Məhkəmə qərarları › İş №2(103)-258/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-258/2023

27.03.2023 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-258/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «ərazidən və evdən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-961/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 033 №-li qərarı ilə İddiaçı Bilgəh qəsəbəsi ərazisində 1250 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış, torpağa görə Bələdiyyəyə 28 875 000 AZM pul ödənilmişdir. 2.Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 041 №-li qərarı ilə İddiaçı Bilgəh qəsəbəsi ərazisində, 18-ci dalanda 1220 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış, torpağa görə Bələdiyyəyə 16 592 000 AZM pul ödənilmişdir.

3. Bakı şəhəri Bilgəh Bələdiyyəsinin 24 sentyabr 2021-ci il tarixli 348 saylı Arayışına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 41 №-li qərarına əsasən 18-ci dalanda yerləşən bağ sahəsinin 1220 kv metr torpaq və 200 kv. metr əmlak sahəsi mövcuddur, xx.xx.2005 xx.xx.2021-ci ilə qədər Bilgəh Bələdiyyəsinə torpaq və əmlak vergisi ödənilmiş və həmin tarixə qədər heç bir borcu yoxdur.

4. Bakı şəhəri Bilgəh Bələdiyyəsinin 24 sentyabr 2021-ci il tarixli 349 saylı Arayışına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 033 №-li qərarına əsasən 18-ci dalanda yerləşən bağ sahəsinin 1250 kv metr torpaq və 280 kv. metr əmlak sahəsi mövcuddur, xx.xx.2005 xx.xx.2021-ci ilə qədər Bilgəh Bələdiyyəsinə torpaq və əmlak vergisi ödənilmiş və həmin tarixə qədər heç bir borcu yoxdur.

5. Bakı şəhəri Bilgəh Bələdiyyəsinin 24 sentyabr 2021-ci il tarixli digər arayışlarında ilə hər iki qərarla ayrılmış torpaq sahəsinin İddiaçı məxsus olması, Bilgəh Bələdiyyəsinin ərazisində yerləşməsi və hal-hazırda hüquqi qüvvədə olması göstərilmişdir. 6.Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 030 №-li qərarı ilə X3 Bilgəh qəsəbəsi ərazisində, 1250 kv. metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır, torpağa görə Bələdiyyəyə 5775(beş min yeddi yüz yetmiş beş) manat ödənilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8703/2021 nömrəli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh Bələdiyyəsi tərəfindən X3 verilmiş Bilgəh qəsəbəsi ərazisində yerləşən 1250 kv. metr torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 030 №-li qərarı etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2-1(112)-8703/2021 nömrəli qərarında müəyyən etmişdir ki, 2005 və 2007-ci illərdə İddiaçı və Kəlpəli Əliyevə ayrılmış torpaq sahələri eynilik təşkil edir. Başqa sözlə həmin torpaq sahələri üst-üstə düşür. Digər bir ifadə ilə eyni torpaq sahəsi 2005-ci ildə iddiaçıya ayrıldıqdan 2 il sonra yenidən başqa şəxsə ayrılmışdır. Göründüyü kimi, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 030 №-li Qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktla bağlı “İnzibati icraat haqqında” Qanunun 65.1-ci,65.1.2-ci, və 65.1.3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyytlərə malik inzibati aktdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin izah etmişdir ki, torpaq sahəsi ilə bağlı müqavilə münasibətlərindən yaranan mübahisələr ilə bağlı aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməlidir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv. metr sahəsində olan ərazi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiada göstərilir ki, 2005-2007-ci illərdə aldığı torpaq sahələrində fərdi yaşayış evləri tikmişdir. Təxminən 2017-ci ildə əri X1 ilə birlikdə daimi yaşamaq üçün Kanadaya getdiyinə görə ailəvi yaxın dostu olan Cavabdeh1 və onun arvadı Cavabdeh2 yaşayış yeri olmadığına görə müvəqqəti olaraq 1250 kv metr torpaq sahəsində inşa edilən evdə qalmalarına icazə vermişdir. 2021-ci ilin əvvələrində iddiaçı ailəsi ilə birlikdə Azərbaycana qayıtdıqdan sonra cavabdehlərin evdən çıxmalarını istəsələr də sonuncular evdən çıxmağı rədd etmişlər.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-961/2022 saylı, 15 mart 2022ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbinin təmin edilərək Bakı şəhəri, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv metr sahəsində olan ərazi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı və cavabdehlər əvvəllər yaxın ailəvi dost olmuşlar. Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin iki qərarı əsasında alqısatqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahələri ayrılmışdır: xx.xx.2005-ci il tarixli, 033 №-li qərarı ilə 1250 kv metr (sonradan - mübahisəli sahə);xx.xx.2005-ci il tarixli, 041 №-li qərarı ilə 1220 kv metr. Hər iki torpaq sahəsinin İddiaçı məxsus olması, Bilgəh Bələdiyyəsinin ərazisində yerləşməsi və hal-hazırda hüquqi qüvvədə olması barədə Bilgəh Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktublar verilmişdir. Hər iki torpaq sahəsində eyni layihəli evlər inşa edilmişdir. Həmin evlər dövlət qeydiyyatına alınmamışdır, faktiki olaraq qanunsuz tikililərdir. Hər iki torpaq sahəsinə və üzərlərində yerləşən əmlaka dair iddiaçı tərəfindən xx.xx.2005 – xx.xx.2021-ci illər üzrə bələdiyyəyə torpaq və əmlak vergisi ödənilmiş və həmin tarixə qədər heç bir borcu qalmamışdır (Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 348 və 349 №-li arayışlar). Mübahisəli ev 1250 kv metr torpaq sahəsində inşa edilmiş evdir. İddiaçının mövqeyinə görə hər iki evi o, inşa etdirmiş, cavabdehlərin mövqeyinə görə həmin evi onlar inşa etdirmişdilər. Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 030 №-li qərarı ilə mübahisəli 1250 kv metr torpaq sahəsi Kəlpəli Əliyevə ayrılmışdır. İddiaçı həmin qərarın etibarsızlığı barədə Bilgəh Bələdiyyəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırda qanuni qüvvəsini almış xx.xx.2021ci il tarixli qərarı ilə Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 030 №-li qərarı etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin adıçəkilən qərarından məhkəmə aşağıdakıları müəyyən etmişdir. İddia ərizəsinə əsasən iddaçıya mübahisəli sahə ayrıldıqdan sonra Kəlpəli Əliyev adlı şəxs Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 030 №-li qərarını iddaçıya təqdim edərək həmin sahənin ona məxsus olduğunu bildirmiş, mübahisənin daha da uzanmaması üçün iddiaçı torpağın dəyərini Kəlpəli Əliyevə ödəyərək onun adından həmin torpaq sahəsilə ilə 15 saylı notariat kontorunda bütün səlahiyyətlərin ötürülməsi barədə etibarnamə almışdır (xx.xx.2011-ci il tarixli). Lakin iddiaçıya bu günə qədər istifadəsində olan torpaq sahəsinə dair belə bir qərarın hansı əsaslarla qəbul edilməsi səbəbləri aydın deyil. Bakı İnzibati Məhkəməsi adıçəkilən qərarla müəyyən etmişdir ki, Kəlpəli Əliyevə ayrılmış torpaq sahəsi iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsi ilə eynilik təşkil edir. Eyni zamanda həmin qərardan Kəlpəli Əliyevin öldüyü görünür. Hazırda iddiaçı mübahisəli sahə və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını istəyir. Məhkəmə iddianın əsaslı olduğu qənaətinə gələrək göstərib ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq etmişdir. Belə ki, evin yerləşdiyi torpaq sahəsini iddiaçı ödəniş edərək əldə etmişdir, həmin torpaq sahəsinin vergi ödəyicisidir. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsinə hüququnun olmadığı müəyyən etmişdir. Belə ki, Kəlpəli Əliyev tərəfindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 verilmiş etibarnamə məhkəməyə göstərilsə də təqdim edilməmişdir. Bundan başqa, həmin etibarnamənin artıq hüquqi qüvvəsi yoxdur, belə ki, Kəlpəli Əliyev ölmüş və onun adına verilmiş qərar etibarsız hesab edilmişdir. Sübut olunmuşdur ki, Kəlpəli Əliyevə 2007-ci il tarixdə ayrılmış torpaq sahəsi ondan iki il əvvəl iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynilik təşkil edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh tərəfə öz müdafiəsini təşkil etmək üçün vaxt və imkan verməmiş, digər məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar olaraq cavabdeh tərəfin iş üzrə icraatı dayandırmaq barədə vəsatətini təmin etmədən, tələm-tələsik qətnamə çıxarmış, cavabdeh tərəfin prosessual hüquqlarına kobud surətdə müdaxilə etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, qətnamənin məzmunundan da göründüyü kimi, məhkəmə iclasında iştirak edərkən, cavabdehlərin vəkili və nümayəndəsi olaraq məhkəməyə iddia tələbini təkzib edən bir sıra dəlillər təqdim edərək həmin sənədlərin bəzilərinin surətini məhkəməyə təqdim etmiş, bəzilərini isə, elektron kabinetə yerləşdirəcəyini bildirmişdir. Məhkəmə iclasının audio-video yazısına baxılarsa aşkar olar ki, məhkəmə iclasında bildirmişdir ki, iddiaçı iddia ərizəsində guya 2017-ci ildə Kanadaya köçdükləri üçün evlərini yaşamağa yerləri olmayan cavabdehlərə müvəqqəti vermələrinə dair gətirdikləri təkzib edən mötəbər sübutları, iddiaçının 15 fevral 2013-cü ildə X2 adından çıxış edərək Cavabdeh2 həmin torpaq sahəsinə dair xx.xx.2061-ci ilədək müddətə baş etibarnamə verməsini təsdiq edən etibarnaməni, bunun əvəzində həmin vaxtlrada AAF park yaşayış kompleksində yüksək vəzifədə işləyən Cavabdeh1 iddiaçıya 2 otaqlı mənzil verməsi barədə müqavilənin surətini, cavabdehlərin həmin vaxtlarda heç bir yaşayış sahəsinin olmaması barədə iddiaçının dəlilini təkzib edən onların bir neçə evlərinin olmasını təsdiq edən sənəd. və s. Lakin məhkəmə bütün bunları bilə-bilə onlara guya yol göstərərək, Bakı İnzibati Məhkəməsinin qərarından 3-cü şəxs qismində şikayət verməl olduğunu diqqətinə çatdırmış, o, da həmin məhkəmə iclasında qarşı tərəfin təqdim etdiyi qərarın rekvizitlərini götürərək, məhkəmədən iclası təxirə salmağı, Bakı İnzibati Məhkəməsinin qərarından şikayət verəcəyini bildirmişdir. Həqiqətən də Bakı İnzibati Məhkəməsi müraciət olunaraq qərarın surəti rəsmi qaydada istənilib və şikayət verilib. Eyni zamanda bir dəfə məhkəməyə iclası təxirə salmaqla bağlı ikinci dəfə isə Bakı İnzibati Məhkəməsinin qərarından şikayət verilməsi əsası ilə, iş üzrə icraatı dayandırmaqla bağlı vəsatət verilsə də, hakim tələm-tələsik yekun qərar qəbul edib, yəni qətnamə çıxarıbdır. Halbuki, yuxarıda sadalanan hallar hakimə bəlli idi . Hakim, həmin halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərərindən müəyyən edilmiş hallar sübuta yetirilmir. Belə ki, iş materiallarında mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinə dair Bakı İnzibati Məhkəməsinin qərarı olsa da, bu qərar həmin torpaq sahəsi üzərindəki tikilinin kim tərəfindən, nə vaxt tikilməsinə dair heç bir sübut əhəmiyyəti kəsb etmir. İş materiallarında həmin tikiliyə dair heç bir sübut yoxdur. Ümumiyyətlə belə bir tikilinin mövcud olub-olmaması iş materialları ilə sübuta yetirilmir. Əslində məhkəmənin müəyyən etdiyi kimi, tərəflər həqiqətən ailəvi yaxın dostluq münsibətində olublar və bir müddət hər iki ailə Kanadada yaşayıb. İddiaçı Kəlpəlidən satın aldığı torpağı yaxın dostları olan cavabdehlərlə ailəvi bağ qonşusu olsunlar deyə, AAAF Park yaşayış kompleksində mənzillə dəyişibdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun deyildir. Belə ki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında yaxın ailəvi dostluq münasibəti olmuş, onlar birlikdə bağ qonşusu olmaq üçün həmin torpaq sahəsini öz aralarındakı razılaşmaya əsasən evlə dəyişmişlər. Cavabdehlər həmin torpaqda ayrıca ev tikmişlər. Hazırda həmin ərazidə iki qonşu bağ və iki ev var, onlardan biri iddiaçı tərəfə digəri isə, cavabdeh tərəfə məxsusdur. Evlər və torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlərə məxsus mənzilin bütün kommunal xidmətləri cavabdehlərin öz adınadır. Əvvəllər yaxın dostluq münasibətində olan hər iki ailənin hazırda münasibətləri kəskin pisləşmiş, belə demək mümkündürsə, düşmənçilik həddinə çatmışdır. Məhz bundan sonra iddiaçı tərəf cavabdeh tərəfin evin əlindən almaq üçün əvvəlcə inzibati qaydada iddia qaldıraraq artıq vəfat etmiş şəxsin adına verilmiş bələdiyyə qərarını ləğv elətdirmiş, daha sonra hazırki iddianı qaldırmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Maddə 365.1.7. Etibarnaməni vermiş şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

18.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:

Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

27. Belə ki, apellyasiya baxışı zamanı hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 18-ci dalanda (ünvan şərtidir) yerləşən mübahisə predmeti olan 1250 kv.m torpaq sahəsinin mülkiyyət növü, yəni dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olması və hansı şəxsin yaxud qurumun sahibliyində yaxud istifadəsində olduğu, kateqoriyası və təyinatı və digər məsələlər barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsdən və 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınması qərara alınmışdır.

28. Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-507/2023 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1227.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində 3(üç) mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsinə və tikitilərə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarma əsasən faktiki olaraq göstərilən (1227,0 kv.m) sahənin bir hissəsi (yarısı) Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsinin qonşuluğunda yerləşən sahələr Bilgəh bağ massivi sənədləri əsasında qeydiyyatdan keçmişdir (bağ sahələri kimi). Bundan əlavə sahənin Bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Göstərilən sahə "Yaşayış məntəqələri torpaqları" kateqoriyasına aiddir.

29. Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 2202 20311199 saylı, xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, vahid elektron kadastr bazasına əsasən sözügedən torpaq sahəsi keçmiş Maştağa Tərəvəzçilik- Südçülük sovxozunun ərazisi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmaqla yaşayış məntəqələri torpaqları kateqoriyalıdır.

30. Bundan əlavə, apellyasiya baxışı zamanı iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə həmçinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə verilmiş sorğuya cavab olaraq həmin Mərkəzin 20 iyul 2022-ci il tarixli məktubunda İddiaçı və X3 1250 kv. m torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 33 nömrəli və xx.xx.2007-ci il tarixli 30 nömrəli qərarlar X5 aşkar edilmədiyi göstərilmişdir. Eyni zamanda Dövlət Arxivinin Bakı Filialının 27 iyul 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda Bilgəh Bələdiyyəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı fililalına təhvil verilmədiyi göstərilmişdir. Bilgəh Bələdiyyəsinin 26 oktyabr 2022-ci il tarixli 67 nömrəli məhkəmə sorğusuna cavab məktubunda isə göstərilib ki, İddiaçı Bilgəh qəsəbəsində yerləşən 1250 kv. m torpaq sahəsinə dair Bələdiyyənin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı və həmin qərar əsasında tərtib edilmiş müvafiq sənədlərə dair məlumat mövcuddur. Lakin həmin torpaq sahəsinin X3 ayrılmasına dair məlumat bələdiyyədə mövcud deyil. Həmçinin, X3 Bilgəh Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair hər hansı bir məlumat aşkar edilməmişdir. Bildirilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair qərarlar Bələdiyyədə kollegial qaydada qəbul edilir, o cümlədən də İddiaçı torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə uyğun formada qərar qəbul edilmişdir. Eyni zamanda, torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmasına dair məlumatlar arxivdə saxlanılmır.

31. Göstərilənlərdən əlavə, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2391/2022 nömrəli Qərardadı ilə ərizəçi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2391/2022 nömrəli Qərardadından görünür ki, Cavabdeh2 məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək, üçüncü şəxs qismində icraata cəlb edilməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə (vəsatət) rədd edilmişdir. Qərardaddan narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh2 3-cü şəxs qismində icraata cəlb edilməsi, çıxarılmış məhkəmə qərarının ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ərizəçinin maraqlarına toxunur. Belə ki, İddiaçı xx.xx.2013-cü il tarixdə mübahisəli bağ sahəsini müvafiq Baş Etibarnamə tərtib edilməklə ərizəçi G.Mustfayevaya vermiş, əvəzində G.Mustfayevanın əri – Cavabdeh1 xx.xx.2013- cü il tarixli müqavilə ilə Xırdalan şəhərində yerləşən AAAF X6 2 otaqlı mənzili İddiaçı adına keçirmişdir. G.Mustfayeva və əri əldə etdikləri bağ sahəsində özləri üçün ev tikdirmişlər. Onların bağ evi İddiaçı bağ evi ilə qonşuluqdadır. İddiaçı bağ evi Bilgə Bələdiyyəsinin 33 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsində yerləşir. Sonradan iki qonşu ailə arasında münasibətlər pozulmuşdur. Bu səbəbdən İddiaçı Sabunçu rayon məhkəməsində G.Mustfayevaya və onun əri – Cavabdeh1 qarşı, fərdi yaşayış evindən onların çıxarılması haqqında iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, güya, mübahisəli evi özü tikdirmiş, cavabdehlərin yaşamağa evi olmadığından onlara həmin evdə müvəqqəti sığınacaq vermişdir. Həmçinin qeyd olunmalıdır ki, Bilgə Bələdiyyəsinin 33 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi ilə həmin Bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə K.Əliyevə ayrılmış torpaq sahəsi ayrıayrı torpaq sahələridir, onlar üst-üstə düşmür. Göründüyü kimi etibarnamə əmlaka mülkiyyət və ya digər əmlak hüququnun yaranması əsası qismində çıxış etməyən məqsədi təmsilçiliklə bağlı olan birtərəfli əqddir. 15 fevral 2013-cü il tarixli etibarnamədən də müəyyən edilir ki, iddiaçı birinci etibarnamə əsasında ərizəçiyə aşağıdakıları etibar etmişdir: torpaq sahəsini idarə etməni; tikinti işlərini aparmanı və özəlləşdirməni; torpaq sahəsinə dair sərəncam verməni və qeyd olunanlarla əlaqədar olaraq ərizə verməni və digər hərəkətləri. Buradan bəlli olurki, torpaq sahəsi, dolayısı ilə də orada tikilən əmlakla bağlı hüquqlar ərizəçiyə məxsus olmamış, həmin hüquqlar etibarsız hesab edilən sərəncam qüvvədə olarkən K.Əliyevə məxsus olmuşdur ki, həmin sərəncam əsasında K.Əliyev özünə məxsus olan hüquqları icrası çərçivəsində iddiaçıya etibarnamə vermiş, iddiaçı isə müvafiq hərəkətlərin edilməsi ilə əlaqədar ərizəçiyə etibarnamə vermişdir. Qeyd olunanlar onu təsdiq edir ki, torpaq sahəsi və onun üzərində inşa edilmiş bağ evinə dair əmlakla bağlı heç bir hüquq ərizəçiyə məxsus olmamış, ərizəçiyə başqa şəxsin adından əmlakla bağlı işlərin görülməsi tapşırılmış, müəyyən işlərin görülməsinə səlahiyyət verən hüquq isə etibarnamənin qüvvəsini itirdiyindən ərizə verilən vaxt ümumiyyətlə mövcud da olmamışdır. Beləliklə, ərizəçinin torpaq sahəsi və onun üzərində inşa edilmiş bağ evi ilə bağlı nə mülkiyyət hüququ, nə də digər əmlak xarakterli hər hansı hüququ mövcud olmadığından onun qorunmasından, onun pozulmasının təminatından söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə də müəyyən edilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ərizəçinin isə həmin əmlaka heç bir hüququ mövcud deyil. Ərizəçinin bağ evində faktiki yaşaması və faktiki yaşayışa dair hər hansı hüququn olmasına münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə Kollegiyası vurğulayır ki, ərizəçinin bağ evində faktiki yaşaması mübahisə doğurmur. Lakin, faktiki yaşama nə qədər ki, ərizəçi tərəfindən faktiki yaşamaya təminat verəcək hüquqmüəyyənedici sənəd təqdim edilmir, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməyə əsas qismində çıxış edə bilməz. Bağ evinin inşa edildiyi torpaq sahəsinə dair verilmiş etibarnamənin hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməsinə dair də məhkəmə kollegiyası yuxarıda qeyd olunan mövqeyin davamı kimi də qeyd edir ki, ərizəçinin hüquqmüəyyənedici sənəd təqdim edilmədən bağ evində faktiki yaşaması da sərəncamın mübahisələndirilməsi ilə bağlı iş üzrə icraata cəlb edilməsinə əsas yaradan hal hesab edilmir. Belə ki, ərizəçinin faktiki bağ evində yaşaması hüquqmüəyyənedici sənədlə, dolayısı ilə qanunla təminatlandırılmadığından onun qanunla qorunan maraqlarına sərəncamın xələl gətirildiyi nəticəsinə gəlinməsi üçün yetərli hesab edilə bilməz, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, həmin şəxs nəinki zəruri cəlb etmə, hətta adi cəlb etmə qaydasında da məhkəmə icraatının iştirakçısı qismində işə cəlb edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir.

32. Göründüyü kimi, qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8703/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2391/2022 nömrəli qərardadı ilə mübahisəli torpaq sahəsinin İddiaçı qanuni əsaslarla məxsus olması öz təsdiqini tapdığından apellyasiya şikayəti əsaslı hesab edilə və təmin oluna bilməz. Çünki, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2391/2022 nömrəli qərardadı ilə Cavabdeh2 mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş bağ evi ilə bağlı nə mülkiyyət hüququ, nədə əmlak xarakterli hər hansı hüququ mövcud olmadığı müəyyən edilmişdir. Buna görə də, həmin məhkəmə aktları ilə müəyyən edilən hallar hazırki iş üzrə də nəzərə alınmalıdır. Əks halda bir-birini təkzib edən məhkəmə aktları ortaya çıxa bilər ki, bu da yolverilməzdir. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir.

33. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir.

34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, hazırki iş üzrə cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

35. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin birgə verdiyi apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-961/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-961/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar