Məhkəmə qərarları › İş №2(103)-257/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-257/2022

08.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-257/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Məmmədov Emin Məmməd oğlunun, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-293/2020 saylı iş üzrə 12 fevral 2020-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsindən çıxarılmaları, həmin qeyri-yaşayış sahəsinə görə son 4 il müddətində ona ödəməli olan 11.520 manat icarə haqqı, mənəvi zərər qismində 10.000 manat, ümumilikdə 21.520 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus əmlaklarla birlikdə ünvan 1 ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsindən çıxarılmaları, qeyriyaşayış sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun qanuni sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun qanuni sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində yerləşən 30 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və həmin yaşayış evinin 600 kv.metr torpaq sahəsi isə onun istifadəsindədir. Adıçəkilən ünvanda onun balaca bir mağazası olmuşdur. 2007-ci ildə Cavabdeh1 ona müraciət edərək, ilkin olaraq icarə haqqı kimi aylıq 120 manat ödəmək şərti ilə həmin mağazanı icarəyə götürmək istədiyini bildirmişdir. Cavabdehlər onun uzaq qohumları olduğu üçün aralarında heç bir icarə haqqında müqavilə bağlanmadan, şifahi razılaşmaya əsasən həmin mağazanı ayda 120 manat ödəmək şərti ilə ona icarəyə vermişdir. Cavabdehlər 3 il müddətində mağazadan icarə əsasında istifadə etdikdən sonra mağazanın sahəsini böyütmək istədiklərini bildirmişlər. Yenə də aralarında olan şifahi razılaşmaya görə cavabdehlər onun istifadəsində olan torpaq sahəsində mağazanı öz hesablarına böyüdəcək və 5 il həmin mağazaya görə ona yenə də hər ay 120 manat icarə haqqı ödəyəcək və 5 ildən sonra, yəni 01 mart 2015-ci il tarixdən icarə haqqını ikiqat artıraraq 240 manat icarə haqqı ödəyəcəklər. Beləliklə, şifahi razılaşmadan sonra cavabdehlər 2010-cu ildə onun həyətində əlavə tikinti işləri apararaq onun balaca mağazasının sahəsini böyütmüş və mağazanı işlətməyə başlayandan sonra razılaşdıqları kimi hər ay ona 120 manat icarə haqqını ödəməyə başlamışlar. Bu minvalla 2015-ci ilin mart ayına qədər ona 120 manat icarə haqqı ödəmişlər. 01 mart 2015-ci il tarixdən cavabdehlər ona hər ay 240 manat ödəmək əvəzinə əksinə ona heç bir məbləğ ödəməmişlər. O, bir neçə aydan sonra cavabdehlərə müraciət edərək, ona hər ay 240 manat icarə haqqını ödəməli olduqlarını xatırlatsa da, cavabdehlər 21 fevral 2015-ci il tarixdə respublikada baş verən birinci devalvasiyanı bəhanə edərək, icarə haqqını ödəməkdən imtina etmişlər. Qohumluq əlaqələrinin olmasını nəzərə alaraq bir müddət gözləməli olmuşdur. Lakin 23 dekabr 2015- ci il tarixdə respublikada baş verən ikinci devalvasiyadan sonra 10 ay ərzində ödənilməmiş 2400 manat icarə haqqının ödənilməsini və mağazanı boşaltmağı tələb etməyə başlamışdır. Cavabdehlər ondan əlavə bir il vaxt istəyərək, borclarını tam ödəyəcəklərinə söz versələr də, sözverən olaraq qalmışlar və borclarını ödəməməklə yanaşı mağazanı da boşaltmamışlar. Cavabdehlər uzaq qohumları olduğu üçün onların barəsində hüquq mühafizə orqanlarına və ya məhkəməyə şikayət etməmiş, cavabdehlərin tez bir zamanda mağazanı boşaldaraq ona olan borclarını ödəyəcəklərini düşünmüşlər. Cavabdehlərlə onun arasında olan şifahi razılaşmaya əsasən onlar həmin mağazaya görə ona hər ay 240 manat kirayə haqqı ödəməlidirlər. Lakin son 4 ildə ödəniş etmədiklərinə və şifahi razılaşmanı pozduqlarına görə mağazanı boşaltmalarını tələb etmişdir. Lakin cavabdehlər mağazanı boşaltmaqdan imtina etmiş, mağaza üçün aylıq 240 manat icarə haqqını ödəmədən ona məxsus qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə etməkdə davam edirlər. Mübahisə predmeti olan mağaza onun xüsusi mülkiyyətində olan yaşayış evinin həyətində, yəni onun istifadəsində olan torpaq sahəsində onun tərəfindən, onun vəsaiti əsasında inşa edilməklə, onun sahibliyində olan qeyri-yaşayış sahəsidir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində göstərilənlər tamamilə həqiqətə uyğun deyildir. Əvvəla, qardaşı Cavabdeh1 onun mağaza kimi işlətdiyi qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti olmamışdır və yoxdur. Bundan başqa, o heç vaxt iddiaçı ilə heç bir danışıq aparmamış və onunla bağlı heç bir öhdəlik barədə razılaşmaları olmamışdır. Onun mağaza kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini o, şahidlərin yanında iddiaçının atası Səttardan almış və bunun müqabilində onunla şərtlərinə uyğun olaraq Səttar hər ay təxminən 100-110 manat civarında dəyərə malik olan ərzaq məhsullarını mağazadan götürürdü. Onunla Səttar Hüseynovun arasında olan razılaşmaya sonuncu ölənədək tərəfindən əməl olunmuşdur. İddiaçının göstərdiyi qeyriyaşayış sahəsi əvvəllər 2x3 ölçüdə balaca bir yer olmuşdur ki, hazırkı qeyri-yaşayış sahəsini Səttar Hüseynovun razılığı ilə öz vəsaiti hesabına və ömürlük ona qalması şərti ilə özü tikmişdir. Həmin qeyriyaşayış sahəsinin onun istifadəsində olması barədə Maştağa bələdiyyəsinə torpaqdan istifadəyə görə mütəmadi olaraq ödəmələr həyata keçirmiş, həmin qeyri-yaşayış sahəsində ticarət fəaliyyəti göstərdiyinə görə şəhadətnamə almış, onun adına tədiyyə (vergi) bildirişləri gəlmişdir, eyni zamanda, istifadə etdiyi və faktiki sahibliyində olan qeyriyaşayış sahəsinin tikintinin sahibi kimi onun göstərildiyi qiymətləndirmə və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli mövcuddur. İddiaçının atası Səttar Hüseynovla onun sahibliyində olmuş 2x3 ölçüdə qeyri-yaşayış sahəsinin yuxarıda göstərdiyi şərtlər əsasında və nağd olaraq 1000 ABŞ dolları almaqla onun sahibliyinə verilməsi barədə şərtləşməsi məhkəmə iclasına tərəfindən dəvət olunan şahidlərin ifadəsi ilə təsdiq oluna bilər. Eyni zamanda, iddiaçıərizəsində Səttar Hüseynovun evinin və barəsində mübahisə açdığı torpaq sahəsinin ona məxsus olması barədə ifadələr işlətsə də, bu hüququ təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Yəni, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Qeyd olunanlara əsasən Cavabdeh2 qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək mübahisəli qeyri-yaşayış sahəsindən məhkəmə qaydasında çıxarılacağı təqdirdə həmin qeyri-yaşayış sahəsinin tikintisinə, təmirinə, onun ticarət obyekti kimi istifadə olunmasına çəkilən xərclər kimi 30.000 manat pulun İddiaçı alınaraq Cavabdeh2 verilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(008)- 293/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus əmlaklarla birlikdə 0,0543 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən sahəsi 48,3 kv.m olan ünvan 1 (yeni qaydalarla: ünvan 3 ünvanındakı qeyri-yaşayış sahəsindən çıxarılmaları, qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə qaytarılması qət edilmiş, Cavabdeh2 İddiaçı qarşı ünvan 1 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan reyestrdən çıxarışa əsasən, İddiaçı ünvan 4 ünvandakı 0,543 kv.m torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçisidir. İddiaçı atası Hüseynov Səttar Abbasqulu oğlunun sağlığında onun mülkiyyətində olmayan torpaq sahəsinin üzərində özbaşına inşa etdiyi 1x3 kv.m qeyriyaşayış sahəsi özünün sağlığında ona istifadəyə verilməsi, sonradan Səttar Hüseynovun razılığı ilə həmin qeyri-yaşayış sahəsinin onun vəsaiti hesabına yenidən tikilib genişləndirilməsi barədə razılığının olduğunu inkar edən İddiaçı hazırki iddia tələbini vermək hüququnun olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır, yəni hazırda əlindəki reyestrdən çıxarışda göstərilən 543 kv.m torpaq sahəsinin və eyni zamanda ekspert rəyi ilə müəyyən olunmuş 150 kv.m torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olmasını müəyyənləşdirmədən hazırki iddia tələbini verməsi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə istinad edərək ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində 3-cü şəxslərə qarşı tələb irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər” mülahizəsinə əsaslanmışdır, hesab edir ki, payı müəyyən edilmədən hazırki iddia tələbini yalnız öz xeyrinə məhkəməyə təqdim etməsi elə məhkəmənin özünün istinad etdiyi qanunun ormasına ziddiyyət təşkil edir. İddiaçı iddia tələbi ilə bağlı və onun mülkiyyətində olan torpaq sahəsinin həcmini və hüdudlarını müəyyən etmək məqsədilə məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertizanın nəticəsində verilmiş 04 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə İddiaçı paylı mülkiyyətində 0,0543 ha torpaq sahəsinin olduğu, eyni zamanda faktiki olaraq onun istifadəsində 703,0 kv.m torpaq sahəsinin olduğu müəyyən edilir. Eyni zamanda həmin rəyin sonuncu cümləsində “tikilmiş yaşayış evinin çox hissəsi artıq torpaq sahəsinə düşür” kimi rəydə qeyd vardır. Yuxarıda göstərilən ekspert rəyi ilə məhkəmə qərardadı ilə müəyyən olunmuş halların cavabları tam əhatə olunmadığından məhkəmənin təşəbbüsü ilə mütəxəssis rəyi alınması barədə qərardad verilir və qərardadda konkret olaraq mübahisəli yaşayış sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşübdüşməməsi barədə qoyulmuş suala 24 yanvar 2020-ci il tarixli mütəxəssis rəyində mülkiyyətdə olan torpağın tam ölçüsü aparılmadan, yəni mülkiyyətdəki torpağın daş hasarla yarıya bölünüb bir hissəsinin həyətin aşağı tərəfindəki bacaya verilmiş hissəsini nəzərə almadan həyətin İddiaçı istifadə etdiyi yaşayış evinin istifadəsində olan torpaq sahəsini ölçməklə, istifadədə olan artıq zəbt olunmuş torpaq sahəsi nəzərə alınmadan “mütəxəssis” mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşdüyü göstərilir ki, məhkəmə də buna istinadən onun iddia tələbini təmin etmişdir. Həm 04 noyabr 2019-cu il tarixli ekspert rəyində göstərilən ölçülərlə 24 yanvar 2020-ci il tarixli mütəxəssis rəyi arasında kəskin fərqin olduğunu gördükdə, eyni amanda birinci ekspert rəyi ilə İddiaçı istifadəsində zəbt olunmuş 150 kv.m torpaq sahəsinin mövcudluğu mütəxəssis rəyində öz əksini apmadığını, həyətin ölçüsünün düzgün aparılmadığını və s. halları gördükdə tərəflərindən Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsinə uyğun olaraq təkrar ekspertiza keçirilməsi barədə verilmiş rəsmi vəsatətləri məhkəmə tərəfindən təmin olunmamışdır ki, bu da prosessual hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, iş materiallarında olan fotoşəkillərdən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Maştağa-Nardaran şosse yoluna bitişik inşa olunmuşdur, yəni həmin magistral yolun mühafizə zolağında olan torpağın üzərindədir. Əgər İddiaçı mülkiyyət sənədindəki 0,0543 kv.m torpaq sahəsinin hüdudu magistral yolun mühafizə zolağına qədər çatırsa, belə olan halda dövlət mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsinin araşdırılması barədə onun vəsatəti məhkəmə tərəfindən təmin olunmamış qalmışdır. Daha sonra onun iddiaçının atası Səttar Abbasqulu oğlu ilə şifahi alqı-satqı barədə razılaşmasının nəticəsi kimi vaxtilə onun sahibliyində olan 2x3 kv.m sahəsi olan balaca köşkün ondan 1000 ABŞ dolları dəyərləndirərək şahidlərin yanında almağı barədə məhkəmə qətnaməsində heç nə yazılmamış və məhkəmə bu işə hüquqi qiymət verməmişdir. Bundan əlavə, elə məhkəmə qətnaməsinin özündə istinad olunduğu kimi Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpağın özbaşına tutulmasının qanunazidd olması barədə birinci ekspert rəyi ilə özbaşına tutmanın mövcud olduğu şəraitdə bu hala məhkəmə qiymət verməmişdir. Bir daha onu da qeyd etmək istəyir ki, məhkəmə öz qətnaməsində onun iddiaçının atası Səttar Abbasqulu oğlundan vaxtilə onun sahibliyində olan balaca köşkü alandan sonra həmin köşkü öz vəsaiti hesabına böyütməyi və hazırkı qeyri-yaşayış sahəsini inşa etməyi iddiaçının özü tərəfindən etiraf olunmasına baxmayaraq, məhkəmə qətnaməsində bu halın sübutu ilə bağlı onun heç bir sənəd təqdim etmədiyini göstərməsi də qeyri-obyektiv qiymətləndirmə kimi hesab olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2(103)- 5600/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(008)293/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddianın Cavabdeh2 qarşı təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(102)- 652/2021 saylı qərarı ilə ilk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5600/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi nümayəndəsi və vəkili Məmmədov Emin Məmməd oğlu apellasiya şikayətinə etiaz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert Məmmədov Teymur Seymur oğlu izahatında bildirmişdir ki, mülki iş üzrə əvvəlki rəy mütəxəssis rəyi əsasında verilmişdir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza zamanı isə tərəfindən şəxsən əraziyə baxış keçirilmiş, foto şəkillər çəkilmiş və CPS vasitəsi ilə ərazinin kordinantı götürülmüşdür. Həmin kordinatlar və iş materiallarında olan sənədlər əsasında araşdırma aparılaraq rəydə göstərilən nəticəyə gəlinmişdir. Eyni zamanda bildirdi ki, faktiki olaraq 703,0 kv.m torpaq sahəsindən istifadə olunur. 88.2 kv.m qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətində olan 0.0543 ha torpaq sahəsinə deyil, həmin toraq sahəsinin hüdudlarından kənarda yerləşir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia tələbi üzrə Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı Rəhimov Eldar Kamil oğlunun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilk iddia üzrə Cavabdeh2 mübahisələndirmiş olsa da, iddia tələbi bölünməz olduğundan hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və kassasiya şikayətini göstərişlərini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020ci il tarixli, 2(008)-293/2020 saylı qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma, əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəm kollegiyası mülki iş üzrə ilkin və qarşılıqlı iddianın olmasını nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilk öncə ilkin iddia üzrə, daha sonra isə qarşılıqlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı1488742 №-li çıxarışın, fərdi yaşayış evinin texniki pasportunun surətlərindən görünür ki, 0,0543 ha torpaq sahəsində yerləşən sahəsi 48,3 kv.m olan ünvan 1 (yeni qaydalarla: ünvan 3 ünvanındakı fərdi yaşayış evi ½ hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 20323 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır, Səttar Abas Qulu oğlunun adına olan ½ hissə isə açıq qalmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 140654 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səttar AbasQulu oğlu 21 mart 2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 04 noyabr 2019-cu il tarixli 15273 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrıvə torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanındakı 48,3 kv.metr sahədən ibarət olan yaşayış evinin yerləşdiyi 0,0543 ha torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1969-cu ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən ünvana mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Faktiki olaraq 703.0 kv.metr torpaq sahəsindən istifadə edilir. Torpaq sahəsi iki hissəyə bölünmüşdür. Torpaq sahəsinin bir hissəsində qeydiyyatdan keçmiş S=48.3 kv.metr olan bir mərtəbəli yaşayış evi mövcuddur. Yaşayış evinə bitişik 40.7 kv.metr bağlı eyvan tikilmişdir və 26.2 kv.metr açıq eyvan qurulmuşdur. Digər hissədə isə bir mərtəbəli yaşayış evi, 8.6 kv.metr sanitar qovşağı və 88.2 kv.metr qeyri-yaşayış sahəsi tikilmişdir. Tikilmiş yaşayış evinin çox hissəsi artıq torpaq sahəsinə düşür. Həmçinin, işə məhkəmə iclasında baxılması zamanı məhkəmə tərəfindən tərəflərin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya İşlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Hümmətli Salman Qorxmaz oğlunun iştirakı ilə ünvan 1 ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, baxış nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 24 yanvar 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən təqdim olunmuş döngə nöqtələri daxilində yerləşən ümumi sahəyə **********2-10301 reyestr nömrəli çıxarış verilmişdir. (İddiaçı və Səttar Abas Qulu oğlunun adına). Qeyd olunan mübahisəli S=84,0 kv.metr tikili sözügedən özəl sahədə yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsnin tələblərinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. İlkin iddianın mahiyyətindən görünür ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyriqanuni sahibliyində olmasını iddia edərək onların əmlakları ilə birlikdə həmin torpaq və qeyri-yaşayış sahəsindən çıxarılmaları, qeyri-yaşayış sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı hazırki tələblə çıxış etmək üçün 88.2 kv.metr qeyri-yaşayış sahəsi ya İddiaçı məxsus torpaq sahəsində yerləşməli, ya da iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ olmalıdır. Belə ki, iddiaçının mülkiyyətində ünvan 5 ünvanda ev olması və həmin evin yerləşdiyi 0,0543 ha torpaq sahəsinin olması, faktiki olaraq isə 703,0 kv.m sahəsi olan torpaq sahəsindən istifadə edilməsi, torpaq sahəsinin iki hissəyə bölünməsi torpaq sahəsinin bir hissəsində qeydiyyatdan keçmiş 48,3 kv.m 1 mərtəbəli yaşayış evinin mövcudluğu işin mübahisəsiz haldır. Hazırki iş üzrə araşdırılmalı hal ondan ibarətdir ki, iddiaçının cavabdehlərin çıxarılması tələb etdiyi 88,2 kv.m qeyri-yaşayış sahəsi məhz İddiaçı məxsus 0,0543 ha torpaq sahəsinin hüdudları daxilində yerləşirmi. Mülki iş üzrə kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında da qeyd olunmuşdur ki, ilk iddia üzrə Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Eyni zamanda cavabdeh kassasiya şikayətində göstərir ki, məhkəmə qeyri-yaşayış sahəsindən çıxarılma ilə bağlı nəticəyə gələrkən qeyri-yaşayış sahəsinin, onun altında yerləşən torpaq sahəsinin ilk iddiaçının mülkiyyətində və ya istifadəsində olmasını araşdırmamış, tikilinin zəbt olunmuş torpaq sahəsində yerləşib yerləşmədiyini müəyyən etməmiş, bununla bağlı məhkəmə tikinti texniki ekspertizasının keçirilməsinə dair vəsatət vermiş olsa da heç bir əsaslandırma aparılmadan əsassız olaraq vəsatətini təmin etməmiş, qarşılıqlı iddia tələbini dəyişdirmiş olsa da, məhkəmə ilk iddia tələbi həddində işə baxmış, apellyasiya məhkəməsi isə bunlarla bağlı dəlilləri üzrə hər hansı bir araşdırmaların aparılmasını təmin etməmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında həmçinin qeyd olunmuşdur ki, mütəxəssis tikilinin müvafiq olaraq özəl sahədə tikilməsini göstərmiş olsa da və faktiki olaraq torpaq sahəsi və üzərində olan tikilinin mülkiyyətdə olmasını müəyyən etsə də, məhz tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aid olan (mütəxəssis rəyinə görə torpaq sahəsi faktiki olaraq iki hissəyə ayrılmışdır, kimin istifadəsində qalması isə müəyyən deyil) sahənin hüdudları daxilində yerləşməsini müəyyən etməmişdir. Nəzərə alınsa ki, torpaq sahəsi və tikili üzərində iddiaçı paylı mülkiyyətçidir, naturada payların müəyyən edilməsi təmin edilməmişdir, belə olan halda məhz tikilinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının sərəncam vermək səlahiyyətinin olub-olmamasının müəyyən edilməsi əhəmiyyətlidir. Digər tərəfdən nəzərə alınmaldır ki, əmlakın digər hissəsi ½ olmaqla açıq qalmış, hər hansı şəxs tərəfindən qəbul edilməmişdir. Belə olan halda iddiaçının ilk iddia tələbi irəli sürülməsi üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi üçün tikilinin iddiaçının mülkiyyətində olan 0,543 ha torpaq (göstərilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilmiş ½ hissə və ya tam sahə olması müəyyən edilməlidir) sahəsinin hüdudları daxilində yerləşməsinin müəyyən edilməsi üçün əhəmiyyətli olmasına baxmayaraq və məhz bu halın müəyyən edilməsi üçün cavabdeh tərəfindən əlavə məhkəmə-tikinti ekspertizasının təyin olunmasını xahiş etsə də, apellyasiya məhkəməsi həmin vəsatətin tam və hərtərəfli araşdırmadan əsassız olaraq onun təmin olunmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin yuxarıda göstərilən göstərişləri nəzərə alınmaqla mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin еdilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2022-ci il tarixli, 10/4890 nömrəli rəyi əldə edilmişdir. Həmin rəydən görünür ki, mülki iş materiallarında olan mütəxəssis rəylərinə və keçirilmiş baxışın nəticəsinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən 0.0543 ha torpaq sahəsində tikilmiş 48.3 metr 1 mərtəbəli yaşayış evinə bitişik tikilmiş bir mərtəbəli yaşayış evi, 8.6 kv.metr sanitar qovşağı 0.0543 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Sözügedən 88.2 kv.metr qeyri-yaşayış sahəsi isə həmin torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. İş materiallarında olan Alternativ Ekspertiza Mərkəzinin 16 iyun 2020-ci il tarixli 201 nömrəli rəyindən isə görünür ki, ünvan 7 ünvanında yerləşən hazırda ½ payla İddiaçı mülkiyyətindəki sahəsi 543,0 kv.m olan (faktiki istifadəsində olan 728,0 kv.m) torpaq sahəsinin artıq 185,0 kv.m-lik hissəsinin, o cümlədən yolun kənarında yerləşən 84,0 kv.m olan qeyri-yaşayış sahəsinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında “Azərbayca Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarının rəhbər tutmaqla, “Maştağa-Nardaran” avtomobil yolunun qorunma (mühafizə) zonasına düşür. Kollegiya qeyd edir ki, nəticə etibarı ilə “Maştağa-Nardaran” avtomobil yolunun kənarında yerləşən 88.2 kv.m-lik mübahisəli qeyri yaşayış sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində kənarda yerləşdiyindən onun hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən də irəli sürülmüş tələb təmin edilməməlidir. Qarşılıqlı iddianın dəyişdirilməsi barədə ərizənin mahiyyətindən görünür ki, Cavabdeh2 ərizəsində mübahisəli qeyri-yaşayış sahəsindən məhkəmə qaydasında çıxarılacağı təqdirdə həmin qeyri-yaşayış sahəsinin tikintisinə, təmirinə, onun ticarət obyekti kimi istifadə olunmasına çəkilən xərclər kimi 30.000 manat pulun İddiaçı alınaraq Cavabdeh2 verilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində cavabdehin Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad edərək bir neçə dəfə qarşılıqlı iddia ərizəsinə dəyişiklik etmişdir. Həmin ərizələrdə irəli sürülən tələblərindən hansı üzrə məhkəmə müdafiə hüququnu davam etdirməklə bağlı iradəsini aydınlaşdırmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmələr qarşılıqlı iddia üzrə sonuncu edilmiş dəyişdirməni faktiki olaraq ilk iddiaya qarşı edilmiş etiraz kimi qəbul etmiş və bu baxımdan qiymətləndirmişdir. Nəticədə isə iddiaçının iddia tələbi faktiki olaraq araşdırılmamış və baxılmamış vəziyyətdə qalmışdır. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, qarşılıqlı iddia tələbindən görünür ki, iddiaçı ilkin iddianın nəticəsindən aslı olaraq ticarət obyekti kimi istifadə olunmasına çəkilən xərclər kimi 30.000 manat pul tələb edir. Hazırki halda isə məhkəmə kollegiyasının yuxarıda qeyd olunan mövqeyinə görə ilk iddia tələbi üzrə iddiaçının subyektiv hüququ mövcud olmadığından ilkin iddia tələbinin rədd edilməsi qənaətinə gəlinmişdir ki, bu halda da qarşılıqlı iddia tələbi üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin rədd edilməsini qətnaməsində əsaslandırmasa da, faktlar nöqteyi-nəzərindən tələb üzrə qanuni və ədalətli nəticəyə gəlmişdir. Ona görə də, kollegiya qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə ilkin iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri 100 manat təşkil etdiyindən və hazırki halda nəticə etibarı ilə hər iki iddia tələbi təmin edilmədiyindən həmin məbləğin 50 manatı İddiaçıdan və digər 50 manatı isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(008)-293/2020 saylı qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma, əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(008)- 293/2020 saylı qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma, əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizalarının dəyərininin 50 manatı İddiaçıdan, digər 50 manatı isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar