Məhkəmə qərarları › İş №2(103)-2571/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2571/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2571/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 39 saylı Notariat Ofisinə və Bakı şəhəri Maraqlı şəxs2nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5663/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 39 saylı notariat ofisi və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə, “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, mirasqoyanın, Püstəxanım Bəydəmir qızının nəticəsidir və hal-hazırda ünvan 1 ünvanda pasport qeydiyyatındadır, anadan olandan bu günə kimi orada yaşayır, həmin ünvanda yerləşən əmlak onun istifadəsindədir və əmlaka sahiblik edir. Həmin əmlak xx.xx.2003-cü il tarixdə vəfat etmiş ulu nənəsi Püstəxanım Bəydəmir qızına məxsusdur. AR ƏMDK yanında DƏDRXnin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsi, 12 saylı ev və torpaq sahəsi ulu nənəsi Püstəxanım Bəydəmir qızının xüsusi mülkiyyətindədir. Ulu nənəsi Püstəxanım Bəydəmir qızının yeganə övladı, onun nənəsi xx.xx.1928-ci il təvəllüdlü X2 həyat yoldaşı, onun babası 1927-ci il təvəllüdlü X20 28 yaşında 19 fevral 1955-ci il tarixdə vəfat etmişdir. Nənəsi, xx.xx.1928-ci il təvəllüdlü X6 isə xx.xx.2009-cu ildə, 81 yaşında kəskin ürək-damar çatmamazlığından vəfat etmişdir. Atası, xx.xx.1954-cü il təvəllüdlü X24 xx.xx.2009-cu ildə qara ciyər çatmamazlığından vəfat etmişdir. Anası, 26 iyun 1956-cı il təvəllüdlü X7 xx.xx.2015-ci ildə kəskin ürək çatmazlığından vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfndən verilmiş sorğuya əsasən AR Ədliyyə Nazirliyi X8 Reyestri Xidməti X19 X20 ilə birgə nikahından xx.xx.1953-cü ildə Tahirə Mirzəyeva və xx.xx.1954-cü ildə isə Vahid Mirzəyevin anadan olmasını, həmçinin xx.xx.1954-cü il təvəllüdlü X24 ilə xx.xx.1956-cı il təvəllüdlü X4 birgə nikahından xx.xx.1979-cu ildə X16 doğulmasını qeyd etmişdir. Lakin, Maraqlı şəxs2 tərəfindən X8 X1 sistemində aparılmış araşdırmalar nəticəsində xx.xx.1953-cü ildə doğulmuş Tahirə Mirzəyeva haqqında heç bir məlumatın aşkar edilməməsini və xx.xx.1979-cu ildə anadan olmuş X16 doğum haqqında akt qeydinin olmasını bildirmişdir. X33 adlı qohumu olmayıb, X24 ailənin yeganə övladı olmuşdur. Onun xx.xx.1979-cu il təvəllüdlü qardaşı X10 vaxtı, 1980-cı ildə vəfat etmiş, amma SSRİ dövründə uşaq ölümlərinin qeydiyyatının aparılmasında məhdudiyyətlərin olması səbəbindən ölüm faktı qeydə alınmamış, bu səbəbdən onun barəsində heç bir məlumat aşkar edilməmişdir. O, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə 39 saylı notariat ofisinə rəsmi müraciət etmiş, xx.xx.2020-ci il tarixli, 47 saylı məktubla müraciətinə imtina verilmişdir. İmtinaya səbəb kimi vərəsəlik dairəsinin müəyyən olunmaması, vərəsələrin tanınmaması, müəyyənləşdirilmiş müddətin buraxılması göstərilmiş və vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən ulu nənəsi, Püstəxanım Bəydəmir qızından miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakı qəbul etməsi və mirasqoyanın vərəsəsi kimi tanınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5663/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə ərizə təmin edilməmişdir.

4. Rayon məhkəməsi qətnaməsini ərizəçinin istinad etdiyi hallara dair kifayət qədər sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır.

5. Ərizəçi rayon məhkəməsinin qətnaməsi ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Ərizəçi apellyasiya şikayətində rayon məhkəməsi tərəfindən işin hərtərəfli və tam araşdırılmamasına, sübutların əldə olunması ilə bağlı ərizəçinin hüquqlarını həyata keçirməsinə kömək edilməməsinə, maddi və prosessual hüquq normalarının pozulmasına istinad olunmuşdur. Ərizəçi apellyasiya şikayətində qeyd edir ki, Maraqlı şəxs2 tərəfindən X8 X1 sistemində aparılmış araşdırmalar nəticəsində xx.xx.1953-cü ildə doğulmuş Tahirə Mirzəyeva və xx.xx.1979-cu ildə doğulmuş X16 doğum haqqında şəhadətnamələrinin olduğu qeyd edilsə də, sonradan nə DİN-in elektron portalında, nə də X8 X1 sistemində hər iki şəxs barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə qərar qəbul edərkən bu halları nəzərə almamışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında ərizəçi apellyasiya şikayətini müdafiə edərək edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, o, ulu nənəsinə aid olan bu evdə dünyaya gəlmiş, böyümüşdür. Atası da o evdə yaşayıb, o, özü də hazırda mirası faktiki olaraq qəbul edib orda yaşayır, evi təmir edib, kommunal ödənişləri də özü edir. Püstəxanım onun ulu nənəsidir, onun yeganə övladı Meyransa olub, o da babası Əjdərlə evlənib. Onların yeganə övladları da ərizəçinin atası Vahid olub. Ərizəçi bildirir ki, evin onun tərəfindən faktiki qəbul edilməsi hazırda mübahisəli məsələ deyil. Çünki onun iki bacısı var, bacıları da hazırda evlidir, öz evləri var və ərizəçinin yaşadığı evə qarşı iddiaları yoxdur, evdən onun xeyrinə imtina ediblər, doğulandan bəri həmin evdə yaşayır, kommunal ödənişləri də, evin təmir işlərini də o edir. Mirzəyeva Tahirə ilə bağlı hissədə isə ərizəçi bildirmişdir ki, nə onun, nə də digər qohumlarının bu şəxs barədə məlumatı yoxdur, ümumiyyətlə, özü də indiyə kimi bibisinin olduğunu bilməmişdir.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hər iki maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs Bakı şəhəri 39 saylı Notariat Ofisinin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Maraqlı şəxs2 Məhkəməyə iddianın qəbul edilməsi barədə ərizə ünvanlamış, eyni zamanda məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə maraqlı şəxslərin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

11. İ-ЖГ seriyalı, 351814 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X9 15 oktyabr 1975-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir.

12. - RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 Püstəxanım Bəydəmir qızının xüsusi mülkiyyətindədir.

13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Tarix Arxivinin 03 iyun 2019- cu il tarixli, Q-279 nömrəli arxiv arayışının surətindən görünür ki, Maştağa kənd məscidinin sənədlərində X43dəmir qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 26 sentyabr 1909-cu il; valideynləri: atası – Bəydəmir Teymur oğlu, anası – X28.

14. AZ-İ seriyalı, 008959 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 06 yanvar 2003-cü il tarixdə ölmüşdür.

15. AA seriyalı, 154801 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Meyransa Ağa-Hüseyn qızı 10 noyabr 1928-ci il tarixdə doğulmuşdur.

16. ИЕ seriyalı, 140016 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X42 kişi oğlu ilə X27 24 avqust 1951-ci il tarixdə evlənmişlər.

17. AZ-İ seriyalı, 360018 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 05 may 2009- cu il tarixdə ölmüşdür.

18. ИЕ seriyalı, 217082 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X42 kişi oğlu 18 fevral 1955-ci il tarixdə ölmüşdür.

19. АЗБ seriyalı, 054021 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 02 noyabr 1954-cü il tarixdə doğulmuşdur.

20. AZ-İ seriyalı, 360017 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 22 aprel 2009-cu il tarixdə ölmüşdür.

21. AZ-İ seriyalı, 765437 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 14 iyul 2015-ci il tarixdə ölmüşdür.

22. Xİ-ЖГ seriyalı, 389884 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1986-cı il tarixdə doğulmuşdur.

23. Bakı şəhəri 39 saylı notariat ofisinin 47 nömrəli, 26 fevral 2020-ci il tarixli məktubundan görünür ki, 06 yanvar 2003-cü il tarixdə vəfat etmiş X11 miras qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Lakin vərəsəlik işi açıldıqdan sonra işi araşdırarkən vərəsəlik dairəsi tam müəyyən olunmamışdır. Vərəsəlik dairəsinin müəyyən olunması, vərəsələrin tanınması və buraxılmış müddətin bərpa olunması ilə əlaqədar vərəsəlik işinin həlli üçün ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X8 Reyestri Xidmətinin 19 iyun 2021-ci il tarixli, 05/2-5276/13 nömrəli məktubunun surətindən görünür ki, Meyransa Ağa-Hüseyn qızının X20 ilə birgə nikahından xx.xx.1953-cü ildə Tahirə Mirzəyeva, xx.xx.1954-cü ildə isə Vaqif Mirzəyev doğulmuşdur. V.Mirzəyevin xx.xx.1956-cı il təvəllüdlü Zeynəbxanım Hüseyn qızı ilə nikahından xx.xx.1976-cı ildə Xalidə Mirzəyeva, xx.xx.1978-ci ildə İradə Mirzəyeva, xx.xx.1979-cu ildə Əjdər Mirzəyev və xx.xx.1986-cı ildə Ərizəçi doğulmuşdur. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən P.Bəydəmir qızının övladları haqqında hər hansı məlumat aşkar olunmamışdır.

25. Bakı şəhəri Maraqlı şəxs2 23 dekabr 2021-ci il tarixli, 05/13- 3-270 nömrəli məktubunun surətindən görünür ki, Mirzəyeva Tahirə haqqında Vətəndaşlıq vəziyyəti aktları X1 sistemində müvafiq yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir.

26. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 27 iyul 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır.

27. 14 sentyabr 2021-ci il tarixli ərizələrdən görünür ki, X21 və X30 06 yanvar 2003cü ildə ölmüş X11 irs qalmış mirasın onlara çatası hissəsindən imtina etmişlər.

28. Məhkəmə Kollegiyasının iclasında ifadə verən X21 göstərdi ki, o, xx.xx.1976-cı il tarixdə hazırda qardaşının yaşadığı evdə doğulmuşdur, Ərizəçi onun qardaşıdır. Hazırda işləyir, evlidir, ailəsi var, öz evi var. Evlə bağlı iddiaları yoxdur, evdən qardaşlarının xeyrinə imtina edib. Qardaşı Ərizəçi həmin evdə yaşamaqla mirası faktiki olaraq qəbul edib, doğulandan bəri həmin evdə yaşayır, hazırda faktiki olaraq evə sahiblik edir, kommunal xərclərini ödəyir, evin təmir-tikinti işlərini və sair edir.

29. Məhkəmə Kollegiyasının iclasında ifadə verən digər şahid X30 bacısı X.Sadıqova ilə eyniməzmunlu izahat verərək, qardaşı Ərizəçi doğulandan bəri həmin evdə yaşayır, hazırda evə faktiki sahiblik edir. İ.Əmirova da həmin evdə doğulub, böyüyüb və ailə həyatı qurandan sonra köçüb. Evdən qardaşının xeyrinə imtina edib, hazırda öz evi var və qardaşının yaşadığı evə dair iddiası yoxdur.

30. Məhkəmə Kollegiyasının iclasında şahid X26 vaxtilə ərizəçiyə hüquqi yardım göstərdiyini qeyd etdi, mübahisəli məsələ ilə əlaqədar bir neçə ildir ki, məhkəmə işlərinin getməsi barədə məlumat verdi, eyni zamanda bildirdi ki, evin çıxarışı ulu nənənin adınadır, varisliyin tanınmasına maneə yaradan Ədliyyə Nazirliyi tərəfindən ərizəçinin Tahirə adlı bibisinin olması barədə məlumat oldu, ancaq sonradan həmin şəxs barəsində heç bir məlumat tapmaq mümkün olmadı, Püstəxanımın başqa övladlarının olub-olmaması barədə sorğu verildi, lakin başqa məlumat daxil olmadı. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

32. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

33. Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı

34. Bənd 10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:

37. Maddə 307.2.1. şəxslərin qohumluq münasibətlərinin;

38. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

39. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

43. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

44. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

47. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

48. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

49. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin mövqeyi:

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin şikayətinə əsasən tam yoxlayır.

53. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, rayon məhkəməsi hazırkı işə baxarkən MPM-in 14-cü maddəsinin imperativ tələblərinə əməl etməmişdir. Həmin normanın tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (maddə 14.1).Qanunun istinad olunan normasına əməl olunmaması isə öz növbəsində ərizəçinin hüquqlarının pozulmasına səbəb olmuşdur.

54. Məhz buna görə də apellyasiya icraatı zamanı MPM-in 372.2-ci maddəsinə əsasən ərizəçinin yeni sübutları qəbul edilmişdir.

55. Apellyasiya icraatı zamanı aparılmış məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsi, 12 saylı ev və torpaq sahəsinin mülkiyyətçisi kimi Püstəxanım Bəydəmir qızı tanınmışdır. Püstəxanım Bəydəmir qızının yeganə övladı və ərizəçinin nənəsi xx.xx.1928-ci il təvəllüdlü X6, onun əri ərizəçinin babası 1927-ci il təvəllüdlü X12r. Ərizəçinin nənəsi, xx.xx.1928-ci il təvəllüdlü X6 xx.xx.2009-cu ildə, atası xx.xx.1954-cü il təvəllüdlü X24 xx.xx.2009-cu ildə vəfat etmişdir. Anası 26 iyun 1956-cı il təvəllüdlü X7 xx.xx.2015-ci ildə vəfat etmişdir.

56. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş Meyransa Ağa- Hüseyn qızının X20 ilə birgə nikahından xx.xx.1953-cü ildə Tahirə Mirzəyeva, xx.xx.1954-cü ildə isə Vaqif Mirzəyev doğulmuşdur. V.Mirzəyevin xx.xx.1956-cı il təvəllüdlü Zeynəbxanım Hüseyn qızı ilə nikahından xx.xx.1976-cı ildə Xalidə Mirzəyeva, xx.xx.1978-ci ildə İradə Mirzəyeva, xx.xx.1979-cu ildə Əjdər Mirzəyev və xx.xx.1986-cı ildə Ərizəçi doğulmuşdur. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən P.Bəydəmir qızının övladları haqqında hər hansı məlumat aşkar olunmamışdır. Mirzəyeva Tahirə haqqında Vətəndaşlıq vəziyyəti aktları X1 sistemində müvafiq yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir.

57. Apellyasiya şikayətinə baxılarkən şahidlər, ərizəçinin bacıları X.Sadıqova, İ.Əmirova və şahid T.Poladzadə ifadələrində Ərizəçi ünvan 3 ünvanında anadan olduğunu, həmin əmlakı faktiki olaraq qəbul etdiyini, hazırda da həmin evdə yaşadığını, evin təmir-tikinti işlərini etdiyini, kommunal xərcləri ödədiyini bildirmişdir.

58. Ərizəçi Z.X5 nəticəsidir və hal-hazırda ünvan 1 ünvanda pasport qeydiyyatındadır, anadan olandan bu günə kimi orada yaşayır, həmin ünvanda yerləşən əmlak onun istifadəsindədir və əmlaka sahiblik edir

59. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

60. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

61. Hazırkı halda rayon məhkəməsi tərəfindən, yuxarıda qeyd edilən prossessual hüquq normaları pozulmaqla, o cümlədən maddi hüquq normaları yanlış təfsir olunmaqla qətnamə qəbul edildiyindən, qətnamə ləğv edilməli, ərizə təmin edilməlidir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

63. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə:

64. Yuxarıda qeyd olunanlara əsasən, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, ərizəçi Zahid X3 qohumu (nəticəsi) olması faktı və ünvan 1 ünvanında yerləşən əmlakı faktiki olaraq qəbul etməsi faktı müəyyən edilməlidir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

66. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.

67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Ərizəçi X13 apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5663/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və ərizə təmin edilsin. Ərizəçi X13 Püstəxanım Bəydəmir qızının qohumu (nəticəsi) olması faktı və ünvan 1 ünvanında yerləşən miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır Ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar