Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2544/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil Məzahir oğlunun iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7173/2021 saylı, 11 noyabr 2021ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26.06.2021-ci il tarixdə vəfat etmiş yoldaşı X11 12.07.2010-cu il təvəllüdlü X6 atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7173/2021 saylı, 11 noyabr 2021ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Ərizəçi apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla işə baxılmış, işin faktiki hallarına və sübutlara düzgün qiymət verilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında ərizəçi apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, yoldaşı X17 ilə 2009-cu ildə dini nikahla evlənmiş, lakin rəsmi nikaha daxil olmamışlar, 12.07.2010-cu ildə övladları X13 dünyaya gəlmişdir. Yoldaşı anidən altı ay öncə dünyasını dəyişmiş, onların ailə kimi bir yerdə yaşamasını təsdiq edən foto şəkilləri rayon məhkəməsinə təqdim etmiş, rayon məhkəməsində şahidlərin dindirilməsi barədə vəsatət vermiş, lakin məhkəmə tərəfindən şahidlərin dindirilməsi ilə bağlı şərait yaradılmamışdır. Hesab edir ki, şahidlərin dindirilməsi hazırkı ərizə ilə bağlı düzgün nəticəyə gəlinməsi üçün zəruridir. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəfin orta təhsili belə yoxdur. Təqdim edilən foto şəkil və videodan da görünür ki, tərəflər bir ailə kimi yaşamışlar, eyni zamanda, rayon məhkəməsində şahidlərin dindirilməsi barədə zəruru şərait təmin edilmədiyindən, hazırda şahidlərin dindirilməsi barədə vəsatət vermiş, apellyasiya şikayətinin təmin edilərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırıldığı halda maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəməyə göndərdiyi məlumatda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Maraqlı şəxs X4 ünvanlanmış 14.03.2021-ci il tarixli məktubdan görünür ki, ona atalıq faktının müəyyən olunması üçün aidiyyatı üzrə məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Lənkəran rayon, Gəgiran kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 817808 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 qəsəbəsində anadan olmuşdur. X5, anası Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 196041 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 26.06.2021- ci il tarixdə beyin ödemi səbəbindən Bakı şəhərində vəfat etmişdir. Ərizəçi tərəfindən 26.06.2021-ci il tarixdə vəfat etmiş yoldaşı X17 və 12.07.2010-cu il təvəllüdlü X6 birgə çəkilmiş foto şəkilləri də təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid X15 bildirmişdir ki, mərhum X17 onun qardaşıdır və ərizəçi isə gəlinləridir, ərizəçi və mərhum qardaşı 2009-cu ildə ailə həyatı qurmuşlar, lakin səhlənkarlıqdan nikahlarını qeydiyyata aldırmamışlar, 2010-cu ildə uşaqları dünyaya gəlmişdir, 16.06.2021-ci ildə qardaşı B.Cəbiyev rəhmətə getmişdir, 12.07.2010-cu il təvəllüdlü X13 onun qardaşından törəmişdir. X3 və X21 da şahid X7 ifadəsinə uyğun izahat verərək, bildirmişlər ki, 12.07.2010-cu il təvəllüdlü X13 onların mərhum qardaşı X8 törəmişdir. Məhkəməyə təqdim edilmiş Sabunçu RİH X16 Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 21.01.2022-ci il tarixli məlumatdan müəyyən edilir ki, X1 rayonu, Kürdəxanı qəsəbəsi, T.Adıgözəlov küçəsi, Döngə 1 ünvanında mərhum X11 vəfat etdiyi vaxta kimi bir yerdə yaşamışdır. Həmin ünvanda onun oğlu X13 da yaşamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin verdiyi apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ərizəçi tərəfin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Hazırkı tələbi ilə bağlı ərizəçi sübut kimi mərhum B.Cəbiyevlə birlikdə çəkilmiş müxtəlif foto şəkilləri, həmçinin şahid ifadələrini təqdim etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.3-cü bəndinə əsasən, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Beləliklə, Məhkəmə kollegiyasının iclasında mərhum şəxsin bacısı və qardaşları dindirilmiş və onların hər birinin izahatı ilə ərizəçi ilə mərhumun ailə münasibətlərində olması, uşağın mərhumun övladı olması, mərhum vəfat edənədək tərəflərin birlikdə yaşaması təsdiq olunmuşdur. Bundan başqa, ərizəçi tərəfindən kollegiyaya fotoşəkillər təqdim edilmişdir ki, həmin şəkillərdə mərhumun özü, ərizəçi və uşaqla birlikdə olduğu müəyyən olunur. Kollegiya ərizəçi tərəfindən təqdim edilmiş yuxarıda qeyd edilən sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar 22.05.1960-cı il tarixdə doğlumuş 26.06.2021-ci il tarixdə ölmüş X11 12.07.2010-cu il təvəllüdlü X6 atası olması faktını şəksiz olaraq müəyyən olunur. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən yalnız ona əsaslanmışdır ki, ərizəçi məhkəməyə ərizənin təmin edilməsi ilə bağlı yetərli və əsaslı sübutlar təqdim etməmişdir. Halbuki mülki işdən müəyyən olunur ki, ərizəçi tərəfindən fotoşəkillər rayon məhkəməsinə təqdim edilmiş, həm də şahidlərin dindirilməsi barədə vəsatət də vermişdir. Kollegiya qeyd edir ki, həmin vaxt pandemiya ilə əlaqədar məhdudiyyətlərlə bağlı şahidlərin məhkəmə iclasına gəlməsində müəyyən çətinliklər olmuşdur, bunula belə, rayon məhkəməsi şahidlərin dindirilməsi ilə bağlı zəruri tədbirlər görməmişdir. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunan Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, rayon məhkəməsi tərəfindən işə baxılarkən tam və hərtərəfli, obyektiv araşdırma aparılmadığından, həmçinin ərizəçinin prosessual hüquqlarının (şahidlərin dindirilməsi ilə bağlı) həyata keçirilməsi ilə bağlı tədbirlər görülmədiyindən, bunun isə düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan, apellyasiya şikayəti əsaslı hesab edilərək təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmadığından və düzgün olmayan nəticəyə gəlindiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməli, 22.05.1960-cı il tarixdə doğlumuş 26.06.2021-ci il tarixdə ölmüş X11 12.07.2010-cu il təvəllüdlü X6 atası olması faktı müəyyən olunmalı və uşağın doğum haqqında şəhadətnaməsində buna uyğun olaraq müvafiq dəyişiklik edilməli, uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında uşağın atası kimi X17 yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda ərizə təmin olunduğundan məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-7173/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, ərizə təmin edilsin. 22.05.1960-cı il tarixdə doğlumuş 26.06.2021-ci il tarixdə ölmüş X11 12.07.2010-cu il təvəllüdlü X6 atası olması faktı müəyyən olunsun və uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında uşağın atası kimi X17 yazılsın. Ərizənin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2544/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2544/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver