Məhkəmə qərarları › İş №2(103)-2578/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2578/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2578/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pulun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2218/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borc olan ******* manat əsas borc, borcun gecikdirilməsinə görə illik 21 faizlə hesablanmış ******* manat olmaqla, cəmi ******* manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: tərəflər arasında xx xxx 2017-ci il tarixdə imzalanmış borcun etirafı müqaviləsinə əsasən iddiaçı cavabdehlərə ******* manat məbləğində pulu borc vermiş, cavabdehlər həmin pulun yarısını xx xxxxxx 2017-ci il, digər yarısını isə xx xxxxxx 2018-ci il tarixədək illik 21 faiz dərəcəsi olmaqla qaytarmaq barədə üzərlərinə öhdəlik götürmüşlər (səh.6); Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və X5 Soltan Əli oğlunun müraciəti əsasında araşdırma aparılmış, cavabdehlərdən izahat alınmışdır. Cavabdehlər öz izahatlarında iddiaçıdan ******* manat pul vəsaitini aldıqlarını etiraf etmişlər (səh.77-85). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2218/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ******* (iki milyon) manat əsas borc, borcun gecikdirilməsinə görə ******* (bir milyon doxsan iki min) manat olmaqla, cəmi ******* (üç milyon doxsan iki min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443; Azərbaycan Respublikası MPM-nin 14.2, 77, 88, 119-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbinin ******* manat əsas borcun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissədə əsaslıdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 verdiyi izahatlarda iddiaçıdan ******* manat məbləğində pul vəsaitini aldıqlarını etiraf etmişdir. Daha sonra məhkəmə proseslərində iştirak edən Cavabdeh1 ondan tələb olunan həm əsas, həm də faiz borcunun qaytarılmasına etiraz etmədiyini bildirmiş və müqavilənin onun özü tərəfindən tərtib edildiyini və ilkin olaraq bir necə variantda olduğunu qeyd etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Elxan Xudaverdiyev isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və sonrakı məhkəmə iclaslarında etdiyi çıxışlarda əsas borcu qəbul etdiklərini, faiz borcuna isə etiraz etdiklərini, həmin müqavilə Cavabdeh1 tərəfindən imzalanarkən müqavilənin 2-ci bəndi barədə onun heç bir məlumatının olmadığını, müqavilə imzalayarkən faiz məsələsini şərt kimi razılaşdırmadıqlarını bildirmişdir . Cavabdehin borcun etirafı müqaviləsinin 2-ci bəndindən xəbərinin olmaması ilə bağlı məhkəmə iclaslarında iştirak etmiş hər iki cavabdeh müqavilədəki imzaların onlara məxsus olduğunu etiraf etmiş və imzaları hər hansı qaydada mübahisələndirməmişlər. Müqavilə bağlanan zaman tərəflər arasında yazılı şəkildə müqavilə tərtib olunmuş, tərəflər müqavilənin surəti ilə tanış olmuş, öz iradə ifadələri ilə sərbəst surətdə həmin müqaviləni imzalamışlar. Cavabdehlər borcun etirafı müqaviləsini bağlayarkən onlar borcun illik 21% dərəcəsi ilə ödənilməli olması barədə məlumatlı olmuşlar. Cavabdehlər əsaslandığı dəlilləri məhkəmə iclasında sübuta yetirə bilməmişlər. Həmin halları sübuta yetirə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 14, 385, 386; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 337, 425-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən borc məbləği düzgün hesablanmamışdır. Belə ki, İddiaçı 15-20 ildir ki, tanıyır. Əvvəllər İddiaçı ilə birlikdə işləmişlər, şərikli pul qazanmışlar. O, uzun illərdir ki, mərmər daşlarının alqı-satqısı ilə məşğul olur. İran İslam Respublikasından Azərbaycana və Qazaxıstana mərmər daşları göndərir və satışını təşkil edir. O, bu işi əvvəllər tək görsə də sonradan mərmər daşlarının alqı-satqısı ilə məşğul olan Cavabdeh2 ilə birlikdə işləməyə başladı. Daha sonra isə Cavabdeh2 dostu Qulu adlı şəxs onlara qoşuldu. Onların işlərində ləngimələr olduğundan, Qazaxıstana göndərdikləri malların pulunu ala bilmədiklərindən yeni işlərinin davam etdirilməsi üçün onlara pul lazım oldu. Həmin vaxtlarda İddiaçı ilə rastlaşdılar və birlikdə işləməyə razılaşdılar. İddiaçı bu işlərdən başı çıxmasa da, onunla aralarında olan etibarı, inamı olduğu üçün razılaşdılar ki, İddiaçı pul tapıb versin onlar işləri sürətləndirsin və İddiaçı qazancını verək. İddiaçı ilk dəfə ona və ortaqları Sahil və Quluya 2016-cı ilin may ayında 200000 (iki yüz min manat) məbləğində pul verdi və bu pul ilə bəzi işlər görüldü. Həmin pul az olduğu üçün 2016-cı ilin avqust ayında İddiaçı ******* (bir milyon) manat, bir müddət sonra, yəni 2016-cı ilin noyabr ayında isə 800000 (səkkiz yüz min) manat əlavə pul verdi onlara. Lakin sonra Qazaxıstana göndərdikləri malların pulunu ala bilmədiyi üçün Azərbaycanda işlər dayandı. Belə ki, İddiaçı ona pulları verərkən xx.xx.2017-ci il tarixində öz aralarında borcun etirafı müqaviləsi imzalamışdır. Lakin o, müqaviləni imzalayarkən heç bir faiz dərəcəsi şərti olmamışdır. O, pulu alan zaman da heç bir faiz dərəcəsindən söhbət gedməmişdir. O, yalnız pulu alması və qaytaracağı vaxtların qeyd olunduğu müqaviləyə imza atmışdır. İddiaçı öz ərizəsində iddiasının əsası kimi xx xxx 2017-ci il tarixdə bağlanmış borcun etirafı barədə kredit müqaviləsinə istinad edir. Eyni zamanda iddiada göstərilir ki, guya müqavilənin 2-ci bəndinə əasən borcun illik 21% faiz dərəcəsi olmaqla qaytarılması şərtləndirilmişdir. Lakin onun həmin müqavilənin 2-ci bəndi barədə heç bir məlumatım olmamışdır və onlar iddiaçı ilə həmin müqaviləni imzalayarkən heç bir faiz məsələsini şərt kimi razılaşmamışlar. O, ümumiyyətlə xx xxx 2017-ci il tarixdə bağlanmış borcun etitafı barədə müqaviləni imzalayarkən heç bir faiz dərəcəsinin olmadığını görüb imza atmışdır. Müqavilə əsasında verilən ******* (iki milyon) manat məbləğində borc pulun 536000 (beş yüz otuz altı min) manatı şəriki olan Quluya, 622000 (altı yüz iyirmi iki min) manatı Cavabdeh2 qalan 842000 (səkkiz yüz qırx iki min) manatı isə ona çatmışdır. Onlar 2017-ci ilin fevral ayına qədər İddiaçı 142000 (yüz qırx iki min) manat məbləğində pul qaytarmışdır. Daha sonra isə 2019-cu ilin may ayında o, öz payına düşən borcun bir hissəsinin müqabilində Novxanıda yerləşən 75000 (yetmiş beş min) manat dəyərində ona aid olan çıxarışlı torpaq sahəsini İddiaçı vermişdir. Borcun bir hissəsinin ödənilməsi qeyd olunduğu halda, İddiaçı onların iddiaçıya olan cəmi borcu ******* manat, yəni artıq hesablanmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən onların iddiaçıya olan borcun hesablanma qaydası düzgün aparılmamaqla, iddiaçı tərəfindən onun üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirilməmiş, aralarında bağlanmış kredit müqaviləsinin şərtləri kobud şəkildə pozulmuşdur. O, iddianı qismən qəbul edərək bildirir ki, kredit müqaviləsi üzrə yaranmış borcu ödəməkdən boyun qaçırmır. Lakin müəyyən olunan məbləğ həddindən artıq çoxdur. Həmçinin İddiaçı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdiyi izahatda özünün iddia etdiyi xx xxx 2017-ci il tarixdə bağlanmış borcun etitafı barədə kredit müqaviləsinin 2-ci bəndi olan 21% faiz dərəcəsi şərtindən bəhs etməmişdir. Görünür iddiaçı bununla da vəziyyətdən sui-istifadə etmək niyyətindədir. Habelə iddiaçının öz ərizəsində iddia etdiyi həmin müqavilənin 2-ci bəndində olan illik 21% faiz dərəcəsi olmaqla qaytarılması şərti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən məsuliyyət yaradır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385-388, 442, 443, 560, 739-745, 882; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırki mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırmış, mülki qanunvericiliyin maddi hüquq normalarının öhdəliyə aid tələblərinə müvafiq tətbiq etmişdir. Qeyd edilməlidir ki, tərəflərin münasibətlərindən və iddia tələbindən irəli gələn əsaslarla borcun və şərtləndirilmiş faizin vaxtında qaytarılmaması cavabdeh tərəfin mübahisələndirmədiyi müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsindən irəli gələn vəzifələr yaradır. Bölünməyən tələb üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən şikayəti cavadehlərdən biri vermiş, pul vəsaitlərinin qaytarılmasına dair dəlilərini isə sübuta yetirməmişdir. Ona görə apellyasiya şikayəti təmin edilməməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2218/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar