Məhkəmə qərarları › İş №2(103)-2552/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2552/2022

22.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2552/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 aprel 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün və vəkili Vəkil1, cavabdehin özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 07.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 01.09.2021-ci il tarixli qətnamə (İş № 2(103)-6504/2021) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilərək, iddiaçının mübahisəli evə köçürülməsini qət etmişdir. Cavabdehin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 12.01.2022-ci il tarixli qərar (İş № 2(102)-672/2022) ilə kassasiya şikayətinin qismən təmin edilməsini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə apellyasiya qaydasında təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Apellyasiya şikayətinə əsasən mülki işə yenidən baxan Məhkəmə qeyd edir ki, iddia tələbi və iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddia ərizəsində qeyd edilən fərdi yaşayış evi iddiaçının ata tərəfindən nənəsi Sona Səməd qızına, sonra isə atasına məxsus olmuş evidir. Ev heç kəsin şəxsi mülkiyyətində deyil. İddiaçı bu evdə doğulmuş, bütün ömür boyu da bu evdə yaşamış, qeydiyyatı da ailə üzvləri ilə birlikdə 1976-cı ildən həmin evədir. İş üzrə cavabdeh iddiaçının bacısı oğlunun – X1 arvadıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25.07.2008-ci il tarixli qətnaməsi (İş № 2(004)-1146/2008) ilə Arif Səmədov ilə cavabdehin arasındakı nikah pozulmuşdur. Nikah pozulduqdan 8 il sonra, yəni 2016-cı ildə cavabdeh “evə köçürülmə tələbi” barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi əsasında icraatı başlanmış mülki iş üzə qəbul edilmiş 12.07.2016-cı il tarixli qətnamə ilə hazırki iş üzrə cavabdehin 2 övladı ilə birlikdə hazırki iş üzrə mübahisə predmeti olan evdə yerləşən 2 otaq və mətbəxdən ibarət hissəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamənin mövcudluğundan iddiaçı bu yaxınlarda məlumat almışdır. İddiaçı həmin evdə yaşasa, qeyd edilən qətnamə onun maraqlarına toxunsa və hüquqlarının pozulması ilə qəbul edilsə də, cavabdeh ilə aralarında qohumluq münasibətlərini nəzərə alaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. 2016-cı ilin yay aylarında cavabdeh övladları ilə birlikdə iddiaçıya məxsus evə qonaq qismində gəlmiş, sonradan bu evdən getmək istəməmiş, onu sıxışdırmağa, öz şərtlərini diktə etməyə başlamış, evdə özünün müəyyənləşdirdiyi qaydalarla yaşamağa məcbur etməyə cəhdlər etmişdir. Bir müddət sonra isə evin qapısına onun qoydurduğu qıfılı qıraraq yenisi ilə əvəz etdirmiş, açarını isə ona verməkdən imtina etmişdir. Bu üsulla o, iddiaçını yaşadığı öz doğma ata evindən qovub, əşyalarının bir qismini də küçəyə çıxarmışdır. Evindən qovulduqdan sonra yaşamağa yeri olmadığı üçün məcburən Bakı şəhəri, Xətai rayonunda mənzil kirayələmişdir. Maddi vəziyyətinin çox ağır olduğu bu dönəmdə üstəlik hər ay kirayə haqqı ödəmək onu çıxılmaz duruma salmışdır. Ona görə də, iddiaçı, ata evinə qayıtmağa, orada yaşamağa cəhdlər göstərsə də cavabdeh hər dəfə buna qətiyyətlə mane olmuş, nəinki o evdə yaşamağa, hətta evə daxil olub onunla söhbət etməyinə belə ona icazə verməmişdir. Bundan başqa, hal-hazırda cavabdeh həmin yaşayış sahəsində yaşamır və orada ona aid hər hansı bir əşya yoxdur. Cavabdehin məqsədi mübahisəli yaşayış sahəsində yaşamaq deyil, sahə plana düşərək söküldükdə, dövlət tərəfindən kompensasiya almaqdır. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmuna uyğun izahat verdilər. İddiaçı əlavə olaraq bildirdi ki, anadan olanda mübahisəli yaşayış sahəsində yaşamışdır. 1982-ci ildə nikaha daxil olaraq ailə qurmuş və başqa sahəyə gəlin köçmüşdür. Lakin 4 il sonra, yəni 1986-cı ildə əri ilə aralarında münasibətləri pozulmuş və o, mübahisəli evə geri dönmüşdür. İddia ərizəsində göstərdiyi kimi, 2016-cı ilin yayında evə qonaq gəlmiş cavabdeh evdən çıxmaqdan imtina etmiş və onu evdən qovaraq ona məxsus əşyaları tullamışdır. Cavabdehin hərəkətləri nəticəsində o, kirayədə başqa mənzildə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, iddiaçı ərə gedəndən sonra evi tərk edərək ər evinə köçmüş və bir daha bu evə geri qayıtmamışdır. Hazırda evdə o özü (cavabdeh) yaşayır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, Yasamal Rayon 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 09.09.2020-ci il tarixli, 47 saylı arayışından görünür ki, İddiaçı 1976-cı ildən, Cavabdeh (Səmədova) isə 2005-ci ildən Bakı şəhəri, Yasamal rayonu, 14-cü N.ünvan 1 ünvanda Cavabdeh (Səmədova) yaşayır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.07.2016-cı il tarixli qətnaməsindən (İş № 2(004)-7003/2016) görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı və (hazırki iş üzrə tərəf olmayan) X14 qarşı irəli sürdüyü “azyaşlı uşaqları ilə birlikdə yaşayış sahəsinə köçürülmə tələbi barədə” iddiasının təmin edilməsi və Cavabdeh iki azyaşlı övladları ilə birlikdə (hazırki iş üzrə mübahisə predmeti olan və) Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı evdə yerləşən 1 otaqlı, 1 balkon və 1 mətbəxdən ibarət mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh iddia ərizəsində qeyd etmişdir ki, o, 23.07.2002-ci il tarixdə Arif Səmədov ilə rəsmi nikaha daxil olaraq, Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı evdə yerləşən 1 otaqlı, 1 balkon və 1 mətbəxdən ibarət mənzilə gəlin gəlmiş, cehiz əşyaları həmin mənzilə yerləşdirilmiş və sonradan həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Mübahisəli mənzil Arif Səmədovun ana xətti üzrə babasına məxsus olmuşdur. Arif ilə münasibətləri pisləşdiyindən, o, 2008-ci ildə evi tərk edərək, valideynləri ilə kirayədə yaşamışdır. Yasamal Rayon Məhkəməsinin 25.07.2008-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. 2 azyaşlı uşaq onun yanında saxlanılmışdır. Arif narkoman olduğundan, mübahisəli evdə yaşamaqdan imtina etmişdir. Arif 2010-cu ildə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, islah olunmamış və 2016-cı ildə təkrarən həbs olunmuşdur. Arif ona uşaqları birlikdə mübahisəli mənzildə yaşamağı təklif etmişdir. O, həmin mənzilə köçmək istəyərkən, evin qapısının Arifin xalası İddiaçı tərəfindən qıfıllandığını aşkar etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.04.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı fərdi yaşayış evi tarixsiz olaraq X20, Pikə Səməd qızının, Sona Səməd qızının, Xanlar İskəndər oğlunun, Səkinə İskəndər qızının adlarına ilkin qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nun 03.09.1970-ci il tarixli, 388 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 1/5 hissəsi 04.09.1970-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X11 Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun əmisi qızı, Cavabdeh isə əmisi qızının gəlinidir. O, özü mübahisəli ünvanda qeydiyyatda olmaqla, hazırda kirayədə yaşayır. İddiaçı doğulduğu vaxtdan həmin (mübahisəli evdə) evdə yaşayıb. İddiaçı oranı təmir edib, orada yaşamaqla anasına, xəstə bacısına baxıb. Cavabdeh həmin evə köçəndən bir müddət sonra İddiaçı evə buraxmamışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirmiş X16 ifadəsində göstərmişdir ki, İddiaçı onun baldızı, Cavabdeh isə iddiaçının gəlinidir. Mübahisəli ev İddiaçı ata-baba yurdudur. İddiaçı doğulandan orada yaşayıb. 2013-cü ildə İddiaçı evi təmir etdirib. Cavabdeh həmin evə köçəndən bir müddət sonra İddiaçı evə buraxmamışdır. Şahid qismində dindirilmiş X3 Rayon Məhkəməsinə ifadə verərək göstərmişdir ki, İddiaçı onun bibisi, Cavabdeh isə İddiaçı gəlinidir. Mübahisəli ev İddiaçı ata-baba yurdudur. İddiaçı doğulandan orada yaşayıb və ailə qurandan sonra evi tərkib edib, lakin əri ilə münasibətləri pis olduğundan, ata-baba evinə qayıdıb. Cavabdeh evə köçəndən sonra evin qapını bağlayıb və İddiaçı evə buraxmayıb. Evin təmirini İddiaçı və Cavabdeh birlikdə ediblər. Hal-hazırda evdə heç kim yaşamır. Çünki Cavabdeh İddiaçı evə buraxmır, özü də orada yaşamır. Şahid qismində dindirilmiş X15 Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısıdır. Mübahisəli ev onların ana xətti ilə babalarının evi olub. Onlar hər ikisi doğulandan həmin evdə yaşayıblar. Ev nənəsinə, yəni atasının anası X4 mülkiyyətində olub. Onların şikəst bacısına cavabdehin qaynanası olan onun bacısı Sevil baxmış, Sevil vəfat edəndən sonra isə digər bacısı Gülçöhrə baxmışdır. Cavabdeh onların bacısı oğlu Arifin arvadı olub. Arif çəzaçəkmə müəssisəsindən çıxandan sonra həmin evdə qalmaq istədiyini demişdir. Onlar buna etiraz etməmişlər. Cavabdeh həmin evə qeydiyyata düşüb, ev balaca olduğuna görə orada yaşamayıb. Arif orada qalanda evin üstü sökülmüşdü. İddiaçı evi təmir etdirmiş, damı təmir etdirmişdir. Ev İddiaçı istifadəsində olub. Evin açarı İddiaçı olub. Cavabdeh həmin evə köçəndən bir müddət sonra İddiaçı evə buraxmamışdır. Məhkəmə qeyd edir ki, Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarında göstərilənləri nəzərə alaraq təkrar apellyasiya icraatı zamanı mübahisəli sahənin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 ünvanına yerli baxış keçirmişdir. Yerli baxıla müəyyən etmişdir ki, iddiaçı faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, 14-cü N.Nərimanov döngəsi 8 saylı fərdi yaşayış sahəsinin həyətə girişdən düzünə və bir qədər sağda yerləşən evə köçürülməsini xahiş edir. Yerli baxış zamanı həmin ünvanda bir necə ayrı-ayrı tikililərin olduğu müəyyən olunmuşdur. Mübahisəli yaşayış sahəsi ümumi həyətə girdikdə düzünə və bir qədər sağda yerləşməklə, həm dəhliz, həm də mətbəx kimi istifadə olunan 1 otaqdan, 1 yaşayış otağından və sanitar qovşaqdan ibarətdir. Hazırda evdə yaşayış yoxdur, təmir gedir. Evdə təmir işlərini görən X6 bildirdi ki, təmiri Cavabdeh sifarişi ilə görür. Yerli baxış zamanı həmçinin müəyyən edildi ki, X8 məxsus olan (1/5) hissə sökülüb. İş üzrə tərəflər bildirdilər ki, Xizqiyə Tamriyevə məxsus sahə onların arasında olan mülki mübahisənin predmeti deyil. Beləliklə də, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 ünvanında, bir həyətdə bir neçə tikili mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Rayon Məhkəməsinə ünvanlandığı 12.04.2021-ci il tarixli məktubundan görünür ki, həmin yaşayış sahəsi tarixsiz olaraq X24, Pikə Səməd qızı, Sona Səməd qızı, Xanlar İskəndər oğlu və Səkinə İskəndər qızının adlarına ilkin hüquqi qeydiyyatdan keçmişdir. İddiaçının məhz köçürülməsini tələb etdiyi sahə isə onun nənəsi X7 məxsus olmuş sahədir. Bu hal tərəflər arasında mübahisə doğurmur. Bundan başqa, yaşayış sahəsinin 1/5 hissəsi 1970-ci ildə hazırki iş üzrə tərəf olmayan X9 tərəfindən alğı-satqı müqaviləsi əsasında əldə edilməklə onun mülkiyyətinə keçmişdir ki, həmin sahəsinin mübahisələndirilən sahə olmaması da mübahisəsiz haldır. İddiaçı 2016-cı ilin ortalarına kimi mübahisəli evdə yaşamış və ev onun yaşayış yeri olmuşdur. Düzdür o, 1982-ci ildə ailə quraraq başqa ünvana köçsə də, köçdüyü sahədə uzun müddət yaşamamış, lakin 1986-cı ildə yenidən mübahisəli sahəyə qayıtmışdır. Hazırki iş üzrə Cavabdeh İddiaçı həmin evdə olan qeydiyyatının formal xarakter daşımasını, evdə təxminən 30 il ərzində yaşamamasını bildirsə də, Yasamal Rayon Məhkəməsinin 2(004)-7003/2016 saylı iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilmiş 12.07.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh iddiası onunla əsaslandırılmışdır ki, mübahisəli sahə faktiki olaraq İddiaçı sərəncamında olmuşdur. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçının köçməsini tələb etdiyi mübahisəli sahəyə dair evin mülkiyyətçisi, yəni iddiaçının nənəsi X2 olmasa da həmin sahə vərəsəlik hüququ əsasında mülkiyyətçilərin vərəsələrinə keçməmişdir. Bununla bağlı hər hansı bir sübut məhkəmələrə təqdim olunmamışdır. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, mübahisəli sahə iddiaçının yaşayış yeri olmuş və cavabdeh iddiaçının arada yaşamasına maneə törədir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur; pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə (tikiliyə) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.3-cü maddəsinə görə, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ qeydiyyata alınmadığı və s.) üçün iddiaçının yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə köçürülməlidir. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi iddianı rədd etmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi səhvdir və işin hallarına uyğun gəlmir. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, 385-ci maddəsinin tələbini, işin hallarını nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Buna görə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 aprel 2021-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi” barədə iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 14-cü N.Nərimanov döngəsi 8 saylı fərdi yaşayış sahəsinin həyətə girişdən düzünə və bir qədər sağda yerləşən sahəyə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar