Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2577/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1 Sahibqulu qızı, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – DƏDRX Əİ) başqalarına qarşı “torpaq sahəsinə dair verilmiş çıxarışın və eskiz planının ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 avqust 2018-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X3, Cavabdeh2 vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Rayon Məhkəməsinə müraciət edərək, X1 30.01.2008-ci il tarixli 166 saylı sərəncamı ilə onun adına (sahibliyinə, istifadəsinə) verilmiş və faktiki olaraq sahibliyində və istifadəsində olan torpaq sahəsi barəsində həmin Bələdiyyənin adından hazırlanmış saxta sənədlər əsasında özəlləşdirilərək Cavabdeh1 adına, daha sonra isə digər Cavabdeh2 adına DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 15.11.2017-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışın” və DƏDRXİ Əİ tərəfindən torpaq sahəsinə dair verilmiş “Eskiz planının” etibarsız hesab edilməsi, torpaq sahəsində aparılmış tikintinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iş üzrə üçüncü şəxs kimi Binəqədi Qəsəbə bələdiyyəsi göstərilmişdir. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 24.08.2018-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 04.12.2018-ci il tarixli qətnamə (İş № 2(103)-11745/2018) ilə apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 18.03.2019-cu il tarixli qərar (İş № 2(102)-1869/2019) ilə Bakı Apelyasiya Məhkəməsinin 04.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işi yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. İddiaçının apellyasiya şikayətinə əsasən işə yenidən baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 02.12.2019-cu il tarixli qətnamə (İş № 2(103)-7184/2019) ilə apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 12.10.2020-ci il tarixli qərar (İş № 2(102)-4607/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işi yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Bu səbəbdən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, iddia tələbinin və iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı 2006-cı ildə kürəkəni İman Quliyevlə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer axtararkən Binəqədi rayonu ərazisində DSK yolunun yanında təxminən 1 hektara yaxın boş yer olduğunu görmüş, həmin yerlə maraqlanarkən ərazinin X1 qərarı ilə bir neçə şəxsə verildiyini bilmişdir. Həmin şəxsləri taparaq torpaq sahələrini onlardan almışdır. Torpaq sahibləri Binəqədi Qəsəbə bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək onların sahibliyinə və istifadəsinə verilmiş torpaq sahələrinin dəyişdirilərək iddiaçının adına rəsmiləşdirilməsini istəmişlər. Bələdiyyənin 30.01.2008-ci il tarixli, 166 saylı qərarı ilə əvvəllər bir neçə şəxsin sahibliyində olmuş cəmi 9.400 kv.m torpaq sahəsi həmin şəxslərin razılıq ərizəsinə əsasən iddiaçının adına rəsmiləşdirilmiş və torpaq sahəsi yenidən yerində ölçülərək Bələdiyyənin mütəxəssisi tərəfindən iddiaçıya təhvil verilmişdir. İddiaçının aldığı həmin torpaq sahəsi qanunsuz əsaslarla əvvəlcə Cavabdeh1, daha sonra isə Cavabdeh2 adına qeydə alınmış və özgəninkiləşdirilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsi iddiaçının hüquqlarını birbaşa pozur. Digər tərəfdən həmin torpaq sahəsini alğı-satqı əsasında mülkiyyətinə qəbul etmiş cavabdehlər qabaqcadan bilirdilər ki, torpaq sahəsi iddiaçıya aiddir. Bu səbəbdən də onlar vicdanlı alıcı hesab edilə bilməzlər. Bələdiyyənin 14.07.2017ci il tarixli, 01-13/Əİ 464 saylı məktubunda göstərilir ki, X7 30.01.2004-cü il tarixdə 636 saylı qərarla 8.000 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi Binəqədi-Novxanı yolunun kənarındadır. Həmin torpaq sahəsinin Cavabdeh1 adına keçirilməsi haqqında Bələdiyyə arxivində qeyd aşkar olunmamışdır. İşə baxmış Rayon Məhkəməsi isə ayrılmış torpaq sahəsinin qərarının tarixindən və nömrəsindən istifadə olunmaqla saxta yolla hazırlanmış, yəni Bəkir Qasımova 30.01.2004-cü il tarixli 636 saylı qərarla 1 ha torpaq sahəsinin ayrılması və eləcə də bu torpaq sahəsinin Cavabdeh1 adına keçirilməsi barədə 03.06.2004-cü il tarixli 900/1 saylı saxta qərarlara mötəbər sübutlar kimi qiymət vermişdir. 2004-cü ildə Bələdiyyənin sədri olmuş X9 03.06.2004-cü il tarixli, 900/1 saylı qərar və torpaq sahəsinin alğı-satqısına dair aktdakı imzaların ona məxsus olmamasını bildirsə də, bu barədə hər hansı araşdırma aparılmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçı hesab edir ki, Cavabdeh1 adına, daha sonra Cavabdeh2 adına verilmiş “Reyestrindən çıxarışlar” və “Torpaq sahəsinin eskiz planı” etibarsız hesab edilməli, torpaq sahəsində olan tikinti Cavabdeh2 hesabına sökülməli və cavabdehlər torpaq sahəsindən çıxarılmalıdırlar. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmunun uyğun izahat verdi. Cavabdeh2 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O bildirdi ki, təmsil etdiyi şəxs torpaq sahəsini qanuni əsasla əldə etmiş və sahəni əldə edərkən həmin sahənin mübahisəli olmasından xəbərsiz olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, əvvəllər iş üzrə üçüncü şəxs olan Binəqədi Qəsəbə bələdiyyəsi torpaq sahəsinin Bəkir Qasımovun razılığı ilə Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməsi barədə 900/1 saylı, 03.06.2004-cü il tarixli qərarının və “Eskiz planının” Bələdiyyənin arxivində aşkar edə bilmədiklərini bildirsə də, hazırda həmin qərar və plan aşkar edilmiş, Bələdiyyə həmin sənədlərin təsdiq edilmiş surətini ona təqdim etmişdir. Bununla da, Ali Məhkəmənin qərarlarında cavabdeh tərəfə nöqsan kimi irad tutulan boşluq aradan qaldılmışdır. Cavabdeh2 vəkili (nümayəndəsi) Bələdiyyənin 900/1 saylı, 03.06.2004-cü il tarixli qərarının və “Eskiz planının” Bələdiyyə tərəfindən təsdiq edilmiş surətlərini və bununla bağlı Bələdiyyənin məktubunu Məhkəməyə təqdim etdi. İş üzrə digər Cavabdeh1, cavabdeh DƏDRX Əİ-nin nümayəndəsi və iş üzrə üçüncü şəxs olan Bələdiyyənin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, apellyasiya icraatı zamanı Məhkəmənin 25.06.2021-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin “iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinə dair X1 adından hazırlanmış saxta sənədlər əsasında özəlləşdirilərək Cavabdeh1 adına, daha sonra isə digər Cavabdeh2 adına DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 15.11.2017-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışın” və DƏDRXİ Əİ tərəfindən torpaq sahəsinə dair verilmiş “Eskiz planının” etibarsız hesab edilməsi barədə” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya izah edilmişdir ki, o, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Məhkəmə, iddia tələbinin apellyasiya baxışında qalan – “mübahisəli torpaq sahəsində aparılmış tikintinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə” hissəsinin, bu tələbin Rayon Məhkəməsi tərəfindən təmin edilməməsi barədə nəticəsinin və bu nəticədən verilmiş apellyasiya şikayətinin həlli ilə bağlı bildirir ki, bu hissədə apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsinin müzakirə edilən hissəsi ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə üçüncü şəxs olan X1 03.02.2003-cü il tarixli, 131/1 saylı və 20.02.2003-cü il tarixli, 151/1 saylı qərarlarından görünür ki, həmin qərarlar ilə fərdi yaşayış evinin tikilməsi üçün hər biri 600 kv.m olmaqla iki torpaq sahəsi alğı-satqı qaydasında İddiaçı sahibliyinə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı torpaq sahələrini Bələdiyyədən alarkən sahələrin əvvəlki sahibləri X4, X2, X5 və X10 ərizələr ilə Bələdiyyəyə müraciət edərək həmin sahələrin İddiaçı verilməsinə razılıq vermişlər. X1 30.01.2008-ci il tarixli, 166 saylı qərarından görünür ki, Bələdiyyə hüdudlarında sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş 9.400 kv.m torpaq sahəsinin sahiblik və istifadə hüquqları İddiaçı adına keçirmişdir. X1 03.06.2004-cü il tarixli, 900/1 saylı qərarının surətindən görünür ki, bələdiyyəsinin ərazi hüdudlarında X6 və Cavabdeh1 Sahibqulu qızının razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı ərizədə göstərilən 1 ha torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi qərara alınmışdır. Daha sonra qeyd olunan torpaq sahəsinə 22.08.2017-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Sonradan Cavabdeh1 28.08.2017-ci il tarixli notarial qaydada bağlanan Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən 0,94 ha torpaq sahəsini Cavabdeh2 satmış, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh2 mülkiyyət hüququ 15.11.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07.10.2019-cu il tarixi, 20632 saylı ekspert rəyinə əsasən, X1 30.01.2008-ci il tarixli 166 saylı sərəncamı ilə İddiaçı məxsus torpaq sahələri bir sərəncam altında birləşdirilərək sahibliyinə, mülkiyyətinə verilmiş 9.400 kv.metr torpaq sahəsi ilə, X6 adına 30.01.2004-cü il tarixli 636 saylı sərəncamla ayrılmış 8.000 kv.metr torpaq sahəsi üst-üstə düşmür, bir-birindən dörd kilometrlik məsafədə yerləşir. İddiaçı sahibliyində olan 9.400 kv.metr torpaq sahəsi ilə, X6 adına 30.01.2004-cü il tarixli 636 saylı sərəncamla ayrılmış torpaq sahəsinin koordinatları eyniyyət təşkil etmir. İlkin olaraq X7 alqı-satqı qaydasında ayrılmış, sonradan Cavabdeh1 adına dəyişdirilmiş, daha sonra alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış 0,94 ha torpaq sahəsi isə İddiaçı verilmiş 9.400 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür, yəni torpaq sahəsinin sənədləri, yeri və sahəsi dəyişdirilərək İddiaçı ayrılmış torpaq sahəsinin üzərinə işlənmişdir. X1 14.07.2017-ci il tarixli, 01-13/Əİ-464 saylı məktubundan görünür ki, 30.01.2004cü il tarixli 636 saylı qərarla X6 adına 8000 kv.metr torpaq sahəsi ayrılması barədə sərəncam aşkar edilsə də, sözügedən torpaq sahəsinin Cavabdeh1 Sahibqulu qızının adına keçirilməsi barədə bələdiyyə arxivində qeyd aşkar olunmamışdır. X7 30.01.2004-cü il tarixli 636 saylı qərarla ayrılmış 8000 kv.metr torpaq sahəsi Binəqədi-Novxanı yolunun kənarında yerləşir. 2004-cü ildə X1 sədri vəzifəsində işləmiş X9 Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinə verdiyi izahatda X1 30.01.2004-cü il tarixli 636 saylı qərarında adının qarşısındakı imzanın ona məxsus olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə iddia tələblərinin apellyasiya baxışında qalan hissəsi ilə bağlı qeyd edir ki, hazırki məhkəmə baxışı zamanı həmin tələblərə qiymət verilməsi mümkün deyil. Çünki bu tələblərə qiymət verilməsi üçün ilk növbədə, Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən 25.06.2021-ci il tarixli qərardadı ilə işin icraatına xitam verilmiş hissəsinin kökündə duran tələblərə qiymət verilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, İddiaçı tərəfindən cavabdeh (satıcı) Cavabdeh1 və cavabdeh (alıcı) Cavabdeh2 qarşı həmin cavabdehlər arasında 28.08.2017-ci il tarixdə notarial qaydada bağlanmış “Torpaq sahəsinin alğı-satqısı barədə müqavilənin” mübahisələndirilməsi barədə müvafiq iddia da irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, iddianı apellyasiya baxışında qalan hissəsi yuxarıda göstərilən əsaslar ilə rədd edilməlidir, lakin işə baxmış Rayon Məhkəməsi həmin tələbləri tələblərin sübuta yetməməsi əsası ilə təmin etməmişdir ki, bu kimi mövqe səhvdir və işin hallarına, habelə iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun deyil. Şərh olunanları və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya baxışında qalan hissədə iddia tələbləri təmin olunmamalıdır. Məhkəmə izah edir ki, gələcəkdə müvafiq məhkəmə (inzibati) qərarı mövcud olduğu təqdirdə hazırki qətnamə iddiaçıya hazırki tələblərlə bağlı yenidən məhkəmədə mülki qaydada iddia qaldırmağa mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Tapdıq oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “mübahisəli torpaq sahəsində aparılmış tikintinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə” tələblərin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2577/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2577/2021
25.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver