Məhkəmə qərarları › İş №2(103)-2570/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2570/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2570/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2099/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadından iddiaçı Cavadova (Məlikməmmədova) Əsmər Elvin qızının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında xx.xx.2023-cü ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydə alınmış nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2099/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun iddiaçı X2 qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2328/2024 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2(103)- 3925/2024 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2(004)-2328/2024 nömrəli qətnaməsi iddiaçı X1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2(102)-3727/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3925/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edib ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Həmin qərardaddan iddiaçı Cavadova (Məlikməmmədova) Əsmər Elvin qızı şikayət verərək ləğv edilərək iddiasına mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə göstərib ki, əvvəlki iddiasının əsası qeyd edilmişdir ki, “nikaha daxil olmamışdan əvvəl cavabdeh mənə bildirdi ki, o Avropa ölkələrinin birinə getmək niyyətindədir. Orada onun yaşamaq hüququ almaq üçün ona nikah lazımdır. Nikah olduğu təqdirdə ona orada yaşamaq icazəsi veriləcək, maddi yardım göstəriləcək, müvafiq mənzil ayrılacaq və s. Daha sonra məndə bu imtiyazlardan yararlana bilərəm. Ailə qurmamaq şərti ilə biz nikah bağladıq. Nikaha daxil olduqdan sonra cavabdeh nə qədər Avropa ölkəsinə getməyə çalışsa da, nəticəsiz alınıb”. Məhkəmələr iddiasını təmin etməmişlər, ona görə ki, o, cavabdehin Avropa ölkəsinə getmək niyyətini sübut edə bilməmişdir. Hazırki iddia onunla əsaslandırılmışdır ki, “nikaha daxil olmamışdan əvvəl cavabdeh mənə bildirdi ki, o, mənimlə evlənəcək. Adətlə elçi gəlib toy edəcək. Uzun müddət keçənnən sonra mən yenədə onun yadına evlənməyi saldım. O isə ailə qurmaqdan boyun qaçırır. Məndə olan məlumatlara görə mənimlə nikah dövrundə banklardan kredit götürür və gələcəkdə krediti ödəmədiyi halda mənimlə nikahda olduğu üçün bölsün. Mən bilməmişəm ki, həmin nikah saxtadır. Faktiki olaraq cavabdehlə ailə qurmamışıq, çünki cavabdeh nikaha ailə qurmaq niyyəti olmamış, yalnız qohumlarının, dostlarının yanında görunüş üçün bunu etmişdir.” Onun iddiasının tələbi eyni olsa da, əsaslar ayrıdır. Yasamal rayon məhkəməsinin iddia ərizəsini qəbul etməkdən imtina etməsi onun məhkəməyə müraciət etmək hüququnu pozur. Qanunsuz əsaslarla onun iddia ərizəsini qəbul etməkdən imtina edilməsi “İnsanın əsas hüquqları və azadlıqları haqda” Avropa Konvensiyasının 6-cı maddəsində göstərilmiş hüquqlarının pozulmasına gətirib çıxarır. Burada 6-cı maddə nəinki ədalətli məhkəmə, hətta məhkəməyə müraciət etmək hüququnu da əhatə edir. (X4rşı 1974-cü il). Yasamal rayon məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş nəticədə onun Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququnu pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2099/2025 saylı, 07 mart 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətində göstərir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2328/2024 nömrəli qətnaməsinə nəzər yetirdikdə görünür ki, iddiaçı nikahın etibarsızlığını cavabdehin ona Avropa ölkələrinin birinə getmək niyyətində olması, orada yaşamaq hüququ almaq üçün ona nikah lazım olması ilə əsaslandırsa da, məhkəmədə iş kifayət qədər araşdırılmış, tərəflərin izahatları alınmış, şahidlər dindirilmiş, nəticədə iddia rədd edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, qətnamə dəyişdirilmədən saxlanılmış, iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamə dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddia ərizəsində nikahın etibarsızlığı əsası kimi göstərdiyi - cavabdehin ailə qurmaq niyyətinin olmaması, yalnız qohumlarının, dostlarının yanında görunüş üçün bunu etməsi kimi halları məhkəmədə bildirmək üçün kifayət qədər imkanı olmuşdur. Məhkəmə hesab edir ki, eyni faktiki halların təkrarən araşdırılması lüzumsuzdur və hazırkı iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə tərkibi qeyd edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır(AM.m.2.3).Kimisə zorla nikah bağlamağa və ya nikahda qalmağa məhkəmə də məcbur edə bilməz. Əsmər Məlikməmmədova hazırkı iddiasında əsasların ayrı olduğunu göstərsə də, bu “yeni əsaslar”ın nə vaxt yarandığına, birinci iddia zamanı mövcud olub-olmamasına dair şikayətində hər hansı bir dəlil göstərmir. Başqa sözlə, tərəflər arasında yalnız bir dəfə nikah bağlanmış və həmin nikahın da hansı əsasa görə etibarsız hesab etdiyini iddiaçı birinci iddiasında göstərmişdir. Məhkəmələr də həmin əsaslar üzrə hüquqi dəyərləndirmə aparmaqla iddianı rədd etmişlər. Hazırkı iddiada Əsmər Məlikməmmədovanın göstərdiyi dəlillər isə həqiqi olsa belə yenə də yeni əsas hesab edilə bilməz. Çünki bu hallar həqiqi idisə birinci iddia zamanı da mövcud idi. Bunu şikayətdə göstərilənlər də təsdiq edir. Demək ki, bir nikah üzrə etibarsızlığın əsası kimi ehtimal və güman etdiyi əsasları hissələrə bölməklə iddiaçının hər dəfə “yeni əsas” yarandığını düşünüb iddia ilə məhkəməyə müraciət edilməsi də məhkəməyə müraciət etmək hüququndan suiistifadəyə dəlalət edir. Ona görə də bu cür vəziyyətlə Əsmər Məlikməmmədovanın razılaşmaması anlaşılan olsa da şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2099/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2099/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar