişlər. Qeyd olunan qətnamədən narazı qalan iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaəti işin materialları ilə uzlaşmır və işin faktiki hallarını əks etdirmir. İş materiallarından da görünür ki, iddia ərizəsi xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə qeydə alınmaqla iddia icraatına qəbul edilmişdir. Lakin məhkəmə (hakim Pərviz Zamanlı) xx.xx.2021 -ci il tarixli, 2(011 )-7294/2021 saylı qərardadı ilə MPM-nin 149.2.4-1-152.1.6-1-ci maddəsi (mediasiya prosesində iştirak etməməsi), 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılması əsası ilə ezamiyyə xərclərinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarmışdır. Bununla da məhkəmə mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə qətnamənin əsaslandığı 16.-cı bəndində düzgün olaraq qeyd edir ki, Əmək Məcəlləsinin Maddə 296, 4-cü hissəsi pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçılar İddiaçı3la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı1la bağlanmış əmək müqaviləsinə xx.xx.2020ci il tarixdə, İddiaçı2la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə və İddiaçı4lə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildiyi andan və son haqq hesab ödənilib ezamiyyər xərcləri verilmədiyi və hüquqlarının pozulduqlarını bildikləri andan iddia müddətinin axımı başlayır. İddia tələbi isə xx.xx.2021- ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçılar iddia müddətini buraxmamışlar. İş materiallarından da görünür ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2021 -ci il tarixdə qeydə alınmaqla iddia icraatına qəbul edilmişdir. Lakin məhkəmə xx.xx.2021 -ci il tarixli, 2(011 )-7294/2021 saylı qərardadı ilə qeri qaytarılmışdır. Belə olan halda MM-nin 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır və iddia müddəti buraxılmamış hesab edilməlidir. Birinci instansiya məhkəməsi 2(011)-7294/2021 saylı iş üzrə bu halları nəzərə almamış Mülki Məcəlləsinin 380-ci maddəsini tətbiq etməli olduğu halda tədbiq etməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsi: 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı3 Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi), xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı1la bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi), İddiaçı2la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (işçinin təşəbbüsü ilə) və İddiaçı4lə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi) əsasən xitam verilmişdir. İddiaçıalar İddiaçı3, İddiaçı1 və İddiaçı2 2020-ci ilin yanvar ayı, İddiaçı4 isə 2020-ci ilin yanvar, habelə aprel-iyul ayları üzrə onlara verilməli olan ezamiyyə xərclərini tələb etmişlər. Cavabdeh iddianı qəbul etməmiş, iddiaçıların əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tutduqları vəzifələrdən azad edildiklərini, onların barəsində əmr rəsmiləşdirilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmadığını, habelə barələrində əmr qəbul edilməsinə baxmayaraq, həmin əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, 1 ay ərzində mübahisələndirmədiklərini və hazırki iddianı yalnız 2022-ci ilin fevral ayında irəli sürməklə iddia müddətini üzürsüz səbəbdən pozduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçılar cavabdeh cəmiyyətdə usta (İddiaçı4) və elektrik quraşdırıcısı (İddiaçı1, İddiaçı3 və İddiaçı2) vəzifələrində işləmişlər, onlarla bağlanmış əmək müqaviləsinə - İddiaçı3la xx.xx.2020-ci il tarixdə, İddiaçı1la xx.xx.2020-ci il tarixdə, İddiaçı2la xx.xx.2020-ci il tarixdə və İddiaçı4lə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçıların iddia ərizəsində göstərdikləri müddətdə iş ezamiyyətində olmalarını isə cavabdeh təkzib etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıların iddia ərizəsində göstərdikləri müddətdə iş ezamiyyətində olmaları ilə bağlı dəlilləri ilə razılaşması onların ezamiyyətdə olduqları dövr üçün ezamiyyət pullarının ödənilməli olması kimi qəbul edilməsi ilə yanaşı birinci instansiya məhkəməsi iddialarında əsaslı olsalar da, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçılar qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişlər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı3la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı1la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı2la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə və İddiaçı4lə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq iddia ərizəsi ilə 2022-ci ilin fevral ayında müraciət etmişlər. İddiaçıların iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmələrini respublika ərazisində COVİD-19 pandemiyasının mövcud olması səbəbindən məhkəməyə müraciət edilməsinin məhdudlaşdırılması ilə əlaqələndirməsinə dair dəlillərilərinə birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətlə məhkəmə kollegiyası razılaşır. Belə ki, COVİD-19 pandemiyası ilə əlaqədar yalnız məhkəmə iclaslarının keçirilməsində 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda tam məhdidiyyət tətbiq olunmuş, iddia ərizələri isə poçt vasitəsi ilə göndərildikdə, məhkəmə tərəfindən qəbul olunmuşdur. Məhdidiyyət tətbiq edilməyən vaxtlarda isə, ümumiyyətlə məhkəmə iclasları da ənənəvi qaydada keçirilmiş, 2021-ci il ərzində isə, ümumiyyətlə COVİD-19 pandemiyası ilə əlaqədar məhkəmələrdə nə iddia ərizələrinin qəbulunda, nə də məhkəmə iclaslarının keçirilməsində heç bir məhdudiyyət tətbiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən, iddiaçılar -İddiaçı3 xx.xx.2021-ci il tarixədək, İddiaçı1 xx.xx.2021-ci il tarixədək, İddiaçı2 xx.xx.2021-ci il tarixədək, İddiaçı4 isə xx.xx.2021-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmələrinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə də kollegiya razılaşır. Belə ki, qanun iddia müddətinin axımının başlandığı günü şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə müəyyən edir. Əmək Məcəlləsində isə işçinin öz hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulması ilə müəyyənləşdirmişdir. İş materiallarından görünür ki, iddiaçılar əmrlərdən müvafiq olaraq 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında məlumatları olsa da, vaxtında məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021 -ci il tarixli, 2(011 )-7294/2021 saylı qərardadı ilə qeri qaytarıldığı halda MM-nin 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır və iddia müddəti buraxılmamış hesab edilməli olmasına dair dəlilinə hüquqi qiymət verərək əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7294/2021 saylı qərardadı ilə MPM-nin 149.2.4-1.152.1.6-1-ci maddəsi(mediasiya prosesində iştirak etməməsi), 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılması əsası ilə ezamiyyə xərclərinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçılar bundan 4 ay sonra xx.xx.2022-ci ildə mediasiya orqanına müraciət etmiş, xx.xx.2022-ci il tarixdə müvafiq arayış aldıqdan sonra yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar xx.xx.2021-ci il tarixdə (halbuki iş materiallarında iddia ərizəsinin xx.xx.2021-ci il tarixdə verilməsi təsdiq olunmur) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verdikdən sonra dərhal deyil, xeyli müddət keçdikdən sonra mediasiya orqanına müraciət etmələri müddətin yenidən başlanması və iddia müddətinin buraxılmaması kimi qiymətləndirilə bilməz. Buna görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd edilən normanı hazırki mübahisəyə tətdiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığı qənaətinə gələrək şikayətin təmin edilməsi üçün əsaslar görmür. Belə ki, apellyator tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)- 1973/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar