Məhkəmə qərarları › İş №2(103)-2582/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2582/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2582/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Ağaqulu oğlunun və X3 iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(011)-7801/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Ağaqulu oğlu və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12000 manat əsas borcun, həmin pulun alındığı 2002-ci ilin may ayından hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25.09.2021-ci il tarixədək olan 19 il 4 ay müddətində illik 5 faiz olmaqla 11640 manat faiz borcunun (12000 Azn/100%=120 x 5%=600 Azn, 600 Azn x 19 il 4 ay = 11640 Azn) və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 23670 pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iş üzrə cavabdehlər Cavabdeh1 Ağaqulu oğlu və X5 2002-ci ildə iddiaçının etibarından sui-istifadə edərək ona məxsus və ümumi dəyəri 12000 manat olan müxtəlif məişət əşyalarını (mebel və qab-qacaq dəsti, xalçalar, yataq dəsti və sair) sataraq pulunu 1 ay müddətinə qaytarmaq adı ilə götürmüşdür. Belə ki, iddiaçı X5 və onun ailə üzvlərini, həmçinin anası Tünzaləni 1994-cü ildən tanımışdır. İddiaçı 1995-ci ildən fərdi ticarətlə məşğul olmağa başlamışdır. İddiaçı İran İslam Respublikasına gedərək ev əşyaları alıb Azərbaycana gətirmək və onları satmaqla məşğul olmuşdur. İddiaçının bu fəaliyyətindən xəbərdar olan Sevinc Teymurova və onun əri Cavabdeh1 yaşadığı ünvan 1 ünvanına gələrək malların satılmasında iddiaçıya kömək edə biləcəklərini bildiriblər. Beləliklə, 2002-ci ilin may ayında cavabdehlər Cavabdeh1 Ağaqulu oğlu və X5 iddiaçıya məxsus olan və ümumi dəyəri 12000 manat təşkil edən müxtəlif məişət əşyalarını evindən götürərək özləri ilə gətirdikləri yük avtomobilinə yığaraq aparmışdırlar. Bundan 1 aydan artıq keçdikdən sonra iddiaçı cavabdehlər Cavabdeh1 Ağaqulu oğlu və X2 heç bir xəbər olmadığından onları axtarmağa başlamışdır. Çətinliklə olsa da, onların hər hansı biri ilə görüşə bildikdə onlar müxtəlif bəhanələr gətirərək malların pulunu qaytaracaqlarını bildirirmişlər. Lakin, cavabdehlərin vəd etdikləri vaxt bitsə də, onlar pulu qaytarmaqdan imtina edirdilər. Belə olan halda iddiaçıCavabdeh1 Ağaqulu oğlunun işlədiyi Xüsusi Dövlət Mühafizə Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsinin araşdırılması ilə bağlı olaraq iddiaçı Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən qəbul edilmişdir. Xidmət rəhbərliyi Cavabdeh1 pulların qaytarılmasını tapşırmışdır. Lakin, Cavabdeh1 tapşırığı icra etmədiyindən, yəni pulları qaytarmadığından xitmət rəhbərliyi tərəfindən işdən azad edilmişdir. 2003-cü ilin aprel ayında iddiaçı televizorda Sevinc Teymurovanın dələduzluq cinayətinə görə həbs edilməsi xəbərini eşitmişdir. Bununla əlaqədar olaraq iddiaçı Sevincin anası Tünzalənin yaşadığı evə gedərək bu barədə məlumat almışdır. Tünzalə bildirmişdir ki, həqiqətən Sevinc dələduzluq cinayəti ilə bağlı həbs edilib. Tünzalə iddiaçıdan xahiş etmişdir ki, Sevinc Teymurova barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsin, belə ki, Sevinc həbsdən azad edildikdən sonra malların pulunu qaytaracaqdır. İddiaçı Tünzalə ilə olan münasibətlərinə görə onun xahişini nəzərə alaraq Sevinc barəsində şikayət etməmişdir. 2011-ci ildə Sevinc Teymurova həbsdən azad edilmişdir. İddiaçı Sevinclə anası Tünzalənin evində görüşmüşdür və Sevinc iddiaçıya bildirmişdir ki, cəzadan şərti olaraq azad edilib və şəxsiyyət vəsiqəsi özündə olmadığı üçün bankdan kredit götürüb iddiaçının pulunu qaytara bilmir. Odur ki, Sevinc xahiş etmişdir ki, ona 1 il möhlət verilsin. İddiaçı Sevincə inanaraq ona möhlət vermişdir. Lakin Sevinc hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçının pulunu qaytarmaqdan imtina etmişdir. Belə olan halda iddiaçı 2013-cü ilin iyul ayının 29da Cavabdeh1 və Sevinc Teymurovanın barələrində şikayət ərizələri ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İddiaçının şikayət ərizəsi üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin təhqiqatçısı Müqəddəs Rəsulzadə tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15.08.2013-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçının şikayət ərizəsi üzrə göstərilən qərar Bakı şəhəri Xətai rayon Prokurorunun 14.06.2014-cü il tarixli qərarı ilə ləğv edilərək, iş yenidən araşdırılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Təkrar araşdırma zamanı Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Eldəniz Həsənov tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13.07.2014-cü il tarixli qərar qəbul edilmişdir. Şikayət ərizəsi üzrə göstərilən qərar Bakı şəhəri Xətai rayon Prokurorunun 19.07.2014-cü il tarixli qərarı ilə ləğv edilərək, iş yenidən araşdırılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Təkrar araşdırma zamanı Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Eldəniz Həsənov tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29.08.2014-cü il tarixli qərar qəbul edilib. Şikayət ərizəsi üzrə göstərilən qərar Bakı şəhəri Xətai rayon Prokurorunun 15.09.2014-cü il tarixli qərarı ilə ləğv edilərək, toplanmış material X3 barəsində Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* saylı cinayət işinin istintaqının aparılması nəzərə alınaraq həmin idarəyə göndərilmişdir. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq Şöbəsinin müstəntiqi X9 tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət təqbinin başlanmasının rədd edilməsi haqqında” 24.06.2016-cı il tarixli qərarının 6-cı bəndinə əsasən İddiaçı göstərmiş olduğu xüsusat üzrə şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, eyni zamanda tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğundan həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alnıb. Aşağıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 Ağaqulu oğlu və X2 12000 manat əsas borcun, həmin pulun alındığı 2002-ci ilin may ayından hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25.09.2021-ci il tarixədək olan 19 il 4 ay müddətində illik 5 faiz olmaqla 11640 manat faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 23670 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(011)-7801/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 2660 (iki min altı yüz altmış) manat məbləğində borc və 2571,33 (iki min beş yüz yetmiş bir manat otuz üç qəpik) manat məbləğində illik 5 faiz olmaqla hesablanmış faiz borcunun cavabdeh X2 alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə cavabdehlər tərəfindən ayrı-ayrılıqda 1000 və 2000 ABŞ dolları olmaqla cəmi 3000 ABŞ dolları pul qaytarmaları nəticəsinə gəlib. Məhkəmə bu nəticəyə gələrkən maddi sübuta istinad etməyib. Cavabdehlərin ona cəmi 3000 ABŞ doları qaytarmalarına dair iş materiallarında maddi sübut mövcud deyil. Bu halda məhkəmə cavabdehlərin ona göstərilən məbləğdə pul qaytarmaları nəticəsinə gələ bilməzdi. Bundan başqa, məhkəmə ondan yalnız cavabdeh X3 əşya-əmlak alması nəticəsinə gəlmiş, digər Cavabdeh1 Ağaqulu oğlunun isə ona borcunun olmamasını qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, qeyd edilən malların verilməsi və satılaraq pulunun qaytarılması barədə cavabdehlər X5 və sonuncunun əri Cavabdeh1 Ağaqulu oğlu ilə birgə razılığa gəlmişdir. Hətta mallar onun evindən aparılarkən Cavabdeh1 Ağaqulu oğlu da, orada iştirak etmiş və malların daşınmasına köməklik göstərmişdir. Bundan başqa, onun şikayət ərizəsi üzrə Cavabdeh1 Ağaqulu oğlunun işlədiyi Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyi araşdırma aparmış və həmin araşdırma zamanı Cavabdeh1 Ağaqulu oğlu verdiyi izhatında təqsirini etiraf etmiş, bu səbəbdən də, işdən azad edilmişdir. Göründüyü kimi, məhkəmənin Cavabdeh1 Ağaqulu oğlunun ondan əşya-əmlak almaması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə tam, obyektiv və hərtərəfli araşdırma aparmaq məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinə sorğu ilə müraciət edib araşdırma materiallarını almalı olsa da, bunun etməmişdir. Göründüyü kimi, məhkəmə işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, sübutlara düzgün qiymət vermədən, həmçinin iddiaçının əldə etməkdə çətinlik çəkdiyi əlavə sübutları təmin etmədən cavabdehlər X5 və Cavabdeh1 Ağaqulu oğlunun ondan 12000 manat deyil, cəmi 5000 manat dəyərində əşya əmlak almaları, həmin məbləğdən cəmi 3000 ABŞ doları qaytarmaları, həmçinin Cavabdeh1 Ağaqulu oğlunun malların alınması prosesində iştirak etməməsi barədə səhv nəticəyə gələrək iddia tələblərimi qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi, izahatında bildirdi ki, cavabdeh Sevinc tərəfindən ona 1000 ABŞ dolları və 2000 ABŞ dolları olmaqla, cəmi 3000 ABŞ dolları məbləğində pul qaytarılıb. Bu işdə Sevincin keçmiş həyat yoldaşı Elçin də məsuliyyət daşımalıdır. Elçinin bu işdə təqsirli olması ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidmətindən verilmiş hər hansı sübutu mövcud deyildir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, o, 2002-ci ilin may ayında iddiaçıdan 5000 manat dəyərində əmlaklar götürmüş, iddiaçının tapşırığı ilə həmin malları satıb, 1 ay müddətinə pulunu ödəməyinə söz vermişdir. Bu işə onun keçmiş həyat yoldaşı Elçinin heç bir aidiyyəti olmamışdır. İddiaçıya 1000 ABŞ dolları və 2000 ABŞ dolları, cəmi 3000 ABŞ dolları məbləğində pul qaytarılmışdır. Pulun qalanını imkanı olmadığı üçün qaytara bilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Ağaqulu oğlu apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, o, heç bir vaxt İddiaçı mallar götürməmişdir. İddiaçı onun barəsində dedikləri tam yalındır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı iddianın tam olaraq təmin edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi hüquqi dəyərləndirmə həyata keçirərkən, iddia tələbinin qanuni əsası kimi borc münasibətlərinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə hüquqi dəyərləndirmə olaraq maddi hüquq norması kimi borc münasibətlərinə istinad etməklə, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya tərəflərin izahatınları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının hazırki tələbi cavabdehlərə satmaq üçün verdiyi əşyaların dəyəri olan 12000 manatın və 19 il 4 ay müddətində illik 5 faiz olmaqla 11640 manat faiz borcunun cavabdehlərdən onun xeyrinə tutulması ilə bağlıdır. Cavabdeh X5 2002-ci ilin may ayında iddiaçıdan 5000 manat dəyərində əmlaklar götürməsini, iddiaçının tapşırığı ilə həmin malları satıb, 1 ay müddətinə pulunu ödəməyinə söz verməsini, iddiaçıya 1000 ABŞ dolları və 2000 ABŞ dolları, cəmi 3000 ABŞ dolları məbləğində pul qaytarmasını, Pulun qalanını imkanı olmadığı üçün qaytara bilmədiyini, keçmiş həyat yoldaşı Elçinin bu işə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Cavabdeh1 Ağaqulu oğlu iddiaçıdan heç bir mal götürmədiyini qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 24.06.2016-cı il tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Sevinc Teymurova ifadəsində göstərmişdir ki, İddiaçı satıb sonradan pulunu ödəmək şərtilə 5000 manat dəyərində mebel dəsti, qab-qacaq dəsti, xalçalar və digər əşyalar götürmüş, sonradan həmin pulu müqabilində 1000 ABŞ dolları, daha sonradan isə 2000 ABŞ dolları ödəmişdir. İddiaçı isə ifadəsində danışığının Sevinc Teymurova ilə olduğunu, 12000 manat dəyərində malları Sevinc Teymurova və Cavabdeh1 apardığını, mallara görə Sevinc tərəfindən 1000 ABŞ dolları və 2000 ABŞ dolları ödənildiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh Sevinc Teymurova arasında 2002-ci ilin may ayında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, X7 Kərimovadan 5000 manat dəyərində malları götürərək, bir ay müddətində sataraq, pulunu verəcəyini bildirmişdir. Həmin malların pulundan 1000 ABŞ dolları və 2000 ABŞ dolları olmaqla, cəmi 3000 ABŞ dolları ödənilsə də, pulun qalan məbləği qaytarılmamışdır. İddiaçı apellyasiya şikayətində ona 3000 ABŞ dolları qaytarılmadığını qeyd etsə də, məhkəmə iclasında 3000 ABŞ dollarının ona ödənildiyini bildirmişdir. Bu hal Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 24.06.2016-cı il tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarda da öz əksini tapmışdır. İddiaçı Cavabdeh1 da həmin malların götürülməsində cavabdeh olmasını qeyd etsə də, bununla bağlı sübutlar təqdim etməmişdir. Belə ki, iş materiallarından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən X1 ünvanlanmış 16 yanvar 2003-cü il tarixli, 36 saylı məktubundan görünür ki, Cavabdeh1 Ağaqulu oğlunun keçmiş həyat yoldaşı Sevinc Teymurova barəsində aidiyyatı üzrə müvafiq orqanlara müraciət etməsi məqsədə uyğun hesab edilmişdir. Göründüyü kimi, Cavabdeh1la bağlı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən hər hansı araşdırma halının olması müəyyən olunmadığından, apellyatorun Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətindən materialların tələb edilməsi ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Digər tərəfdən iddiaçı 12000 manat məbləğində malları verdiyini bildirsə də, bununla bağlı sübutlar təqdim etməmiş, cavabdeh Sevinc Teymurova isə 5000 manat məbləğində malları götürdüyünü bildirmişdi. Kollegiya qeyd edir ki, iddiaçı tələb etdiyi 12000 manatlıq malları cavabdehə verməsini sübut etməli olduğu halda, bunu sübut edə bilməmiş, yalnız cavabdeh Sevinc Teymurova öz etirazında 5000 manat dəyərində malları iddiaçıdan götürdüyünü etiraf etmişdir. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi cavabdehlərdən 12000 manat məbləğində pulun tutulması hissəsində qismən təmin edilməli, cavabdeh Sevinc Teymurovadan İddiaçı xeyrinə 2660 manat (5000- 3000 ABŞ dolları x 0,78) məbləğində pul tutulmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, cavabdeh Sevinc Teymurova tərəfindən 2660 manat məbləğində pulun ödənilməsi 19 il 4 ay müddətinə gecikdirilmişdir. Kollegiya iddia tələbinin cavabdehlərdən 19 il 4 ay üçün 5%-lə 11640 manatın tuutulması hissəsində iddianı qismən əsaslı hesab edərək, cavabdeh Sevinc Teymurovadan iddiaçının xeyrinə 19 il 4 ay üçün 5%-lə 2571,33 manat məbləğində pulun (19 il 4 ay= 6960 gün; 2660 manat x 5% : 360 gün x 6960 gün=2571,33 manat) tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan 6,6 manatı cavabdeh Sevinc Teymurovadan İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(011)- 7801/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 2660 (iki min altı yüz altmış) manat məbləğində pul və 2571,33 (iki min beş yüz yetmiş bir manat otuz üç qəpik) manat məbləğində illik 5 faiz, 6,6 (altı manat altmış qəpik) manat dövlət rüsumu, cəmi 5237,93 (beş min iki yüz otuz yeddi manat doxsan üç qəpik) manat X2 alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar