Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2544/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5140/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, 2942D məhəllə, General Şıxlinski küçəsi, ev 1 ünvanında yerləşən 14 saylı mənzil Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətininxx.xx.1992-ci il tarixli, 012947 saylı orderə əsasən İddiaçı verilmişdir. Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2 – həyat yoldaşı, Cavabdeh3 – 2004-cü ildən həmin mənzildə müvəqqəti qeydiyyatdadırlar və faktiki olaraq məskunlaşmışlar.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, 2942D məhəllə, General Şıxlinski küçəsi, ev 1 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Maddi və Texniki Təchizat Komitəsində uzun müddət işlədikdən sonra növbə əsasında 27 iyul 1992ci il tarixli, 012947 nömrəli order əsasında ünvan 2 ünvanında 2 otaqlı mənzil almışdır. Lakin həmin mənzilə köçməmiş mənzil Şuşa rayonundan köçkün düşmüş Həsənov Böyükkişi və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Hazırda ünvan 2 ünvanında yerləşən mənzildə bildiyinə görə faktiki olaraq Cavabdeh3 və onun həyat yoldaşı yaşayır. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* qeydiyyat nömrəsi əsasında 15 fevral 2022-ci ildə həmin mənzilə qeydiyyata alınmışdır. X1 2-ci Qarabağ müharibəsi veteranıdır və Cənab Prezident tərəfindən Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad edilməsinə görə medallarla təltif olunmuşdur. Cavabdehlər və onların ailə üzvlərinin mənzili zəbt etməklə onun və ailəsinin mənzil hüquqlarını pozmuşlar.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etmiş, sadəcə Şuşa şəhərinə köçürülənədək onlara vaxt verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh1 eyni zamanda bildirmişdir ki, 1992-ci ildən həmin mənzildə məskunlaşmışlar. Sonra həyat yoldaşı şəkər xəstəliyinə tutulmuş və onlar 2 otaqlı mənzildə yaşaya bilməmiş, baldızının evinə köçmüşlər. Hal-hazırda bir otaqda yoldaşı ilə o, digər otaqda baldızı yaşayır. Mübahisəli mənzildə isə oğlu ailəsi ilə birgə yaşayır. İddiaçı tərəf elə bilir onların evləri var, lakin həmin ev onların deyil, baldızınındır. Hal-hazırda Şuşada evlər tikilir, möhtərəm Prezident gələn ilin ortalarından köçürməyə başlayacaqlarını bildirmişdir. Mübahisəli mənzili təmir etmiş, istilik sistemi çəkmiş, lazım gəlsə mebeli də içində qoyub gedəcəkdir, sadəcə iddiaçı onlara möhlət versin ki, onlar çıxıb getsinlər
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5140/2022 nömrəli, 17 noyabr 2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər iddiaçıya order əsasında məxsus olan mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneə törətdiyi üçün onlar həmin mənzildən çıxarılmalıdırlar.
7. Məhkəmə gəldiyi nəticəni, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı Qərarına”, Mülki Məcəllənin 152-ci maddəsinə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5140/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkün olduqlarına görə bu evdə məskunlaşmışlar. O, 30 ildir ki, bu ünvanda yaşayır. Şuşa şəhəri işğaldan azad olsa da məcburi köçkünlərin ora köçürülməsi başlamamışdır. O da öz evində yaşamaq arzusundadır. İddiaçının məhkəməyə verdiyi iddia ərizəsinin əsası olan mənzilə dair orderin hüquqi qüvvəsi dayandığı üçün iddia təmin edilməməli idi. Belə ki, «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərində qeyd edilir ki, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi. 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. Məhkəmə işə baxarkən ilkin növbədə iddia ərizəsini təqdim edən şəxsin həmin ərizəni vermək üçün subyektiv hüququna baxmalı idi. Belə ki, qeyd edilmiş müvafiq qaydalardan da göründüyü kimi vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Məhkəmə qətnamə qəbul edən zaman bu hissəni nəzərə almamışdır. Onun orada yaşamağına əsas olan qaydalar qüvvədən düşməmişdir. Azərbaycan Respublikası Şuşa şəhərində quruculuq işlərini sürətlə davam etdirməkdədir. Ona görə də onların da öz yurduna köçməyinə az qalmışdır. Köçürülmə olan kimi biz özləri könüllü surətdə bu mənzildən çıxacaqlar. Ona görə də Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5140/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırki mənzilə dair iddiaçının orderini mübahisələndirməmişdir, 1992-ci ildən bugünə kimi həmin mənzildə yaşayırlar və iddiaçının buna etirazı yox idi. Mənzildən çıxmaqdan imtina etmir lakin vaxt verilməsini xahiş edir.
12. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 Böyük kişi oğlu şikayətə etiraz etməmiş, təmin olunmasını xahiş etmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, məcburi köçkün olmaları nəzərə alınmalıdır, daimi yaşayış yeri həmin mənzildir, hərdən qohumugildə qalır. 13.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil müvafiq sənədlərin əsillərini təqdim edərək, apellyasiya şikayətinə etiraz etmiş, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
19.139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 20.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 21.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 22.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 23.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 24.«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 25.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyətiorqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. 26.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 27.Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi məsələləri xx.xx.1993-cü il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Eyni Qanunun əvvəlki redaksiyada 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunu ilə 8-ci maddəyə orderi sözündən sonra «və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam» sözləri əlavə edilmişdir. 28.“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayışsahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.
29. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayışsahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103). 31.Eyni hüquqi mövqeyə əsaslanan Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
32.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Belə ki, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, mübahisələndirilən Bakı şəhəri, Xətai rayonu, 2942D məhəllə, General Şıxlinski küçəsi, ev 1 ünvanında yerləşən 14 saylı mənzil Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 012947 saylı orderə əsasən iddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Beləliklə müvafiq order əsasında iddiaçının və onun orderdə qeyd edilən ailə üzvlərinin mübahisəli mənzili sahibliyində saxlamaq, yaşayış sahəsi kimi istifadə etmək hüquqları vardır. Dövlət mənzil fonduna aid həmin mənzil mülkiyyətçi tərəfindən iddiaçıdan geri alınmadığından, iddiaçıya mənzilin məxsusluğunun qanuni əsasları mövcuddur. 35.Cavabdehlər isə mübahisəli mənzildə məskunlaşmış və hazırkı vaxta kimi həmin mənzildə yaşamalarına baxmayaraq onlarla kirayə müqaviləsi bağlanmamış və adlarına hər hansı bir sənədləşmə aparılmamışdır. Halbuki məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
36. İddiaçının mübahisəli mənzilə dair qüvvədə olan sahiblik və istifadə hüquqlarının olmasını və onun həmin mənzili mülkiyyətinə keçirmək barədə qanuni əsaslarının mövcudluğunu nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçının mövcud hüququna müdaxilə baş vermişdir və bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsininbirinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. Məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi, eyni zamanda mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malik olan İddiaçı hüquqlarınının pozulmasına səbəb olur və bu hal da məhkəmə tərəfindən nəzərə alınmalıdır.
37. Eyni hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa məhkəməsi həmin qərarda qeyd etmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. 38.Beləliklə məhkəmə kollegiyası iddiaçının mənzil üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti hüququnun mövcudluğunu nəzərə alaraq hazırki mübahisənin hüquqi dəyərləndirilməsinin analogiya üzrə Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmasının mümkün olması ilə razılaşır. Belə ki, iddiaçı mübahisəli yaşayış sahəsinin order əsasında qanuni sahibidir, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir, oların isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. 39.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5140/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Günay Axundova