Məhkəmə qərarları › İş №2(103)-2582/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2582/2023

31.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2582/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X12 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndələri X6 və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair, həmçinin iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair birlişdirilmiş mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ASC-nin X21 xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 1514 №-li əmək müqaviləsinə əsasən cavabdeh ASC-də İnsan Resursları Departamentinin X9 mütəxəssisi vəzifəsinə işə götürülmüş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İlkin olaraq bankda İnsan Resursları Departamentinin X9 mütəxəssisi vəzifəsində əmək fəaliyyətinə başlasa da 2021-ci ilin noyabr ayında həmin şöbənin rəhbəri vəzifəsinə keçirilmişdir. Cavabdeh ASCnin X21 xx.xx.2022-cı il tarixli, 141/22- İA/İR №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə isə göstərilmişdir ki, bankda 2021-ci ilin sentyabr-dekabr aylarında baş tutmuş “RM məktəbi" layihəsi çərçivəsində qaliblərin müəyyən edilməsi üçün keçirilmiş imtahanda qalib olmuş şəxslərə təqdim edilməsi məqsədilə aşağıdakı hədiyyələr alınmış və alınmış hədiyyələr təyinatı üzrə təqdim olunması üçun guya onun sərəncamına verilmişdir. Həmin əşyalar - iPad Pro 12,9 (5th Gen). 512 GB, Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) - 2 ədəd, MacBook pro 16 with X28 Core i9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0) - 2 ədəd, iPhone 13 Pro 512 GB, Blue (MLVH3) - 3 ədəd, Headsets APPLE AirPods (3rd generation), (MME73) - 2 ədəd, X26 7GPS, 45 mm, Midnight Aluminium, X23, (MKN53) - 2 ədəd. “RM məktəbi” layihəsi üzrə qalib olmuş iştirakçılara faktiki olaraq verilmiş hədiyyələr isə aşağıdakılar olmuşdur: iPad Pro 12,9 (5th Gen), 512 GB. Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) -1 ədəd, MacBook pro 16 with X28 Core i9 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0)-1 ədəd, iPhone 13 Pro, 512 GB, Blue (MLVH3)-1 ədəd, Headsets APPLE AirPods (3 nd generation), (MME73) -1 ədəd, X26 7GPS 45 mm, Midnight Aluminium, X23, (MKN53) - 1 ədəd. Keçirilmiş audit zamanı müəyyən edilmişdir ki, onun sərəncamında (cavabdehliyində) qalmış avadanlıqlar bunlar olmuşdur: iPad Pro 12,9 (5th Gen) 512 GB, Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) -1 ədəd, MacBook pro 16 with X28 Core i 9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0)-1 ədəd, iPhone 13 Pro, 512 GB, Blue (MLVH3) - 2 ədəd, Headsets APPLE AirPods (3 nd generation), (MME73) -1 ədəd, X26 7GPS, 45 mm, Midnight Aluminium, X23, (MKN53) - 1 ədəd. Əmrdə qeyd edilmişdir ki, X4 məlum olmuşdur ki, qalıq avadanlıqların hər hansı formada hədiyyə və ya şəxsi məqsədlər üçün istifadəsi nəzərdə tutulmamışdır. X7 mövcud vəziyyətdən istifadə edərək vəzifə səlahiyyətlərini aşmış və qeyd edilən avadanlıqlar barədə bilavasitə rəhbərinə məlumat vermədən sərəncam vermiş və bir ədəd "MacBook pro" avadanlığını rəhbərlik etdiyi şöbənin işçisi X1 vermiş, o isə öz növbəsində bu avadanlığı sonradan sataraq gəlir əldə etmiş və həmin vəsaiti mənimsəməklə kredit borclarının azaldılması üçün istifadə etmişdir. Eyni zamanda “İphone Pro13” markalı mobil telefonunu da əsassız olaraq S.Rzaquliyevanın istifadəsinə vermişdir. Sərəncamında qalmış digər avadanlıqlar isə oz mülahizəsinə əsasən əsassız olaraq mənimsəmiş və şəxsi məqsədlər üçün istifadə etməklə aşındırmışdır. Göstərilənlərlə bağlı qeyd edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X21 xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR №-lı əmri qanunsuz və əsassızdır. 2021-ci ilin sentyabr-dekabr aylarında təşkil olunmuş “RM məktəbi” layihəsi təşkil edilərkən yuxarıda qeyd olunan əşyaların planlaşdırılması, alınması və digər təşkilati məsələlər İnsan Resursları Departamentinin X9 mütəxəssisi Simuzər Rzaquliyeva tərəfindən həyata keçirilmişdir. Beləliklə də o, həmin vaxtlarda İnsan Resursları Departamentinin X11 baş mütəxəssis vəzifəsində çalışdığından həmin proseslərdə iştirakı nəzərdə tutulmamış və həmin layihə ilə əlaqəsi olmamışdır. 2021-ci il noyabr ayında isə İnsan Resursları Departamentinin X9 rəhbəri vəzifəsinə təyin edilmişdir. Şöbəyə rəhbər təyin edilərkən onunla rəhbərlik edəcəyi şöbəyə məxsus inventarın təhvil-təslimi aparılmayıb, yeni vəzifəsi ilə bağlı vəzifə təlimatı öhdəlikləri rəsmi qaydada ona təqdim edilməyib, onlarla tanış edilməmişdir. Həmin vəzifəyə təyin edilməyinə baxmayaraq yenə də “RM məktəbi" layihəsi ilə bağlı bütün işlər S.Rzaquliyevanın icraatında olmuşdur. Təşkil olunmuş tədbirdən sonra qalan 6 ədəd avadanlıq onun və digər 4 nəfər iş yoldaşının istifadə etdiyi ümumi iş otağına qoyulmuşdur və bu zaman o nə həmin otaqda olmamış, nə də həmin əşyaları kimdənsə təhvil almamışdır. Bu barədə tərəfindən həmin vaxt İnsan Resursları Departamentinə müvəqqəti rəhbərliyi həyata keçirən Cavid Quliyevə məlumat verilmişdir. Cavid Quliyev bildirmişdir ki, “hədiyyələr hələlik sizin otaqda qalsın, sonra baxarıq". Əlavə olaraq bankın İnformasiya Texnologiyaları departamentinın əməkdaşından və anbardar Çingiz Əsgərovdan həmin məhsulları necə edəcəkləri ilə bağlı məlumat istədikdə, hər iki tərəf həmin məhsulların X13 aid olduğunu və onlarla bağlı onların sərəncam verməli olduqlarını ona bildirmişdirlər. Beləcə qeyd olunan avadanlıqlar İnsan Resursları Departamentinə müvəqqəti rəhbərliyi həyata keçirən Cavid Quliyevin göstərişinə əsasən müxtəlif vaxtlarda müxtəlif işçilərin istifadəsinə verilmişdir. Bir ədəd İphone 13 Pro Max modeli isə bankın o vaxtki sədri Taleh Kazımovun məlumatı olmaqla və onun icazəsi ilə Simuzər Rzaquliyevanın istifadəsinə verilmişdir. Xüsusilə qeyd etmək istəyir ki, yuxarıda göstərilən avadanlıqlarla bağlı heç bir təhvil-təslim aktı tərtib edilməmişdir. Həmin avadanlıqların ümumi istifadədə olan iş otağında saxlanması üçün etibarlı saxlanc yeri təmin edilməmişdir. Ümumiyyətlə isə bu tip avadanlıqların gələcəkdə bank tərəfindən hər hansı məqsədlər üçün istifadə edilməsi üçün onların saxlanması onun vəzifə səlahiyyətlərinə aid olmamışdır. Həmin vaxt Cavid Quliyev (hazırda idarə heyətinin sədri və həm də onun işəgötürən qismində çıxış edən) İnsan Resursları Departamentinın rəhbəri vəzifəsi vakant olduğu üçün bankın idarə heyəti üzvü olaraq departamentin fəaliyyətinə nəzarəti həyata keçirirdi və o, tabeçilik üzrə C.Quliyevdən icazə almaqla həmin avadanlıqlardan iş məqsədləri üçün istifadə etmişdir. Halbuki, ASC-nin X17 rəhbəri Orxan Vahabov iddia edir ki, o, həmin avadanlıqların qablaşdırılmasını pozaraq, icazəsiz və pozuntuya yol verməklə götürüb istifadə etmişdir. Hesab edir ki, o, Vahabovun həmin iddiaları tamamilə əsassızdır. Ümumiyyətlə, ASC-də çalışdığı 7 il müddətində istifadəsinə verilmiş heç bir əmlak, həmçinin hazırda sözügedən texniki vasitələr heç bir rəsmiləşdirmə (təhvil-təslim) aparılmadan istifadəsinə verilmişdir. Nümunə üçün 2017-ci ilin sonlarında bank tərəfindən ona şəxsi istifadə üçün təqdim edilmiş iPhone 8+ avadanlığını, daha sonralar təqdim edilmiş Airpods Pro, Samsung mobil telefonu və müxtəlif elektron və digər əşyaları qeyd edə bilər. 2022-ci ilin yanvar ayında iş məqsədləri üçün daimi istifadəsinə verilən Lenovo Thinkpad kompüteri də heç bır təhvil-təslim aktı olmadan ona təqdim edilmişdir. Ümumiyyətlə, bankda işlədiyi müddətdə işçilərə verilən bu tip cihaz və avadanlıqların hər hansı bir formada təhvil-təslim aktı əsasında rəsmiləşdirilməsi aparılmayıb. İş məqsədləri və ya şəxsi istifadə üçün əməkdaşlara təqdim edilən əşyalar bir növ bankda əvvəldən formalaşmış adətlər əsasında qeyri-rəsmi formada təqdim edilmişdir. Əmrdə qeyd edilir ki, S.Rzaquliyevanın "Macbook’ avadanlığını satması və hansısa məqsədlərlə istifadə etməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Bu hal ona yalnız 2022-ci ilin sentyabr ayında aparılan araşdırma zamanı məlum olmuşdur. S.Rzaquliyeva sonradan “Macbook" avadanlığının və istifadəsinə verilən bir ədəd İphone Pro mobil telefonunun dəyərini tam olaraq banka geri ödəmişdir. Digər sözügedən avadanlıqlar isə tərəfindən banka təhvil verilmiş, buna baxmayaraq ondan həmin avadanlıqların yenisinin alınaraq banka verilməsi tələb edilmişdir. Araşdırma zamanı 04 oktyabr 2022-ci il tarixində onu elə həmin gündən etibarən 9 gün müddətinə ödənişli əmək məzuniyyətinə göndərilməyi ilə bağlı bankın rəhbərliyi tərəfindən göstəriş verilmişdir. Ondan məzuniyyət hüququndan istifadə ilə bağlı ərizə alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-cı maddəsinin 2-a bəndinə zidd olaraq məzuniyyətin başlanmasına 5 gün qalmış məzuniyyət əmri verilmədən, həmin maddəyə əsasən onu məzuniyyət əmri ilə tanış etmədən Məcəllənin 140-cı maddəsinin 5-ci bəndinə zidd olaraq 3 gün öncədən məzuniyyət haqqını ona ödəmədən məzuniyyətə göndərilmişdir. 8 gün müddəti tamam olduqdan sonra məzuniyyətin daha 2 gün müddətinə, 14 oktyabr 2022-ci il tarixinədək uzadıldığı ona bildirilmişdir. Bununla da öz qanunsuz əməllərini həyata keçirmək üçün onun Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ “Paşa Bank" ASC tərəfindən pozulmuşdur. Həmçinin, ASC-nin səlahiyyətli şəxsləri Orxan Vahabov və İlham Hüseynov onu cinayət törətməkdə ittiham edərək guya həmin avadanlıqları mənimsədiyini bildirmiş və əməlində cinayət tərkibinin olduğunu ona bildirmişlər. Bu səbəbdən də əmək müqaviləsinə xitam verməzdən əvvəl həmin şəxslər ondan əşyaların dəyərini ödəməyini tələb etsə də o, həmin tələbi rədd edərək heç bir pozuntuya yol vermədiyini onlara bildirmişdir. Əşyaların dəyərinin ödənilməsi ilə bağlı heç bir yazılı sənəd ona təqdim edilməyib. A4 formatlı kağızda qeyd edilmiş qeyri-müəyyən bir bank hesabına 8808,70 manat məbləğində vəsaiti ödəməyi ondan tələb edilmişdir. Bu hal ilə bağlı Orxan Vahabov tərəfindən əlyazma ilə yazılmış məbləğ və hesab nömrəsi olan A4 formatlı kağızı maddi sübut kimi ərizəsinə əlavə edir. Bu hal özlüyündə yuxarıda adları sadalanan şəxslərin qanunsuz əməllərini sübut etməklə onun qanunsuz işdən çıxarılmağını təsdiq edən haldır. Əmrdə qeyd edilir ki, guya o mövcud vəziyyətdən istifadə edərək vəzifə səlahiyyətlərini aşmış, qeyd edilən avadanlıqlar barəsində bilavasitə rəhbərinə məlumat vermədən sərəncam vermişdir. Göründüyü kimi, cavabdeh onu, Cinayət Məcəlləsinin 179-cu maddəsinə nəzərdə tutulmuş “mənimsəmə və ya israf etmə cinayəti törətməkdə ittiham edir. Belə olan halda cavabdehə sual olunur, nə üçün barəsində cinayət işinin başlanılması üçün müvafiq dövlət orqanlarına məlumat verilməmişdir? Əgər onun əməlində hansısa hüquq pozuntusunun tərkib əlamətləri olmuşdursa, bu zaman işəgötürən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət təqibi orqanlarına bu barədə məlumat verilməli; cinayət təqibi orqanları tərəfindən araşdırma aparılmalı, əməlinin Cinayət Məcəlləsinin hansı maddəsinin tərkibini yaratdığı müəyyən edilməli; təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməli; barəsində ittiham hökmü çıxmalı; ittiham hökmü qanuni qüvvəyə minməli. Yalnız bu proseslərdən sonra işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü əsas götürməklə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilərdi. Ancaq göründüyü kimi, işəgötürən əsassız mühakimə yürüdərək onu, hüquq pozuntusu törətməkdə ittiham etmiş, həmin əsassız mühakimələrini əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə əsaslandırmağa çalışmış və onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam vermişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2022-ci il tarixdə, saat 12:30-da bankın sədri Cavid Quliyevin qəbulunda olmuş və yekun müzakirələrində heç bir razılıq əldə edilmədiyindən elə həmin gün saat 13:00 radələrində ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a" bəndinə əsasən onun təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ərizənin bankın məsul əməkdaşı tərəfindən qəbul edilmədiyini görüb əlavə olaraq elə həmin gün saat 14:00 radələrində eyni məzmunlu ərizəni yaxınlıqdakı poçt şöbəsindən teleqram vasitəsilə banka təqdim etmişdir. Həmin gün bankın İnsan Resursları departamentinin yeni direktoru Zibeydə Hacıyeva tərəfindən ona iki eyni formalı əmr (141/22-İA/İR №-li əmr) təqdim edilmiş, birinci əmr axşam saat 17:35-də ikinci eyni məzmunlu əmr isə saat 19:39-da təqdim edilmişdir. Birinci əmrdən fərqli olaraq ikinci əmrin sonunda “Bu əmr xx.xx.2022-ci il tarixdə, saat 09:30-da ünvan 1 ünvanında qəbul edilmişdir” yazısı qeyd edilmişdir. Bu da onu sübut edir ki, həmin yazı sonradan əmrə daxil edilmiş və guya həmin gün saat 09:30-da qəbul edilmişdir. Məlumat üçün qeyd edir ki, həmin gün saat 14:26-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair arayış əldə etmişdir. Həmin arayış faktiki olaraq həmin anda onunla bağlanmış əmək müqaviləsinin hüquqi qüvvədə olduğunu sübut edir. Ümumiyyətlə, həmin gün elektron portalı mütəmadi yoxlamış və əminliklə deyə bilər ki, onunla bağlanmış əmək müqaviləsinə həmin gün saat 17:20-dən sonra xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı tam qanunsuz və əsasızdır. Qeyd edir ki, bu günə kimi əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbehi almamışdır. Vurğulayır ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyən faktlara istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. Onun işdən azad olunmağının əsası kimi qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Lakin, onun konkret olaraq hansı əmək vəzifəsindən irəli gələn öhdəliyini icra etmədiyini konkret olaraq göstərilməmişdir. xx.xx.2022-ci il tarixli 141/22-İA/İR №-li əmr həqiqəti əks etdirmir, yalnız konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları haqqında əmrdə heç bır əsaslandırma təsbit edilməmişdir. Onun fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzuna heç bir ziyan dəyməmişdir. 06 12.2022-ci il tarixində ƏƏSMN yanında X18 Xidmətində qəbulda olarkən, əmək müfəttişi tərəfindən ona verilən məlumata görə Müfəttişlik tərəfindən onun şikayəti əsasında Paşa Bank ASC-yə məktubla müraciət olunaraq ona aid olan sənədlərin, konkret olaraq əmək müqaviləsinə xitam əmrində qeyd edilən avadanlıqların onun sərəncamına verilməsi ilə bağlı təhvil-təslim aktının, audit yoxlamasının çıxarışı və ya aktının, onun tərəfindən imzalanmış izahatın surətinin və onun tərəfindən və bankın sədri tərəfindən imzalanmış “X9 rəhbərinin vəzifə təlimatının və s. sənədlərin təqdim olunmasını xahiş etmişdir. Bank tələb olunan sənədləri tam təqdim etmədiyindən (adıçəkilən sənədlərin heç biri mövcud olmadığı üçün təqdim edilməmişdir) müfəttişlik tərəfindən müraciəti araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Belə kı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən AR ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01 yanvar 2023-cü il tarixinədək dayandırıldığından X18 Xidməti tərəfindən Cavabdeh ASC-də yoxlama aparılması mümkün olmamışdır. Əmrdə yol verdiyi kobud səhvin və ya hüquq pozuntusunun nədən ibarət olması, habelə əmək funksiyasına daxil olan hansı işi (xidməti) yerinə yetirmədiyi göstərilməli olduğu halda göstərilməmişdir. Belə ki, tərəfindən qeyd olunan avadanlıqların qəbul olunmasını təsdiq edən təhvil-təslim aktı mövcud deyildir. Həmçinin, iddiaçı Cavabdeh ASC xx.xx.2022-ci il tarixdə “maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı dəymiş ziyana görə 8808,70 manat məbləğində vəsaitin, mediasiya prosesi üzrə ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 02 noyabr 2015-ci il tarixli. 514 nömrəli əmək müqaviləsi bağlanmış və işçi İnsan Resursları Departamentində assistent vəzifəsinə işə qəbul edilmişdir. Sonradan, yəni 17 noyabr 2021-ci il tarixdən İnsan Resursları Departamentinin X9 rəhbəri vəzifəsində çalışmışdır. Bankda 2021-ci ilin sentyabr-dekabr aylarında “RM məktəbi” layihəsi baş tutmuşdur. Qeyd edilən layihənin məqsədi bankda çalışan Müştəri Menecerlərinin (Relationship manager, qısa RM) peşəkarlıq səviyyəsinin artırılması olmuşdur. Buna görə də Müştəri Menecerlərinə fərqli sahələr üzrə təlimlər keçirilmiş və eyni zamanda həm təlim prosesi çərçivəsində həm də yekunda qiymətləndirilmə aparıİmaqla ilk üç yeri tutan Müştəri Menecerləri mükafatlandırılmışdır. Bunun üçün də Bank tərəfindən keçirilmiş imtahanda qalib olmuş şəxslərə təltif edilməsi məqsədi ilə hədiyyələr alınmışdır. Həmin hədiyyələr sırasına aşağıdakılar daxildir: - iki ədəd iPad Prb 12.9(5th Gen), 512 GB, Wİ-Fİ+4G, Space grey, 2021(MHR83); - iki ədəd MacBook Pro 16 with X28 Core İ9, 16 GB,1TB, Boz kosmos,(Z0XZ0); - üç ədəd iPhone 13 Pro, 512 GB, Blue (MLVH3); - iki ədəd Headsets APPLE Air Pods (3nd generation), (MME73); - iki ədəd X26 7 GPS, 45 mm, Midnight Aluminium, X23 (MKN53). Qeyd edilən hədiyyələr məhz keçirilmiş layihə çərçivəsində imtahanda qalib olmuş şəxslər üçün nəzərdə tutulmuşdur. “RM məktəbi” layihəsi yekunlaşdıqdan sonra X24 funksiyası tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə audit yoxlaması aparılmış və müəyyən edilmişdir ki, aşağıda adları qeyd edilən əmlaklar; bir ədəd iPad Pro 12.9(5th Gen), 512 GB, Wİ-Fİ+4G, Space grey, 2021(MHR83); - İki ədəd İPhone 13 Pro, 512 GB, Blue (MLVH3); - bir ədəd Headsets APPLE AirPods (3nd generation), (MME73); - bir ədəd X26 7 GPS, 45 mm, Midnight Aluminium, X23 (MKN53) - 1 ədəd MacBook Pro 16" with X28 Core İ9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0); Zeynəb Abdullayevə və tabeliyində olan əməkdaş Simuzər Rzaquliyeva tərəfindən öz şəxsi məqsədləri üçün istifadə edilməklə istismar edilmişdir. X8 tərəfindən ona dair hissədə (1 ədəd MacBook Pro 16" with X28 Core İ9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0), bir ədəd iPhone 13 Pro, 512 GB Blue (MLVH3)) vurulmuş maddi ziyan ödənilmişdir. Qeyd edilən pozuntularla əlaqədar olaraq İddiaçı izahatı alınmış və o, bir ədəd iPhone 13 Pro telefonunu 2022-ci ilin yanvar ayından sentyabr ayına qədər, bir ədəd X25 elektron saatını 2022-ci ilin aprel ayından sentyabr ayının sonuna qədər istifadə etdiyini, bir ədəd “İPad Pro”nu 2022-ci ilin fevral ayından əsassız istifadə etdiyini və 2022-ci ilin sentyabr ayında ofisə qaytardığını bildirmişdir. Bütün məhsullar barəsində rəhbərliyin razılığı olmadan istifadə etməklə sərəncam vermişdir. Qeyd olunan səbəblərdən Cavabdeh ASC-nin 141/22-İA/İR nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə X7 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 514 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, fəaliyyətində edilmiş pozuntulara görə xitam verilmişdir. Cavabdeh X7 tərəfindən imzalanmış vəzifə təlimatına əsasən o, həm də daxili qaydalara əməl etməlidir. Cavabdeh ASC-nin daxili qaydalarına əsasən əməkdaş dürüst olmalı, Bankın aktivlərini şəxsiləşdirməməli və ya şəxsi xeyir məqsədilə istifadə etməməlidir. Göstərilənlərə əsasən, eyni zamanda əmək müqaviləsinin 5-ci bəndinə və qanunvericiliyin tələblərinə əsasən tərəflərin birinin digərinə vurduğu ziyana görə onların qarşılıqlı məsuliyyəti nəzərədə tutulmuşdur. Cavabdeh X2 hərəkətləri nəticəsində Banka maddi ziyan dəymiş və buna görə də vurulmuş ziyanın dəyəri ödənilməlidir. X2 hərəkətləri nəticəsində istifadə olunmuş həmin əşyaların artıq hədiyyə şəklində yeni layihələr çərçivəsində hər hansı şəxsə təqdim edilməsi mümkün deyildir. Banka ümumilikdə vurulmuş ziyanın dəyəri 808,70 manat təşkil etmişdir. Cavabdeh ASC X2 iddia tələbinə etiraz edərək, ərizədə həmçinin qeyd etmişdir ki, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tərtib edilmişdir. İddiaçı X7 ilə imzalanmış xx.xx.2015-ci il tarixli, 514 nömrəli əmək müqaviləsinin 5-ci bəndinə və qanunvericiliyin tələblərinə əsasən tərəflərdən birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti nəzərdə tutulmuşdur. İddiaçı izahatında təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl etdiyini etiraf etmiş, həmin məhsullar barəsində rəhbərliyin razılığı olmadan istifadə etməklə sərəncam vermişdir. İddiaçı Zeynəb Abdullayevə məhsulların Bank tərəfindən keçirilmiş imtahanda qalib olmuş şəxslərə təltif edilməsi məqsədi ilə hədiyyə şəklində alındığını və onların əmək funksiyasının icrası ilə əlaqədar olmadığını bilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edilən avadanlıqların hədiyyə şəklində Banka məxsus olduğunu bilmiş və həmin avadanlıqları istifadə etdiyini təsdiqləmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər hallar formal mülahizələrdir və bunu təsdiq edəcək sübutlar yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(004)-2960/2022 saylı mülk işin Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh ASC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(009)-256/2023 saylı mülk işlə birləşdirilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-256/2023 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) İddiaçı iddiası təmin olunmamış, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi isə təmin olunaraq, dəymiş ziyana görə 8808,70 (səkkiz min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat, mediasiya prosesi üzrə ödənilmiş 50 manat, həmçinin 59 manat dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddiasının təmin olunmasını, Cavabdeh ASC-nin iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini, mübahisələndirilən əmrin qanunsuz olmasını, qanunvericiliyin tələblərinin pozulmasını, əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş və qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı Cavabdeh ASC-nin iddia tələbinin təmin olunması hissədə ləğv olunmalı, həmin iddia qismən təmin olunmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin bağlanması, İddiaçı Cavabdeh ASC-yə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilməsi, sonra isə xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-yə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” şöbəsinin rəhbəri vəzifəsinə keçirilməsi işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR nömrəli əmrin surətindən görünür ki, Cavabdeh ASC-nin İnsan Resursları Departamentinin X9 rəhbəri İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 514 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşdə olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, “RM School” layihəsindən qalan hədiyyələr (1ədəd Mac, 1 ədəd ipad, 1 ədəd apple watch, 2 ədəd iphone 13 pro) X13 aid ofis otağında saxlanılmışdır. 1 ədəd iphone 13 pro markal telefonu S.Rzaquliyeva CEO-dan şifahi icazəsini alaraq vermiş, digər telefonu isə özü istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə həmin telefonun istifadəsini dayandırmışdır. Bu barədə rəhbərliyə və heç kəsə məlumat verilməmişdir. 1 ədəd Mac “PO school” bitdikdən sonra S.Rzaquliyevanın müraciətinə əsasən işlə bağlı ona təqdim etmişdir. 1 ədəd apple saatı aprel ayından sentyabr ayının sonuna qədər İddiaçı tərəfindən istifadə edilmiş və bu barədə rəhbərliyə məlumat verilməmişdir. 1 ədəd ipad fevral ayında “PO school” zamanı təlim prosesində istifadə üçün İddiaçı istifadəsində olmuşdur. 2022-ci ilin sentyabr ayında ofisə qaytarmışdır. 1 ədəd airpods tədbir günü iştirakçılardan birinə təqdim edilmişdir. S.Rzaquliyevaya təqdim edilən telefondan başqa, digər məhsulların təyinatının hədiyyədən korporativ istifadəyə dəyişilməsi ilə bağlı rəhbərlikdən razılıq alınmamışdır. Əməlindən peşmandır, izahatda heç bir təzyiq olmadan yazıldığı qeyd edilmişdir. İşdə olan sifariş № 1-PB-CON-978-2021 üçün təhvil-təslim aktının surətindən görünür ki, iPad Pro 12,9 (5th Gen). 512 GB. Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) - 2 ədəd, MacBook pro 16 with X28 Core i9. 16 GB. 1TB. Boz kosmos, (Z0XZ0) - 2 ədəd, iPhone 13 Pro. 512 GB, Blue (MLVH3) - 3 ədəd, Headsets APPLE AirPods (3rd generation), (MME73) - 2 ədəd, X26 7GPS, 45 mm, X10 Sport Band, (MKN53) - 2 ədəd məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə təhvil verilmişdir. İşdə olan Cavabdeh ASC-nin Daxili Audit Departamentinin “RM SCHOOL” layihəsi ilə bağlı araşdırma barədə arayışından çıxarışdan görünür ki, “RM School” layihəsi üzrə qalib olmuş əməkdaşlara verilmiş hədiyyələr nəzərə alınmadıqda digər hədiyyələrin hansı məqsəd ilə alınması audit tərəfindən sorğulanmışdır. İnsan resursları departamentinin X9 rəhbəri İddiaçı bildirmişdir ki, həmin hədiyyələrin ilkin olaraq “RM School” layihəsi üzrə hər nominasiyada bir neçə qalib olacağı təqdirdə onlara verilməsi nəzərdə tutulmuş, daha sonar nominasiyalar üzrə 1 qalib olduğu üçün qalan hədiyyələr “PO School” layihəsi ilə əlaqədar saxlanılmışdır. Lakin qeyd olunan layihədə digər bankların iştirak etməsi səbəbindən bu hədiyyələrin qaliblərə verilməməsi rəhbərlik tərəfindən qərara alınmışdır. Yoxlama zamanı qeyd olunan avadanlıqların balansda uçotunun olmaması məlum olmuş və bu səbəbdən onları faktiki mövcudluğunun yoxlanılması qərara alınmışdır. Şifahi sorğu zamanı avadanlıqların İnsan resursları departamentində saxlanıldığı bildirilmişdir. Avadanlıqlar yerində baxış zamanı müəyyən edilmişdir ki, dəyəri 5000 manat məbləğində olan 1 ədəd X29 Təşkilatı inkişaf şöbəsinin əməkdaşı Simuzər Rzaquliyeva tərəfindən satılmış və əldə olunan vəsaitlər şəxsi məqsədlər üçün istifadə edilmişdir. Bundan əlavə dəyəri 3042 manat məbləğində olan 1 ədəd İphone 13 pro mobil telefonu onun rəhbərinin (İddiaçı) razılığı ilə şəxsi istifadəyə götürülmüşdür. Digər avadanlıqlar isə dəyəri 3042 manat məbləğində 1 ədəd İpad Pro, 3042 manat məbləğində olan 1 ədəd İphone 13 Pro mobil telefonu, 381 manat məbləğində olan 1 ədəd Apple AirPods, 1000 manat məbləğində olan 1 ədəd X22 inkişaf şöbəsinin müdiri İddiaçı tərəfindən heç bir əsas olmadan şəxsi istifadəyə götürülmüşdür. Qeyd olunan avadanlıqların X11 saxlanılması barədə X3 Departamentinin direktoruna məlumat verilməmişdir. “RM School” layihəsinin qalibləri üçün nəzərdə tutulmuş hədiyyələr təqdim olunandan sonra artıq qalmış hədiyyələr İnsan resursları departamentinin X11 saxlanılmışdır. Daha sonra hədiyyə verilməsi məqsədilə alınmiş elektron avadanlıqlar departament direktorunun məlumatı olmadan şöbə rəhbəri və əməkdaşı tərəfindən şəxsi məqsədlər çünü mənisənilmiş və ya satılmışdır. İşdə olan, iddiaçının vəzifə təlimatından görünür ki, iddiaçı həmçinin Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq və s. vəzifələri daşıyır. İddiaçı hazırda onun işdən azad edilməsini qanunsuzluğunu mübahisələndirir və barəsində olan əmrin ləğvini, əvvəlki işinə barpa edilməsini və s. tələb edir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələblərinin təmin olunmaması nəticəsinə gələrkən, mübahisələndirilən əmrin qanuni olmasına, əmək qanunıericiliyinin tələblərinin pozulmamasına və s. əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-nin 191-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. ƏM-nin 192-ci maddəsinin 1-ci bəndinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır (Əmək Məcəlləsinin 192-ci maddəsi). İş materiallarından müəyyən olunur ki, İddiaçı “RM School” layihəsindən qalan müvafiq əşyaları (mobil telefon, saat və s.) qanunsuz olaraq, işəgötürənin razılığı sərəncamı olmadan istifadə etmiş, bununla da banka ziyan vurmuşdur. Göründüyü kimi, iddiaçının əmək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur. İddiaçı özü də qeyd edilən halları istər inkar etməmiş, lakin bildirmişdir ki, həmin əşyaları ondan başqa da digər bank işçiləridə istifadə etmişlər. Cavabdehin nümayəndəsi bildirmişdir ki, bank işçilərinin müraciəti üzrə onların müəyyən ehtiyaclarının (məsələn, mobil telefon, kompyuter və s.) qarşılanması üçün addımlar atır, lakin iddiaçı maddi məsul şəxs olaraq, hər hansı müraciət etmədən, özbaşına olaraq həmin əşyaları götürərək istifadə etmiş, bununla da banka ziyan vurmuşdur. İddiaçı əşyalardan istifadə etməsi üçün şifahi olaraq bankın rəhbər şəxslərindən icazə almasını bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, Cavabdeh ASC onu 8808,70 manat dəyərində əmlakı mənimsəməkdə ittiham edir. Belə olan halda ilkin olaraq cinayət faktı barədə şikayət olunmalı, barəsində araşdırma aparılmalı, bu hal sübuta yetirildiyi təqdirdə ondan həmin məbləğ tələb olunmalı idi. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, əmək qanunvericiliyi işçinin işəgötürənə vurduğu ziyan, onun həcmi və ödənilməsi ilə bağlı halları dəqiq tənzimləmişdir (bu barədə aşağıda Cavabdeh ASC-nin iddia tələbinə hüquqi qiymət verilərkən ətraflı şərh olunmuşdur). İşəgötürənin müvafiq maddi ziyanı işçidən tələb etməsi üçün ilkin olaraq cinayət təqibi orqanlarının qərarının olması zəruri deyildir. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının özü də banka məxsus əşyalardan istifadə etməsini təsdiq etmişdir. Həmçinin, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. İddiaçı apellyasiya şikayətində bank tərəfindən lazımi araşdırmanın aparılmamasını da göstərmişdir ki, bu hal işdə olan sənədlərlə təkzib olunur. Əksinə, təqdim olunmuş sübutlara əsasən, bank tərəfindən müvafq araşdırma aparılmış, iddiaçının özünun və digər şəxslərin izahatları alınmış, audit araşdırmasının nəticələri təqdim edilmiş, istifadə olunmuş əşyaların sayı, fərdi xüsusiyyətləri, dəyərləri və s. müəyyən edilmişdir. İddiaçı həmin əşyaların ona təhvil verilməməsini də göstərmişdir ki, bu hal vəziyyəti dəyişdirmir. Yəni, əşyaların iddiaçıya təhvil verilib-verilməməsi sonuncunun onlardan istifadəsini qanuni hala gətirmir. Bununla yanaşı, apellyasiya şikayətində mübahisələndirilən əmrin əsaslandırılmaması ümumi formada göstərilmiş, lakin işdən görünür ki, əmr qanunvericiliyin tələblərinə uyğun kifayət qədər əsaslandırılmışdır. İddiaçı tələbində həmçinin qeyd etmişdir ki, mübahisəli əmr 17 oktyabr 2022-ci il tarixdə axşam saatlarında təqdim olunsa da, sonradan əmrə onun səhər 09.30 radələrində qəbul edildiyi barədə qeyd əlavə olunmuşdur. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, işdə olan mübahisələndirilən əmrin surətindən görünür ki, iddiaçı özü həmin əmrlə tanış olmuş, bunu imzası ilə təsdtiq etmişdir. Əmrdə isə onun 17 oktyabr 2022-ci il tarixdə, saat 09.30-da qəbul edildiyi qeyd olunmuşdur. Beləliklə, işdə olan sübutlara əsasən, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi iddiaçı tərəfindən törədilmiş pozuntuların xarakterinə uyğun olmuş, əmr qanuni və əsaslı verilmiş, bu zaman qanunvericiliyin tələbləri (əvvəlcədən işçinin izahatının alınması və s.) gözlənilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, məhkəmə kollegiyası iddiaçı Cavabdeh ASC-nin “maddi ziyanın ödənilməsi” tələbinin tam təmin olunması istiqamətində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 198-ci maddəsinə görə Əmək Məcəlləsinin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əmək Məcəlləsinin 200-cü maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. ƏM-nin 202.1 və 202.2-ci maddələrinin tələblərinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətlt əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşin hallarından müəyyən olunur ki, İddiaçı tərəfindən istifadə olanmuş müvafiq əşyalar hazırda Cavabdeh ASC-nin sahibliyindədir. Cavabdeh ASC isə iddiasında həmin əşyaların təzə vəziyyətdə, yəni ilkin (alış) dəyərinin tutulmalı olmasını tələb etmişdir. Halbuki, əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Eyni zamanda, ziyanın məbləği, müvafiq aşınma normaları da nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Qeyd edilənlərə əsasən apellyasiya baxışı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, daxil olmuş ekspert rəyi ilə (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 9/4972 saylı rəyi) müəyyən olunmuşdur ki, iddia ərizəsində adları sadalanan əşyaların ilkin alış qiyməti ilə istifadə olunmuş qiymətləri nəzəri qaydada təxminən 12459 və 8700 manat müəyyən edilmişdir. İddiaçı nümayəndəsi (vəkili) ekspert rəyinə dair mülahizə təqdim edərək göstərmişdir ki, ekspertiza rəyində göstərilən əşyalardan 1 ədəd kompyuter (“MacBook pro 16 with X28 Core i 9, 16GB, 1TB, boz kosmos, Z0XZ0”) Cavabdeh ASC-nin iddia tələbində mövcud olmamışdır. Həmin əşyadan bankın digər əməkdakı Simuzər Rzaquliyeva istifadə etmiş və dəyərini də banka ödəmişdir. Bu səbəbdən də həmin kompyuterin qiyməti çıxılmalıdır. Cavabdeh ASC-nin nümayəndəsi qeyd edilən halı təsdiq edərək, həmin kompyuterin dəyərini İddiaçı tələb etmədiklərini bildirmişdir. Belə olan halda, qeyd edilən əşyanın qiymətləri (ilkin və istifadə olunmuş) çıxılmaqla, müəyyən olunur ki, qalan digər əşyaların ilkin alış qiyməti ilə istifadə olunmuş qiymətləri – müvafiq olaraq 8367 manat və 5250 manat təşkil edir. Qeyd edilən qiymətlərin fərqi olan 3117 manat isə işəgötürənə dəymiş ziyan üzrə faktik itkiləri göstərir. Göründüyü kimi, İddiaçı qanunsuz əməlləri nəticəsində banka dəymiş faktiki ziyanın məbləği 3117 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, İddiaçı maddi ziyan kimi mübahisə predmeti olan əşyaların ilkin dəyərini tutmaqda haqlı olmamış, bununla da maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin təmin olunaraq, dəymiş ziyana görə 8808,70 (səkkiz min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat pulun İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması hissədə ləğv olunmalı, həmin iddia qismən təmin olunmalı, İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulmalı olan pul vəsaitinin miqdarı 3117 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissələrdə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 50 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci İddiaçı oğluna aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair, həmçinin iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair birlişdirilmiş mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin təmin olunaraq, dəymiş ziyana görə 8808,70 (səkkiz min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat pulun İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması” hissədə ləğv olunsun, həmin iddia qismən təmin olunsun. İddiaçı dəymiş maddi ziyana görə 3117 (üç min bir yüz on yeddi) manat pul vəsaiti tutularaq Cavabdeh ASC-nin xeyrinə verilsin. Apellyasiya şikayəti qalan hissələrdə təmin olunmasın, qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməldən saxlanılsın. Məhkəmə xərci İddiaçı aid edilsin, sonuncudan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar