Məhkəmə qərarları › İş №2(103)-2543/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2543/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2543/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair mülki işin ərazi aidiyyəti məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 442 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İş № 2(048)-225/2024).

2. Lerik Rayon Məhkəməsinin 2(048)-225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin ünvanının “Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 120” olması səbəbindən İddiaçı Cavabdeh MMC-ə qarşı 442 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair 2(048)-225/2024 nömrəli mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2073/2024 nömrəli, 04.03.24-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, cavabdehin hüquqi ünvanı ünvan 2əsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

5. MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

6. Mülki işdə olan iddiaçının iddia ərizəsindən bəlli olur ki, iddiaçı cavabdeh MMC-dən aldığı qüsurlu əşya (mob.telefon) üçün ödədiyi pulu tələb edir, yəni bununla da müəyyən olunur ki, hazırki tələb istehlakçının hüququnun müdafiəsi ilə bağlıdır.

7. MPM-in 35.1-ci madəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

8. Kollegiya qeyd edir ki, prosessual qanunvericilikdə məhz iddiaçının seçiminə görə aidiyyət qaydasını müəyyən edən normalar var və bu AR MPM-in 36-cı maddəsində öz əksini tapmışdır.

9. MPM-in 36.9-cu maddəsinin tələbinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.

10. Belə olan halda isə məlum olur ki, hazırkı iddia tələbi MPM-in 35-ci maddəsinin deyil, 36-cı maddəsinin təsir dairəsinə düşür.

11. Bununla da kollegiya hesab edir ki, iddiaçı haqlı olaraq prosessual qanunvericiliyin ona verdiyi seçimdən (hüquqdan) istifadə edərək (istehlakçı hüququnun müdafiəsi üçün) yaşadığı yer üzrə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir.

12. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair mülki iş ərazi aidiyyəti baxımından Lerik Rayon Məhkəməsinə aiddir və baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

13. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

14. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

15. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36, 45.4, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair mülki iş baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar