Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2586/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evdən çıxarılma, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(003)-1623/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqları X1, habelə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 96 saylı evin 19 kv.m sahəsi olan 1 otağından çıxarılması, həmin otağın ona təhvil verilməsi, Cavabdeh1 7200 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən 96 saylı evin 1 otağı onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqları X3, habelə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 onun otaq qonşularıdır. Həmin evin 1 otağı onun mülkiyyətindədir, digər 3 otağı isə cavabdehlərin istifadəsindədir və cavabdehlər həmin 3 otaqda yaşayırlar. Buna baxmayaraq, onlar iddiaçının otağına özbaşına daxil olaraq oradan istifadə edirlər. Dəfələrlə onlara özünə məxsus otaqdan çıxmalarını bildirsə də, sözlərinə məhəl qoymamışlar. Təxminən dörd ildir ki, cavabdehlər onun otağından qanunsuz istifadə etməklə onun mülkiyyət hüquqlarını pozmuşlar. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətlərı nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o, keçən müddət ərzində həmin otağı kirayə verib gəlir əldə edə bilərdi. Həmin otağı aylıq təxminən 200 manata kirayəyə versə idi, üç il ərzində 7200 manat gəlir əldə edə bilərdi. Digər tərəfdən, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb, stres keçirmiş, bu da onun sağlamlığına mənfi təsir göstərmişdir. Ona görə də cavabdehlərdən mənəvi zərərin əvəzi kimi 10000 manat pul tələb edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(003)- 1623/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə özü təyin etdiyi ekspertizanın düzgün rəyini nəzərə almamış, nəticədə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(003)-1623/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 96 saylı ev "xxxx" KB ASC, Əhmədov Bala-Əmi Firdavus oğlu və İddiaçı ümumi paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 125,3 kv.m olan 2 otağı "xxxx" KB ASC-nin, yaşayış sahəsi 7,3 kv.m, kommunal sahəsi 30,3 kv.m olan 1 otağı İddiaçı, yaşayış sahəsi 32,3 kv.m, kommunal sahəsi 12 kv.m olan 2 otağı Əhmədov Bala-Əmi Firdavus oğlunun mülkiyyətindədir. İş materiallarında olan İddiaçı, Əhmədov Bala-Əmi Firdavus oğlu və "xxxx" KB ASC arasında 20.06.2017-ci ildə Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış razılaşmadan görünür ki, tərəflər özləri ünvan 1 ünvanında yerləşən mənzilin otaqlarının bölünməsi haqqında öz aralarında razılığa gəlmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10.09.2021-ci il tarixli 10/2928 saylı rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi 96 saylı evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli 18.08.2017-ci il tarixli çıxarış və həmin İdarə tərəfindən verilmiş **********79-10301 reyestr nömrəli 16.09.2013-cü il tarixli texniki pasport üzrə İddiaçı aid olan yaşayış sahəsi texniki pasportda 11 nömrə ilə qeyd olunan otağa və köməkçi sahələr isə 6 və 12 nömrələr ilə qeyd olunan otaqlara uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası işdə olan sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən 96 saylı ev İddiaçı, Əhmədov Bala-Əmi Firdavus oğlunun və "xxxx" KB ASC-nin ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətçilər notarial qaydada razılaşmaya əsasən özləri Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən hansı yaşayış otaqlarının onların istifadəsində olmasını müəyyən etsələr də, bu bölgü texniki pasportda öz əksini tapmamışdır. Cavabdeh2 Əhmədov Bala- Əmi Firdavus oğlunun qızı, digər cavabdehlər isə Cavabdeh2 ailə üzvləridir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(003)- 1623/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2586/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2586/2022
26.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver