Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2570/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(009)-861/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "Turan Drilling and Engineering Company” MMC-yə (bundan sonra cavabdeh) qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Turan Drilling and Engineering Company” MMC-nin Baş direktoru Fraser Abernetin 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "Turan Drilling and Engineering Company” MMC-nin Baş direktoru Fraser Abernet ilə onun arasında qarşılıqlı razılıq ilə 08 dekabr 2020-ci il tarixindən 08 dekabr 2021-ci il tarixinədək T726 nömrəli, 08 dekabr 2020ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Lakin "Turan Drilling and Engineering Company” MMC-nin Baş direktoru Fraser Abemetin 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən 27 yanvar 2020-ci il tarixindən xitam verilmişdir. İşdən azad edilməsinə dair 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, ilk növbədə qeyd etmək istəyir ki, əmr onunla əsaslanmışdır ki, "Turan Drilling and Engineering Company” MMC ilə onun arasında 08 dekabr 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən işçi, materiallar üzrə mütəxəssis vəzifəsində əsas briqadaların üzrlü və üzrsüz səbəbdən işə çıxmayan işçisinin və ya boş olan analoji vəzifənin əmək funksiyasının icrasını işəgötürənin mülahizəsi ilə müəyyənləşdirilən neftqaz əməliyyatları ilə bağlı Xəzər dənizində yerləşən aidiyyatı buruqlara göndərilməklə yerinə yetirməlidir. Onun əmək funksiyasının "BP” şirkəti tərəfindən əməliyyatlar aparılan buruqlarda icrası ilə bağlı "Turan Drilling and Engineering Company” MMC "BP” şirkətinə müraciət etdikdə, onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında məlumat alınmışdır. Əmrdə qeyd olunur ki, o, işə qəbul edilərkən bu haqda şirkəti məlumatlandırmamışdır. Belə ki, "Yeni İşçi forması”nı doldurarkan buruqda işləmək üçün tələb olunan buraxılış (Vantage card) hissəsində buraxılış kartı haqqında məlumat verməmişdir. "Turan Drilling and Engineering Company” MMC ilə onun arasında bağlanılmış əmək müqaviləsində tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etmişlər. Nəticədə bu hallardan birini - "İşçi sifarişçi "BP” əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda” göstərməklə əmək müqaviləsinə xitam verilməsi qənaətinə gəlmişlər və Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d” bəndini və əmək müqaviləsinin 1 nömrəli əlavəsini rəhbər tutaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin bildirmək istəyir ki, T726 mömrəli əmək müqaviləsində belə bir şərt göstərilməmişdir. Belə şərt şirkətin əməkdaşları ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, görüş zamanı ona göstərdikləri müqavilənin əlavəsində yazıldığı ona məlum olunmuşdur. Qeyd olunan əlavə əmək müqaviləsi bağlanan zaman ona təqdim olunmamış və onun tərəfindən həmin əlavə imzalanmamışdır. Beləliklə 1 nömrəli əlavədə qeyd olunan şərtlər barədə məlumatı olmadığından bu şərtin onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Onun həm əmək müqaviləsinin əlavələrindən, həm də "BP” əməliyyat şirkəti tərəfindən Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasından da məlumatı olmamışdır. Ona belə qadağa barədə heç vaxt heç kim bildirməmiş və o, hər hansı şəkildə təhlükəli hesab etməyə əsas verən davranışa heç vaxt, o cümlədən 12 il bundan əvvəl Cavabdeh2-də çalışdığı dövrdə yol verməmiş (BP ilə müqaviləyə onun müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir), psixi cəhətdən də sağlamdır, heç bir qüsuru yoxdur. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Belə ki, müqavilənin əlavəsində göstərilən şərtin mənasından belə başa düşülür ki, artıq müqavilə əsasında işləyənlərə və buruqlarda təhlükəli davranışa yol vermiş şəxslərə tətbiq oluna bilər. Cavabdeh əmək müqaviləsinin xitam verilməsinə dair 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrində Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d” bəndini və əmək müqaviləsinin 1 nömrəli əlavəsinə istinad etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə ki, aralarında bağlanan əmək müqaviləsinin 1 nömrəli əlavənin onun tərəfindən imzalanmasına dair sübut təqdim edə bilməmişlər. Həmçinin "Turan Drilling and Engineering Company” MMC tərəfindən "BP” şirkətinə edilmiş müraciətin nömrəsi və tarixi barədə, eləcə də "BP” şirkətinin onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında cavab məktubunun nömrəsi və tarixi barədə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d” bəndinə əsasən, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıql razılığı ilə əlavə hallara əsaslansa da, həmin əlavə hallar barədə qarşılıqlı razılığın olmasını sübut etməmişdir. Əmək müqaviləsinin 8.1-ci maddəsində də göstərildiyi kimi, X5nə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Lakin əmək müqaviləsinin xitam verilməsinə dair 002-HCC/CC- 2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrin qəbul edilməsi əsas birtərəfli (onun tərəfindən imzalanmayan) əlavə olmuşdur. Ona cavabdehlə aralarında bağlanan müqavilənin ləğv edilməsi barədə həmin gün məlumat verilmişdir. Belə ki, qabaqcadan qeyd olunanlarla bağlı xəbərdar olsa idi "BP” əməliyyat şirkəti tərəfindən onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasına dair məlumatı dəqiqləşdirilməsi və üzərinə qoyulmuş həmin qanunsuz qadağanın ləğv edilməsi üçün "BP” əməliyyat şirkətinə müvafiq müraciətlər edərdi. Onun "BP” əməliyyat şirkəti tərəfindən üzərinə qoyulmuş qanunsuz qadağa barəsində məlumatı olsa idi, qadağanın olubolmamasını rəsmi qaydada müəyyən etmək üçün və belə qanunsuz qadağanın olduğu təqdirdə vaxtında ləğv edilməsi üçün müvafiq müraciətlər etmək hüququndan da məhrum olmuşdur. Əlavə olaraq bildirir ki, "Turan Drilling and Engineering Company” MMC-də işə qəbul olunan gündən, işdən azad olunan günə kimi, o, Xəzər dənizində buruqlarda olmamışdır. Onunla bir il müddətində əmək müqaviləsi bağlanmış və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Hesab edir, qeyd olunan əmr ləğv edilməli, o, əvvəlki vəzifəsinə işə bərpa edilməli və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(009)- 861/2021 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunması olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nmayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 şirkətinin nümayəndəsi izahatında göstərmişdir ki, tərəflərindən aparılmış araşdırma zamanı arxiv sənədlərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçının digər şirkətdə işlədiyi zamanı yol verdiyi hüquqazidd əməlləri nəticəsində həqiqətən 2009-cu ildə onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa (blok) qoyulmuşdur və həmin qadağa hələ də qüvvədədir. Hər hansı işçiyə müvafiq qadağanın qoyulması Cavabdeh2 şirkətinin müstəsna hüququdur. Cavabdeh təşkilatın Cavabdeh2 şirkəti ilə müqaviləsi vardır, cavabdeh işçiləri işə qəbul edən zamanı, Xəzər dənizində yerləşən Cavabdeh2 şirkətinin istifadəsində olan buruqlara göndərən zamanı əvvəllər müvafiq qadağanın olub-olmamasını dəqiqləşdirməlidir. Üzərində qadağa olan işçilər buruqlara buraxılmır. İddiaçı ilə bağlı müvafiq qadağanın mövcudluğu ilə bağlı məlumatlar məsul əməkdaşlar tərəfindən dəqiqləşdirilərək Cavabdeh1 MMC-yə verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 08.12.2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinin: - 1.2-ci bəndinə əsasən işçinin peşəsi və ya vəzifəsi, iş yeri, sınaq müddəti, əmək haqqı, iş və istirahət vaxtı, əmək məzuniyyəti, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar 1 №-li Əlavədə və işçinin əmək funksiyası 2 №-li Əlavədə göstərilmişdir. 1 №-li və 2 №-li Əlavələr X5nin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir. - 2.1-ci bəndinə əsasən X5 Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 08.12.2020-ci il tarixindən 08.12.2021-ci il tarixinədək bağlanmışdır. İşçi 08.12.2020-ci il tarixindən işə başlayır. - 2.2-ci bəndində göstərilmişdir ki, sınaq müddəti X5nin ayrılmaz tərkib hissəsi olan 1 № Əlavədə göstərilmişdir. - 3.1-ci bəndinə əsasən işçi X5nin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavədə qeyd edilmiş əmək funksiyasının icrasını öz öhdəsinə götürür. - 3.3-ci bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrin və vəzifə təlimatında (2 №-li Əlavə) qeyd edilmiş əmək funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. - 4.1-ci bəndində göstərilmişdir ki, işçiyə iş vaxtı norması çərçivəsində görülən işə görə hər ay X5nin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilən məbləğdə əmək haqqı (tərkibi göstərilməklə) ödənilir. - 4.9-cu bəndinə əsasən, İşçinin iş və istirahət vaxtı X5nin ayrılmaz tərkib hissəsi olan 1 No-li əlavədə göstərilən şərtlərlə təmin edilir. - 4.10-cu bəndinə əsasən, işçinin ili əhatə edən dövr üzrə əmək məzuniyyəti və məzuniyyətlərdən istifadə etmək hüququ X5nin ayrılmaz tərkib hissəsi olan 1 N-li Əlavədə göstərilmişdir. - 8.1-ci maddəsində də göstərilmişdir ki, X5nə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. - 9.1-ci bəndinə əsasən X5 Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarına əlavə olunmuş "Turan Drilling and Engineering Company” MMC ilə İddiaçı arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinin 1 №-li əlavəsindən görünür ki, tərəflərindən razılaşdırılmış aşağıdakı şərtlər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir: - işçi materiallar üzrə mütəxəssis vəzifəsinə əsas iş yeri olmaqla qəbul edilir. - İşçi əsas briqadaların üzrlü və üzrsüz səbəbdən işə çıxmayan işçisinin və ya boş olan analoji vəzifənin əmək funksiyasının icrasını işəgötürənin mülahizəsi ilə müəyyənləşdirilən neft-qaz əməliyyatları ilə bağlı Xəzər dənizində yerləşən aidiyyatı buruqlara göndərilməklə yerinə yetirir. - İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 iş günü əvvəl xəbərdar etməklə, Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. - İşçiyə hər ay 1354,55 manat məbləğində tarif (vəzifə) maaşı ödənilir. İşçi əmək funksiyasını sahildən 70 km-dən artıq məsafədəki Xəzər dənizində yerləşən buruqlarda yerinə yetirdikdə sahillə əlaqə şəraitindən asılı olaraq İşçiyə onun tarif (vəzifə) maaşının 75 faizi miqdarında 1015,91 manat məbləğində dəniz əmsalı müəyyən edilir və ödənilir. İş gününün hissələrə bölünməsini nəzərə alaraq gecə vaxtı (saat 22:00-dan səhər saat 06:00-dək olan müddət) yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilir və ödənilir. İşçiyə vaxt dövründə yataqdan növbə ilə istifadə etdiyi halda, hər istifadə etdiyi gün üçün Şirkətdə təsdiq edilən məbləğdə əlavə haqq ödənilir. İşçinin cari rüb ərzində faktiki işlədiyi iş saatlarının miqdarı həmin rüb üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normadan artıq olduğu halda artıq iş vaxtının hər saatı üçün işçiyə saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğində əlaqə haqq ödənilir. İşçinin əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi müəssisədaxili sənədlərlə rəsmiləşdirildikdə, iş vaxtından artıq vaxtda görülən iş saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğində ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə İşçiyə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla əlavə haqq ödənilir. - İşçi əmək funksiyasını müəyyən səbəbdən işə çıxmayan analoji vəzifədə çalışan işçini tələb olunduğu vaxtda növbəli iş rejimi üzrə əvəz etməklə yerinə yetirir. Sutkadakı növbələrin sayı və iş vaxtının əsas briqadada növbədə normal davam etmə müddəti işəgötürənin müəyyən etdiyi cədvələ uyğun tənzimlənir. Gündəlik iş vaxtının müddəti 12 saat təşkil edir, bunun 1 saat 30 dəqiqəsi istirahət və nahar etmək üçün (verilmiş fasilə vaxtı hissələrə bölünməklə istifadə edilir) nəzərdə tutulub. İstirahət günləri həftənin istənilən gününə düşə bilər. İşlərin dənizdə vaxta üsulu ilə təşkili zamanı iş vaxtının rüblük cəmlənmiş uçotu tətbiq edilir. - İşçinin iş ili 08 dekabr 2020 – 08 dekabr 2021-ci illərdən ibarət dövrü əhatə edir. Əmək məzuniyyətinin ümumi müddəti əsas məzuniyyət, işin xarakterinə, əmək stajına və uşağa görə verilən əlavə məzuniyyətlərin cəmindən ibarətdir. Əsas məzuniyyətin müddəti 21 təqvim günüdür. Əlavə məzuniyyətin müddəti Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən əmək stajına uyğun olaraq 2 (4 və ya 4; 6) təqvim günü; Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətinə görə 6 təqvim günüdür. - Tərəflərin qarşılıqlı razılığı, səhhəti ilə əlaqədar olaraq, işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda, işçi X5 ilə və daxili intizam qaydaları ilə müəyyən edilən məxfiliyi pozduqda, işçinin vəzifəsinə (peşəsinə) aid olan təlim kursları üzrə imtahanları üçüncü dəfədən verə bilmədikdə, işçi sifarişçi "BP” əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda, işçi öz mənafeyi üçün hər hansı Şirkət sənədini saxtalaşdırdıqda və ya saxtalaşdırmağa cəhd etdikdə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallarıdır. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinin ayrılmaz hissəsi olan «Vəzifə təlimatları» adlanan 2 №-li əlavəsinin "Vəzifənin xülasəsi” adlanan 1-ci hissəsindən görünür ki, qəbul, göndərmə, yükləmə/boşaltma, saxlama və kənarlaşdırma işlərini əhatə edərək qurğuda etibarlı və səmərəli Logistika və Anbar xidmətləri təmin etmək, layihələri, baza şöbələrini və s. dəstəkləmək material üzrə mütəxəssisin vəzifəsidir. Əmək müqaviləsinin ayrılmaz hissəsi olan «Vəzifə təlimatları» adlanan 2 №-li Əlavəsinin 2-ci hissəsində "Öhdəliklərin sahəsi”, 3-cü hissəsində "Başlıca vəzifələr”, 4-cü hissəsində "Planlaşdırma və təşkilat”, 5-ci hissəsində "Daxili və xarici münasibətlər”, 6-cı hissəsində"İşin ən mürəkkəb cəhətləri”, 7-ci hissəsində isə "Bacarıqlar/Kvalifikasiyalar və Təcrübə” ilə vəzifələr sadalanmışdır. İş materiallarına əlavə olunmuş "Turan Drilling and Engineering Company” MMCnin Dəniz Layihələri üçün İR Prosesləri üzrə adminstratoru Aynur Əyyubova tərəfindən İddiaçı elektron qaydada göndərilən yazışmadan görünür ki, Aynur Əyyubova 09 dekabr 2020-ci il tarixdə elektron qaydada əmək müqaviləsinin tam mətnini (1 saylı və 2 saylı əlavələr ilə birlikdə) Anar Abdullevə elekron qaydada göndərmiş və həmin məktubda "Hörmətli Anar, xahiş edirəm ki, qoşma kimi əlavə etdiyi iki dildə olan Əmək Müqaviləsi, Əlavə və Vəzifə Təlimatı ilə tanış olasınız. Xahiş edirəm ki, bütün sənədlərin şərt və müddəaları ilə razı olduğunuzu bu məktuba cavab verməklə təsdiq edəsiniz. Bizim ofisə qayıtmağımız mümkün olduqdan sonra biz Sizdən onları fiziki olaraq imzalamağı xahiş edəcəyik. Hörmətlə, Aynur” qeyd edilmiş, İddiaçı 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunda - “Hörmətli Aynur, mən təqdim edilmiş müqavilədə və vəzifə təlimatında göstərilmiş şərt və müddəalar ilə razıyam. Özünüzə baxın və özünüzü qoruyun. Hörmətlə Anar’ qeyd etmişdir. İş materiallarına əlavə olunmuş "Turan Drilling and Engineering Company” MMCnin Baş direktoru Fraser Abernet tərəfindən qəbul edilmiş 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrdən görünür ki, "Turan Drilling and Engineering Company” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d” bəndi və əmək müqaviləsinin 1 nömrəli əlavəsi rəhbər tutularaq, materiallar üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə 27.01.2020-ci il tarixindən xitam verilmişdir. Həmin əmrin təsviri hissəsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 08.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən işçi, materiallar üzrə mütəxəssis vəzifəsində əsas briqadaların üzrlü və üzrsüz səbəbdən işə çıxmayan işçisinin və ya boş olan analoji vəzifənin əmək funksiyasının icrasını işəgötürənin mülahizəsi ilə müəyyənləşdirilən neftqaz əməliyyatları ilə bağlı Xəzər dənizində yerləşən aidiyyatı buruqlara göndərilməklə yerinə yetirməlidir. İddiaçı əmək funksiyasının "BP” şirkəti tərəfindən əməliyyatlar aparılan buruqlarda icrası ilə bağlı "Turan Drilling and Engineering Company” MMC "BP" şirkətinə müraciət etdikdə, işçinin Xəzər dənizində yerləşən buruqlara getməsi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında məlumat alınmışdır. İddiaçı işə qəbul edilərkən bu haqda şirkəti məlumatlandırmamışdır. Belə ki, "Yeni İşçi forması”nı doldurarkan buruqda işləmək üçün tələb olunan buraxılış (Vantage card) hissəsində buraxılış kartı haqqda məlumat verməmişdir. "Turan Drilling and Engineering Company” MMC ilə İddiaçı Çingiz oğlu arasında bağlanılmış əmək müqaviləsində tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etmişlər. Bu hallardan biri də "işçi sifarişçi "BP” əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda” ilə əmək müqaviləsinə xitam verilməsidir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 27 yanvar 2021-ci il tarixli, xxxxxxx0005X0 nömrəli məlumatdan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi "26 yanvar 2021-ci il” tarixli, "xxxxxxx0005X0” nömrəli, "əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş "BP” Eksploreyşn Limited şirkəti ilə "Turan Drilling and Engineering Company” MMC arasında bağlanmış ********** nömrəli, 15.03.2019- cu il tarixli Baş Xidmət Müqaviləsindən görünür ki, şirkətinin nümayəndəsinin ağlabatan fikrinə görə aşağıdakı hallar olduqda, şirkətin nümayəndəsi podratçının işçi heyətindən istənilən şəxsi iş sahəsindən uzaqlaşdırmaq barədə podratçıya şifahi (ardından mümkün qədər tez bir zamanda yazılı göstəriş də verilməlidir) və ya yazılı göstəriş verə bilər: - işçi heyəti səriştəsizdir, - müvafiq sertifikatlara, təlimlərə və ya təcrübəyə malik deyildir və yaxud öhdəliklərini ehtiyyatsız şəkildə yerinə yetirir - şirkətin mararqlarma zidd olan və ya xələl gətirən fəaliyyəti həyata keçirdikdə və ya Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) tələblərində göstərilən müvafiq təhlükəsizlik prosedurlarına riayət etmədikdə və ya təhlükəsizlik, sağlamlıq və ya ətraf mühitə zidd olan hərəkətlər etdikdə. Podratçı iş sahəsindən belə şəxsi dərhal uzaqlaşdırmalı və qanuni şəkildə uzaqlaşdırılmasmı təmin etməlidir. Podratçı tərəfindən sorğu edildikdə şirkət növbəti yazılı göstərişində uzaqlaşdırılmanın əsasını bildirməlidir. Podratçı öz hesabına 24 saat və ya şirkət ilə razılaşdırılmış daha uzun müddətdə belə bir şəxsin əvəzinə səriştəli işçi təqdim etməlidir. Əvəz edən işçi işi səmərəli və təhlükəsiz şəkildə yerinə yetirməyə qadir olmalıdır. Yuxarıda göstərilən səbəblərə görə uzaqlaşdmlmış şəxs şirkətin qabaqcadan razılığı olmadan işin yerinə yetirilməsinə və ya şirkətin hər hansı digər işlərin yerinə yetirilməsinə cəlb edilə bilməz. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən "Turan Drilling and Engineering Company” MMC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı əmək müqaviləsi üzrə şirkətdə fəaliyyətini davam etməyə şərait yaradılmasını (müqaviləyə xitam verilməyibsə), həmin müqaviləyə xitam verilibsə, buna dair əmrin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən qeyd etmişdir ki, İddiaçı ilə "Turan Drilling and Engineering Company” MMC-nin Baş direktoru Fraser Abernet arasında qarşılıqlı razılıq ilə 08 dekabr 2020-ci il tarixindən 08 dekabr 2021-ci il tarixinədək T726 nömrəli, 08 dekabr 2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, sonuncunun 002-HCC/CC- 2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri ilə sözügdən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d” bəndi və əmək müqaviləsinin 1 nömrəli əlavəsi rəhbər tutularaq 27 yanvar 2020-ci il tarixindən xitam verilmişdir. İddiaçı barəsində olan 26 yanvar 2021-ci il tarixli əmrin qanunsuz və əsassız olmasının əsasları kimi əmrdə istinad edilmiş əmək müqaviləsinin 1 nömrəli əlavəsinin T726 nömrəli əmək müqaviləsində şərt kimi göstərilməməsinə, əmək müqaviləsinə xitam verildikdən sonra, görüş zamanı ona göstərdikləri müqavilənin əlavəsində yazıldığının ona məlum olmasına, əmək müqaviləsi bağlanan zaman həmin əlavənin ona təqdim olunmamasına və onun tərəfindən imzalanmamasına, 1 nömrəli əlavədə qeyd olunan şərtlər barədə məlumatı olmadığından bu şərtin onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməməsinə, həm əmək müqaviləsinin əlavələrindən, həm də "BP” əməliyyat şirkəti tərəfindən Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasından da məlumatı olmamasına istinad edərək, onunla bir il müddətində bağlanmış əmək müqaviləsinin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsinin qanunsuz olmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək iddiaçı ilə aralarında əmək müqaviləsinin (onun ayrılmaz tərkib hissəsi olan 1 və 2 saylı əlavələr ilə birlikdə) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmasını, 1 və 2 saylı Əlavələrin əmək müqaviləsinin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələri olmasını, iddiaçının 1 saylı Əlavədə göstərilmiş şərtlər barədə məlumatı olmasını, əmək müqaviləsinin 1 saylı Əlavəsinin müvafiq bəndinə də əsasən onun əmək müqaviləsinə xitam verilməsi barədə 002-HCC/CC-2021 nömrəli 26 yanvar 2021-ci il tarixi əmrin qanuni əsaslarla qəbul edilməsini göstərmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin təşəbbüsu işəgötürən tərəfindən olmuşdur ki, iddiaçı da bu təşəbbüsün qanuniliyini mübahisələndirir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin araşdırılmış hallarından məlum olur ki, "Turan Drilling and Engineering Company” MMC "BP” Eksploreyşn Limited şirkətinin (bundan sonra BP) podratçı təşkilatı olmaqla aralarında BP-nin nümayəndəsinin podratçının işçi heyətindən istənilən şəxsi iş sahəsindən uzaqlaşdırmaq barədə sonuncuya şifahi (ardından mümkün qədər tez bir zamanda yazılı göstəriş də verilməlidir) və ya yazılı göstəriş verə bilməsinə dair müəyyən halların razılaşdırılmasına və s. hallara dair ********** nömrəli, 15 mart 2019cu il tarixli Baş Xidmət Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən 1 il müddətinə (sınaq müddəti də daxil olmaqla) cavabdeh” MMC-yə materiallar üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən işçinin peşəsi və ya vəzifəsi, iş yeri, sınaq müddəti, əmək haqqı, iş və istirahət vaxtı, əmək məzuniyyəti, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar 1 №-li Əlavədə, işçinin əmək funksiyası isə 2 №-li Əlavədə göstərilmişdir. 1 №-li və 2 №-li Əlavələr X5nin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir. İddiaçının tələbinin əsaslandığı hallardan biri cavabdehlə aralarında bağlanan əmək müqaviləsinin 1 nömrəli əlavəsinin onun tərəfindən imzalanmaması, onun məzmunundan xəbərsiz olması, bunlara dair sübutun olmamasıdır. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsü, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır (ƏMin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-in 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. ƏM-in 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Göründüyü kimi, əmək müqaviləsi bağlanılan zamanı tərəflərin qarşılıqlı razılığı ilə ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallar müəyyən edilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsindən və ona 1 və 2 saylı Əlavələrdən göründüyü kimi, Əmək müqaviləsi tərtibat quruluşu baxımından üç hissədən - əmək müqaviləsinin əsas hissəsi, əmək müqaviləsinə 1 saylı Əlavə və əmək müqaviləsinə 2 saylı Əlavədən ibarət olmaqla, müqavilənin əsas hissəsində - əmək müqaviləsinin ümumi şərtləri əks edilmişdir. Eyni zamanda, Əmək müqaviləsinin əsas hissəsinin 1.2-ci maddəsində konkret olaraq göstərilmişdir ki, 1 saylı və 2 saylı Əlavələr “X5nin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir”. Xüsusilə qeyd edilməlidir ki, əsas əmək müqaviləsində birbaşa qeyd olunmuşdur ki, işçinin peşəsi və ya vəzifəsi, iş yeri, sınaq müddəti, əmək haqqı, iş və istirahət vaxtı, əmək məzuniyyəti, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar 1 №-li Əlavədə, işçinin əmək funksiyası 2 №-li Əlavədə göstərilmişdir. 1 №-li Əlavədə “əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar” qeyd edilmişdir ki, onlardan da biri – “işçinin sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmaması”dır. İşdən görünür ki, 15 yanvar 2021-ci il tarixdə cavabdeh (işəgötürən) Cavabdeh2 şirkətindən məlumat alınmışdır ki, 05 may 2009-cu il tarixdə Cavabdeh2 şirkəti tərəfindən təhlükəsizlik amillərinə görə iddiaçının dəniz buruğuna buraxılış icazəsinə blok (qadağa) qoyulmuşdur və qadağa bu günədək qüvvədədir (bu barədə Cavabdeh2 şirkəti ilə cavabdeh arasında elektron məktub yazışması olmuşdur). Eyni zamanda üçüncü şəxsi qismində cəlb olunmuş Cavabdeh2 şirkətinin nümayəndəsi də bu halı təsdiq edərək, həqiqətən iddiaçı barəsində 2009-cu ildə müvafiq qadağanın həyata keçirilməsini və qadağanın hazırki vaxtadək də qüvvədə olmasını bildirmişdir. Beləliklə, işdə olan sübutlardan, eləcə də izahatlardan görünür ki, tərəflərin əmək müqaviləsinə xitam verilməsi üçün razılaşdıqları hal (işçinin sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmaması) mövcuddur. Belə olan halda isə cavabdeh həmin əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququna malik olmuşdur. Həmçinin qeyd edilməlidir ki, müvafiq qadağanın qanuniliyi hazırki icraat çərçivəsində araşdırılmır, həlledici məqam qadağanın mövcud olub-olmamasıdır. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Əlavədən məlumatlı olmaması barədə bildirdikləri istər işin halları, istərsə də işdə olan sübutlarla təsdiq olunmur. Yəni, iddiaçının (işçinin) əmək müqaviləsinə əsasən hansı vəzifəyə təyin olunmasını, iş yerini, əmək haqqını, əmək məzuniyyətini, vəzifə təlimatlarını və s. bu kimi məlumatları bilmədən əmək müqaviləsini bağlaması sadə məntiqə sığmamaqla, analşılan deyildir. Bununla yanaşı, işdə olan "Turan Drilling and Engineering Company” MMC-nin Dəniz Layihələri üçün İR Prosesləri üzrə adminstratoru Aynur Əyyubova tərəfindən İddiaçı elektron qaydada göndərilən yazışmadan görünür ki, Aynur Əyyubova 09 dekabr 2020-ci il tarixdə elektron qaydada əmək müqaviləsinin tam mətnini (1 saylı və 2 saylı Əlavələr ilə birlikdə) Anar Abdullevə elekron qaydada göndərmiş və həmin məktubda "Hörmətli Anar, xahiş edirəm ki, qoşma kimi əlavə etdiyi iki dildə olan Əmək Müqaviləsi, Əlavə və Vəzifə Təlimatı ilə tanış olasınız. Xahiş edirəm ki, bütün sənədlərin şərt və müddəaları ilə razı olduğunuzu bu məktuba cavab verməklə təsdiq edəsiniz. Bizim ofisə qayıtmağımız mümkün olduqdan sonra biz Sizdən onları fiziki olaraq imzalamağı xahiş edəcəyik. Hörmətlə, Aynur” qeyd edilmiş, İddiaçı 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunda - “Hörmətli Aynur, mən təqdim edilmiş müqavilədə və vəzifə təlimatında göstərilmiş şərt və müddəalar ilə razıyam. Özünüzə baxın və özünüzü qoruyun. Hörmətlə Anar’ qeyd etmişdir. İddiaçı tərəf qeyd edilən email yazışmasının mövcudluğu inkar etməmişdir. Bununla yanaşı, iddiaçı eyni formada göndərilmiş əsas əmək müqaviləsini qəbul etməsini, lakin nəyə görə müvafiq əlavəni qəbul etməməsini əsaslandıra bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin vaxtı ölkədə mövcud olmuş olan sərt karantin (Covid-19 Pandemiyası) şəraiti də nəzərə alınmaqla əmək müqaviləsinin şərtlərinin elekton qaydada razılaşdırılması qanunvericiliyin tələblərinə zidd deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 20.12.2020-ci il tarixli əmək müqaviləsini də imzalamamış, həmin müqaviləni və onun hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələrindən biri olan və yenə də imzalamadığı, «Vəzifə təlimatları» adlanan 2 №li Əlavənin qanuniliyini, başqa sözlə onların məzmunları ilə tanış olmamasını mübahisələndirməmişdir. Məhkəmə işin bu halları baxımından iddiaçının əmək müqaviləsinin və 2 №-li Əlavənin məzmunu ilə tam tanış olmasını mübahisəsiz hallar kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının barəsində olan əmrin qanusuzluğunun əsası əsasən 1 №li Əlavədən xəbərsiz olması ilə əlaqədardır. Məhkəmə sözügedən dəlilə qiymət verməkdə davam edərək qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.2-ci bəndinə əsasən həmin müqaviləyə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar X5nin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilmişdir. Sözügedən Əlavənin «əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar» adlanan bəndində qeyd edilən hallardan biri kimi işçinin sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmaması göstərilmişdir. Əmək müqaviləsinə 1 saylı Əlavədən daha sonra görünür ki, bu əlavə ilə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallardan əlavə, işçinin vəzifəsi, iş yeri, əmək haqqının məbləği, iş və istirahət vaxtları, əmək məzuniyyətinin müddəti müəyyənləşdirilmişdir. 1 saylı Əlavədə həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.2, 4.1, 4.9 və 9.2-ci, 2 saylı Əlavədə isə 3.1, 3.2, 3.3-cü maddələrinə istinad edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının cavabdeh MMC-yə işə qəbul edilməsi vaxtı respublikada mövcud olan karantin rejiminin tətbiqi dövrunə düşdüyü üçün sözügedən rejiminin tələbləri nəzərə alınmaqla cavabdehin müəssisəsində inzibati vəzifələrdə çalışan işçilər məhdud sayda və vaxtaşırı olaraq ofisə gəlmələri səbəbindən bir çox sənədləşmə işləri, o cümlədən kadr məsələləri üzrə sənədləşmə elektron informasiya texnologiyalarını geniş tətbiq etməklə mümkün qədər ofisə gəlmədən aparılmışdır. Bu hal cavabdeh MMC-nin əməkdaşı tərəfindən iddiaçıya əmək müqaviləsinin Azərbaycan və İngilis dillərində olan tam mətninin işçinin tanış olması üçün onun elektron poçt ünvanına elektron qaydada göndərilməsində özünü göstərir və iş materiallarında olan cavabdehin məsul əməkdaşı Aynur Əyyubovanın 09 dekabr 2020-ci il tarixdə elektron qaydada əmək müqaviləsinin tam mətnini (1 saylı və 2 saylı əlavələr ilə birlikdə) iddiaçıya elekron qaydada göndərməsi və iddiaçının da öz növbəsində Aynur Əyyyubovanın 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunun məzmunları ilə öz təsdiqini tapır. Məhkəmə cavabdeh tərəfin iddiaçıya elektron qaydada əmək müqaviləsinin mətnini göndərərək ona əmək müqaviləsi bağlamaq təklifini (oferta) etməsi və sonuncunun da həmin təklifi (ofertanı) qəbul etməsi barədə öz razılığını bildirməsinə dair iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla razılaşır və hesab edir ki, Mülki Məcəllənin müqavilənin bağlanmasını tənzimləyən müvafiq normalarının əmək münasibətlərinə də şamil edilməsi qanunvericilikdə öz əksini tapmışdır. İddiaçı elektron qaydada bağlanmış əmək müqaviləsi əsasında cavabdehlə əmək münasibətlərində olduğu halda, həqiqətən də həmin müqavilədə dəfələrlə istinad edilmiş 1 №li Əlavədən xəbərsiz olması və onun məzmunu ilə tanış olmadığı halda bununla əlaqədar işəgötürənə istənilən formada (yazılı ərizə, elektron qaydada ərizə və s.) müraciət etməməsinin səbəblərini izah edə bilməmişdir. Halbuki, məhkəmə hesab edir ki, iddiaçının 1 №li Əlavədən xəbəri və məlumatı olmaması qeyri-mümkün idi və məhkəmə iddiaçının tələbinin əsaslandığı bu hala tənqidi yanaşaraq bununla bağlı verdiyi izahatlarını inandırıcı saymır. Çünki, iddiaçıya münasibətdə əmək şəraitinin ən mühüm şərtləri olan əmək haqqı, əmək vəzifəsi, iş və istirahət vaxtı və əmək məzuniyyəti məhz 1 saylı Əlavədə əks edilmiş, həmin Əlavədən başqa əmək müqaviləsinin heç bir digər hissələində bu müddəalar öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən Kollegiya, iddia tələbinin “əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsində əsassız olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı həmin hissədə və onunla bağlı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissələrində rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri isə qətnamənin ləğvinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(009)-861/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(009)-861/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2570/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2570/2022
20.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver