Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-255/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X5 S.A.” Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin boşaldılaraq sökülməsi və torpaq sahəsinin qanuni sahibinə qaytarılması tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli qətnamədən iddiaçı “X5 S.A.” Şirkətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Şirkətin buna səlahiyyəti olan nümayəndəsi Şirkətin adından cavabdehə qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində “39 T 416540.00 m B 4471342.00 m C” koordinatlar çərçivəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt edilmiş torpaq sahəsinin Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonun ərazisindən, o cümlədən Dədə Qorqud qəsəbəsinin bir hissəsinə aid torpaq sahəsi Şirkətin istifadəsinə verilib. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni iddia ərizəsində koordinatları qeyd edilən hissəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Həmin tikili Şirkətin ərazisində neft-qaz hasilatı ilə bağlı əməliyyatların həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozur. Bu səbəbdən də, cavabdeh həmin tikilidən çıxarılmalı, tikili sökülməli və tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o həmin evi inşa etdirməmiş, hazır vəziyyətdə 6 il bundan əvvəl qeyr-rəsmi qaydada almışdır. Evi aldıqda sonra ailəsi ilə birlikdə evə köçmüşdür. O, evin şəraitinin yaxşılaşdırmaq məqsədi ilə evin sahəsini genişləndirmişdir. Evə dair hüquqmüəyyənedici sənədlər olmadığından evi öz adına rəsmiləşdirə bilməmişdir. Ev onun tərəfindən inşa olunmadığından və onun yeganə yaşayış yeri olduğundan iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Şirkət həmin yaşayış sahəsinin sökülməsini tələb edə bilməz. Çünki iddiaçı Şirkət mübahisəli tikilinin onun istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilməsini bilmiş, lakin bunun qarşısını almamışdır. Cavabdeh həmin tikilinin inşasını başa çatdırdıqdan sonra həmin tikiliyə köçmüş və hazırda da həmin tikilidə yaşayır. Həmin tikili cavabdehin yeganə yaşayış sahəsidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qeyri-qanuni və əsassız qətnamə qəbul etmiş, iş üçün əhəmiyyətli hallar araşdırılmamışdır. Belə ki, Şirkət, mübahisəli torpaq sahəsinin ona məxsus olmasını təsdiq edə biləcək sübutları Rayon Məhkəməsinə təqdim etsə də, Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən aşkar sürətdə görünür ki, mübahisəli özbaşına tikili Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir.
11. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı Şirkət cavabdehə qarşı irəli sürdüyü iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanunsuz olaraq inşa etdirilmiş mübahisəli özbaşına tikili Şirkətin balansında və istismarında olan torpaq sahəsi hüdudlarında yerləşir. Tikili qanunsuz olduğuna görə sökülməlidir.
12. Rayon Məhkəməsinə cavabdehin verdiyi izahatından görünür ki, o, həmin tikilinin özbaşına tikili olmasını, tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmamasını, torpaq sahəsi və tikili üzərində onun hüquqlarını müəyyən edə biləcək sənədlərin olmamasını inkar etmir.
13. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, iddiaçı Şirkət tərəfindən Rayon Məhkəməsinə müəyyən sənədlər (“X5 S.A.” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx.xx.2005-ci il tarixdə bağlanmış “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” müqaviləni, həmin müqavilənin tərkib hissəsi olan və iddiaçı Şirkətin istifadəsinə ayrılan torpaq sahələrinin hüdudlarını özündə əks etdirən “Sxemi” (koordinatlar daxil olmaqla), “Google Earth” proqramından götürülmüş və mübahisəli özbaşına tikilinin yerləşdiyi ərazini özündə əks etdirən xəritəni və s.) təqdim edilmişdir.
14. Məhkəmə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinin və Şirkət tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sübutların əsaslılığını yoxlamaq məqsədi ilə iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/1773 saylı rəyindən görünür ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi bütövlükdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.
16. Ekspertiza tərəfindən verilmiş rəyi, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə iddiaçı “X5 S.A.” Şirkəti arasında xx.xx.2005-ci il tarixdə bağlanmış “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” müqaviləni nəzərə alan Məhkəmə hesab ki, mübahisəli tikili iddiaçı Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir. Başqa sözlə, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia və bu iddianın rədd edilməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlili əsaslıdır.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
18. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, xx.xx.2001-ci il tarixli qərarına görə, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə normativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır (maddə 22.2.). Torpaq Məcəlləsinin 62-ci maddəsinin mənasına görə, mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir (maddə 62.). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.).
20. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
21. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddia əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi də göstərilənlərə əsaslanaraq iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
22. İddia tələbinin əsassız olmasını hesab edən cavabdeh, həmin tikilinin onun tərəfindən inşa edilmədiyini, tikilinin onun tərəfindən təxminən 6 il bundan əvvəl qeyr-rəsmi qaydada alındığını bilirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Belə olan halda qəbul edilməlidir ki, cavabdehin bildirdikləri əsassızıdır və iddianın rədd edilməsi üçün əsaslı deyil.
24. Cavabdeh iddia tələbinin əsassız olmasını həmçinin onunla əsaslandırır ki, həmin tikili onun yeganə yaşayış yeridir.
25. Rayon Məhkəməsi bu dəlili əsaslı hesab etmişdir.
26. Bununla bağlı Məhkəmə bildirir ki, cavabdehin mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsindən və sahənin üzərində inşa edilmiş tikilidən istifadə etmək ilə bağlı qanuni əsası mövcud deyil. Bu kimi əsas mövcud olmadığından qəbul edilməlidir ki, həmin tikilinin cavabdehin yeganə yaşayış yeri olub-olmamasından asılı olmayaraq cavabdehin iddia tələbinə qarşı irəli sürdüyü bu dəlil əsassızıdır və iddianın rədd olunması üçün əsas ola bilməz.
26. İddiaçı Şirkət bildirir ki, həmin tikili onun istifadəsinə ayrılmış sahədə yerləşməklə neft-qaz hasilatı ilə bağlı işlərin həyata keçirilməsinə maneə yaradır.
27. Lakin Şirkət hazırda həmin torpaq sahəsində neft-qaz hasilatı ilə bağlı işlərin həyata keçirilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Əksinə, Şirkət tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş (hazırki qətnamənin 13-cü bəndinə qeyd edilən) “Google Earth” proqramından götürülmüş və mübahisəli özbaşına tikilinin yerləşdiyi ərazini özündə əks etdirən xəritədən görünür ki, mübahisəli tikilinin yerləşdiyi sahədə hal-hazırda neft-qaz hasilatı ilə bağlı işlər həyata keçirilmir (həmin sahədə neft quyusu və ya neftin (təbii qazın) nəqli üçün boru xətti və sair qurğular yoxdur).
28. İşin bu halını nəzərə alan Məhkəmə (hazırki işlə analoji olan) “Əhmədova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında həmin Məhkəmənin təsbit edilmiş mövqeyini, habelə MPMin 220.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, özbaşına tikilinin sökülməsi həmin tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman həyata keçirilməlidir.
29. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarında təsbit etdiyi hüquqi mövqeyə görə, məhkəmələr özbaşına tikilinin sökülməsi ilə bağlı işlərə baxarkən tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamə qəbul edərkən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin yaşayışını təmin edən yaşayış sahəsi olmasını nəzərə almalı və müəyyən etməlidirlər ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlıdır.
30. MPM-in 220.6-cı maddəsinə görə isə, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir g) apellyasiya baxışının nəticəsi
31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.
32. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməli və qətnamənin icra qaydası müəyyən edilməlidir.
33. İddia ərizəsi və apellyasiya şikayəti təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları və iş üzrə keçirilmiş ekspertizanın xərci cavabdehə aid edilməliddir. Bu məqsədlə cavabdehdən 60 manat məbləğində pul iddiaçı Şirkətin, 100 manat məbləğində pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405, 220ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı “X5 S.A.” Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 mart 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X5 S.A.” Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin boşaldılaraq sökülməsi və torpaq sahəsinin qanuni sahibinə qaytarılması tələbi barədə” iddiası əsaslı olduğundan təmin edilsin. “X5 S.A.” Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində “39 T 416540.00 m B 4471342.00 m C” koordinatlar çərçivəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh hesabına sökülsün və zəbt edilmiş torpaq sahəsi iddiaçı “X5 S.A.” Şirkətinin istifadəsinə qaytarılsın. Hazırki qətnamənin (yuxarıda qeyd edilən hissəsi – tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması ilə bağlı hissəsi üzrə) icra üsulu müəyyən edilsin. Hazırki qətnamə həmin özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları Cavabdeh aid edilsin. Bu məqsədlə Cavabdeh cəmi 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçı “X5 S.A.” Şirkətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci Cavabdeh aid edilsin. Bu məqsədlə Cavabdeh 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışinski (imza) Azad İmanov
“Əsli ilə düzdür”
Hakim Məmməd Məmmədov