Məhkəmə qərarları › İş №2(103)-2568/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2568/2022

13.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2568/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 Asimovnanın, Cavabdeh Şirkətinin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki işə bərpa olunması və məhkəmə qəran qüvvəyə mindiyi günədək məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ödənilməsi öhdəliyinin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə qoyulması və cavabdehdən 150000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 mart 2012-ci il tarixdə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə ("Şirkət") əmək müqaviləsi bağlayaraq, kran-operator (maşinist-mexanik) vəzifəsinə işə qəbul olunmuşdur. Onun əsas iş yeri dənizdə yerləşən Mərkəzi Azəri platformasıdır. Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə, ona Prime Hospitalda 08.06.2020-ci il tarixdə tibbi müayinə təyin edilmişdir. Təyin edilmiş tibbi müayinənin 08.06.2020-ci il tarixli rəyinə əsasən səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0 ) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. 16.06.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti onu müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəldmişdir. Sığortanın göndərişi ilə o, bütün müayinələrdən keçmişdir. Müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş və adına xəstəlik vərəqəsi açılmışdır. Beləliklə, ilkin olaraq adına 17.06.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında 22.06.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında 15.07.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. Xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi aşağıdakı müddətlərə uzadılmışdır: 16.07.2020-08.08.2020, 09.08.2020- 07.09.2020, 08.09.2020-07.10.2020, 08.10.2020-06.11.2020, 07.11.2020-09.12.2020, 10.12.2020-08.01.2021, 09.01.2021-07.02.2021, 08.02.2021-09.03.2021, 10.03.2021- 21.03.2021. 17.03.2021-ci il tarixdə tərtib edilmiş Akademik C.Abdullayev adına X1 rəyinə əsasən ona aşağıdakı diaqnoz qoyulmuşdur: Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə. Lakin 003660 №-li əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 21.03.2021-ci il tarixdə adına açılmış xəstəlik vərəqəsi bağlanmış və işə başlama tarixi kimi 22.03.2021-ci il qeyd edilmişdir. O bu barədə işəgötürənə xəbər verərək xəstəlik vərəqəsinin əslini cavabdehə göndərmişdir. Lakin işəgötürən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı heç bir rəsmi əsas olmadan (əmr, qərar və s.) onu 22.03.2021-ci il tarixdən işdən kənarlaşdıraraq, ona ödənilməli olan əmək haqqını və digər ödənişlərini həyata keçirtməmişdir. Həmin fakt Səbail rayon Məhkəməsinin 2(009)-274/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsində də öz təsdiqini tapmışdır. Həmin qətnaməyə əsasən, məhkəmə hesab edmişdir ki, işçinin müvəqqəti kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırılma qanuni hesab edilə bilməz və cavabdehdən 21.03.2021-ci ildən 16.06.2021-ci il (yekun məhkəmə aktı çıxarılanadək) tarixədək olan dövr üçün dəymiş ziyan ödənilməlidir. Səbail rayon Məhkəməsinin 2(009)-274/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından 21.03.2021-ci ildən 16.06.2021ci ilədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya = 5772 manat) dəymiş maddi ziyanın tutulması qət edilmişdir. Lakin bütün göstərilənlərə baxamayaraq, cavabdeh 01.07.2021-ci il tarixdən Əmək Məcəlləsinin 75.2b maddəsinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) onunla olan əmək müqaviləsinə xitam vermişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, onunla olan 05.03.2012-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi tam olaraq əsassızdır və qanuna ziddir. Beləliklə qeyd etdiyi kimi, adına olmuş xəstəlik vərəqəsi 21.03.2021-ci il tarixdə bağlanmış və o bu barədə işəgötürənə məlumat vermişdir. Lakin işəgötürən əsassız olaraq onu işə cəlb etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə. Göründüyü kimi, əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinin əsas şərti müvafiq prosedura riayət etməklə tibb müəssisəsinin rəyinin olmasıdır. O isə, 21 mart 2021-ci il tarixdən bu günki günə kimi cavabdehin təşəbüssu ilə təşkil edilmiş hər hansı bir müayinədən keçməmişdir. İşçi icbari tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Həmin Məcəllənin 232.1-ci maddəsinə görə, işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 75.2b bəndi ilə xitam verilə bilər. Bir şərtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər AR Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin "B" bəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar. Lakin onun cavabdehlə arasında 05.03.2012-ci ildə bağlanmış əmək müqaviləsinin 7.d) bəndinə əsasən, işçinin iş qabiliyyətini itirilməsi ilə əlaqədar öz vəzifələrinin yerinə yetirə bilməməsi (AR Əmək Məcəlləsi maddə 75) halı nəzərdə tutulmuşdur. Göründüyü kimi, işəgötürən onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 75.2b maddəsində göstərilmiş əsasla xitam versə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Bundan əlavə, onun əmək qabiliyyətinin itirilməsi tam deyil və müvəqqəti xarakter daşıyır. Adına tərtib edilmiş sosial arayışdan görünür ki, 30.12.2020-ci il tarixdə 25№-li TSEK tərəfindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin arayış cavabdehə təqdim edilmişdir. Cavabdehin 01 iyul 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, bu günki günə kimi onun əmək kitabçası, son haqq-hesabı, işə çıxma əmri ona verilməmişdir. Bundan əlavə, qeyd etmək istəyir ki, səhhətində olan ciddi problemlər məhz işlədiyi işlə əlaqədardır. 12.04.2021-ci il tarixli 363/KEŞ saylı ekspert rəyinə əsasən “İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, aparılmış funksional diaqnostik müayinələrə əsasən, onda “Revmatizm (qeyri-fəal gedişli); Mitral qabağın prolapsı, İİ dərəcə; Mitral çatmamazlıq İİİ dərəcə; hipertoniya İİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və "Revmatizm" xəstəliyi birləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır. İddiaçı qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütubət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokok mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzilit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü birüzə vermişdir. İddiaçı aşkar edilmiş revmatizm xəstəliyi fonundan qazanılmış ürək qüsurlarının inkişafına, yəni ürək qapaq aparatının birləşdirici toxumalarının iltihabına gətirib çıxartmışdır". Halhazırda ona tələb olunan əməliyyat təcili və ağır xarakter daşıyır. Lakin həmin əməliyyatı öz hesabına ödəmək onun imkanlarının xaricindədir. O, işəgötürənə dəfələrlə müraciət edərək, müvafiq köməkliyin göstərilməsini xahiş etmişdir. Lakin cavabdeh nəinki ona kömək göstərməyib, həmçinin elə həmin probleminə görə onu qanunsuz olaraq işdən çıxartmışdır. Cavabdehin bu cür qanunsuz hərəkətləri gündən-günə vəziyyətini ağırlaşdıraraq, sarsıntı içində yaşamağına məcbur edir. Hər dəfə cavabdehin növbəti qanunsuz və ədalətsiz hərəkətindən sonra o, stress keçirdir, onsuzda ağır olan halı kəskin pisləşir və bütün bunlar təcili yardımın çağırılması ilə nəticələnir. Göstərilənlərə əsasən əvvəlki işə bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi günədək məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi öhdəliyinin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə qoyulması və cavabdehdən 150000,00 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında «kran operatoru» vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh Şirkətin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin olunmasına dair hissədə ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, sübutlara düzgün hüquqi qiymət verməməsi, gəldiyi nəticənin işin hallarına uyğun olmaması, əmək qanunvericiliyinin normalarını düzgün şərh etməməsi arqumentləri ilə əsaslandırmışdır. Şikayətin məzmununa görə, İddiaçı 05 mart 2012-ci il tarixdə müvafiq əmək müqaviləsi bağlamaqla Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 1-ci dərəcəli “Kran operatoru” vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında qəbul edilmiş qaydalara və qanunvericiliyə uyğun olaraq, işə buraxılmadan öncə R. Manquşev 08 iyun 2020-ci il tarixdə “Prime Hospital”da müayinə olunmuş və “Prime Hospital” tərəfindən verilən tibbi rəyə əsasən R. Manquşev işə yararsız hesab edilmiş və təcili ürək əməliyyatı tövsiyə edilmişdir. İddiaçı xəstəlik vərəqəsi əsasında 6 ay işə gəlməmişdir. 6 ay tamam olduqdan sonra poliklinika xəstəlik vərəqəsini uzatmasa da R. Manquşevin 17 mart 2021-ci il tarixdə akademik C.Abdullayev adına X2 müraciət etmiş və İnstitut tərəfindən verilən tibbi rəyə əsasən iddiaçıda “Prime Hospital”da qoyulmuş tibbi diaqnoz öz təsdiqini tapmış və ona aşağıdakı diaqnoz qoyulmuşdur: “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatışmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə”. 17 mart 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixə qədər iddiaçı müalicə olunaraq sağalmasını təsdiq edən sənədləri cavabdehə, yəni iş yerinə təqdim etməmişdir. 01 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 75-ci maddəsinə əsasən (səhhəti ilə əlaqədar işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə) iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, lakin Əmək Müfəttişliyi Xidməti əmək müqaviləsinə xitam verilməsində işəgötürənin hər hansı qanun pozuntusu etdiyi qənaətinə gəlməmişdir. Məhkəmə iclaslarında iştirak edən apelyatorun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını; iddiaçı və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, iddia tələblərinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, X7 Cavabdeh Şirkəti ilə 05.03.2012-ci il tarixdə əmək müqaviləsi bağlayaraq 1-ci dərəcəli kran operatoru vəzifəsinə işə qəbul olunmuş, Şirkətin 01.07.2021-ci il tarixli KS/029/21 saylı əmri ilə onun əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas Akademik C.Abdullayev adına X3 17 mart 2021-ci il tarixli arayışı və İddiaçı elektron poçt vasitəsilə göndərdiyi 19 aprel 2021-ci il tarixli məktubu təşkil etmişdir. İş materiallarında olan Akademik C.Abdullayev adına X3 17 mart 2021-ci il tarixli arayışında iddiaçıyı bu diaqnoz qoyulmuşdur: “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” Birinci instansiya məhkəməsi iddianı təmin etmək barədə nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsas kimi göstərilmiş Akademik C.Abdullayev adına X1 17.03.2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməmişdir. Tərəflər arasında bağlanmış 05.03.2012-ci il tarixli əmək müqaviləsinin 7-ci maddəsinin “d” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 75) göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması əsası ilə xitam verilsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir Kollegiya birinci instansiya məhkəməsinin bu qənaətini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin birinci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin əsasən, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə. İş materiallarında olan tərəflər arasında bağlanmış 05.03.2012-ci il tarixli əmək müqaviləsinin 7-ci maddəsinin “d” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 75) göstərilmişdir. İddiaçının əmək müvaviləsinə xitam verilməsinə əsas olmuş Akademik C.Abdullayev adına X3 17 mart 2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməsə də, həmin arayışda iddiaçıya diaqnoz olaraq “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” qoyulmuşdur. İş materiallarında olan Prime Hospital tərəfindən 08.06.2020-ci il tarixdə verilən tibbi rəyə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. O, kran operatonu vəzifəsinə uyğun hesab olunmamışdır. 08.06.2020-ci il tarixdən 21.03.2021-ci il tarixədək iddiaçı xəstəlik vərəqəsi əsasında işə çıxmamışdır. İş materiallarından göründüyü kimi Prime Hospital tərəfindən 08.06.2020-ci il tarixdə verilən tibbi rəylə qoyulmuş diaqnozla Akademik C.Abdullayev adına X3 17 mart 2021-ci il tarixli arayışında qeyd olunmuş diaqnoz təsdiqlənmişdir. Prime Hospital tərəfindən verilmiş rəydə iddiaçının kran operatoru vəzifəsinə uyğunsuzluq təsdiq olunduğundan, sonuncu rəydədə də bu qeyd olunmasa belə eyni diaqnoz qoyulduğu üçün, onun eyni qaydada kran operatoru vəzifəsinə uyğunsuzluq təsdiqlənmiş olur. Bundan başqa iddiaçının iş materiallarında olan cavabdehə yazdığı 19.04.2021-ci il tarixli elektron məktubunda qeyd etmişdir ki, “...bir il əvvəl məndə aşkar olunmuş xəstəlik hazırda ağırlaşaraq daha ciddi formaya çevrilmişdir...Həmçinin vəziyyətim ağır olduğundan hər hansı müayinədən keçmək mənim üçün çox çətindir...” Yuxarıda qeyd edilən və iş materiallarında olan elektron məktubların məzmunundan da göründüyü kimi iddiaçı özü səhhətinin ağır olduğunun etiraf etmiş və müayinələrdən keçməyi rədd etmişdir. Bundan əlavə iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X8” X9 verdiyi 12.04.2021-ci il tarixli 363/KEŞ nömrəli ekspert rəyində də iddiaçının “Revmatizm (qeyri fəal gedişli); Mitral qapağın prolapsi, İݰ; Mtral catmamazlığı İİݰ, hipertoniya İİ dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdi. Məhkəmə kollegiyası hesab edir ki, Akademik C.Abdullayev adına X3 17 mart 2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməsə də, həmin arayışda göstərilən diaqnoz Prime Hospital tərəfindən 08.06.2020-ci il tarixdə verilən tibbi rəydə olan diqonozu təsadiqlədiyindən və ilk rəydə iddiaçının kran operatoru vəzifəsinə uyğunsuzluq təsdiq olunduğundan, həmçinin iddiaçı cavabdehə yazdığı elektron məkyublarında səhhətinin ağır olğunu bildirdiyindən, igəgötürən olaraq cavabdeh, Akademik C.Abdullayev adına X3 17 mart 2021-ci il tarixli arayışını və iddiaçının elektron məktubunu əsas götürərək onunla bağlmış əmək müqaviləsinə Əmək məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b” məndi ilə xitam verməkdə haqlı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi qətnaməndə qeyd etmişdir ki, “...İşçi icbari tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilə bilər. Bir şərtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər AR Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin "b" bəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar”. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 75-ci maddəsini düzgün şərh etməyərək, qanunda nəzərdə tutulmamış tələbləri 75-ci maddənin imperativ tələbi kimi təqdim etmişdir…” Kollegiya bildirir ki, Əmək Məcəlləsinin 75-ci maddəsi “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi”nə həsr edilmişdir. Tərəflər əmək müqaviləsində, ona xitam verilməsini tənzimləyən qaydalar müəyyən edə bilər. Əmək Məcəlləsinin qeyd edilən maddəsində “işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir” tələbi yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 75-ci maddəsini düzgün şərh etməmiş və qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq işəgötürəndən əlavə tədbirlər görülməli olduğunu qeyd etmişdir. Həmçinin, birinci instansiya məhkəmə qətnaməsində qeyd etmişdir ki, “...Məhkəmə hesab edir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfındən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələbləri pozularaq, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin müvafiq rəyinin olmamasına baxmayaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01.07.2021-ci il tarixdən xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur...”. Lakin yuxarıda da göstərildiyi kimi iddiaçının işdən azad edilməsi üçün iki müxtəlif tibb müəssisəsindən tibbi rəy alınmışdır. Birinci tibb rəyində işçinin xəstəliyi göstərilərək həmin xəstəliyi səbəbi ilə işçinin kran operatoru vəzifəsində işləməsi qadağan edilmiş, ikinci tibb rəyində isə iddiaçının həmin xəstəliyinin hələ də mövcud olması təsdiq edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin hallarından da göründüyü kimi, iddiaçı 08.06.2020-ci il tarixdən 21.03.2021-ci il tarixədək xəstəlik vərəqəsi əsasında işə çıxmamış, bundan sonra da iddiaçıdan işə çıxması tələb olunsa da, iddiaçı səhhətində olan problemlərə görə işə çıxmamış, tələb olunan müayinədən keçməmiş, hətta özü belə işə uyğunluqla bağlı tibb müəssisəsinin müvafiq rəyini işə götürənə təqdim etməmişdir. Ona görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə (Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b” bəndi) xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2022 saylı iş üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında «kran operatoru» vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbləri həmin hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar