Məhkəmə qərarları › İş №2(103)-2583/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2583/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2583/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna (X4 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçəboyu, ümumi sahəsi 195 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 90 kv.metr hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, xxxx Hüseynov ilə Zahid Zülfüqarov arasında 26.03.2007-ci il tarixdə bağlanmış müqavilə ilə sözügedən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, Z mərtəbəsində ümumi sahəsi 90 kv.metr olan Z nömrəli mənzili izolə olunmuş z otaqdan ibarət olub bir pay kimi verilməsi tərəflər arasında razılaşdırılsa da, tikinti aparılan sahədən ona veriləcək 90 kv.metr sahənin tikintinin hansı hissəsindən veriləcəyi və yaxud həmin sahəni tikintinin hansı hissəsindən alacağı müqavilə ilə müəyyənləşdirilməmişdir. Tərəflər arasında müqavilə bağlandığı zaman müqavilənin predmeti olan sahənin plan ölçüsü, sxemi razılaşdırılmamışdır. Ş.Hüseynov tərəfindən sahə nömrələnmədiyindən nömrəsiz satılmışdır. xxxx Hüseynov ilə Cavabdeh arasında 21.02.2007-ci il tarixdə müqavilə bağlanarkən isə tərəflər arasında müqavilə ilə razılaşdırılmış şərtlərlə yanaşı Cavabdeh tərəfindən Ş.Hüseynovla birlikdə alacağı 200 kv.metr ərazinin tikinti sahəsində yeri müəyyənləşdirilmiş, bundan sonra tərəflər arasında müqavilə bağlanmış və yerin plan ölçüsünü fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ş.Hüseynova məxsus möhürlə təsdiq etdirərək götürmüşdür. Məhkəmə yerli baxış protokolunda qeyd etdiyi hüquqi əsası olmayan hallara əsaslanaraq bu nəticəyə gəlmişdir ki, Ş.Hüseynov ilə Z.Zülfüqarov arasında 26.03.2007-ci il tarixli müqavilənin bağlanması, Z.Zülfiqarova 90 kv.metr qeyriyaşayış sahəsinin verilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi qeyri-yaşayış sahəsinin əsas küçə boyu yerləşməsi mübahisəsizdir. Lakin məhkəmə tərəfindən yerində müayinənin aparması heç bir mötəbər fakta əsaslanmamış, formal mülahizələrdən başqa bir şey deyildir. Məhkəmənin Cavabdeh 2007-ci ildən istifadəsində olan əmlakının 90 kv.metr hissəsinin mübahisəsiz iddiaçıya məxsus olması nəticəsinə gəlməsi onun göstəricisidir ki, Cavabdeh istifadəsində, sahibliyində olan qeyri-yaşayış sahəsinə dair təsdiq edilmiş plan-ölçü sənədləri, ərazinin təmir işlərinin aparılması üçün təhvil verilməsi məhkəmə tərəfindən digər sübutlarla müqayisəli tədqiq edilməmiş, sübutların üstünlüyünə qiymət verilməmişdir. Faktiki olaraq Ş.Hüseynov ilə Z.Zülfiqarov arasında 26.03.2007-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməməsi və iddiaçıya müqavilə ilə satılmış qeyri-yaşayış sahəsinin yerləşdiyi sahə mülki işin əsas mübahisə doğura biləcək hissəsi olduğu halda məhkəmə tərəfindən həmin hallar işin mübahisəsiz halı kimi qiymətləndirilmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş müqavilə üzrə ödənişlərin edilmə tarixlərində, ödəmələrin məbləğlərindəki ziddiyyətlər ödənişlərin edilmə tarixlərinin qarşılarında ödəyənin imzası və ödənişi qəbul edənin imzalarının fərqli olmaları məhkəmə tərəfindən qəsdən və aşkar olaraq ört-basdır edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tural Hüseynovun nümayəndəsi və vəkili Ş.Hüseynov ilə Z.Zülfıqarov arasında 26.03.2007-ci il tarixli müqavilənin onlarda olan surətini məhkəməyə təqdim etmiş və orada 27.03.2007-ci il tarixdə 10.000, 20. 04. 2007-ci il tarixdə 40.000, 29. 07.2007-ci il tarixdə 60.000 pulun ödənilməsi qeyd edilmişdir. Nümayəndə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədə qeyd edilən ödənişlərin onlarda olan müqaviləyə uyğun olmaması əsasına görə sonradan saxtalaşdırıldığını bildirmişdir. Bundan başqa, Tural Hüseynovun nümayəndəsi və vəkilinin izahatı məhkəmə tərəfindən qətnamədə düzgün qeyd edilməmişdir. Cavabdeh aldığ ərazi üçün hər kv.metrə görə 600 ABŞ dolları pulun ödənilməsinin satılmış əmlakın dəyərindən aşağı olmasına dair münasibətdə o, bildirmişdir ki, Cavabdeh tərəfindən faktiki olaraq 200 kv.metr ərazi 2004-cü ilin sonlarında alınmış və dəyəri həmin müddətdə ödənilmişdir. Tərəflər arasında 2007-ci ildə yenidən nüqaqvilə bağlanarkən 2004-cü ildə tərəflər arssında bağlanmış müqavilə və ödəniş nəzərə alınmışdır. Qeyd edilənlərdən Məhkəmə iddiaçı tərəfin əmlak payına görə borcun olmaması haqqında maliyyə arayışına istinad etmişdir. Həmin maliyyə arayışı “xxxx” MTK tərəfindən verilmişdir. Faktiki olaraq isə “xxxx” MTK tərəfindən tikinti işləri aparılmamış, lakin həmin maliyyə arayışı sübut kimi qiymətləndirilmişdir. Halbuki, həmin arayış “xxxx” MTK-nın möhrü ilə təsdiq edilməmişdir. “xxxx” MTK 15.09.2016-cı il tarixdə X6 tərəfindən təsis edilmişdir. “xxxx” MTK ilə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan xxxx Hüseynov arasında hüquqi varislik məhkəmə tərəfindən müəyyənləşdirilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tural Hüseynov da, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini cavabdehin şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, öz apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tural Hüseynovun nümayəndəsi də, öz apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İddiaçının vəkili isə, etibarnaməsinin müddəti bitdiyindən izahat verməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, xxxx Hüseynov ilə Cavabdeh arasında bağlanmış 2004-cü il tarixli, 05 saylı müqavilənin kserosurətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metr olan mənzil sonuncuya pay kimi verilmiş və mənzilin dəyəri bir kv.metri 600 ABŞ dolları olmaqla, cəmi 120.000 ABŞ dolları müəyyən edilmişdir. Sonradan 21.02.2007-ci il tarixdə xxxx Hüseynov ilə Cavabdeh arasında yeni müqavilə tərtiblənmişdir. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metr olan mənzil sonuncuya pay kimi verilmiş və mənzilin dəyəri bir kv.metri 600 manat olmaqla, cəmi 120.000 manat (faktiki razılığa əsasən isə ABŞ dolları) müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş və hər iki tərəfin imzaladığı ödəniş cədvəlindən görünür ki, həmin məbləğ 21.02.2007-ci il tarixdə 70.000 ABŞ dolları və 22.02.2007-ci il tarixədə 50.000 ABŞ dolları olmaqla tam şəkildə ödənilmişdir. Fiziki şəxs xxxx Hüseynovun (VOEN **********) möhrü ilə təsdiq edilmiş 21.02.2007-ci il tarixli Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin planından görünür ki, B.Məmmədova binanın birinci mərtəbəsindən verilməli olan 200 kv.metr sahənin sxemi və yerləşdiyi yer onun adı ilə işarələnməklə fərqləndirilmişdir. xxxx Hüseynov ilə Zahid Zülfiqarov (iddiaçının əri) arasında bağlanmış 26.03.2007ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokunda yerləşən ümumi sahəsi 90 kv.metr olan mənzil sonuncuya pay kimi verilmiş və müqavilənin 2.1-ci maddəsinə əsasən, mənzilin dəyəri bir kv.metri 1800 manat olmaqla, cəmi 162.000 manat (faktiki razılığa əsasən isə ABŞ dolları) müəyyən edilmişdir. Müqavilə tərəflərdən hər birində bir nüsxə olmaqla, iki nüsxədə tərtib olunmuşdur. Zahid Zülfiqarov 01.06.2010-cu il tarixdə ölmüş və arvadı İddiaçı miras qoyanın vərəsəsi kimi tanınmışdır. Müqavilənin İddiaçı tərəfindən təqdim edilmiş nüsxəsindən görünür ki, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində 27.03.2007-ci il tarixdə 10.000, 30.04.2007-ci il tarixdə 40.000, 29.07.2007-ci il tarixdə 60.000 və 30.09.2007-ci il tarixdə 52.000 ödəniş edildiyi göstərilmişdir. X1 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Tural Hüseynov tərəfindən təqdim edilmiş nüsxəsindən isə görünür ki, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində 27.03.2007-ci il tarixdə 10.000, 30.04.2007-ci il tarixdə 40.000 və 29.07.2007-ci il tarixdə 60.000 ödəniş edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu 77073 saylı iş üzrə 07.12.2007-ci il tarixli Şahidin dindirilməsi protokolundan görünür ki, Zahid Zülfiqarov ifadəsində bildirmişdir ki, 2007-ci ilin mart ayında Bakı şəhəri, Binəqədi qəsəbəsi, Xutor qəsəbəsində inşa edilən bir bloklu binanın birinci mərtəbəsində mağaza açmaq üçün yer almağa görə xxxx Hüseynovla görüşüb söhbət etmiş, Ş.Hüseynov yalnız 90 kv.metrlik sahənin qaldığını və qeyri-yaşayış sahəsinə görə əvvəlcədən 10.000 ABŞ dolları, pulun qalan hissəsinin isə 18 ay ərzində ödənilməklə hər kvadrat metrinin qiymətinin 1900 ABŞ dolları olduğunu bildirmişdir. Sonradan aralarında hər kvadratmetrə 1800 ABŞ dollarından razılıq əldə olunmuşdur. Ş.Hüseynov və o, müqavilənin hər iki nüsxəsinin arxa hissəsində ödədiyi 10.000 ABŞ dolları barədə qeydi imza etmiş və müqavilənin bir nüsxəsi ona verilmişdir. Bundan sonra, o, Ş.Hüseynova ofisində 20.04.2007-ci il tarixdə 40.000 ABŞ dolları və 29.07.2007-ci il tarixdə 60.000 ABŞ dolları ödəmişdir. Qeyd olunan pulların ödənilməsi barədə Ş.Hüseynov müqavilənin arxa hissəsində qeyd aparmış və hər ikisi həmin qeydin qarşısında imza etmişlər. Aldığı qeyri-yaşayış sahəsinin ümumi qiyməti daşınıqlarına əsasən 162.000 ABŞ dolları təşkil edirdi və bu günə həmin sahəyə görə 52.000 ABŞ dolları borcu qalıb. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25.06.2009cu il tarixli hökmü ilə xxxx Hüseynovun üzərinə Zahid Zülfiqarova 90 kv.metr sahəsi olan mənzil tikilib verilməsi vəzifəsi qoyulmuşdur. Hökmdə qeyd olunmuşdur ki, xxxx Hüseynov ilə Zahid Zülfiqarov arasında 26.03.2007-ci il tarixli müqavilə bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 90 kv.metr olan qeyri-yaşayış sahəsi (pay), qeyri-yaşayış sahəsinin hər bir kv.metri 1800 ABŞ dolları olmaqla, cəmi 162.000 ABŞ dolları məbləğində pula sonuncuya satılmışdır. Həmin payın dəyərinin 110.000 ABŞ dolları ödənilmiş, 52.000 ABŞ dolları borc qalmışdır. İşdəki məhkəməxətşünaslıq ekspertizasının 25.08.2008-ci il tarixli, 9970 saylı rəyindən görünür ki, müqavilənin kserosurətində “icraçı” və “pulu qəbul edən” qrafalarında üç ədəd imza xxxx Hüseynov tərəfindən icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.11.2009-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25.06.2009-cu il tarixli hökmünü nəticəvi hissəsindən xxxx Hüseynovun üzərinə qoyulmuş müqavilələrin şərtlərinə uyğun olaraq zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə müxtəlif sahələri olan mənzillər tikib verməsi vəzifəsi xaric edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Hazırda iddiaçı, 26.03.2007-ci il tarixli müqaviləyə əsasən əri Zahid Zülfiqarova ayrılmış 90 kv.metr sahənin dəyərini tam şəkildə ödəmələrinə baxmayaraq, cavabdeh tərəfindən qanunsuz tutulduğunu bildirərək, cavabdehin həmin sahədən çıxarılmasını tələb edir. Cavabdeh isə, onunla xxxx Hüseynov arasında bağlanmış 2004-cü il tarixli və 27.02.2007-ci il tarixli müqavilələrə istinad edərək, ona 200 kv.metr qeyri-yaşayış sahəsinin ona ayrıldığını, tərəfindən həmin sahənin dəyərinin tam şəkildə ödənildiyini və faktiki olaraq ona təhvil verildiyini, iddiaçı tərəfindən isə ona ayrılmış sahənin dəyərinin tam şəkildə ödənilmədiyini və onun yerini müəyyənləşdirməyə imkan verən sübutlar təqdim olunmadığını bildirərək, iddiaya etiraz edir. Məhkəmə kollegiyası, mübahisənin həlli ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, həm iddiaçının əri Zahid Zülfiqarov, həm də cavabdehin adına tərtiblənmiş müqavilələrdə payın dəyəri manatla ifadə olunsa da, işin faktiki hallarından aydın şəkildə görünür ki, tərəflər arasındakı həqiqi razılaşma ABŞ dolları ilə olmuşdur. Belə ki, müqavilələr üzrə ödənişlər ABŞ dolları ilə icra edilmiş və xxxx Hüseynov tərəfindən imza edilməklə qəbul edilmişdir. Eyni zamanda, iş materiallarına nümunə kimi əlavə edilmiş xxxx Hüseynovla digər payçı Elşən İmanov arasında bağlanmış 2006-cı il tarixli müqavilədə payın dəyəri birbaşa ABŞ dolları ilə ifadə olunmuş və ödənişlər də həmin valyuta ilə edilmişdir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, xxxx Hüseynov tərəfindən sözügedən yaşayış binasından payın ayrılması barədə müqavilələr bir qayda olaraq payın dəyəri ABŞ dolları ilə müəyyən edilməklə bağlanılmışdır. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, vurğulayır ki, baxılan iddia tələbi mahiyyəti etibarilə vindikasiya iddiası olmaqla Mülki Məcəllənin 157.2-ci maddəsinə söykənir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. İddiaçının iddia etdiyi sahə üzərində mülkiyyəti hüququnun mövcudluğunun əsası kimi istinad etdiyi 26.03.2007-ci il tarixli payın ayrılmasına dair (üzvlük) müqavilənin bağlandığı vaxt qüvvədə olan (09.02.2018-ci il tarixədək) Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldıra bilməsi üçün onun iddia etdiyi sahənin mülkiyyətçisi olması, bunun üçün isə həmin sahə ilə bağlı pay haqqını tam şəkildə ödəməsi zəruri şərtdir. Baxılan işdən isə görünür ki, iddiaçının əri X9 Hüseynov arasında bağlanmış 26.03.2007-ci il tarixli müqaviləyə əsasən, Z.Zülfiqarova pay kimi ayrılmış 90 kv. metr sahənin hər bir kv.metri 1800 ABŞ dolları olmaqla, cəmi 162.000 ABŞ dolları müəyyən edilmişdir. Qeyd olunan məbləğin 110.000 ABŞ dolları hissəsinin ödənilməsi iş materialları ilə mübahisəsiz qaydada təsdiq olunsa da, qalan 52.000 ABŞ dollarının Z.Zülfiqarov və ya onun ölümündən sonra isə iddiaçı tərəfindən ödənilməsi təsdiq olunmur. Əvvəla ona görə ki, həmin ödənişin edilməsi bağlı müqavilənin tərəflərdə olan nüsxələri arasında ziddiyyət vardır. Belə ki, müqavilənin İddiaçı tərəfindən təqdim edilmiş nüsxəsindən görünür ki, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində 27.03.2007-ci il tarixdə 10.000, 30.04.2007-ci il tarixdə 40.000, 29.07.2007-ci il tarixdə 60.000 və 30.09.2007-ci il tarixdə 52.000 ödəniş edildiyi göstərilmişdir. X1 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Tural Hüseynov tərəfindən təqdim edilmiş nüsxəsindən isə görünür ki, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində 27.03.2007-ci il tarixdə 10.000, 30.04.2007-ci il tarixdə 40.000 və 29.07.2007-ci il tarixdə 60.000 ödəniş edildiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfdə olan nüsxədə 30.09.2007-ci il tarixdə 52.000 ödəniş edildiyi qeyd olunsa da, bu ödəniş müqavilənin ödənişi qəbul edən tərəfində olan nüsxədə əks olunmamışdır. Belə olan da, Kollegiya hesab edir ki, sübutetmə yükü baxımından sözügedən məbləğin ödənildiyi sübuta yetirmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçı isə, məhkəməyə bu halı təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmiş, əksinə işin digər faktiki halları ilə müqavilənin onun tərəfindən təqdim edilmiş nüsxəsində sonuncu ödənişlə bağlı edilmiş qeydin sonradan əsassız olaraq edilməsi ilə bağlı məhkəmədə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının təqdim etdiyi nüsxədə sonuncu 52.000 ABŞ dolları məbləğində ödənişin edildiyi tarix kimi 30.09.2007-ci il göstərilmişdir. Lakin iş materiallarında olan Zahid Zülfiqarovun 07.12.2007-ci il tarixli dindirilməsi protokolundan və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25.06.2009-cu il tarixli hökmündə qeyd olunmuş onun nümayəndəsi İlqar Abbasov verdiyi izahatdan görünür ki, hər ikisi ona ayrılmış payın dəyərinin 110.000 ABŞ dollarının ödənildiyini və 52.000 ABŞ dolları borcun qaldığını bildirmişlər. Göründüyü kimi, müqavilədə ödənişin edildiyi qeyd olunan 30.09.2007-ci il tarixdən sonra Zahid Zülfiqarov tərəfindən verilən 07.12.2007-ci il və 25.06.2009-cu il tarixli ifadələrdə həmin məbləğdə borcunun qaldığı bildirilmişdir. Bu hal isə, ona dəlalət edir ki, müqavilənin iddiaçı tərəfdə olan nüsxəsində müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində 52.000 ABŞ dollarının ödənilməsi barədə qeyd sonradan əvvəlki tarixlə qeyd olunmaqla mötəbər hesab edilə bilməz. Eyni zamanda, iddiaçının istinad etdiyi “xxxx” MTK tərəfindən verilmiş maliyyə arayışı da, bu halın sübuta yetirilməsi üçün mötəbər sübut sayılmır. Ona görə ki, həmin sənəd yalnız MTK-nın sədri (bu barədə də sübut yoxdur) tərəfindən imzalanmaqla, hüquqi şəxsin möhürü ilə təsdiq olunmamış, eyni zamanda kserosurət olmaqla, əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bundan başqa, həmin MTK-nın bu məzmunda arayışı vermək səlahiyyətinə malik olması, tələbin hüquqi əsasını təşkil edən müqavilənin tərəfi olan fiziki şəxs xxxx Hüseynovla hüquqi əlaqəsi də işdən görünmür. Odur ki, Kollegiya, qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, iddiaçının iddia etdiyi sahə üzərində mülkiyyət hüququnun (və ya mülkiyyət hüququna qanuni gözləntsinin) olması sübuta yetirilmədiyindən, onun hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Kollegiya, onu da vurğulayır ki, iddiaçının bu iddianı qaldırmaq hüququna malik olduğu fərz olunduğu halda belə, iddiasının əsaslarını sübuta yetirə bilmədiyindən iddia tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı məhkəməyə iddia etdiyi 90 kv.metrlik sahənin yerini, onun cavabdehə təhvil verilmiş 200 kv.metrlik sahənin tərkibinə daxil edilməsini təsdiqləyən kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. O da nəzərə alınmalıdır ki, hətta bu hallar mübahisəsiz olduğu, yəni, iddiaçının iddia etdiyi sahənin mülkiyyətçisi olduğu və həmin sahənin cavabdehə təhvil verilmiş sahə ilə üst-üstə düşdüyü halda belə, iddia, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə əsasən rədd olunmalıdır. Həmin maddəyə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Baxılan işdə isə sahələr üst-üstə düşsə belə cavabdehlə bağlanmış müqavilə üzrə ona ayrılması nəzərdə tutulmuş payın faktiki olaraq təhvil verilməsi işin mübahisəsiz halı olmaqla, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerinə müayinənin protokolu ilə də təsdiqlənir. Eyni zamanda, cavabdehlə bağlanmış müqavilələr (2004-cü il və 27.02.2007-ci il tarixli) iddiaçının əri ilə bağlanmış müqavilədən (26.03.2007-ci il tarixli) əvvəlki tarixə aid olduğundan onun hüququ daha əvvəl yaranmış olur ki, bu da həmin sahənin qanunla ona aid olması deməkdir. Bu hal xxxx Hüseynovun möhrü ilə təsdiq edilmiş 21.02.2007-ci il tarixli yaşayış binasının 1-ci mərtəbəsinin planında B.Məmmədova binanın birinci mərtəbəsindən verilməli olan 200 kv.metr sahənin sxemi və yerləşdiyi yerin onun adı ilə işarələnməsilə təsdiqlənir. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən, bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyə uyğun deyil. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4567/2020 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh oğluna (X4 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediliyi) qarşı “cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçəboyu, ümumi sahəsi 195 kv.metr olan qeyriyaşayış sahəsinin iddiaçıya məxsus 90 kv.metr hissəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar