Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2578/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı 12 oktyabr 2021-ci tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən öhdəliyin yerinə yetirilməməsi, eləcə də qüsurlu və sertifikatı olmayan mallar təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqavilələri üzrə iddiaçı tərəfindən ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və beh müqavilələrinə xitam verilməsi, 20000 manat mənəvi ziyanın, 200 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200, 213.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o və həyat yoldaşı Nəzərov Eldar Ələkbər oğlu 23.10.2019-cü il tarixdə Bakı səhəri, Babək prospekti 41A ünvanında yerləşən “Massimo Mobili Luxury” adlandırılan mebel mağazasına gəlmiş, həmin mağazada onları Cavabdeh1 və Leyla adlı şəxslər qarşılamışlar. Həmin şəxslərə bildirdilər ki, yeni əldə etdikləri Bakı şəhəri, Üzeyr Hacıbəyov küçəsində yerləşən 57 saylı evin 444 saylı mənzilinə Türkiyyədə istehsal edilən yataq mebel dəsti və digər otaqlar üçün bir sıra bəzi ləvazimatlar almaq istəyirlər. Əvvəlcə onlara Türkiyədə istehsal olunan yataq mebel dəstlərinin və digər otaq ləvazimatlarının kataloq jurnallarını təqdim edərək, alacaqları əşyaları seçmələrini, həmin əşyaların hansı modeldə və hansı rənglərdə olmasını, miqdarını, ölçüləri və s. nəzərə almaqla sifariş etməklərini məsləhət gördülər. Bir qədər sonra onlar alacaqları əşyaların adları, rənglərini və miqdarını, eləcə də Türkiyədən Azərbaycana gətirilməsi üçün müddəti də (45 gün) razılaşdıraraq, “Sifariş forması” adlandırılan iki ədəd, yəni 23.10.2019-cu il tarixli, 0157№-li və 0161№-li əqdləri imzalamağa başlayarkən aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş etdilər. Belə ki, həmin əqdlərdə alacaqları əşyaların adları, ölçüləri, miqdarı ayrı-ayrılıqda göstərilsə də, onların dəyəri ayrı-ayrılıqda deyil, ümumilikdə müvafiq olaraq 51850 manat və 11050 manat göstərilmişdir. Göstərilən əşyaların qiymətlərinin nəyə görə ayrı-ayrılıqda göstərilməməsi sualına cavab olaraq bildirilmişdir ki, alacaqları əşyaların ümumilikdə dəyəri 62900 manata razılaşdırılmışdır, həmin əşyalar Türkiyədən gətirildiyi üçün onların Bakıdakı qiymətlərinin müəyyən edilməsində vergi orqanı ilə problem yaranmaması üçün həmin əşyalar məhz gətirildikdən sonra müvafiq qiymətlərlə göstəriləcəkdir. Alacaqları əşyaların ümumilikdə dəyəri ilə razılaşdıqları üçün hər bir malın dəyərinin ayrı-ayrılıqda göstərilməsinin onlar üçün heç bir əsaslı önəmi olmadığından onların bu şərtini qəbul etdilər. Bundan başqa, “Sifariş forması” adlandırılan iki ədəd 23.10.2019-cu il tarixli, 0157№- li və 0161 №-li əqdlərdə adları göstərilən əşyaların mənşəyi haqqında sertifikatın (o cümlədən istehsalçı, keyfiyyət və ölçülərini təsdiq edən sənədin) nə vaxt təqdim edilməsi sualına belə cavab verildi ki, onlar narahat olmasın, sifarişləri “VİP”-dir, ona görə də 45 gün ərzində, bütün əşyalarla birlikdə malların sertifikatları da onlara təqdim olunacaq. Yekunda “Sifariş forması” adlandırılan iki ədəd 23.10.2019-cu il tarixli, 0157№-li və 0161 №-li əqdlərdə adları göstərilən əşyaların ümumi dəyərinə müvafiq olaraq 25500 manat və 7650 manat, toplam 33150 manat beh qaydasında və qalan 29750 (26350+3400) manatı isə əşyalar təqdim edildikdən sonra ödənilməsi barədə razılıq əldə edildi. Elə həmin gün 33150 manat beh məbləği tam şəkildə ödənildi və “Sifariş forması” adlandırılan hər iki əqd imzalandı. Üç gündən sonra isə onlara zəng olundu və maliyyə vəziyyəti ilə bağlı, yəni əşyaların Türkiyədən daşınması üçün nəqliyyat vasitəsinin əvvəlcədən sifariş edilməsinə ödəniş aparılmasına görə 3400 manat vəsait lazım olduğu bildirildi. Həmin vəsait də tərəflərindən 26.10.2019-cu il tarixdə ödənildi və 2019-cu ilin dekabr ayının 15-nə qədər bütün əşyaların, eləcə də yuxarıda qeyd olunan müvafiq sənədlər təqdim olunduqdan sonra, qalan 26350 manat ödənilməsi barədə razılıq əldə olundu. Lakin həmin vaxt, yəni 2019-cu ilin dekabr ayının 15-də, səhər saatlarında mağazaya zəng edərək, sifariş etdikləri əşyaların hansı saatda təqdim olunmağı barədə məlumat almaq istəyəndə, bildirildi ki, sifariş etdikləri əşyalar tam hazır olmamış, bəzilərinin tam istehsalı dekabr ayının axırında gözlənilir və Türkiyədən onların Azərbaycana gətirilməsi zaman tələb edir, 2020-ci ilin yanvar ayının ilk günləri bayram günləri olduğundan əşyalar 2020-ci ilin yanvar ayının 8-də təhvil veriləcəkdir. Həmin vaxt ərzində də sifariş üzrə götürülmüş öhdəlik yerinə yetirilmədi. Onlar mütəmadi olaraq müxtəlif günlərdə və saatlarda həm telefon vasitəsilə, həm də özləri mağazaya gedərək cavabdehlər ilə əlaqə saxlasalar da, cavabdehlərdən əsasən Cavabdeh1, digər hallarda isə özlərini mağazanın əməkdaşları kimi təqdim edən Cavabdeh2 və Cavabdeh3 əşyaların gah yolda olmasını, gah da kömrük məntəqəsində saxlanılması bəhanəsi ilə bu gun-sabah bütün əşyaların və sertifikatların təqdim olunmasına dair inandırıcı vədlər verirdilər. Nəhayət 2020-ci ilin fevral ayının təqribən 02 və ya 03-də onlara bildirildi ki, sifariş etdikləri əşyalardan bəziləri mənzildə yığılıb təhvil verilməsi üçün sifariş etdikləri ünvana göndərilir və digərləri də 2-3 gün ərzində onlara mənzildə təhvil veriləcəkdir. Həmin gün sifariş etdikləri əşyalardan yalnız taxtın yan hissələrini, döşəmə divarı və pufiki gətirdilər və həmin malların mənşəyi haqqında sertifikatı təqdim etmədilər. Eləcə də, qeyd olunan döşəmə divarın rəngi seçdikləri rəngə uyğun olmadığından, sifariş etdikləri rəngə uyğun olması üçün cavabdehlər tərəfindən döşəmə divarın parçası dəyişdirilməsi və yenisi ilə əvəz olunması üçün, eləcə də sifariş etdikləri pufik gətirilən pufikdən köklü sürətdə fərqi olduğundan onun yenisi ilə əvəz olunması üçün onlardan 2-3 gün vaxt istənildi və həmin əşyalar geri aparıldı. Sonra 05 fevral tarixində sifariş etdikləri əşyalardan yalnız “Fendi” koltuk, Astor şifoner, Etro koriola və 1 ədəd komidin gətirilmişdir. Həmin əşyalar Sifarişdə göstərilən ölçülərə müvafiq olmamış, o cümlədən “Fendi” koltuk isə keyfiyyətsiz və qüsurlu olduğundan, yığılan zaman yarım dairəvi hissələri bir-birinə uyğun olmadığı üçün həmin hissələr çox kobud şəkildə dəmir boltlar vasitəsilə bərkidilmişdir. Həmin malların da sertifikatları təqdim olunmamışdır. Xüsusi olaraq qeyd edir ki, sifariş olunan digər əşyalar isə ümumiyyətlə gətirilməmişdir. Cavabdehlərə bir daha öz narazılıqlarını bildirdikdə, cavabdehlər həmin əşyaların cari ilin fevralın 08 tarixində lazımi keyfiyyətdə gətirilməsinə və bütün malların mənşəyi, keyfiyyəti və ölçüləri haqqında sertifikatların təqdim edilməsinə son dəfə söz verərək, onlardan şikayət verməməklərini xahiş etdilər. Onların niyyətləri və iradə ifadələri yeni aldıqları mənzilə sifarişdə göstərilən mebel dəsti və müvafiq ləvazimatlar almaq olduğuğuna görə, cavabdehlərin vədinə inanaraq, onlarla razılaşmışlar. Eyni zamanda, son olaraq 08.02.2020-ci il tarixdə sifariş olunan əşyalar gətirilmədiyi təqdirdə ödədiyi beh məbləğinin geri tələb edəcəyini onlara bildirdi. Cavabdehlər onlarla qeyd-şərtsiz razılaşaraq, 08.02.2020-ci il tarixdə bütün əşyaları və sertifikatları onlara təqdim etmədiyi halda tərəflərindən ödənilmiş 36550 manat beh məbləğini qaytaracaqlarını bildirdilər. Lakin cavabdehlər bu dəfə də, yəni 08.02.2020-ci il tarixdə də sifariş etdikləri əşyaların hələ hazır olmadığı və 5-6 gün gözləməklərini məsləhət gördülər. Belə olan halda, onlar ödənilmiş beh məbləğinin qaytarılmasını xahiş etdilər, lakin onlar beh məbləğini qaytarmayacaqlarını və mebellər Türkiyədən göndərildiyindən 3-4 günə Bakıda olcağı üçün bir qədər də gözləmələrini xahiş etdilər. Onlara bildirdilər ki, 2019-cu ilin 15 dekabr tarixindən hal-hazıradək yalançı vədlər verməklə, onları aldadaraq və nəticə etibarı ilə aldıqları 36550 manat beh məbləğinə görə isə nəzarət kassa aparatının çekini və ya mədaxil kassa orderini təqdim etməlidirlər, əks halda məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət edəcəklər. Cavabdehlərdən Cavabdeh1 danışıqlar arası mağazanı onların xəbərləri olmadan tərk edib gizləndi, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə onlara nə kassa çeki, nədəki mədaxil kassa orderi verə bilmirlər, istədikləri yerə şikayət edə bilərlər deyərək, bütün məsələləri Cavabdeh1 ilə həll etməyi məsləhət gördülər. Odur ki, məcbur qalıb Nizami rayonu Pİ-nin 23 saylı Polis Bölməsinə müraciət etdilər. Lakin göstərilən məsələnin mülki qaydada həll edilməsi məsləhət görüldü. Cavabdehlərin onlara qarşı hüquqa zidd əməlləri hazırda da davam etdiyindən və onların bilə-bilə qanunsuz olaraq qərəzli mövqeyləri onun konstitusion hüquqlarını kobud surətdə pozduğundan, onların bilə-bilə qanunsuz hərəkətlərinin və hərəkətsizliyinin qarşısının alınması, ona əsassız olaraq maddi və mənəvi zərər vurulduğundan həmin zərərin ödənilməsi üçün o, məcbur qalıb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 27 sentyabr 2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, 1. Bakı şəhəri, İnşaatçılar prospekti 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin iddiaçı tərəfindən 3-cü şəxs qismində məhkəmə işinə cəlb olunması barədə qərardad çıxarılmasını; 2. 16.07.2021-ci il tarixli «Seçmə Luxury» və 31.07.2021-ci il tarixli «AKM Luxury» şirkətlərinin məktub xarakterli sənədləri saxta olduğu üçün sübutlar içərisindən çıxarılması barədə qəraradad çıxarılmasını; 3. Cavabdehlər- «Massimo Mobil Luxury» Mebel Mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən hazırki işin lüzumsuz uzadılmasına şərait yaratmaqla, iddiaçının sifariş etdiyi malların idxalı ilə bağlı tələb olunan sənədlərin təsdiq olunmuş surətlərini üzürsüz səbəbdən təqdim etmədiklərinə görə həmin şəxsləri 150 manat məbləğində cərimə edilməsi barədə qərardad çıxarılmasını; 4. İş materiallarında olan sübutlarla məhkəmə baxışının davam etdirilməsi barədə qərardad çıxarılmasını; 5. Cavabdehlər - «Massimo Mobili Luxury» mebel mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 23.10.2019-cu il tarixli, 0157 №-li və 0161 №-li «Sifariş forması» adlandırılan iki ədəd əqd üzrə öhdəliklərin yerinə yetirilməməsi, sifariş olunan mebellər və mebel ləvazimatları barədə iddiaçıya düzgün olmayan və təhrif olunmuş məlumatlar verməklə aldadılması; həmin malların gömrük nəzarətindən və rəsmiləşdirilməsindən keçirilməməsi, eləcə də idxal olunan zaman keyfiyyətini təsdiq edən müvafiq sənədlərin təqdim edilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsinə; 23.10.2019-cu il tarixli, 0157 №-li və 0161 №-li «Sifariş forması» adlandırılan iki ədəd əqd üzrə ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73 100 manat məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmaqla İddiaçı ödənilməsi və həmin əqdlərə xitam verilməsi, 36500 manat mənəvi ziyanın, 100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını, 6. Cavabdehlər-«Massimo Mobil Luxury» Mebel Mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü, 206 və 213.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onlar barəsində, eyni zamanda ekspert Elvin Qəhrəmanovun hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı, 213.1-ci və 297-ci maddələrində nəzərdə tutulan əməllərə yol verməsi istisna edilmədiyindən, onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh4 cavabdeh Seyidova Fəxriyyə Rafiq qızına qarşı sifariş edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Seyidova Fəxriyyə Rafiq qızından sifariş edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun və dövlət rüsumu əvəzi 30 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 41 "a” ünvanında yerləşən "Massimo Mobili Luxury” mebel mağazasını icarə müqaviləsinə əsasən icarəyə götürmüş və kiçik sahibkarıq fəaliyyəti ilə məşğuldur. Eyni zamanda 08 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ona sahibkarlıq uçotu haqqında qeydiyyat şəhadətnaməsi verilmişdir. 23.10.2019-cu il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Massimo Mobili Luxury” mebel mağazasına gələrək, yataq dəsti və digər otaqlar üçün bir sıra ləvazimatlar almaq istədiyini bildirdi. Türkiyyə istehsalı olan yataq mebel dəstlərinin və digər otaq ləvazimatlarının kataloq jurnallarına baxdıqdan sonra 23.10.2019-cu il tarixdə 160 sm ölçüdə Astor şifoner, 350 sm ölçüdə Fendi koltuk, 60 sm ölçüdə komidin, 5sm x 200sm ölçüdə taxt alt hissə, 110 sm x 20 sm ölçüdə şifoner aynası, 200 sm ölçüdə şifoner aynası, puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab), 130 sm ölçüdə benc və özəl parça ilə 200 sm x 280 sm ölçüdə döşəmə divarı sifariş verərək aralarında podrat müqaviləsi bağlanmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin göstərdiyi malların qiyməti hesablanaraq 51.850 manat dəyərində qiymətləndirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh həmin qiymətlə razılaşaraq sifariş verdiyi malın 25.500 manat pulunu əvvəlcədən ödədi, 26.350 manat borcu qalmışdır. Bir müddətdən sonra qarşılıqlı iddia üzrə cavabdeh yoldaşı ilə mağazaya gələrək qaynının rəhmətə getdiyini və malların gətiriləcəyi vaxtını özləri deyəcəyini bildirlilər. Bir neçə aydan sonra qarşılıqlı iddia üzrə cavabdeh mağazaya gələrək sifariş verdiyi malların gətirilməsini bildirdi. Qarşılıqlı iddia üzrə iddiaçı da həmin malları Türkiyədən sifariş etdi və birinci dəfə sifariş verilmiş malların bir qismi gətirilərək, həmin mallardan dəyəri 28.400 manat olan 160 sm ölçüdə astor şifoner, 350 sm ölçüdə Fendi koltuk, 60 sm ölçüdə komidin, 5 sm x 200 sm ölçüdə taxt alt hissə, 110 sm x 20 sm ölçüdə şifoner aynası, 200 sm ölçüdə şifoner aynası və özəl parça ilə 200 sm x 280 sm ölçüdə döşəmə divarı olan malları qarşılıqlı iddia üzrə cavabdehin evinə çatdırılaraq quraşdırılmışdır. Sifariş olunan digər malların puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab) və 130 sm ölçüdə bencin Türkiyədən gətirilməsi 3 gün gecikdiyinə görə qarşılıqlı iddia üzrə cavabdeh bəhanə edərək malları götürmək istəmədiyini və apardıqları malları da qaytarmaq istədiklərini bildirdilər. Halbuki qarşılıqlı iddia üzrə cavabdehin sifariş verdiyi yataq dəsti və digər əşyalar onun otaqlarının ölçülərinə uyğun sifariş verilmişdir. Həmin əmlakların başqasına satılması qeyri mümkündür. Dəfələrlə qarşılıqlı iddia üzrə cavabdehə sifariş verdiyi əmlakların ödənilməmiş 26.350 manat pulun ödənilərək, puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab) və 130 sm ölçüdə bencin “Massimo Mobili Luxury" mebel mağazasından aparılmasını bildirsə də, o, pulu ödəməyərək sifariş verdiyi mebel mallarını aparmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı da, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, 25.10.2019-cu il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh ümumi dəyəri 11.050 manat məbləğində olan çölü 160 sm, içi 140 sm ölçüdə etro koriola-komidin, 130 sm ölçüdə 1 ədəd etro şifoner və etro puf yataq dəsti sifariş vermişdir. Həmin yataq dəsti qarşılıqlı iddia üzrə cavabdehin mənzilinə çatdırılaraq quraşdırılmış və pulu da tam ödənilmişdir. Onunla cavabdeh İddiaçı arasında bağlanmış 23.10.2019 və 25.10.2019-cu il tarixli müqavilələr podrat hüquq münasibətlərini yaradır. Sifarişçinin işi podratçı tərəfindən yerinə yetirilsə sə, sifarişçi pulu ödəməmişdir. Halbuki iddiaçı ilə cavabdeh araslında bağlanmış müqavilədən görünür ki, sifarişçi 51.850 manat pulu ödəyərək sifariş verdiyi əmlakları qəbul etməyə borcludur. Dəfələrlə iddiaçıya sifariş verdiyi malın qalan hissəsinin aparılması barədə bildirilsə də, həmin malları aparmayaraq qalan pulun ödənilməsindən imtina etmişdir. Əgər sifarişçi işi podratçıdan qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməsə də, işin haqqını və zərərin əvəzini ödəməyə borcludur. Səbədlərdən göründüyü kimi o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əgər iddiaçı ona sifariş etdiyi malın dəyərini vaxtında ödəsəydi, o, qazanc əldə etdiyi pulla adi mülki dövriyyə şəraitində gəlir əldə edərdi. Ona görə də, onun ziyan (əldən çıxmış fayda) tələb etmək hüququ yaranmışdır. Cavabdeh öhdəliklərini vaxtında icra etmədiyindən onun cavabdehdən ələdn çıxmış fayda olaraq 50000 manat pul vəsaitini tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən sifariş edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun Seyidova Fəxriyyə Rafiq qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı 12 oktyabr 2021-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə «Massimo Mobili Luxury» mebel mağazası arasında bağlanmış 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqdin ləğv edilməsi, Cavabdeh4 əqdlər üzrə ödənilmiş 36 550 (otuz altı min beş yüz əlli) manat, hüquqi xidmətə görə 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Cavabdeh4 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin iddia rədd olunması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin digər hissələri rədd edilərkən, məhkəmə tərəfindən bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, birinci instansiya məhkəməsi hüquqi məsələləri düzgün qiymətləndirməmiş, iş materiallarında olan sübutlar tam və hərtərəfli dəyərləndirilməmiş, o cümlədən məhkəmə iddiaçıya qarşı qərəzli mövqey nümayiş etdirərək həqiqəti müəyyən etməmişdir. Açıq-aşkardır ki, məhkəmə tərəfindən “Sifariş forması" adlı əqdlər üzrə müqavilə şərtlərininin cavabdeh tərəfindən pozulması, üzərinə götürdüyü öhdəliklərin yerinə уetirməməsi - müəyyən edildiyi halda, cavabdehin formal mülahizəsini və fəriziyəsini əsas götürməklə, məhkəmə cavabdehin hüququna qanunsuz olaraq üstünlük vermiş və beh məbləğini əsassız olaraq avans ödənişi kimi qəbul edilməsi nəticəsinə gəlmişdir. İşin mübahisəsiz halıdır ki, 23.10.2019-cu il tarixli, 0157 №-li və 25.10.2019-cu il tarixli, 0161 №-li «Sifariş forması» adlanan sənədlər yazılı formada bağlanmışdır. Deməli, həmin sənədlər sadə yazılı formada bağlanmış iki tərəfli əqdlərə aid olan maddi hüquq normasının tələblərinə müvafiq qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehlər həmin sifariş formalarını bütünlükdə və ya qismən mübahisələndirməmişlər. Yəni, həmin əqdlərdə ödənişin beh olmasına dair razılaşmanı təsdiq edən «beh» qrafasının, avans ödənişinə dəyişdirilməsi və ya «beh» qrafasının etibarsız hesab edilməsi barədə, cavabdehlərin hər hansı bir iddiası olmamışdır. Hətta, cavabdehə ünvanlanmış (eləcə də Qətnamənin 10-cu səhfəsinin 5-ci (axırıncı) abzasında göstərilən) iddiaçının təklifinə cavabdehlər tərəfindən heç bir cavab verilməmişdir. Deməli, bu halda belə iddiaçının iddia tələbinə cavabdehlər tərəfindən heç bir cavab verlməmsinə, yəni onların susmasına mahkərnə ümumiyyətlə hüquqi qiymət verməmişdir. İşin həqiqi halları ilə müəyyən olunur ki «Sifarif forması» adlandmlan 2 ədəd əqd, qarışıq müqavilə olmaqla, mağaza vasitəsilə alqı-satqı və beh müqavilələrini özündə birləşdirir. Həmin mallann ümumiyyətlə harada, hansı şəxs tərəfindən istehsal olunması, mallara dair müvafiq sənədlərin olmaması və sifariş formalarında hər bir malın ayrı- aynlıqda qiymətlərinin göstərilməmsi onu sübut edir ki, mağaza həmin mallaırıı istehsalçısı olmamışdır. Deməli, satılan malların hər birinin ayrıayrılıqda qiymətlərini satıcı bilmədiyi halda, məhkəmə behin avans ödənişi kimi qəbul edilməsinin və həmin malların bir hissəsinin dəyərinə bərabər olduğu qənaətinə gəlməsinin heç bir hüquqi əsası olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki. iddiaçı keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallan təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Açıq-aşkardır ki, cavabdehlər 2019-cu il oktyabr ayında iddiaçıdan 36 550 manat beh olaraq, nağd pul vəsaiti almış və iddiaçını aldadaraq, üzərinə düşən öhdəliklər cavabdehlər tərəfindən yerinə yetirilməmiş, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyinə görə, iddiaçı aldığı yeni mənzili mebel dəstləri ilə təhzic edə bilməmiş və 2020-ci ili qarşılamaq üçün həmin mənzilə köçə bilməmişdir. Digər tərəfdən, cavabdehlər hazırkı məhkəmə gedişatını bacardıqları qədər lüzumsuz olaraq uzadılmasına nail olmuşlar və nəticə etibarı ilə iddiaçının 36 550 manat pul vəsaiti 2 ilə yaxın müddətdir ki, cavabdehlər tərəfindən istifadə olunur və olunmaqdadır. Həmin qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Seyidova Fəxriyyə Rafiq qızının iddiasının rədd edilməsini, qarşılıqlı iddianı təmin edərək, Seyidova Fəxriyyə Rafiqqızından sifariş edilmiş əmlakın dəyəri olan 26.350 manat pulun və əldən çıxmış fayda olaraq 50.000 manat pulun və dövlət rüsumu əvəzi 30 (otuz) manat pulun tutularaq ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərmişdir ki, tərəflərin bağladıqları əqddə göstərilən mebellərin Türkiyyədə istehsal olunmasına və Azərbaycana gətirilməsinə dair sübutlar cavabdeh tərəfindən işə baxılarkən məhkəməyə təqdim olunmamışdır. Halbuki, özəl ölçülərlə sifariş olunmuş mebellərin Türkiyyə Respublikasında hazırlanması barədə “SEÇME” LUXURY və “AKM” firması tərəfindən verilmiş 16.07.2021-ci il tarixli və 31.07.2021-ci il tarixli və “VESSEV” interior project fabrikası tərəfindən verilmiş 31.07.2021-ci il tarixli məktublar məhkəməyə təqdim edilmişdir. “VESSEV” interior project fabrikası tərəfindən verilmiş 31.07.2021-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən “Massımo Mobili Luxury” mağazasından İstanbul fabrikamıza sifariş edilən “Fendi koltuk, (3,50 sm), 1 ədəd “Gold” konsol, 2 ədəd Fendi Komidin (60 sm), Fendi karyola və arxa panosu (2x2.80m), Fendi şfoner və ayna (110x20 sm), Fendi şfoner aynası (2m), 1 ədəd Fendi Puf, 1 ədəd 130 sm özəl benc sifariş edilmiş və bu sifariş istanbul fabrikamızda hazırlanmış və 10.12.2019-cu il tarixdə İstanbul fabrikamızdan Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “Massımo Mobili Luxury” mağazasın təhvil verilməsi üçün karqoya verilmişdir. “SEÇME” LUXURY firması tərəfindən verilmiş 16.07.2021-ci itlarixli məktubda göstərilir ki, 05.11.2019-cu il tarixində Bağçılar/istanbul Gedik Dış Tic. Cam.San.LTD ŞTİ firması tərəfindən fabrikamıza sifariş edilən 1 ədədə henna masa (200x100), 6 ədədə henna sandalye, 1 ədədə henna tv ünitesi alt blok (280 sm), 2 ədədə henna tv ünite dolabı sifariş edilmiş, bu sifarişlər Ankara siteler fabrikasında hazırlanmış və 28.11.2019-cu iul tarixdə Ankara siteler fabrikamızdan baxçılar istanbul adresinə təhvil verilmişdir. “AKM” firması tərəfindən verilmiş 31.07.2021-ci il tarixli məktubda göstərilir ki, 26.10.2019-cu il tarixdə Bakı “Massımo Mobili Luxury” mağazasından Ankara fabrikamıza sifariş edilən etro bir ədəd komidin, 1 ədəd etro karyola (160x140), 1 ədəd etro şifoner (130 sm), 1 ədəd etro puf Ankara siteler fabrikamızda hazırlanmış və 10.12.2019-cu il tarixdə Ankara siteler fabrikamızdan Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “Massımo Mobili Luxury” mağazasın təhvil verilməsi üçün karabag lojistik şirketinə göndərilmişdir. Məhkəmə isə təqdim etdiyi sübutlara qiymət veməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı 20.02.2020-ci il tarixdə cavabdehə təklif göndərərək, sifariş forması adlandırılan iki ədəd əqd üzrə cavaddeh tərəfindən Türkiyyə istehsalı olan əşyaların gətirilməsi barədə öhdəlik götürüldüyü, həmin sifarişə görə iddiaçı tərəfindən 36550 manat beh ödənildiyi, lakin dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öhdəliklərin hal-hazıradək yerinə yetirilmədiyi bildirilmiş, ona görə də əqdlər üzrə tərəfindən ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin ödənilməklə müqavilələrə xitam verilməsi təklif edilmişdir. Halbuki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə 21.02.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə isə bütün bu qanun pozuntularına hüquqi cəhətdən qiymət verməyərək iddia ərizəsini qanunsuz olaraq icraata qəbul etmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində sifariş forması adlanan əqdləri ləğv edilməsini göstərmişdir. Halbuki, sifariş forması 23.10.2019-cu il və 25.10.2019-cu il tarixdə 45 gün müddətinə bağlanmışdır. Məhkəmə isə əqdlərin müddətinin 2019-cu il tarixdə bitməsinə baxmayaraq, müddəti bitmiş əqdləri ləğv etmişdir. Bundan başqa məhkəmə onun qarşılıqlı iddiasına qətnamənin təsviri və əsaslandırıcı hissəsində hüquqi qiymət verməyərək, sadəcə qətnamənin nəticə hissəsində bir cümlə qeyd edərək göstərmişdir ki, qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddianın təmin edilməməsinin əsasları qətnamədə öz əksini tapmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının müqavilələrə xitam verilməsi barədə iddia ərizəsi 21.02.2021-ci il tarixdə yəni bir gün sonra məhkəmənin dəftərxanasına daxil olmuşdur. Bununla da məhkəmə Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərini pozmuşdur. Qanunvericiliyin tələblərindən və yuxarıda qeyd olunan maddəninin dispazisiyasından göründüyü kimi sifarişçsinin işi potratçı tərəfindən yerinə yetirilsə də sifarişçi pulu ödəməmişdir. Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi 51.850 manat pulu ödəyərək sifariş verdiyi əmlakları qəbul etməyə borcludur. Dəfələrlə iddiçıya sifariş verdiyi malın qalan hissəsini aparılması barədə bildirilsə də həmin malları aparmayaraq qalan pulun ödənilməsindən imtina etmişdir. Əgər sifarişçi işi podratçıdan qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməsə də, işin haqqını və zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə isə yuxarıda qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə maddi hüququ norması kimi Mülki Məcəllənin yalnız ümumi normalarına istinad etmişdir. Tərərflər arasında olan münasibətlərin hansı hququ norması ilə tənzimlənməsini qeyd etməmişdir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin Məcəlləsinin 9.3 və 88-ci maddələrinin tələblərini pozaraq, sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməyərək, mənim məhkəmə iclasında təqdim etdiyim, özəl ölçülərlə sifariş olunmuş mebellərin Türkiyyə Respublikasında hazırlanması barədə “SEÇME” LUXURY və “AKM” firması tərəfindən verilmiş 16.07.2021-ci il tarixli və 31.07.2021-ci il tarixli və “VESSEV” interior project fabrikası tərəfindən verilmiş 31.07.2021-ci il tarixli sənədləri nəzərə almamışdır. Məhkəmə 21.04.2021-ci il tarixlı qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, həmin qərardadda sifariş olunmuş mebellərin Türkiyə Respublikasında fəaliyyət göstərən fabrik və ya zavodda istehsal olunub-olunmaması və həmin mebellərin faktiki xüsusiyyətləri və keyfiyyəti həmin firmalar (brendlər) tərəfindən istehsal olunan mebel mallarının xüsusiyyətlərinə və keyfiyyətlərinə uyğun olub-olmaması və qüsurların olub-olmaması barədə sualları qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 9/3523 nömrəli rəyinə əsasən, sifariş olunan mebellərin Türkiyyə Respublikasında fabrikdə istehsal olunduğu və həmin mebellərin faktiki xüsusiyyətləri (artikul, sort və.s) və kefiyyəti fabrik tərəfindən istehsal olunan müvafiq mebel mallarının xüsusiyyətlərinə və keyfiyyətinə uyğundur. Belə ki, ekspertiza tədqiqatına təqdim edilən malların üzərində hər hansı bir istehsal qüsuru aşkar edilmədi. Həmin Malların hazırlanmasında, tikilişində qüsurların olmaması onların fabrik üsulu ilə istehsal olunduğuna dəlalət edir. Məhkəmə isə həmin rəyə ümumiyyətlə hüquqi qiymət verməyib. Əgər məhkəmə ekspertin rəyini nəzərə almayacaqdırsa və digər sübutlarla yanaşı qiymətləndirməcəkdirsə nəyə görə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edirdi. Eyni zamanda cavabdehlərin heç birinin rəsmi qeydiyyat yeri Səbail rayon ərazisində olmadığı halda məhkəmə işə baxarkən ərazi aidiyyəti qaydalarına riayət etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə işin nəticəsinə mühüm təsir göstərən halların obyektiv və tam araşdırılmasına maraq göstərməmiş, bu hallardan yan keçməklə və məhkəməyə təqdim olunan sübutları düzgün tədqiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddia üzrə iddiaçı iddia tələbinin təmin edilməməsi hissəsində, qarşılıqlı iddia üzrə iddiaçı isə ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissələrində mübahisələndirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin və mənəvi ziyanın tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hisssədə iddia qismən təmin edilməli, Cavabdeh4 beh razılşaması üzrə ödənilmiş 33150 manatın iki misli olaraq 66 300 (altmış altı min üç yüz) manat və 3400 manat avans məbləği olmaqla cəmi 69 700 (atmış doqquz min yeddi yüz) manat və mənəvi ziyana görə 1000 (bir min) manat tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə tərəflərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsində dindirilən ekspert Qəhrəmanov Elvin Nazim oğlu bildirmişdir ki, o, iş üzrə vermiş olduğu rəyi müdafiə edir. Rəy vermək üçün həm saxlanc yerində olan mallara, həm də mağazada olan vitrindəki və anbardakı mallara baxış keçirilmişdir. Baxış zamanı mallar mağazada olan mallar ilə uyğun gəlirdi, hər hansısa qüsur görməmişdir. Əmtəə baxışına əsasən mebellər fabrik üsulu ilə hazırlanmışdı. Baxış zamanı saxlancda olan mallarda ölçü aparılmayıb. Saxlancda olan mebellərin neçənci sort taxtadan hazırlanması, mebellər düzəldilərkən hansı ağacdan istifadə olunması, mebellərin adı, mebellərin sayı, mebellərin miqdarı, “Etro” markalı yataq dəstinin adı, “Etro” markalı yataq dəstinin hansı ağac və dəmirdən hazırlanması barədə məlumatı yoxdur. Türkiyədən göndərilmiş sənədlərə əsasən rəy verilib. İş materiallarında olan “Sifariş forması” adlandırılan iki ədəd 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli əqdlərdən görünür ki, cavabdehə məxsus «Massimo Mobili Luxury» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını İddiaçı təhvil vermək öhdəliyini, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəmək öhdəliyini üzərinə götürmüş, qeyd olunan əqdlər üzrə iddiaçı tərəfindən 33150 manat ödəniş edilmişdir. İş materiallarında olan ******* nömrəli, 26.10.2019-cu il tarixli Qaimə Fakturadan görünür ki, İddiaçı tərəfindən «Massimo Mobili Luxury» mebel mağazasına 3400 manat ödəniş edilmişdir. İş materiallarında olan 18.04.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Salmanova Ülkər Şaiq qızı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanında yerləşən ümumi sahəsi 11641.8 kv/m olan qeyri-yaşayış binasının ona məxsus əsas sahədən 1000 kv/m icarəçi Cavabdeh4 verir, icarə müddəti 18.04.2020-ci il tarixədək müəyyən edilir İş materiallarında olan 11.02.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Salmanova Ülkər Şaiq qızı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanında yerləşən ümumi sahəsi 11641.8 kv/m, əsas sahəsi 9884.4 kv.m, köməkçi sahəsi 1757.4 kv/m olan qeyri-yaşayış binasının ona məxsus əsas sahədən 1000 kv/m köməkçi sahədən 250 kv/m icarəçi Cavabdeh4 verir, icarə müddəti 11.02.2021-ci il tarixədək müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 18.03.2020-ci il tarixli, 1000-170-22/005900 nömrəli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Türkiyə Respublikası vətəndaşı Cavabdeh1, Azərbaycan Respublikası vətəndaşları Cavabdeh2, Cavabdeh3 və «Massimo Mobili Luxury» mebel mağazasının adlarına 2019-2020-ci ilin yanvar-fevral ayları ərzində hər hansı malın idxalı haqqında məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin 30.03.2020-ci il tarixli, **********872800 nömrəli cavab məktubundan görünür ki, 30.03.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən Cavabdeh1, Cavabdeh2 və Babək prospekti 41A ünvanında yerləşən «Massimo Mobili Luxury» adlı mebel mağazasının vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir. Cavabdeh3 (VÖEN **********) 24.05.2013-cü il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 17.03.2020-ci il tarixli, **********627900 nömrəli cavab məktubundan görünür ki, vergi ödəyəcilərinin reyestrində 12.08.1992-ci il təvəllüdlü Cavabdeh3 (VÖEN: 1********) 24.05.2013-cü il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziyi şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Həmçinin reyestrdə 02.09.1976-cı il təvəllüdlü Cavabdeh1 və 09.05.1987-ci il təvəllüdlü Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları barədə mövcud deyildir. Uçot məlumat bazasında «Massimo Mobili Luxury» adlı mebel mağazasının qeyd edilən ünvanda uçotda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08.05.2021-ci il tarixli, 1000-170-22/0077658 nömrəli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Cavabdeh4 tərəfindən (VÖEN: **********, FİN: xxxxxxx) 2019-cu il və 2020-ci ilin yanvar-fevral ayları ərzində Türkiyə Respublikasından mebellərin idxalı haqqında məlumat yoxdur. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1. «Sifariş forması» adlandırılan iki ədəd, 23.10.2019-cu il tarixli, 0157 №-li və 0161 №- li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvazimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «Massimo Mobiloi Luxury mebel mağazasında yerləşən və iddiaçının saxlanca yerdiyi») əmlaklar üzərində istehsal markasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartlarının (normativ sənədlərin) işarəsi göstərilməmişdir. Bu səbəbdən də, həmin əşyaların istehsal markasına uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmadı. 2. Mebel əşyalarının üzərində etiket (yarlıq) mövcud olmadığından, bu sualın ikinci hissəsinə dair rəy vermək mümkün deyildir. 3. Mebel əşyalarının üzərində istehsal markasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və sandartların (normativ sənədlərin) işarəsi göstərilmədiyindən, mebel əşyalarının Türkiyyə Respublikasında fəaliyyət göstərən fabrik və ya zavodlarında istehsal olunmasını müəyyən etmək mümknü olmadı. Bu səbəbdən də, mebel əşyalarının hansı üsul ilə istehsal olunmasına dair rəy vermək qeyrimümkündür. 4. Mebel əşyalarının üzərində keyfiyyət sertifikat mövcud deyildir. 5. Mebel əşyalarının üzərində istehsal markasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və keyfiyyət sertifikatı mövcud olmadığından, «Frendi» adı altından koltukun (divanın), «Astor» adı altında şifonerin, «Etro» adı altında koriolanın və 1 ədəd komidinin faktiki xüsusiyyətlərinin (artikul, sort və s) və keyfiyyətinin həmin firmalar (brendlər) tərəfindən istehsal olunan müvafiq mebel xüsusiyyətlərinə və keyfiyyətinə uyğun olub-olmamasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07.09.2021-ci il tarixli, 9/3523 nömrəli ekspert rəyindən görünür ki, «Sifariş forması» adlandırılan iki ədəd, 23.10.2019-cu il tarixli, 0157N-li və 0161N-li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvəzimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «Massimo Mobil Luxury») mebel mağazasında yerləşən və iddiaçının saxlanca verdiyi) əmlaklar üzərində istehsal markası müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, istehsal yeri və sttandratları barədə (normativ sənədlərin) heç bir məlumat yoxdur. Həmin əmlakların etiketi (yarlığı) olmamaqla üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən hər hansı bir sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, onun sertifikatlaşdırılması haqqında məlumat göstərilməmişdir. 16.07.2021-ci il tarixli «Seçmə Luxury» və 31.07.2021-ci il tarixli «AKM Luxury» sənədlərdə həmin mebellərin modeli, ölçüləri, Türkiyə Cümhuriyyətinin fabrik istehsalı olduğu göstərilməklə «Karabaq Lojistik» şirkəti tərəfindən göndərildiyi müəyyən edilir. Həmin əmlaklar üzərində keyfiyyət sertifikatı yoxdur. Təqdim olunan «Fendi» adı altında koltukun (divanın), «Astor» adı altında şifonerin, «Etro» adı altında korialanın və 1 ədəd komidin faktiki xüsusiyyətləri (artikul, sort və s.) və keyfiyyəti fabrik tərəfindən istehsal olunan müvafiq mebel mallarının xüsusiyyətlərinə və keyfiyyətinə uyğundur. Belə ki, ekspertiza tədqiqatına təqdim edilən malların üzərində hər hansı bir istehsal qüsuru aşkar edilmədi. Həmin malların hazırlanmasında, tikilişində qüsurların olmaması onların fabrik üsulu ilə istehsal olunduğuna dəlalət edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə ilkin iddia tələbinin qismən əsaslı olması qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2 və 491.3-cü maddələrinə istinad etməklə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən bağlanmış əqdlər üzrə ödənilmiş 36550 manat məbləğ beh məbləği deyildir, həmin məbləğ avans kimi ödənilmiş sayılmalıdır, belə ki, əqdlərdən görünür ki, iddiaçı mebellərin bir hissəsinin dəyərini avans kimi cavabdehə ödəmiş, qalan hissəsinin dəyərini isə müqavilədə göstərilən müddətdə mebellər təhvil verildikdə ödəmək barədə razılığa gəlinmişdir. Həmçinin ilkin iddianın mənəvi ziyanın tutulması hissəsində rədd edərkən iddiaçının iddia tələbində cavabdehin hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyi ilə əsaslandırmışdır. Eyni zamanda məhkəmə ilkin iddia tələbinə uyğun gəldiyi nəticə görə də qarşılıqlı iddiaın tələbin əsassız hesab etməklə təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd edilməsi nəticəsinə gələrkən iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, lakin ilkin iddianın beh razılaşması üzrə ödənilməli məbləğin tutulmasi və mənəvi ziyanın tutulmasının təmin edilməməsi hissəsində həm prosessual, həm də maddi hüquq normalarını pozmuşdur ki, bu da qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas yaratmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflərin hüquq münasibətləri mebel sifarişi haqqında İddiaçı ilə «Massimo Mobili Luxury» mebel mağazası arasında bağlanmış 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqddən yaranmışdır ki, həmin əqdlərə əsasən cavabdehə məxsus «Massimo Mobili Luxury» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını iddiaçıya təhvil vermək öhdəliyini, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəmək öhdəliyini üzərinə götürmüşdür. Qeyd olunan əqdlər üzrə iddiaçı tərəfindən cəmi 36550 manat ödəniş edilmişdir. Beləliklə, tərəflər arasında qeyd edilən müqavilələrin bağlanılması işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fıziki və hüquqi şəxslərin azad sufətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci mad.). Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir. Bununla yanaşı, qanunverici müqavilənin vaxtından əvvəl ləğv edilməsini də nəzərdə tutur. Lakin buna yalnız müəyyən əsaslar olduqda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunun qeyd olunan normalarının tələblərindən göründüyü kimi, öhdəliyin yerinə yetirilməməsi dedikdə müqavilə şərtlərinin pozulması və ya lazımınca yerinə yetirilməməsi başa düşülür. İddiaçı tərəfındən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə mebel sifarişi barədə 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqd bağlamış, həmin əqdlərə əsasən cavabdehə məxsus «Massimo Mobili Luxury» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəməyi üzərinə götürmüş və iddiaçı qeyd olunan əqdlər üzrə 36550 manat ödəniş etmişdir. Bununla yanaşı, müqavilədə razılaşdırılan müddət ərzində həmin mebellər gətirilməmiş, mebelin bir hissəsi gecikdirilməklə gətirilmişdir ki, həmin mebellər də sifariş verilən mebellərdən köklü surətdə fərqli olmuş, qüsurlu olmuş və iddiaçı tərəfindən sifariş verilən malların mənşəyi, keyfiyyəti və ölçüləri haqqlnda sertifikatların tələb edilməsinə baxmayaraq, cavabdeh tərəf həmin mallara dair sertifikatları da iddiaçıya təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh sifariş edilən mebellərin məhz Türkiyədə fabrik üsulu ilə istehsalı olmasına və Türkiyədən idxal olunmasına dair iddiaçıya hər hansı sübutu təqdim edə bilməmişdir. Sübutlarla müəyyən olunur ki, tərəflərin bağladıqları əqddə göstərilən mebellərin Türkiyədə istehsal olunmasına və Azərbaycana gətirilməsinə dair sübutlar cavabdeh tərəfindən işə baxılarkən də məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3523 saylı, 07.09.2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, «Sifariş forması» adlandırılan iki ədəd, 23.10.2019-cu il tarixli, 0157N-li və 0161N-li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvəzimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «Massimo Mobil Luxury» mebel mağazasında yerləşən və iddiaçının saxlanca verdiyi) əmlaklar üzərində istehsal markası müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, istehsal yeri və sttandratları barədə (normativ sənədlərin) heç bir məlumat yoxdur. Həmin əmlakların etiketi (yarlığı) olmamaqla üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən hər hansı bir sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, onun sertifikatlaşdırılması haqqında məlumat göstərilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 16.07.2021-ci il tarixli “Seçme Luxury”, 31.07.2021-ci il tarixli “AKM Luxury” və 31.07.2021-ci il tarixli “Vessev interior project”in məktublarında «Sifariş forması» adlandırılan əqdlərdə göstərilən mebellərin həmin fabriklərdə hazırlanaraq «Massimo Mobil Luxury» mebel mağazasına göndərilməsi üçün karqoya təhvil verilməsi qeyd olunsa da, məhkəmənin sorğusuna Dövlət Kömrük Komitəsinin cavab məktublarından görünür ki, «Massimo Mobili Luxury» mebel mağazasının adına, həmçinin Cavabdeh4 tərəfindən 2019-cu il və 2020-ci ilin yanvar-fevral ayları ərzində Türkiyə Respublikasından mebellərin idxalı haqqında məlumat yoxdur. Göründüyü kimi, cavabdeh “Sifariş forması” adlı əqdlər üzrə müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 20.02.2020-ci il tarixdə cavabdehə təklif göndərərək, «Sifariş forması» adlandırılan iki əqd üzrə cavabdeh tərəfindən Türkiyə istehsalı olan əşyaların gətirilməsi barədə öhdəlik götürüldüyü, həmin sifarişə görə iddiaçı tərəfindən 36550 manat beh ödənildiyi, lakin dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öhdəliklərin hal-hazıradək yerinə yetirilmədiyi bildirilmiş, ona görə də, əqdlər üzrə tərəfindən ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin 3 gün müddətində ödənilməklə müqavilələrə xitam verilməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının bu təklifinə hər hansı cavab verilmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmş müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması halı müəyyən edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbi üzrə «Sifariş forması» adlı iki ədəd əqdin ləğv edilməsi qənaətinə gəlsə də, iddiaçı tərəfindən bağlanmış əqdlər üzrə ödənilmiş 36550 manat məbləğin avans kimi ödənildiyi nəticəsinə gəlməkdə haqlı olamımışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən beh məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Qeyd edilən normanın məzmununa görə, beh məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən beh haqqında razılaşma yazılı formada bağlanmaması nəticəsində şübhə yarandıqda həmin məbləğ avans kimi ödənilmiş sayılır. İş materiallarında olan tərəflər arasında iradə ifadəsi nəticəsində yazılı formada bağlanmış 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqddən görünür ki, ödənilmiş məbləğ məhz “beh” olaraq yazılı şəkildə göstərilmişdir. Kollegiya hesab edir ki, iş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı əsli tələb edilməklə tədqiq edilmiş 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı yazılı şəkildə bağlanmış hər iki əqdin qeyd hissəsində ödənilən məbləğlərin birbaşa olaraq “beh” olması qeyd edildiyindən həmin ödənişlərin “beh” olması şübhəsində ümumiyyətlə söhbət gedə bilməz. Bunu əksini irəli sürülməsi belə öz-özlüyündə tərəflər arasında iradə ifadəsi nəticəsində bağlanmış əqdin şərtlərinin heçə sayılmasına gətirib çıxarmış olardı. Kollegiya xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, 23.10.2019-cu il tarixli 0157 nömrəli və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı hər iki əqd məhz ilkin iddia üzrə cavabdeh tərəfindən tərtib edilməklə ilkin iddiaçıya təklif edilmişdir. Yəni həmin şərti razılaşma ilə üstünlük hüququna məxsus şəxs (şirkət) tərəflər arasında razılaşmaya əlavə etmiş və həmin hissəsini hər hansı formada mübahisələndirməmişdir. Ona görə də kollegiya hesab edir ki, 23.10.2019-cu il tarixli 0157 nömrəli «Sifariş forması» adlı əqd üzrə ödənilmiş 25.500 manat və 25.10.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı əqd üzrə ödənilmiş 7650 manat olmaqla, cəmi 33150 (otuz üç min bir yüz əlli) manat pul beh məbləği olduğundan, həmin məbləğin 2 misli miqdarında, yəni 66300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya iddiaçı tərəfindən ödənilmiş 3400 (üç min dörd yüz) manat məbləğə münasibətdə isə qeyd edir ki, həmin məbləğ tərəflər arasında bağlanmış əqdlərdə əks olunmadığından və əqdlərdən kənar ödənildiyindən beh kimi qiymətləndilə bilməz. Ona görə də ödənilmiş 3400 (üç min dörd yüz) manat məbləğ avans kimi ödənilmiş sayılmalı və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın vurulması hissəsində təmin etməməkdə haqlı olmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxs xoş məqsədlər üçün mənzilinin zövqünə uyğun olaraq mebellə təchiz edilməsini planlaşdırır və bunun üçün də müəyyən miqdarda ödəniş də edir, lakin qarşı tərəfin hərəkəti (hərəkətsizliyi) ilə şəxsin öz arzusuna çatmaması nəticəsində onun hansı mənəvi iztirablar çəkməsi sübuta ehiyacı olmayan haldır. Hazırki, iddia tələbindən də görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetrilməməklə qanunsuz hərəkətlər etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, ddiaçı İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin sübuta yetirilmiş halı olduğundan, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzi tutulması işin faktiki halları baxımından qanuni olmaqla yanaşı ədalətlidir. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddianın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qayada təmin edilməsinin rədd edilməsi hissəsi üzrə bağlı qeyd edir ki, həmin şəxslər hazırki iddia üzrə iddiaya cavab verməli olan şəxslər olmadığından birinci instansiya məhkəməsi həmin şəxslərə münasibətdə haqlı olaraq iddia tələbini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası ilkin iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsassızdır və təmin edilə bilməz. Belə ki, iddia tələbi qeyd edilən hissələrdə xüsusi araşdırma tələb etmədiyindən ayrıca iddia tələbi formasında deyil, tərəfin vəsatəti və ya məhkəmənin səlahiyyəti daxilində həll olunmalı məsələdir. Qeyd olunan halla bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş vəsatətlər isə apellyasiya icraatı zamanı əsassız hesab edilməklə rədd edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan mövqeyinə əsasən hesab edir ki, qarşılıqlı iddia tələbinin nəticəsi ilkin iddia tələbinin nəticəsində aslı olduğundan və ilkin iddia tələbini qismən əsaslı hesab etdiyindən qarşılıqlı iddia tələbi üzrə əlavə araşdırmanın aparılmasına lüzum duymur. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla təmin edilə bilməz. Belə ki, ilkin iddia tələbi istehlakçının hüququnun müdafiəsi haqqında iddia olduğundan, iddiaçı düzgün olaraq özünün yaşadığı yerə görə iddianı vermiş və məhkəmə də prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddianı icraatına qəbul etmişdir. Göründüyü kimi, məkhəmə tərrəfindən ərazi adiyyatı qaydası pozulmamışdır. İş materillarından həmçinin görünür ki, ilki iddia üzrə iddiaçı məhkəməyə müraciət etməzdən öncə qarşı tərəfə yazılı təklif göndərmiş, laki qarşı tərəf təklifə hər hansı münasibət bildirməmişdir. Ona görədə kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və həmin apellyasiya şikayətinə münasibətdə məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin və mənəvi ziyanın tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hisssədə iddia qismən təmin edilməli, Cavabdeh4 beh razılşaması üzrə ödənilmiş 33150 manatın iki misli olaraq 66 300 (altmış altı min üç yüz) manat və 3400 manat avans məbləği olmaqla cəmi 69 700 (atmış doqquz min yeddi yüz) manat və mənəvi ziyana görə 1000 (bir min) manat tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə tərəflərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin və mənəvi ziyanın tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hisssədə iddia qismən təmin edilsin. Cavabdeh4 beh razılşaması üzrə ödənilmiş 33150 manatın iki misli olaraq 66 300 (altmış altı min üç yüz) manat və 3400 manat avans məbləği olmaqla cəmi 69 700 (atmış doqquz min yeddi yüz) manat və mənəvi ziyana görə 1000 (min) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə tərəflərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2578/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2578/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver