Məhkəmə qərarları › İş №2(103)-2576/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2576/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2576/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzillərin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: «mənzillərin təhvil verilməsi») Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzillərin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binanın həmin küçəyə baxan hissəsindən 145 kv.metr və 72 kv.metr olan mənzillər ilə təmin edilməsi, 9350 manat kirayə haqqının və ya həmin ünvanda yerləşən 145 kv.metr mənzilə görə 382800 manat və sahəsi 72 kv.metr olan mənzilin ümumi dəyəri 190080 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 126820 və RX seriyalı ******* seriyalı çıxarışlara əsasən onun mülkiyyətindədir. Lakin Nəsimi Rayon İcra Hakimiyyətinin 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış Binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə cavabdehə Bakı şəhəri, Nəsimi rayonu, X5 Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihiyələndirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdehin istifidəsinə verilmişdir. Qeyd olunan layihənin həyata keçirilməsi üçün cavabdeh ilə onun arasında 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh onun mülkiyyətində olan mənzillərin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında mənzilləri ona təhvil verir. Mülkiyyətində olan mənzillər Səməd Vurğun küçəsinə baxan mənzillərdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ona müqavilənin şərtlərinə uyğun olmayan mənzil təklif etmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Nəticədə müqavilə ilə və qanunla nəzərdə tutulan hüquqları pozulmuşdur.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Anar İbadzadə) iddia tələbi təmin edilmiş, Cavabdeh MTK tərəfindən xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən İddiaçı verilməli olan Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binada yerləşən sahəsi 145 kv.metr olan mənzilə görə 382800 manat və sahəsi 72 kv.metr olan mənzilə görə 190080 manat, kirayə haqqına görə 9350 manat olmaqla, ümumilikdə 582230 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh qətnamədən apellyasiya vermiş, qətnamənin tam ləğv edilib, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərmişdir ki, tərəflər arasında 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqavilə bağlanarkən birincisi, sıxlıq səbəbindən layihədə dəyişikliklərin ediləcəyi zərurəti olacağı ehtimalı nəzərə alınmamışdır. İkincisi, “Covid-19” pandemiyası ilə bağlı heç bir məlumat yox idi. Müqavilənin icrasında qismən gecikmə halı bu səbəbdən yaranmış, buna baxmayaraq, aylıq kirayə pulları mənzillər naturada təklif edildiyi tarixədək davam etdirilmişdir. Məhkəmə bu halı nəzərə almamış, əsassız bir nəticəyə gəlmişdir. Göründüyü kimi, cavabdehə eyni ünvanda yerləşən sahəsi daha böyük, biri eyni binada olmaqla, digəri qonşu binada yerləşməklə (hətta təmirli) mənzillər təklif edilmişdir. Yəni, müqavilə öhdəlikləri kobud şəkildə pozulmamışdır. Əlavə olaraq ölkədə ilk dəfə pilot layihələr həyata keçirildiyinə görə və pilot layihələrlə bağlı ilk dəfə olaraq tikinti ilə bağlı rayon icra hakimiyyətləri sərəncamlar verdiklərini, layihələri təsdiqləndikləri üçün, bəzi şəhərsalma məsələlərində anlaşılmazlıqlar yaranmış, bu səbəblərdən də tikintisi nəzərdə tutulmuş binanın bir neçə mərtəbəsi inşa edilməsi mümkün olmamışdır. Ona görə də, mülkiyyətçilərin mənzillərin mərtəbələri və binaları dəyişdirilməsinə zərurət yaranmışdır. Əslində müqavilənin əsas şərtlərinə görə (1.1.2-ci bənd) cavabdeh iddiaçının mülkiyyətində olan mənzillərin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli binanın inşa edərək yeni mənzillər verir. Yəni, müqavilədə S.Vurğun küçəsinə baxan mənzillər sözü qeyd edilsə də, lakin layihədə nəzərdə tutulmuş sahəsi az olan mənzillərin heç birinin S.Vurğun küçəsinə baxışı olmamışdır. Məhkəmə öz qətnaməsi ilə iddiaçıya ümumilikdə 582230 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsinə qət etmişdir. Tərəflər arasında bağlanılmış 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqavilənin 1.1.5-ci bəndinə əsasən əlavə verilən mənzil hissəsinin 1 kv.m.-nin qiyməti 1350 manatdan hesablanmışdır. Yəni iddiaçı əlavə aldığı 41.5 kv.m. sahəni 1350 manatdan almış, hazırda məhkəmənin qətnaməsi ilə həmin mənzil sahənin 1 kv.m-ni 2640 manatdan, təqribən iki dəfə yaxın artıq qiymətə hesablanmışdır. İşə ədalətlə yanaşılsa idi, onda müqavilədə iddiaçının aldığı məbləğ üzərində hesablama aparılmalı idi. Məhkəmənin əsas sübut kimi qəbul etdiyi AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində yalnız internet məlumatlarına istinad edilməklə rəy verilmiş, digər anoloji hesablama metodları, alternativ variantlardan, məsələn notarial orqanlarında aparılan alğı-satqı müqavilələrinə, daşınmaz əmlakı dövlət reyestrində olan sənədləri nəzərə alınmadan, sadəcə iddiaçının özünün təşkil etdiyi şübhə doğurmayan, yəni verdiyi 4 elanı (halbuki onun 3-ü bir mənzillə aid olduğu anlaşılır) əsas tutaraq rəy vermişdir. Ümumiyyətlə elanda yazılan rəqəmlə, real alğı-satqı zamanı həmin göstərilən rəqəmin endiyi hamıya bəlli olan bir hala belə münasibət bildirilməmişdir. Bundan əlavə təkrar ekspertiza keçirilməsi barədə vəsatət təmin edilməmiş və təqdim edilmiş reallığı özündə əks etdirən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əsaslı rəyə münasibət bildirilməmişdir. Digər tərəfdən iddianın dəqiqləşdirilməsi barədə ərizənin məhkəmənin baxış iclasında təqdim edildiyi üçün və ərizə MPM-nin tələblərinə uyğun tərtib edilmədiyinə görə icraata qəbul olunmasına etiraz edilmiş, ərizəyə yazılı münasibət bildirilməsi və etiraz üçün vaxt verilməsi tələb ediləs də, məhkəm tərəfindən heç bir vaxt verilməmiş, ərizə müzakirə olunmamış və qətnamə dərhal elan edilmişdir.

5. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2576/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

6. "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, MB17/0343 nömrəli ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırki icraat zamanı təqdim edilmiş rəy əsassız olmaqla işin hallarını özündə əks etdirmir. Həmçinin bildirdi ki, iddiaçıya müqavilə ilə verilməli olan mənzili başqa şəxsə satmışlar, hazırda iddiaçıya verilməsi mümkün deyil, bununla belə onlar həmin mənzilin hər kv.m-i üçün 2000 manat ödəməyə hazırdırlar, həmin ünvanda real qiymətlər elə həmin həddədir, bundan başqa, nümayəndə müqaviləyə əsasən iddiaçıya ödənilməli olan kirayə haqqını da ödəmədiklərini bildirdi, lakin bunun səbəbini ağılabatan şəkildə izah edə bilmədi. Nümayəndə onların təkilf etdiyi şərtlərlə barışıq olmayacağı halda, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq və apellyasiya baxışı zamanı təqdim edilmiş rəyi əsaslı hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 208 saylı sərəncamından görünür ki, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ıl 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-ə ünvanlanmış 19 07 2016-cı il tarixli 02/05-10G8 nömrəli Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, “Pilot İnşaat-A" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyrı-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir.

11. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3/35 saylı müqavilədən görünür ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış yaşayış binasında 3-cü blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 145,0 kv.metr və Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış yaşayış binasında 2-ci blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 72,0 kv.metrdən ibarət mənzilləri ümumilikdə 217 kv.metrdən ibarət mənzilləri iddiaçıya təhvil verməyi, həmin mənzillərin 175,5 kv.metrdən ibarət olan hissəsi iddiaçının sökülən daşınmaz əmlakının əvəzi kimi verməyi, qalan 41,5 kv.metrdən ibarət olan hissə isə ödənişli əsaslarla iddiaçıya satmağı öhdəsinə götürmüşdür.

12. Həmin Müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablayır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4730-9/4933 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsinə paralel olaraq cavabdeh tərəfindən inşa edilmiş binanın S.Vurğun küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.m olan mənzilin orta bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 382800,0 manat və sahəsi 72 kv.m olan mənzilin ümumi dəyəri təqribən 190080,0 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir.

14. “X1” MMC-nin xx.xx.2023-cü il tarixli 152 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının S.Vurğun küçəsinə baxan hissəsinin 8-ci mərtəbəsində yerləşən, təmirsiz vəziyyətdə olan, ümumi sahəsi 145.0 kv.m-dən ibarət mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri 378740,00 manat, ümumi sahəsi 72.0 kv.m olan mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri isə 188064,00 manat məbləğində müəyyən edilir.

15. "xxxx" MMC-nin xx.xx.20213-cü il tarixli REC-12-23/AR-04 saylı arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov, Mərdanov Qardaşları, S.Əsgərova və Səməd Vurğun küçələrini əhatə etdiyi ərazilərində yerləşən 2 (iki) ədəd yaşayış mənzilinin (təmirsiz- 72.0 kv.m və təmirsiz- 145.0 kv.m) bazar dəyərləri 19 dekabr 2023 cü il tarixinə 72 kv.m olan 125000 (bir yüz iyirmi beş min) manat- 130000 (bir yüz otuz min) manat, 145 kv.m olan 250000 (iki yüz əlli min) manat- 255000 (iki yüz əlli beş min) manat arası təşkil edir.

16. "xxxx" MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli qiymətləndirmə rəyindən müəyyən edilir ki, cavabdeh "xxxx" MTK tərəfindən xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən İddiaçı verilməli olan Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binanın Səməd Vurğun küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.m olan mənzilin 20 may 2024-cü il tarixində hesablanmış hazırki real bazar dəyəri 369000 manat, 72 kv.m olan mənzilin isə 20 may 2024-cü il tarixində hesablanmış hazırki real bazar dəyəri 187200 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

22. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

30. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

31. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

35. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış yaşayış binasında 3-cü blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 145,0 kv.metr və Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış yaşayış binasında 2-ci blokun 8 ci mərtəbəsində, ümumi sahəsi 72,0 kv.metrdən ibarət mənzilləri ümumilikdə 217 kv.metrdən ibarət mənzilləri iddiaçıya təhvil verməyi, həmin mənzillərin 175,5 kv.metrdən ibarət olan hissəsi iddiaçının sökülən daşınmaz əmlakının əvəzi kimi verməyi, qalan 41,5 kv.metrdən ibarət olan hissə isə ödənişli əsaslarla iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh müqavilənin 1.1.4cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablamağı öhdəsinə götürmüşdür.

40. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı müqavilədə ona verilməsi vəd edilən mənzilin, əgər bu mümkün olmasa həmin mənzillərin dəyərinin, həmçinin ona ödənilməli kirayə haqqının ona ödənilməsini tələb etmişdir.

41. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

42. İddiaçının hazırkı tələbinin qanuni əsasını Mülki Məcələnin 452.1 və 452.2-ci maddələri təşkil edir.

43. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (maddə 452.1).

44. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 452.2).

45. Cavabdeh apellyasiya şikayətində müqavilə öhdəliklərinin pozulmamasını bildirsə də bu barədə, yəni müqavilə öhdəliklərinin tərəflərin müəyyən edilmiş müddət ərzində həyata keçirilməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin mənzillər başqa şəxslərə satıldığından müqavilədə göstərilən mənzillərin iddiaçıya verilməsi mümkün deyildir.

46. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, müqavilə üzrə mənzillərin iddiaçıya verilməsi mümkün olmadığından (həmin mənzillər satıldığından) onların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

47. Mənzillərin dəyərinə münasibətdə isə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4730-9/4933 saylı ekspert rəyini əsas götürmüşdür. Cavabdeh isə mənzillərin dəyərini də apellyasiya şikayətində mübahisələndirmişdir. Yəni cavabdehin apellyasiya şikayətinin əsas dəlili həmin mənzillərə görə ödənilən zərərin həcmi ilə bağlıdır.

48. Bununla bağlı olaraq cavabdehin dəlillərinə obyektiv qiymət verilməsi məqsədi ilə Cavabdeh MTK tərəfindən xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən İddiaçı verilməli olan Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binanın Səməd Vurğun küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.metr olan və sahəsi 72 kv.metr olan mənzillərin hazırkı real bazar qiyməti müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

49. Belə ki, iş materiallarında birinci instansiya məhkəməsinin təyin etdiyi ekspert rəyindən əlavə iki rəy mövcuddur : “X1” MMC-nin xx.xx.2023-cü il tarixli 152 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının S.Vurğun küçəsinə baxan hissəsinin 8-ci mərtəbəsində yerləşən, təmirsiz vəziyyətdə olan, ümumi sahəsi 145.0 kv.m-dən ibarət mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri 378740,00 manat, ümumi sahəsi 72.0 kv.m olan mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri isə 188064,00 manat məbləğində müəyyən edilir;

50. "xxxx" MMC-nin xx.xx.20213-cü il tarixli REC-12-23/AR-04 saylı arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov, Mərdanov Qardaşları, S.Əsgərova və Səməd Vurğun küçələrini əhatə etdiyi ərazilərində yerləşən 2 (iki) ədəd yaşayış mənzilinin (təmirsiz- 72.0 kv.m və təmirsiz- 145.0 kv.m) bazar dəyərləri 19 dekabr 2023 cü il tarixinə 72 kv.m olan 125000 (bir yüz iyirmi beş min) manat- 130000 (bir yüz otuz min) manat, 145 kv.m olan 250000 (iki yüz əlli min) manat - 255000 (iki yüz əlli beş min) manat arası təşkil edir.

51. Apellyasiya baxışı zamanı təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli qiymətləndirmə rəyindən müəyyən edilir ki, cavabdeh "xxxx" MTK tərəfindən xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən İddiaçı verilməli olan Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binanın Səməd Vurğun küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.m olan mənzilin 20 may 2024-cü il tarixində hesablanmış hazırki real bazar dəyəri 369000 manat, 72 kv.m olan mənzilin isə 20 may 2024-cü il tarixində hesablanmış hazırki real bazar dəyəri 187200 manat təşkil edir.

52. Göründüyü kimi, cavabdehin vəsatətinə əsasən "xxxx" MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli qiymətləndirmə rəyi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğlərlə uyğun olmuşdur.

53. Həmçinin, cavabdeh tərəf ekspert rəyi ilə müəyyən olunmuş qiyməti şübhə altına alan və ala biləcək hər hansı sübut təqdim etməmişdir.

54. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - kirayə haqqına münasibətdə gəldiyi nəticə də düzgün olmuşdur.

55. Belə ki, tərəflər arasında olan müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablamağı öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı tarixdən 6 ildən artıq müddət keçməsinə baxmayaraq mənzillər iddiaçıya təhvil verilməmişdir. Cavabdehin nümayəndəsi də iddiaçıya kirayə haqqının ödənilmədiyini təsdiq etmişdir.

56. Eyni zamanda iş materialları ilə cavabdeh tərəfindən kirayə haqqının iddiaçıya ödənilmədiyi müəyyən olunmuşdur. (2023-cü il fevral tarixindən dekabr 2023-cü il tarix daxil olmaqla 11 ay dövr üçün – 850 manat X 11 ay = 9350 manat).

57. Cavabdehin şikayətinin bir dəlili də ondan ibarət olmuşdur ki, iddiaçının tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə münasibət bildirilməsi üçün onların yetərincə vaxtı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin bu dəlili əsassız olmuş və mülki işin materialları ilə təkzib olunur. Belə ki, müəyyən olunur ki, iddiaçının həmin dəqiqləşmə ərizəsindən sonra iş üzrə ekspertizalar keçirilmiş, cavabdeh tərəf özü həmin ərizəyə istinadən əlavə sübutlar təqdim etmiş, eləcə də həmin ərizədəki tələblərlə bağlı əlavə ekspertiza keçirilməsinə dair yazılı vəsatət vermişdir (iş/ vər.-88-108). Demək ki, apellyatorun şikayətinin həmin dəlili də əsassızdır. .

58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğunundan təmin edilməməlidir. Nəticə:

59. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

61. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 600 (altı yüz) manat vəsait Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh MTKnın özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 600 (altı yüz) manat vəsait Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-nin H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar