Məhkəmə qərarları › İş №2(103)-2584/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2584/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2584/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: «daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, hərracın keçirilməsi və onun yekunları barədə protokolun etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6161/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2011-ci il tarixli 2(011)-354/2011 saylı qətnaməsi ilə X1 53.000 (əlli üç min) ABŞ dolları məbləğində əsas borc, 36.000 (otuz altı min) ABŞ dolları məbləğində faiz borcu, cəmi 89.000 (səksən doqquz min) ABŞ dolları borc ödəniş günü məzənnəyə uyğun olaraq Azərbaycan Respublikası manatı ilə və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi; tutmanın Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində istifadədə olan 0,08127 ha torpaq sahəsində yerləşən 6A saylı, 9 mərtəbəli binada 67,6 kv.m. ümumi, 38,6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 24 saylı mənzilə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılması; satışdan əldə olunan vəsaitdən 89.000 (səksən doqquz min) ABŞ dolları borc ödəniş günü məzənnəyə uyğun olaraq Azərbaycan Respublikası manatı ilə və 20 (iyirmi) manat dövlət rüsumu "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin X5 verilməsi; X2, İddiaçı, X3 və X6 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində istifadədə olan 0,08127 ha torpaq sahəsində yerləşən 6A saylı, 9 mərtəbəli binada 67,6 kv.m. ümumi, 38,6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 24 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi və həmin mənzilin boşaldılması qət edilmişdir.

2. Bakı şəhəri Xətai rayon İcra şöbəsi xx.xx.2011-ci il tarixli məktubu ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-354 saylı, 07.02.11-ci il tarixli qərarın, icra vərəqəsinin və bildirişin surəti könüllü icra edilməsi üçün X5, İddiaçı, X7, X9 göndərilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2011-ci il tarixli 9/11-4929 saylı məktubu ilə N.Tusi küç., ev 6a, mən.24-da Ş.İ.Qədiməliyev, İddiaçı, S.M.Qədiməliyeva və M.İddiaçıa xx.xx.2011-ci il tarixdən qeydiyyatdan çıxarılıblar.

4. "xxxx" MMC tərəfindən 05 sentyabr 2011-ci il tarixli 01/4332 saylı məktubla X5, İddiaçı, X7, X9 “X13 dair” Bildiriş göndərilmişdir.

5. "xxxx"nin xx.xx.2012-ci il tarixli 01/1829 saylı məktubunda göstərilib ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 6a saylı binanın, 24 saylı mənzilini 31875 manata tələbkar "xxxx" ASC (16/1991 saylı, xx.xx.2012-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X19) əldə etdi.

6. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il taridə AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi (köhnə) verilmişdir. Qeydiyyat ünvanı ünvan 1ansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Ləğv prosesində olan "xxxx" ASC göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində istifadədə olan 0,08127 ha torpaq sahəsində yerləşən 6a nömrəli, 9 mərtəbəli binada 67,6 kv.m. ümumi, 35,6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 24 nömrəli mənzilin qiymətləndirilməsinə dair cavabdeh qiymətləndirici "xxxx" MMC-nin “Əmlakın qiymətləndirilməsi barədə” 14 iyun 2011-ci il tarixli ekspert rəyinin ləğv edilməsi, həmin mənzillə bağlı cavabdeh hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən 2012-ci ildə açıq auksion formasında keçirilmiş ilkin və təkrar hərracların nəticələrinin, yalnız cavabdeh hərrac təşkilatçısı "xxxx" MMC-nin direktoru X18 və “Hərracı keçirən şəxs” qismində katib X15 tərəfindən imzalanmış “Hərracın yekunları barədə” 02 iyul 2012-ci il tarixli protokolun etibarsız hesab edilmələri, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Tələbdə göstərilir ki, ipoteka predmeti olan və tutma yönəldilmiş Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsindəki 6a nömrəli binada yerləşən 24 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ həm Bakı şəhəri Xətai Rayon Məhkəməsi, həm də Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, həmin mənzil hazırda İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri orqanından verilmiş həmin çıxarışa və xx.xx.2008-ci il tarixli G-4012 nömrəli ipoteka müqaviləsinə əsasən, qeyd edilən mənzilin İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq, həm məhkəmənin qətnaməsində, həm icra vərəqində, həm də Bakı şəhəri Xətai Rayon İcra Şöbəsində tərtib edilmiş icra icraatı materiallarında göstərilən mənzilin yanlış olaraq, guya X8 məxsusluğu göstərilmişdir. Halbuki, məhkəmənin icra vərəqi üzrə icraata başlayan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru ipoteka predmeti olan və tutma yönəldilmiş qeyd edilən mənzilin X4 deyil, İddiaçı xüsusi mülkiyyətində olduğunu müəyyən etdikdə yəni, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, “İcra haqqında” Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada həmin icra sənədinin izah olunması barədə məhkəməyə ərizə ilə müraciət etməli idi. Məhkəmə qətnaməsində yol verilmiş səhvlərdən biri də onunla əlaqədardır ki, tərəflər arasında başlanmış xx.xx.2008-ci il tarixli G-4012 nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavədə tutmanın yönəldiyi ipoteka predmeti olan yuxarıda göstərilən mənzilin ilkin dəyərinin 85.000 ABŞ dolları məbləğində müəyyən edilməsinə və bu məlumatın qətnamənin əsaslandırıcı hissəsində də göstərilməsinə baxmayaraq, məhkəmə “İpoteka haqqında” Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinin tələblərinə düzgün əməl etməyib qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiymətini göstərməmişdir. Bunlardan başqa, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvanı yuxarıda qeyd edilən mənzilin qiymətləndirilməsində, onunla bağlı hərracların təşkilində, keçirilməsində və onun yekun nəticələrində aşağıdakı ciddi qanun pozuntularına da yol verilmişdir. “Əmlakın qiymətləndirilməsi barədə” ekspert rəyinin ləğv edilməsinə əsas olan fakt və hallara dair qeyd edilməlidir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus və barəsində mübahisə gedən mənzil qiymətləndirici "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixli ekspert rəyi ilə 50000 (əlli min) manat məbləğində qiymətləndirilmişdir. Mənzil qiymətləndiriləndə «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7, 8-ci və 10-cu maddələrinin tələblərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”nın 2.8-ci bəndinin tələblərinə düzgün əməl edilməmişdir. Belə ki, qeyd edilən ekspert rəyində qiymətləndirici "xxxx" MMC yalnız mənzilin texniki sənədlərində əks olunmuş göstəriciləri, mühəndis avadanlıqlarını və tikintinin texniki xarakterizəsini qeyd etmiş, qiymətləndirmə zamanı istifadə etdiyi metodları sadalamaqla kifayətlənmişdir. Lakin qiymətləndirici müəssisə rəyində mənzilin real bazar dəyərinin olduğundan çox az göstərməsini əsaslandırmamış, onu təhlil etməmiş və mənzilə baxış keçirməmişdir. Əgər mənzilə dair real qiymətləndirmə aparılsaydı, onda qiymətləndirmə hesabatında mənzilə baxış keçirilməsinə dair fotoşəkillər də olardı. Lakin mübahisələndirilən hesabatda qanunla tələb edilən qiymətləndirmənin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmamışdır. Halbuki, qeyd olunan tələblərin hesabatda əks edilməsi imperativ qaydada müəyyən edilmişdir. Bunlardan başqa, qiymətləndiricinin rəyinin surəti İddiaçı verilməmiş, nəticədə o, mənzilinin hansı meyarlarla qiymətləndirilməsindən məlumatsız olmuşdur. İcraat materiallarından görünür ki, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin rəisi ipotekaya qoyulmuş və rəsmi səndlərdə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus mənzilin satılmasının təmin edilməsi, bununla bağlı keçiriləcək hərracın hal-hazırda hansı mərhələdə olması, satılıb-satılmaması barədə ona məlumat verilməsindən ötrü xx.xx.2011ci il tarixdən xx.xx.2012-ci il tarixədək dəfələrlə hərracın təşkilatçısı "xxxx" MMC-yə məktubla müraciət etmişdir. Hərracın təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli 01/216 nömrəli cavab məktubundan aydın olur ki, X8 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 6a nömrəli binanın 24 nömrəli mənzili ilkin satış qiymətindən 25% aşağı qiymətə tələbkar "xxxx" ASC-yə təklif olunmuş, tələbkar isə həmin mənzili balansına götürməsinə dair təklifə cavab bildirmişdir. Halbuki, qeyd edilən mənzil həmin vaxt rəsmi sənədlərlə X8 deyil, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olmuşdur. Bundan 5 ay, 15 gün keçəndən sonra, hərracın təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixdə təşkil etdiyi hərracla bağlı tərtib edilmiş “Hərracın yekunları barədə protokol”a əsasən, barəsində mübahisə gedən mənzili ilkin qiyməti olan 50000 manatdan aşağı qiymət olan 31875 manata tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X19 əldə etmişdir. xx.xx.2012-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə protokol”u “hərracın təşkilatçısı” qismində "xxxx" MMC-nin direktoru X18, “hərracı keçirən şəxs” qismində katib X16 və “tələbkar (alıcı)” qismində "xxxx" ASC-in etibarnamə əsasında nümayəndə X19 imzalamışdır. Lakin, orada hərracın keçirilməsini sifariş edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru iştirak etməmiş və həmin protokolu imzalamamışdır. Ciddi qanun pozuntularına təkcə hərracın yekun nəticələrində deyil, həm də hərracın təşkilində və keçirilməsində yol verilmişdir. Belə ki, “İpoteka haqqqında” Qanunun 41-ci maddəsinin tələbi baxımından məhkəmənin icra vərəqi əasında ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi proseduruna başlayanda hərracın təşkilatçısı qismində hansı ixtisaslaşdırılmış təşkilatın seçilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru ipoteka qoyan olmaqla, İddiaçı fikrini ümumiyyətlə öyrənməmişdir. Bundan başqa, “İpoteka haqqqında” Qanunun 42.1-ci maddəsinin tələb etməsinə baxmayaraq, hərracın təşkilatçısı "xxxx" MMC icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında heç bir elan dərc etdirməmiş, bu barədə ipoteka qoyan olmaqla, İddiaçı nə həmin vaxt, nə də ondan sonrakı müddətlərdə və hərracın keçirildyi mərhələlərdə hər hansı formada və hər hansı məlumat verməmişdir. Həmçinin, 2012-ci ildə qüvvədə olmuş “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddələrinin tələbləri də pozularaq, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan mənzilin açıq hərracda satılması Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən ixtisaslaşdırılmış müəssisə qismində hərracın təşkilatçısı "xxxx" MMC-yə sifariş edilməsinə baxmayaraq, hərracın təşkil edilməsi və keçirilməsi barədə icra məmuru ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında müqavilə bağlanmamışdır. İpoteka saxlayan "xxxx" ASC-yə və borclu İddiaçı ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilmələri üçün Mülki Məcəllənin 319.2-ci maddəsində nəzərdə tutulan imkan və şərait də yaradılmamışdır. İddiaçı nə birinici, nədə təkrar hərracın təşkili və keçirilməsi vaxtı, yeri və forması barədə bildiriş göndərilməmiş, qəzetdə məlumat dərc edilməmiş, hərracın yekunlarına dair müqavilə ümumiyyətlə bağlanmamışdır. Həmçinin qeyd edilməlidir ki, hərracın təşkili və keçirilməsi barədə hərracı sifariş verən təşkilat olan Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə heç bir məlumat verilməmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6161/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, iddiaçı iddiasında hərracın qanun pozuntusu ilə keçirilməsinə istinad etmiş olsa da, iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədi. Həmçinin İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında əmlakın qiymətləndirilməsindən, hərracın keçirilməsindən iddiaçının məlumatlı olmamasını qeyd etsə də, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2011-ci il tarixli 2(011)-354/2011 nömrəli qətnaməsindən görünür ki, iddiaçı qətnamə qəbul olunarkən cavabdeh qismində cəlb edilmiş, həmçinin icra vərəqəsi icraata yönəldikdən sonra icra şöbəsi tərəfindən dəfələrlə İddiaçı və digər cavabdehlərə icra vərəqəsinin icrası ilə bağlı məktublar göndərilmişdir. Xətai Rayon Polis İdarəsinin xx.xx.2011-ci il tarixli 9/11-4929 saylı məktubundan görünür ki, N.Tusi küçəsi, ev 6a, mənzil 24-dən Ş.İ.Qədiməliyev, İddiaçı, S.M.Qədiməliyeva və M.İddiaçıa xx.xx.2011-ci il tarixdən qeydiyyatdan çıxarılıblar. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il taridə AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi (köhnə) verilmişdir. Qeydiyyat ünvanı ünvan 2açının mənzilin hərrac vasitəsi ilə satılmasından məlumatsız olmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, ən azından xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi”ni alarkən bundan məlumatlı olmuşdur. Məhkəmə eyni zamanda iddiaçının vəkili və nümayədəsinin “mübahisəli mənzilin İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq, həm məhkəmənin qətnaməsində, həm icra vərəqində, həm də Bakı şəhəri Xətai Rayon İcra Şöbəsində tərtib edilmiş icra icraatı materiallarında göstərilən mənzilin yanlış olaraq, guya X8 məxsusluğu göstərilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, Hərracın yekunları barədə 70/01 nömrəli xx.xx.2012-ci il tarixli protokolunda qeyd edilən yanlışlıq düzəldilmişdir. Qeyd edilən yanlışlıq iddianın əsaslı olması üçün əsas sayıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı, qeyd edilən müddət hazırki halda iddiaçının müəyyən zaman ərzində öz hüququndan istifadə etməsini, etmədiyi halda isə həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Hazırki halda isə işin müəyyən edilmiş faktiki halları və iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsini bildiyi vaxtdan, iddia tələbi ilə müraciət edilən günədək qanunla nəzərədə tutulmuş həmin müddət də ötürülmüşdür. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Bu baxımdan da iddia tələbi təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, məhkəmənin müəyyən etdiyi halın əksinə olaraq, “Hərracın yekunları barədə” 70/01 nömrəli, xx.xx.2012-ci il tarixli protokolun “Satılan əmlak haqqında məlumat” hissəsində “X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 6a saylı evin 24 saylı mənzili” sözləri yazılmışdır. Yəni, həmin protokolla İddiaçı ipoteka premeti olan mənzil üzərində xüsusi mülkiyyət hüququnun pozulması yekunlaşmışdır. Beləliklə, yuxarıda sadalanan faktlarla və hallarla tam təsdiq edilir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 6a saylı evin ipoteka predmeti olan 24 saylı mənzili üzərində xüsusi mülkiyyət hüquqları məhkəmə qətnaməsi ilə ona tutma yönəldiləndə və icra vərəqi tərtib ediləndə, bunun davamı olaraq Xətai rayon İcra şöbəsində həmin mənzil qiymətləndiriləndə, açıq hərracdan satılanda və hərracın yekunları barədə protokol tərib ediləndə əvvəldən axıradək kobudcasına pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, cavabdehlər Bakı şəhər Xətai rayon İcra şöbəsinin, "xxxx" MMC-nin, "xxxx" MMC- nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC- nin nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

14. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.( 42.1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.) Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim(əvvəlki redaksiyada 45 gün) günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. (43.5-ci maddənin ikinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.) Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 61.1 və 61.2. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

16. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Maddə 6. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

17. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Belə ki, ipoteka predmeti olmuş mənzilin qiymətləndirilməsinə dair qiymətləndirici "xxxx" MMC-nin “Əmlakın qiymətləndirilməsi barədə” 14 iyun 2011ci il tarixli rəyində qiymət 50000(əlli min) manat müəyyən edilərək 2012-ci ildə hərrac keçirilmişdir. İddiaçı isə 14 sentyabr 2022-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bu cür vəziyyətdə, əslində iddiaçının məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ olsa da bu hüquqdan pis niyyətlə, başqalarına zərər vurmaqla sui-istifadə edilməsi də yolverilməzdir. Çünki, iddiaçı ipoteka predmeti olan mənzilin hərracda satılmasını əgər xoş niyyətlə istəmirdisə yaxud əmlakın satış qiyməti həqiqətən onun mənafeyinə zidd idisə dövlətin adından çıxarılmış məhkəmə aktı üzrə borcunu ödəməli idi. Demək, iddiaçı nə icra sənədi üzrə borcun ödənilməsində, nədə ipoteka predmeti olan mənzilin satılmasında maraqlı deyil. Əlbətdə, bu vəziyyət iddiaçını məmnun etməyə bilməz, ancaq mülki hüquq münasibətlərinin digər iştirakçısı olan banka zərər vurmaqda davam edə bilərdi ki, bu da yolverilməzdir.

26. Ən azından iddiaçı da bu illər ərzində ipoteka predmeti olmuş mənzilin həmin dövrdə olan bazar dəyəri barədə özü də hansısa sübutu məhkəməyə təqdim edə bilərdi, ancaq etməmiş, etməkdə maraqlı olmadığı da işdən açıq-aşkar görünür. Bu cür vəziyyətdə birinci instansya məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslı olduğu bir daha təsdiq olunur. Hazırki iddianın təmin edilməsi həm də ipoteka saxlayanın mənafeyi baxımından məqsədəmüvafiq ola bilməz. Çünki, 12 ildən artıq bir müddətdə dövlətin adından çıxarılmış məhkəmə aktına əsasən ona ödənilməli olan pul vəsaitinin məhz borclu şəxsin və iddiaçının təqsiri üzündən əldə edə bilməməsi davam etmiş olar. 27.İpoteka qoyanın bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Buna baxmayaraq, 10 ildən artıq bir müddət keçdiyi üçün hərrac təşkilatı tərəfindən zəruri sənədlərin təqdim edilməsi də mümkün olmamışdır. Bundan əlavə, işdən açıq-aşkar təsdiq olunur ki, iddiaçının keçirilən hərraclardan məlumatı olmuşdur. Ona görə hərracın nəticəsi olaraq ipoteka predmeti olan mənzilin bankın mülkiyyətinə keçməsi iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz.

28. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin mənzili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına da səbəb ola bilər.

29. İddiaçının istinad etdiyi sənədlərdə mənzilin mülkiyyətçisi kimi onun deyil, X2 adının qeyd olunması da iddianın əsaslılığına dəlalət etmir.Çünki, hər bir halda iddiaçı həmin mənzili ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. Bu hal isə heç bir halda iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6161/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6161/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar