Məhkəmə qərarları › İş №2(103)-2562/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2562/2023

24.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2562/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3838/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2313 nömrəli Sərancamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində gözdən əlil kimi ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu, qızı) mənzil növbəsinə götürülmüş və güzəştli siyahıya daxil edilmişdir.

2. Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 51 nömrəli Sərancamı ilə Cavabdeh mənzil uçotu işi üzrə mənzil növbəliyi sənədləri yaşayış yerinin dəyişməsi ilə əlaqədar Nərimanov RİH-ə göndərilmiş və Nərimanov RİH Başçısının xx.xx.2013-cü il tarixli 33 nömrəli Sərəncamı ilə Cavabdeh mənzil uçotu işi üzrə mənzil növbəliyi əvvəlki uçota götürülmə tarixi saxlanılmaqla ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu, qızı) Nərimanov RİH-ə köçürülmüşdür.

3. Cavabdeh X2 ilə olan nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə qeyd edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən İ qrup gözdən əlil şəxs kimi Cavabdeh ünvan 1 ünvanında nazirliyin sifarişi ilə inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 33 nömrəli birotaqlı mənzillə təmin edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən mənzilə yaşamaq üçün köçürülməyi barədə qətbamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun atasıdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2016-cı il tarixli, 11/7-34 nömrəli əmrinə əsasən İ qrup gözdən əlilliyi olan şəxs kimi ailə tərkibi nəzərə alınmaqla və qanunvericiliyə uyğun olaraq ünvan 1 ünvanında nazirliyin sifarişi ilə inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 33 nömrəli birotaqlı mənzillə təmin edilmişdir. Bu barədə Nazirliyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 685 nömrəli Vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli, 218 302 33097 saylı cavab məktubunda qeyd edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə göndərilən xx.xx.2021-ci il tarixli, 830 saylı Vəkil sorğusuna İcra hakimiyyəti tərəfindən verilən xx.xx.2021-ci il tarixli 1/898 saylı cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2313 nömrəli Sərancamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində gözdən əlil kimi ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu, qızı) mənzil növbəsinə götürülmüş və güzəştli siyahıya daxil edilmişdir. Nizami RİH Başçısının xx.xx.2013-cii il tarixli 51 nömrəli Sərancamı ilə Cavabdeh mənzil uçotu işi üzrə mənzil növbəliyi sənədləri yaşayış yerinin dəyişməsi ilə əlaqədar Nərimanov RİH-ə göndərilmiş və Nərimanov RİH Başçısının xx.xx.2013-cü il tarixli 33 nömrəli Sərəncamı ilə Cavabdeh mənzil uşaotu işi üzrə mənzil növbəliyi əvvəlki uçota götürülmə tarixi saxlanılmaqla ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu, qızı) Nərimanov RİH-ə köçürülmüşdür. Cavabdeh (ailə üzvlərinə) yaşayış sahəsinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə qərarları əsasında təmin edilmişdir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən mənzil atası Cavabdeh ailə üzvləri nəzərə alınmaqla, yəni ailə üzvləri ilə birgə istifadə edilməsi üçün verilmişdir. Ancaq cavabdeh ailə üzvlərini orada yaşamaq üçün həmin yaşayış sahəsinə buraxmır. Bunun yerinə həmin mənzildə özünün tanışı olan bir qadınla yaşamaqdadır. Şəxsən iddiaçının və onun anasının başqa yerdə yaşamaq imkanı yoxdur. Artıq uzun müddətdir ki, qohum əqraba evlərinə sığınaraq və ya kirayələrdə yaşayırlar. Onların həmin evdə yaşamaq hüququ olduqları halda, ailə üzvü olmayan başqa bir insan yaşamaqdadır. Dəfələrlə cavabdeh ilə yaşanan məsələni həll etməyə cəhd etsə də, hər hansı bir nəticə əldə edə bilməmişdir. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3838/2022 nömrəli qətnaməsi ilə (M.X.Əfəndizadə) iddia rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı yetkinlik yaşına çatmış şəxsdir və özünün də izahatında dediyi kimi mübahisəli mənzildə heç vaxt yaşamamışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi üzrə hazırki mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsi deyil, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməlidir. Belə ki, cavabdehin ailə münasəbətlərindən irəli gələrək iddiaçının öz yanında saxlaması kimi bir vəzifəsi yoxdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə əsasən isə yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur ki, tərəflər arasında belə bir razılaşma yoxdur və iddiaçının əmlakdan istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı öz iddiasını Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sorğualara cavab məktublarında cavabdehin mənzil növbəsinə duran zaman onun 4 nəfərdən ibarət ailə tərkibində qeydə alınması ilə əsaslandırır. Halbuki, mülki işin materiallarında aydın olur ki, cavabdehlə iddiaçının anası arasındakı nikah 2014-cü il tarixdə pozulmuş, mənzili isə 2016-cı il tarixli Sərəncamla almışdır. Mənzilin ona verilməsinə dair sənəddə də yalnız cavabdehin adı qeyd edilmişdir. Bu faktlar “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən məhkəməyə təqdim edilmək üçün verilmiş arayışda da qeyd olunmuşdur. Həmin arayışda deyilir ki, Cavabdeh mənzil növbəsinə dayandığı tarixdə ailə üzvlərinin sayı 4 (dörd) nəfər olmasına baxmayaraq, sonradan xx.xx.2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən boşanaraq ailə tərkibində dəyişiklik edilmişdir. Ona görə ona ailə tərkibinə əsasən 1 (bir) otaqlı mənzil verilmişdir. Mülki işin materiallarında olan 2 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin məktubundan görünür ki, mənzil növbəsində dayanmış Cavabdeh imtiyazı ailə tərkibinin 4 nəfərdən ibarət olması deyil, gözdən əlil olmasıdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının sözügedən mənzildən istifadə hüququ olmadığı halda həmin mənzilə köçürülməsi əsassızdır və ağlabatan deyil, bu səbəbdən də iddia təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, 43-cü maddələrinə, Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 16, 30.1, 30.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinin əsası kimi iddiaçının köçürülmək istədiyi ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmaması olmuşdur. Məhkəmə bu qənaətə gəlməsini isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsi ilə əlaqələndirmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinə əsasən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılırazılşamanın olması və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur ki, tərəflər arasında belə razılaşma yoxdur və iddiaçının əmlakdan istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Ona görə də iddiaçının mənzildən istifadə etmək hüququ olmadığı halda həmin mənzilə köçürülməsi əsassızdır və ağlabatan deyil. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə əsassızdır və onun hüququmun pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmənin bildirdiyi kimi, mənzilə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılşmanın olması və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması lazımdır. Qeyd edir ki, iş materiallarında mövcud olan sənədlərdən görünür ki, cavabdeh həmin mənzilin mülkiyyətçisi deyildir. Mənzil dövlət reyestri tərəfindən verilmiş Çıxarışa sahib deyildir. Mənzil cavabdehə Sərəncam əasında gözdən əlil kimi ailə tərkibi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyi tərəfindən sosial mənzil kimi verilmişdir. Belə olan halda mənzilə hansı hüquqi əsasla mülkiyyətçinin notariat qaydasında təsdiqlən yazılı razılaşması ilə həmin hüququn dövlət reyestrində qeydə aldıraraq istifadə hüququna sahib ola bilərdi. Onun həmin mənzildən istifadə etmək hüququ başdan etibarən, yəni cavabdehə ailə tərkibinin bir üzvü olaraq mənzil növbəsinə götürülməsində və güzəştli siyahıya daxil edilməsində yazılı razılıq ərizəsi əsasında yaranmışdır. Digər ailə üzvləri kimi, onun da yazılı razılıq ərizəmiz əsasında cavabdehə sözügedən mənzil verilmişdir. Bunu da diqqətə çatdırır ki, mənzil cavabdehə sadəcə olaraq gözdən əlil olduğu üçün verilməmiş, eyni zamanda mənzil şəraitinin yaxşılaşdırlması da nəzərə alınaraq verilmişdir. Məhkəmə iddia tələbi barədə qərar verərkən bu faktı nəzərə alaraq qərar qəbul etməli idi. Hesab edir ki, iddia tələbi barədə məhkəmənin gəldiyi nəticə yuxarıda göstərdiklərinə uyğun olaraq əsassızdır. Əlavə olaraq qeyd edir ki, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İştimai Birliyinin və xüsusilə də 2 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin vermiş olduqları məktubların mübahisəli mənzilin ailə tərkibi nəzərə alınmadan verilib-verilməməsinə aydınlıq gətirilməsində hər hansı bir hüquqi səlahiyyəti yoxdur. Məhkəmənin bu məktubları nəzərə alaraq qətnaməsini əsaslandırmasının özü bir xətadır. Belə ki, məhkəmə cavabdehə verilən mənzilin ailə üzvləri nəzərə alınmaqla verilib-verilməməsini müəyyən etmək üçün mənzili cavabdehə verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyi tərəfindən verilən etibarlı məlumatı əlində əsas götürməli idi. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İştimai Birliyi tərəfindən məhkəməyə təqdim edilmək üçün verilmiş arayışda ailə tərkibi barədə göstərilənlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyi tərəfindən verilən cavab məktubunda öz əksini tapmır və ziddiyyət təşkil edir. Digər yandan onu qeyd edir ki, iş materialında olan sənədlərdən və vəkil sorğusuna verilən cavablardan tam şəkildə aydın olur ki, cavabdehin nə icra hakimiyyətinə nə də nazirliyə belə bir müraciəti olmamışdır və 2016-cı il tarixində ona mənzil verilərkən ailə üzvləri nəzərə alınmışdır. Daha sonra onu da qeyd edir ki, cavabdehlə digər ailə üzvü olan iddiaçının anası 2014-cü il tarixində nikahlarını pozduqları zaman iddiaçı azyaşlı uşaq olmamışdır. Yəni onlar nikahlarını pozduqları zaman məhkəmə tərəfindən azyaşlı kimi anasının himayəsinə verilməmişdir ki, anasının qeydiyyatda olduğu və yaşadığı yer onun yaşadığım yer sayılsın. Anası ilə atasının arasında nikahının pozulması onun mənzilə olan hüququnu ortadan qaldırmır. Məhkəmənin hansı əsasla bu fakta istinad etməsi aydın deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, köçmək istədiyi mənzildə heç vaxt yaşamamışdır. Atası ilə birotaqlı mənzildə yaşaya bilər. Lakin atası istəmir ki, o, həmin mənzilə köçsün. Əvvəllər ailə olaraq nənəsinin evində yaşamışlar. Sonradan atası ilə münasibətləri korlanmışdır. Atasına evin verilməsindən xəbəri olmamışdır. Son altı ildə kirayə tutduğu evdə tək yaşayırdı. Məhkəməyə gec müraciət etməyinə səbəb atası ilə münasibətlərini yaxşılaşdırmaq istəyi olmuşdur.

17. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, onun tərəfindən verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, mənzil cavabdehə ailə tərkibi nəzərə alınmaqla verilmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, 2008-ci ildən ailəsindən ayrılmışdır. İddiaçının beşotaqlı evi var, orada yaşaya bilər. O, ayrılıb gedəndən sonra kirayə evdə yaşamış, ailəsi heç vaxt onu axtarmamış, onunla maraqlanmamışdır. Əvvəllər ailəsi ilə birlikdə qaynanasının evində yaşamışdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

24. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iddiaçının köçmək istədiyi mənzilin cavabdehin mülkiyyətində olmamasına baxmayaraq, qətnamə qəbul edilərkən mülki qanunvericiliyin mülkiyyətçinin ailə üzvləri və digər şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasını tənzimləyən normalarına istinad edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır.

25. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh İ qrup gözdən əlildir. O, xx.xx.1993-cü il tarixdən mənzil əldə etmək üçün 4 nəfər ailə tərkibi ilə növbəyə durmuşdur. 2014-cü il tarixdə cavabdeh ilə X2 arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən İ qrup gözdən əlil şəxs kimi cavabdeh ünvan 1 ünvanında nazirliyin sifarişi ilə inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 33 nömrəli birotaqlı mənzillə təmin edilmişdir.

26. Mənzil qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir.

27. Tərəflərin izahatları ilə müəyyən edilir ki, onların ailə münasibətləri cavabdeh mənzil ilə təmin edilməmişdən xeyli müddət öncə korlanmış, iddiaçı cavabdehə verilən mənzildə onun ailə üzvü kimi heç vaxt yaşamamışdır.

28. Məhkəmə kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin məhz birotaqlı mənzil ilə təmin edilməsi onu deməyə əsas verir ki, mənzil ilə təmin edilərkən həqiqətən də onun hazırki ailə tərkibi nəzərə alınmışdır. Çünki dörd nəfər üzvü olan ailənin (ən azı üç üzvü yetkinlik yaşına çatmış şəxslərdir) birotaqlı mənzil ilə təmin edilməsi həm ağlabatan deyil, həm də mənzil şəraitinin yaxşılaşdırılması hesab edilə bilməz.

29. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında ailə münasibətlərinin korlanması onların birotaqlı mənzildə birgə yaşamasını, nəticə etibarı ilə iddia təmin edildiyi təqdirdə qətnamənin icrasını da mümkünsüz edir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3838/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar