Məhkəmə qərarları › İş №2(103)-2556/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2556/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2556/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və iş vaxtından əlavə işləməyə görə pulun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və iş vaxtından əlavə işləməyə görə pulun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2182/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən İddiaçı SHXÇDX Cəlilabad rayon şöbəsi Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanmış, işin birinci 3 həftəsi sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 510 manat təşkil etmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi rəisinin 19 saylı, xx.xx.2022-ci il tarixli əmrindən çıxarışa görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi İddiaçı vəzifə borclarının icrasına laqeyd yanaşdığına görə “töhmət” intizam tənbehi verilmişdir.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasının protokoluna və qərarına görə Xidmətin Təşkilatı nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı polkovnik Əziz Hidayevin xx.xx.2023-cü il tarixli təqdimatına əsasən, Xidmətin Cəlilabad rayon şöbəsi Səfərbərlik hazırlığı və Səfərbərlik bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 219 ş/h nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) müvafiq olaraq İddiaçı xx.xx.2023-cü il tarixdən Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Xidmət rəisinin xx.xx.2023-cü il tarixli, 127 nömrəli əmri.

5. Cəlilabad Rayon Məhkəməsinin 3(073)-583/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 180 saat ictimai işlər növündə tənbeh edilmiş, elan edilmiş qərarın surəti İddiaçı təqdim edilmiş, qərarın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Həmin qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb İddiaçı tərəfindən X7 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında sonuncunun yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində X2 ona məxsus 250 manat məbləğində pul vəsaitini, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, İddiaçı X5 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında SHÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasının həyətində ona məxsus 500 manat məbləğində pul vəsaiti, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti rəisinin onun barəsində ona təqdim olunmayan əmrinin ləğv olunması, 01 sentyabr tarixindən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin iş vaxtından əlavə çalışdığı 600 saatın haqqı olaraq ona 1800 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində müfəttiş vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisinə Xidmətin Aparatından zəng olunaraq onun 01 sentyabr tarixindən işdən azad olunması barədə şifahi məlumat verilmişdir. O da öz növbəsində bu qərarı ona şifahi şəkildə bildirilmişdir. O, öz növbəsində Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsaslanaraq ona işdən azad olunması barədə əmrin rəsmi təsdiq olunmuş surətinin verilməsini bildirmişdir. Lakin Xidmətin aparatında xidmət edən bu işə məsul zabitlər bu əmrin ona verilməyəcəyini bildirmişlər. Həmçinin xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi qüvvədə qalmış, 09 sentyabr tarixindən qanunsuz olaraq köhnə tarixə, yəni 01 sentyabr tarixə əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70 “ç” maddəsi ilə xitam verilmişdir. Bu barədə qeydlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq alt sistemində öz əksini tapmışdır. Açıq aşkar görünür ki, burada işəgötürən, yəni SHXÇDX Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərini pozmuş və ona işdən azad olunma barədə əmrin surətini təqdim etməmişdir. Həmçinin o, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində şöbə rəisinin əmri ilə iş vaxtından kənar, əlavə olaraq müxtəlif vaxtlarda 25 dəfə sutkalıq naryada (növbətçilik) çıxarılmışdır (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad üzrə şöbəsində sutkalıq əmrlərin verilməsi kitabında müvafiq əmrlər mövcuddur). İşdən əlavə saatlarda işlədiyi saatların haqqı ödənilməmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 noyabr 2023-cü il tarixli 2(009)-2182/2023 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia rədd edilmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olunduğu və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə bu hallar öz təsdiqinin tapdığı üçün cavabdehin iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.

11. Məhkəmə iddiaçının onun tərəfindən pozuntu halının 2022-ci ilin iyul ayında olması, bir ildən artıq müddət keçdikdən sonra onun işdən azad olunması barədə əmrin qəbul edilməsi və bu halın əmək qanunvericiliyin tələblərinə zidd olması ilə bağlı dəlilləri üzrə qeyd etmişdir ki, iddiaçı tərəfindən özgənin əmlakını ələ keçirərək dələduzluq etməsi faktı Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiqini tapdığından və həmin hal işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qəbul edilmiş qərardan sonra qiymətləndirilməli olduğundan, məhkəmə aktının qəbulundan sonra isə iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verildiyindən məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iş vaxtından əlavə 600 saat artıq işləməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından və bu hal məhkəmə iclasında öz təsdiqini tapmadığından, iş vaxtından artıq işləməsinə görə 1800 manat pulun tutulması hissəsində tələb əsaslı hesab edilə bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 70 “ç”, 71.2, 72 “e”, 76.1, 80.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, işdən azad olunma əmrində törətdiyi inzibati xətanın tarixi 2022-ci ilin iyul ayı göstərilib, işdən azad olunma tarixi isə hadisədən 13 ay sonraya təsadüf edir. İddia ərizəsində qeyd olunan növbətçilik üzrə iş vaxtından əlavə çalışdığı 600 saat haqqın ödənilməsi, ümumiyyətlə iş vaxtından əlavə çalışmağı ilə bağlı yeganə sübut SHXŞDX-nin Cəlilabad rayon şöbəsinin hər gün imzaladığı gündəlik əmrlər kitabıdır ki, həmin kitabın da tərəfindən təqdim edilməsi qeyri-mümkündür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, törətdiyi inzibati xəta 2022-ci ilin yayında baş vermişdir, aşkarlanması isə Cəlilabad Rayon Məhkəməsinin qərarının qüvvəyə minməsindən hesablansa da, işdən azad olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş həm 1 aylıq, həm də 6 aylıq müddət cavabdeh tərəfindən pozulmuşdur. Əmr ona təqdim edilməmişdir. İş vaxtından əlavə işləməsi ilə bağlı əmrlər kitabı sorğu əsasında alına bilər, onun tərəfindən təqdim edilməsi mümkün deyildir. Əmrlər kitabının saxlama müddəti bir il olsa da, növbətçiliyin təhvil-təslim kitabı, növbətçiliyə çıxarkən verilən təhlükəsizlik təlimatı kitabları mövcuddur, onlar təqdim edilə bilər. Növbətçiliyə dair təhvil-təslim kitabı 5 il müddətə saxlanılır.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı onlara gec, təxminən əmr verilməmişdən 15-20 gün əvvəl, yəni avqust ayında təqdim edilmişdir. Sutkalıq naryadların verilməsinə dair əmrlər kitabının saxlama müddəti bir ildir, həmin müddət bitdiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq məhv edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

19. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.

20. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

21. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

22. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

23. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir.

24. Maddə 72 «e» bəndi. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

25. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

26. Maddə 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.

27. Maddə 186.2. İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

37. Göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsində işləmişdir, vəzifə borclarının laqeyd yanaşdığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli əmri ilə barəsində intizam tənbehi kimi “töhmət” verilmişdir. 2022-ci ilin iyul ayında iddiaçı X7 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək, sonuncudan 250 manat, X4 isə eyni qaydada 500 manat məbləğində pul alaraq, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 180 saat ictimai işlər növündə inzibati tənbeh təyin edilmişdir.

38. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 219 ş/h saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Xidmətin rəisinin xx.xx.2023-cü il tarixli 127 nömrəli əmri göstərilmişdir.

39. İddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə bu hallar öz təsdiqini tapmışdır.

40. İddiaçının apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, işdən azad olunma əmrində törətdiyi inzibati xətanın tarixi 2022-ci ilin iyul ayı göstərilib, işdən azad olunma tarixi isə hadisədən 13 ay sonraya təsadüf edir.

41. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən özgənin əmlakını ələ keçirərək dələduzluq etməsi faktı Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiqini tapdığından və həmin hal işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qəbul edilmiş qərardan sonra qiymətləndirilməli olduğundan, məhkəmə aktının qəbulundan sonra isə iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verildiyindən iddiaçının qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz.

42. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı təxminən əmr verilməmişdən 15-20 gün əvvəl, avqust ayında onlara təqdim edilmişdir. İddiaçı barəsində müvafiq əmri verən təşkilatın Xidmətinin Cəlilabad rayon şöbəsi yox, Bakı şəhərində yerləşən Xidmətin özü olduğundan, Kollegiya nümayəndənin dəlilini ağlabatan hesab edir.

43. İş materiallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının işdən azad edilməsinə dair təqdimata baxılmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş, iddiaçı özü də iclasda iştirak etmişdir.

44. Kollegiya hesab edir ki, iddiaçının müddət ilə bağlı dəlili əsassızdır, cavabdeh tərəf avqust ayında Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını əldə etmiş, 23 avqust tarixində Həmkarlar İttifaqının iclası keçirilmiş və İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır.

45. Daha sonra iddiaçı tələbində iş vaxtından əlavə çalışdığı 600 saatın haqqı olaraq ona 1800 manat pulun ödənilməsini tələb etmişdir.

46. Kollegiya hesab edir ki, bu hissədə də iddia tələbinin rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.

47. Qeyd olunan dəlilin araşdırılması məqsədi ilə Kollegiyanın əvvəlki iclasında 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyuna qədər iddiaçının gecə növbəsinə çıxıbçıxmaması barədə rəsmi məlumat verilməsi ilə bağlı cavabdehin nümayəndəsinə şifahi sorğu ünvanlanmışdır.

48. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin sabiq əməkdaşı İddiaçı işlədiyi dövr ərzində sutkalıq naryadların verilməsinə dair əmrlər kitabları saxlama müddəti bitdiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq akt tərtib olunaraq məhv edilmişdir. Əsas kimi sənədlər və işlərin 1 nömrəli xx.xx.2024-cü il tarixli məhv etmə aktı göstərilmişdir.

49. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən iş vaxtından əlavə 600 saat artıq işləməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından və bu hal məhkəmə iclasında öz təsdiqini tapmadığından, iş vaxtından artıq işləməsinə görə 1800 manat pulun tutulması hissəsində tələb əsaslı hesab edilə bilməz.

50. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2182/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar