Məhkəmə qərarları › İş №2(103)-2588/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2588/2023

05.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2588/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasmovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh ASC-nin nümayəndələri Aysel Həsənova və İsa Hacıyevin iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və icra sənədinin icrasına yaradılan maneənin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin arasında əmək münasibəti olub və həmin münasibətə xitam verilib. Belə ki, Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A nömrəli əmri ilə əmr olunub ki, Cavabdeh ASC-nin “28 May” filialının (əvvəlki “8 saylı” filial) müdiri olan İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilsin. Göründüyü kimi, xitamın əsası “müəssisənin mülkiyyətçisinin dəyişməsi” kimi göstərilib. Mübahisə məhz bu halla bağlıdır. Cavabdeh hesab edir ki, mülkiyyətçi dəyişib, iddiaçı isə hesab edir ki, mülkiyyətçi dəyişməyib. Müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl cavabdehin təsisçilərinin tərkibində və nizamnamə kapitalındakı mayaların miqdarında dəyişiklik baş verib. Belə ki, xx.xx.2022-ci il tarixdə dövlət reyestrindən verilmiş çıxarışdan (cild 1, iş v. 159) görünür ki, təsisçilərin tərkibi və nizamnamə kapitalında mayaların miqdarı əvvəl aşağıdakı kimi olub: 1) X1 – 4,225 %; 2) "xxxx" MMC – 0,0991 %; 3) "xxxx" QSC – 95,6759 %. Daha sonra təsisçilərin tərkibi və nizamnamə kapitalındakı mayaların miqdarı dəyişərək aşağıdakı kimi olub: 1) X1 – 98,9441 %; 2) "xxxx" MMC – 0,0991 %; 3) X2 – 0,9568 %. Bu dəyişiklikdən sonra əmək müqaviləsinə “müəssisənin mülkiyyətçisinin dəyişməsi” əsası ilə xitam verilib. Cavabdeh bildirir ki, göstərilən hal “müəssisənin mülkiyyətçisinin dəyişməsi” kimi qiymətləndirilməlidir. Dəyişikliyə səbəb səhmlərin alqı-satqısı olub. Belə ki, xx.xx.2022-ci il tarixdə səhmlər alqı-satqı edilib, nəticədə səhmdarların tərkibi dəyişib, qiymətli kağız mülkiyyətçilərinin reyestrində bu barədə qeydiyyat aparılıb, o cümlədən təsisçilərin nizamnamə kapitalındakı mayalarının miqdarında baş vermiş dəyişiklik xx.xx.2022-ci il tarixdə hüquqi şəxlərin dövlət reyestrində qeydə alınıb. İddiaçı bildirir ki, göstərilən hal “müəssisənin mülkiyyətçisinin dəyişməsi” kimi qiymətləndirilə bilməz. Bundan başqa, hazırda səhmlərin əsas mülkiyyətçisi kimi çıxış edən Marina Kulişova (mayası 98,9441 %) əvvəlki səhmdar "xxxx" QSC-nin (mayası 95,6759 %) qanuni təmsilçisi və birbaşa sahibidir. X4 əvvəlcə (dəyişiklikdən əvvəl) dolayı yolla cavabdehin əsas səhmdarı olmuş, sonradan (dəyişiklikdən sonra) həmin səhmləri hüquqi şəxsin ("xxxx" QSC-nin) adından öz adına rəsmiləşdirmişdir. Cavabdehin səhmdarlarından hazırda mühüm paya malik olan şəxs Marina Kulişovadır, onun sadəcə sahib olduğu səhmlərin sayı artmış, faktiki olaraq səhmdar dəyişməmiş, Anar Həsənov 0,9568 % maya ilə yeni səhmdar olmuşdur. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub: 1) əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin; 2) icra sənədinin icrasına cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və icra sənədinin icra edilməsi öhdəliyi cavabdehin üzərinə quyulsun. Yasamal RM iş üzrə xx.xx.2023-cü il tarixdə qətnamə və qərardad qəbul edib. Qənamə ilə 1-ci tələb təmin edilməyib, qərardadla 2-ci tələbə aid hissədə iş üzrə icraata xitam verilib. Şikayət və izahatlar: İddiaçı qətnamədən apellyasiya şikayəti verilib və tələb edib ki, qətnamə ləğv edilsin və 1-ci tələb təmin olunsun. Qərardaddan şikayət verilməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh ASC-nin nümayəndələri Aysel Həsənova və İsa Hacıyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndindəki norma tətbiq olunub. Həmin normaya görə, müəssisənin mülkiyyətçisinin dəyişməsi bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Mübahisənin düzgün həlli üçün “müəssisinin mülkiyyətçisinin dəyişməsi” deyləndə hansı halın nəzərdə tutduğu aydınlaşdırılmalıdır. Müəssisənin mülkiyyətçisinin dəyişməsi mümkün deyil. Belə ki, “müəssisə” anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsində müəyyən olunub. Əmək qanunvericiliyində “müəssisə” deyildikdə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi başa düşülür. Hüquqi şəxs, filial və nümayəndəliyin anlayışları isə Mülki Məcəllənin 43 və 53-cü maddələrində müəyyən edilib. Həmin anlayışlara görə, hüquqi şəxs, onun filial və nümayəndəliyi başqasının mülkiyyətində ola bilməz, çünki hüquqi şəxs özü mülkiyyətçidir, bu səbədən müəssisənin mülkiyyətçisi dəyişə bilməz. Əmək Məcəlləsində “müəssisənin mülkiyyətçisinin dəyişməsi” deyiləndə “müəssisənin əmlakının mülkiyyətçisinin dəyişməsi” nəzərdə tutulub, çünki mülkiyyətin obyekti müəssisə deyil, əmlakdır. Müqayisə üçün qeyd olunmalıdır ki, digər dövlətlərin Əmək Məcəlləsində məhz “müəssisənin əmlakının mülkiyyətçisinin dəyişməsi” əmək müqaviləsinə xitam verilməsinin əsas kimi nəzərdə tutulub. AR Əmək Məcəlləsində qüsurlu ifadə nəticəsində “müəssisənin mülkiyyətçisinin dəyişməsi” yazılıb. “Müəssisənin əmlakının mülkiyyətçisinin dəyişməsi” deyiləndə isə müəssisənin əmlakına mülkiyyət hüququnun bir şəxsdən başqasına keçməsi başa düşülür. Məsələn, dövlət əmlakının özəlləşdirilməsi, yaxud, hüquqi şəxsin əmlakının dövlət mülkiyyətinə çevirilməsi və s. Göstərilən hallarda müəssisənin əmlakına mülkiyyət hüququ dövlətdən həmin əmlakın alıcısına - fiziki və ya hüquqi şəxsə və ya əksinə keçir. Bəzi işəgötürənlər yanlış olaraq hesab edirlər ki, kommersiya hüquqi şəxsinin təsisçilərinin tərkibinin dəyişməsi əmək müqaviləsinin ləğv edilməsi üçün əsasıdır. Lakin bu, belə deyil. Hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) qoyduğu maya hesabına əmələ gəlmiş əmlakın mülkiyyətçisi hüquqi şəxs sayılır, iştirakçıların (səhmdarların) tərkibinin dəyişməsi əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz, çünki bu halda müəssisənin (hüquqi şəxsin) əmlakının mülkiyyətçisi dəyişmir, müəssisənin əmlakının mülkiyyətçisi kimi yenə də müəssisənin özü qalmaqda davam edir. Cavabdeh ASC-nin iştirakçılarının (səhmdarlarının) tərkibinin dəyişməsi baş verib: üç iştirakçıdan (səhmdardan) birini – "xxxx" QSC yeni iştirakçı (səhmdar) Anar Həsənov əvəz edib. Səhm – qiymətli kağızdır, səhmin sahibi hüquqi şəxsin əmlakının mülkiyyətçisi sayılmır. Odur ki, bu hal həmin hüquqi şəxsin (müəssisənin) əmlakının mülkiyyətçisinin dəyişməsi ilə nəticələnməyib, müəssisənin əmlakının mülkiyyətçisi yenə də müəssisənin özü - Cavabdeh ASC qalmaqda davam edib. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndində müəyyən edilmiş əsas mövcud deyil. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia ərizəsindəki 1-ci tələb təmin olunmalı, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A nömrəli əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar