Məhkəmə qərarları › İş №2(103)-2558/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2558/2024

28.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2558/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MənzilKommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MənzilKommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “evdən çıxarılma” tələbinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4552/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(001)- 4552/2023 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 18 saylı evin 18 saylı mənzilinə bitişik 14 nömrəli otaqdan çıxarılmaları qərara alınmışdır.

2. 22 noyabr 2023-cü il tarixdə həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərardadına əsasən, apellyasiya şikayəti geri qaytarılmışdır.

4. 19 yanvar 2024-cü il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4552/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2023cü il tarixli, 2(001)- 4552/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə də verilmişdir.

7. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4552/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4552/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi barədə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq normaları:

8. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

9. Həmin Məcəllənin 267.1-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

10. Həmin Məcəllənin 269.1-ci maddəsində qeyd edilir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.

11. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

12. Məcəllənin 269.3-cü maddəsində qeyd edilir ki, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

13. Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

14. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.

16. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(001)- 4552/2023 saylı qətnaməsindən cavabdeh iki dəfə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadlarına əsasən geri qaytarılmışdır.

17. Bundan sonra cavabdeh Binəqədi rayon Məhkəməsinin 2(001)-4552/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş, o cümlədən müddətin bərpası barədə vəsatət vermişdir.

18. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4552/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4552/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi barədə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Göründüyü kimi cavabdehin sonuncu şikayəti qərardaddan olsa da məhkəmə həmin şikayətə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmamışdır.§10-11

20. Əksinə müddətin bərpası barədə ərizəyə baxıb ərizəni təmin edərək qətnamədən verilməyən apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.§8

21. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və qərardaddan şikayət mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4552/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsi ilə müəyyən edilmiş qaydada münasibət bildirilməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar