Məhkəmə qərarları › İş №2(103)-2571/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2571/2025

07.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2571/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş uzrə Açar sözlər: apellyasiya şikayətinin qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş uzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6472/2024 nömrəli, 11 fevral 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi, ABC Telecom MMC-də əvvəlki vəzifəsinə bərpa olunmağı, işdən çıxarıldığı vaxtdan işə bərpa olunananədək işləmədiyi müddətin əmək haqqısın hesablanaraq ona ödənilməsi, şərəf və ləyaqətini, o cümlədən ona dəymiş mənəvi ziyana görə 20000 manat məbləğində pul məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(004)- 6472/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Qərardad 17 dekabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi, iddia ərizəsini də İddiaçı əvəzindən imzalamış Vəkil elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmişdir.

4. İddiaçı tərəfindən həmin qərardaddan 28 dekabr 2024-cü il tarixdə şikayət verilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 2(004)- 6472/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(004)-6472/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər X1 Məhkəmə-Hüquq Şurasının aparatına ünvanlanmış 23 dekabr 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli iclasında Bakı şəhəri 25 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən, Vəkil xx.xx.2024-cü il tarixindən məhkəmə və istintaq orqanlarında vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. Göründüyü kimi, İddiaçınun Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6472/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, bu mülki prosessual hüquq pozuntusudur.

7. Həmin qərardaddan 07 fevral 2025-ci il tarixdə İddiaçı şikayət verərək ləğv olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(004)- 6472/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2025ci il tarixli 2(004)-6472/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş şikayət qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Barəsində şikayət verilən qərardad 10 yanvar 2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi olan Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, müvafiq qərardaddan şikayət 07 fevral 2025-ci il tarixdə məhkəməyə verilmişdir

10. Həmin qərardaddan İddiaçı həmin qərardaddan şikayət verərək, müvafiq qərardadın ləğv olunmasını xahiş etmişdir

11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin bu mövqeyi qanuna uyğun olmayaraq qanunun tələblərinə zidd olaraq qəbul edildiyindən həmin qərardaddan şikayət verilmiş, şikayət səlahiyyətli şəxs tərəfindən verilmədiyindən geri qaytarılmış, daha sonra şikayət şəxsən özü tərəfindən verilmiş olsada bu zaman, məhkəmə yenə şikayəti geri qaytararaq, bundan qabaq artıq vəkili və nümayəndəsi tərəfindən şikayət verildiyini geri qaytarıldığını qeyd edərək, yenə şikayətini geri qaytarmış, halbu ki, məhkəmə özü qeyd etmişdir ki, şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş, odur ki, özü tərəfindən öz hüquqlarının bərpası ilə əlaqədar verilmiş şikayətimə hansısa bəhanə ilə geri qaytarılması, işə baxmaqdan yayınma məhkəmə hüquq sistemin iflic vəziyyətdə olduğuna dəlalət edir, belə ki adi işə bərpa barədə verdiyi ərizə 5 aydır Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən süründürməçiliyə məruz qalaraq baxılmaqdan vaz keçilir. Qanunun tələbindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hal-hazırda məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, cavabdeh ABC Telecom MMC-nin rəsmi hüquqi ünvanı ünvan 1mişdir. Buna görə də hesab olunmalıdır ki, iddia ərizəsi düzgün olaraq Bakışəhəri Yasamal Rayon Məhkəməsinə irəli sürülmüşdür. Həmçinin məhkəməyə verdiyim şikayət isə haqlı olaraq vaxtında, özüm tərəfindən qanunla müəyyən olunmuş qaydada verilmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6472/2024 nömrəli, 03 mart 2025-ci il tarixli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. İş materiallarından görünür ki, iddiaçı və onun vəkili və nümayəndəsi olan Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 2(004)-6472/2024 nömrəli qərardadı 10 yanvar 2025-ci il tarixdə elektron kabinetinə yerləşdirərək rəsmi qaydada çatdırılmışdır, apellyasiya şikayəti isə 07 fevral 2025-ci il tarixdə, yəni 27 gün sonra vermişdir.

15. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, MPM-nin 10-1.3-cü maddəsi məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılmasının elektron kabinet vasitəsilə həyata keçirilməsini nəzərdə tutur və həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

16. AR MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından da göründüyü kimi, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqqlı olaraq prosessual müddətlər keçdikdən sonra verilən şikayəti geri qyatarmışdır.

17. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6472/2024 nömrəli, 11 fevral 2025-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6472/2024 nömrəli, 11 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar